24 Noyabr 2024

Bazar, 10:31

"İŞ AXTARIRAM"

Azərbaycanlı tələbələr hansı işlərə bel bağlaya bilərlər?

Müəllif:

07.01.2014

Müasir həyatın sürətli ritmləri bizi gələcəyimizin qeydinə mümkün qədər erkən yaşlardan qalmağa vadar edir. Nəticədə, özünə karyera qurmaq, yaxud sadəcə uğurlu iş tapmaq istəyən gənclər bir çox hallarda hələ tələbəlik illərini başa vurmadan iş axtarmağa başlayırlar. Bu yolda onları bir sıra çətinliklər gözləyir.

 

Qapalı dairə

Orxan Sultanov tələbədir. O, uzun müddət iş axtarıb. "İstənilən işə hazır idim. Müxtəlif mağazalarda satıcı-məsləhətçi vəzifəsi üçün müsahibələrdən keçmişəm. Lakin təcrübəmin olmadığını əsas gətirərək, məni işə götürməkdən imtina edirlər", - deyə o, bildirir. Orxanın sözlərinə görə, işəgötürən ilk andan işə "hazır" işçini götürməyi arzulayır və onun bacarıqlarını yoxlamaq belə, istəmir.

Tələbə Aygün Əliyeva da eyni sözləri deyir: "Mən universitetin tarix fakültəsini bitirmişəm. Bir neçə dil bilirəm. Əmin idim ki, işə düzəlməkdə problemim olmayacaq. Amma iş tapanadək uzun aylar ərzində axtarış aparmalı oldum". Aygünün qarşılaşdığı əsas arqument də iş təcrübəsinin yoxluğu olub. A.Əliyeva, hətta stajçı kimi işə götürülməsinə də razı imiş. Amma bu da ona kömək etməyib.

 

"...yıxılanı vurma" 

Tələbələrin işə götürülməməsinin daha bir ciddi səbəbi də onların tam iş günündə çalışa bilməmələridir. İşəgötürənlər istəyir ki, işçilər onlara həvalə olunan bütün saatları iş yerində olsunlar. Bu, xüsusilə əməyin işəmuzd qiymətləndirilmədiyi sahələrə aiddir - satıcı, ofis meneceri, resepşn və s.

Bakının işədüzəltmə şirkətlərindən birinin meneceri bildirir ki, onlara müraciət edənlərin arasında çoxlu sayda tələbələr var. "Onları daha çox natamam və ya işəmuzd işlər maraqlandırır. Belə hallarda onlara seylz-menecer (satış meneceri) və ya müxtəlif sahələrdə işəmuzd iş təklif edirik". Əməkhaqqı təklif olunan işdən asılıdır. Məsələn, seylz-menecerlər nəzərdə tutulan məvaciblə yanaşı, hər satışdan faiz də alırlar. İşəmuzd çalışanlara isə gördükləri işin həcminə görə maaş verilir.

Son zamanlar internetin geniş yayılması ilə əlaqədar olaraq, şirkətlər əməkdaşlarına kənarda, yəni evində oturaraq işləməyə də icazə verir. Proqramçılar, dizaynerlər, memarlar, animatorlar, kompyuter oyunlarının, telefonlar üçün əlavələrin yaradıcıları, bir qayda olaraq, gənc şəxslər olur. Onların əksəriyyəti tapşırılan işləri evində görür. Belə mütəxəssisləri bir çox hallarda xarici şirkətlər "ələ keçirir". Bu əməkdaşlıq forması "autsorsinq" adlanır. Bunun şirkətə faydası lokal olmasındadır. Çünki avropalı və ya amerikalı gənc mütəxəssis gördüyü işə görə qat-qat artıq əməkhaqqı tələb edir.

Amma əlbəttə ki, heç də hamı istedadlı və kompyuterlə "dost" de-yil. İş axtaran, iş təcrübəsinə malik olmayan bir çox gənc, istənilən halda, haradasa bu təcrübəni toplamalıdır.

Bəzilərinin isə bəxti gətirir: ya şirkətlərdə peşəsinə uyğun iş tapır, ya da ilk dövrlərdə əməkhaqqısız olsa belə, stajçı kimi çalışaraq qiymətli təcrübə toplamaq imkanı qazanır.

 

"İlişib-qalmaq" problemi

Tələbələr lazımi təcrübə toplamaq, yaxud sadəcə qazanc əldə etmək üçün bir çox hallarda ən müxtəlif işlərdə çalışmağa razılıq verirlər. Bəzən bu, onların gələcək ixtisaslarına heç bir aidiyyəti olma-yan işlər olur. Xüsusilə ofisiantlara, satıcılara, kuryerlərə və xüsusi ixtisaslaşma və təcrübə tələb etməyən sair işçilərə tələbat çoxdur. Günəmuzd reklam agenti kimi çalışmaq da pul qazanmaq, kifayət qədər tələbatın olduğu sahədə təcrübə toplamaq üçün əla imkandır.

Tələbələr, xüsusilə ödənişli əsaslarla təhsil alanlar bu tipli işlərə həvəslə girişir. Onların əldə etdikləri cüzi qazanc tədris xərclərinin bir hissəsinin ödənilməsinə kömək edir, bəzilərinin cibxərcliyinə olan tələbatını ödəyir.

Gənc qızlar üçün işə düzəlmək imkanları bir qədər genişdir. Onlar satıcılıqla yanaşı, promoaksiyalar təşkil edən şirkətlərdə də çalışa bilərlər. Burada iş çətin deyil, üstəlik, gündə bir neçə saat davam edir. Üstəlik, bu işlər layihə başa çatdıqda bitir və nadir hallarda bir aydan çox davam edir.

Sürətli qida şəbəkələrində də iş geniş yayılıb və yaxşı reklam olunub. Sürətli qida restoranlar şəbəkələrindən birinin direktoru Teymur Məmmədovun rəhbərlik etdiyi şəbəkədə gənc işçilərə hər zaman yer olduğunu bildirir. Onlardan xüsusi təcrübə də tələb olunmur. Əsas işçinin simasındakı təbəssüm, bacarıq və öyrənmək istəyidir. Bu iş tələbələrə tam uyğundur: uyğun qrafik, saathesabı əməkhaqqı, üstəlik, ciddi bonus - karyera imkanı. Yəni qazanmaq imkanı ilə yanaşı, bu işdə "ilişib qalmaq" təhlükəsi də var.

İndi əksər tələbələr və məzunlar heç də öz ixtisasları üzrə işləmirlər. Əksər filoloqlar, hüquqşünaslar, tarixçilər ofislərdə əyləşərək tənbəl işilə məşğul olurlar. Və burada yarımçıq ali təhsilli şəxslərin işlə təminatı sahəsindəki problemlər birbaşa təhsil sahəsindəki problemlərlə bağlıdır.

 

Qaynaqçı, proqramçı, hüquqşünas

Sovet illərində ali məktəb məzunlarının bölüşdürülməsi və işlə təmin olunması sistemi mövcud idi. Ali təhsil ocağını bitirmiş və ixtisas əldə etmiş hər bir şəxs dövlət tərəfindən işlə təmin ediləcəyinə əmin ola bilərdi. İndi isə yalnız bəzi peşə sahibləri, məsələn, neft sahəsi üzrə ixtisaslaşanlar "küçədə qalmayacağına" əmin ola bilər. Bunu onların da hamısına aid etmək mümkün deyil. Bundan başqa, sovet dönəmində texniki peşə məktəblərinin əla təcrübəsi var idi. Bu məktəblərin məzunlarını çox vaxt "peteuşniklər" də adlandırırdılar.

Amma dövlət gənc kadrlara öz dəstəyini verir. Tələbələrin və ali məktəb məzunlarının əmək bazarına uğurlu inteqrasiyasını təmin etmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Bakıda və regionlarda "Karyerada ilk addımlar" şüarı altında müxtəlif tədbirlər keçirir. Bu tədbirlər, yarmarkalar və əmək sərgiləri Təhsil Nazirliyilə birlikdə keçirilir. Hər il əmək yarmarkasında 80-dək təşkilat iştirak edir. Onların 10%-i dövlət təşkilatlarıdır. Belə tədbirlərdə insanlara, ümumilikdə, 600-700 iş yeri təklif olunur.

Dövlət tərəfindən təşkil olunan əmək yarmarkaları, həmçinin işədüzəltmə şirkətlərinin təcrübəsi göstərir ki, əsas tələbat texniki bacarığı olan işçilərədir - proqramçılardan tutmuş, qaynaqçılaradək. Hüquqşünaslar istənilən halda, işsiz qalmayacaq ixtisaslı qaynaqçılardan daha populyardırlar. 



MƏSLƏHƏT GÖR:

694