25 Noyabr 2024

Bazar ertəsi, 06:03

"ŞAHDƏNİZ" İŞARƏSİ ALTINDA

Ötən 2013-cü il Azərbaycan qazının Avropaya ixrac edilməsi ilə bağlı qərarın qəbul edilməsində mühüm oldu

Müəllif:

07.01.2014

Gürcüstan, Türkiyə, Ukrayna, Rumıniya, İsveçrə... Bu yaxınlarda isə bu siyahıya Yunanıstan da əlavə olunub. Məhz bu ölkələrdə son bir neçə il ərzində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) aktivlər əldə edib.

ARDNŞ-nin sonuncu dəfə Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondundan (HRADF)  yunan "DESFA" Dövlət Qazpaylayıcı Şirkətinin səhmlərinin 31 faizini və "Hellenic Petroleum SA" (Yunanıstan) şirkətinin daha 35 faizini alıb. 

Hərçənd satınalma barədə sazişin imzalanmasından bir neçə gün əvvəl, bir sıra Rusiya və yunan KİV-lərdə Rusiyanın "Qazprom" şirkətindən təklif gəldiyinə görə  sövdələşmənin pozulması barədə məlumat yayılmışdı. Sonda bunların hamısının şayiə olduğu ortaya çıxdı.  

15 il bundan əvvəl ARDNŞ Türkiyədə neft-kimya kompleksinin, Gürcüstan və Yunanıstanda qazpaylayıcı şəbəkələrin, Ukrayna, İsveçrə və Rumıniyada yanacaqdoldurma və təchizat bazalarının sahibi qismində təsəvvür etmək çətin idi. Halbuki, bu, heç də SOCAR-ın bütün aktivlərinin siyahısı deyil.  

Hələ 1990-cı illərin sonlarında elementar olaraq kəşfiyyat quyularının qazılması üçün vəsait tapa bilməyən şirkət, bu gün özü Türkiyənin şərqindən qərbinə kimi uzanacaq və Azərbaycan qazının Avropaya yolunu açacaq Trans-Anadolu qaz kəməri (TANAP) kimi irimiqyaslı layihənin tikintisinin təşəbbüskarı qismində çıxış edir. Eyni zamanda, onun maliyyələşdirilməsinə belə hazırdır.  

Bax beləcə, bir şirkətin inkişafının timsalında Azərbaycanın neft strategiyasının, daha doğrusu, "Azəri-Çıraq-Günəşli" yatağının işlənməsini nəzərdə tutan birinci mərhələnin icra olunmasından əldə etdiyi üstünlüklərin yalnız bir qismini müşahidə etmək olar. Növbəti mərhələ isə ölkənin qaz ehtiyatlarını və onların bazarlara çatdırılmasını özündə birləşdirəcək. Burada isə hər şey öz vaxtında edilir. 

Bir çox ölkələr, xüsusilə Avropa üçün enerji təhlükəsizliyi milli təhlükəsizlik və suverenlik kimi sözlərin sinoniminə çevrilib. Məhz bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü ilin dekabrında Bakıda keçirilən "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi üzrə investisiya sazişinin imzalanması zamanı demişdir: "Şahdəniz-2 layihəsi enerji təhlükəsizliyi layihəsidir. Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizlikdən ayrılmazdır. 1990-cı illərdə "Şahdəniz" layihəsi imzalananda bu, elə deyildi. Bu gün isə bu reallıqdır".

Ona görə Rusiya "mavi yanacaq"ın mənbələrini maksimal dərəcədə şaxələndirmək istəyir, bununla da Rusiya kimi iri tədarükçüdən asılılığını azaltmağa çalışır. Qitənin şimalında öz ehtiyatlarının tükənməsi, Avropanın ənənəvi qaz tədarükçüləri olan Yaxın Şərq və Şimali Afrika regionlarında qeyri-stabillik, İranın nüvə probleminin həll olunmaması, Qazaxıstan, Özbəkistan və Türkmənistan infrastrukturunun Rusiya şəbəkələrindən asılılığı, Azərbaycanı belə desək, qazın yeganə alternativ mənbəyi kimi ortaya çıxarır. 

Eyni zamanda, Azərbaycan ölkə üzrə qazlaşdırma səviyyəsini 95 faizə qədər  çatdıraraq, öz enerji təhlükəsizliyini təmin edib. Rəsmi  Bakı, həmçinin regional miqyasda enerji təhlükəsizliyinə də əl atıb - Gürcüstan, demək olar ki, bütün tələbatını Azərbaycan qazı sayəsində ödəyir. Bundan əlavə, yuxarıda qeyd olunduğu kimi, ARDNŞ qonşu ölkənin qaz nəqletmə şəbəkələrinin operatorudur. Baxmayaraq ki, Türkiyəyə qaz nəqli ölkənin qaza olan ehtiyacının artması şəraitində hələlik o qədər də nəzərəçarpacaq de- yil (6 milyard kubmetr həcmində), lakin, bu, alternativ rol oynayır və qardaş ölkəyə digər tədarükçüləri ilə danışıqlarda aydın mövqeyə malik olmasına kömək edir. Avropanı və MDB ölkələrinin "mavi yanacaq"la təmin edilməsində əsas oyunçu olan Rusiyaya qaz nəqlini də unutmaq lazım deyil. Azərbaycan Rusiyanın cənub regionlarına 1,5 mlrd. kubmetr qaz nəql etməklə Şimal qonşusunun istehlakçılarını rahat və sözsüz ki, ucuz şərtlərlə qazla təmin edir. Əks halda, bunu Sibirdə yerləşən yataqlardan 1000 kilometr məsafəyə qaz nəql edən "Qazprom" şirkəti etməli olacaqdı. 

Lakin rəsmi Bakı bazarların diversifikasiyası üçün zəruri olan səviyyəni və istehlak həcmini verməyən regional miqyaslarla kifayətlənmir. Bu mənada, "Şahdəniz" işarəsi altında keçən 2013-cü il diqqətçəkən idi.

2013-cü ilin yayında çoxdan gözlənilən hadisə baş verdi - Azərbaycan qazının Avropaya nəql edilməsi ilə bağlı marşrut seçildi. Lakin gözləntilərdən fərqli olaraq, son bir neçə il ərzində aktiv reklam olunan və irəli çəkilən ixtisar olunmuş variantda olan "Nabucco" deyil, Trans-Adriatik kəməri (TAP) seçildi. Prinsipcə, seçim sırf kommersiya qiymətləndirilmələrinə əsaslanıb. 

"R+"un da yazdığı kimi, TAP-ın uzunluğu 900 km təşkil edir, halbuki "Nabucco West" 400 km uzundur və deməli, tikinti xərcləri də daha yüksək olardı. Bundan əlavə, TAP üç ölkə ərazisindən - Yunanıstan, Albaniya və İtaliya, "Nabucco West" isə dörd - Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyadan keçəcək. Bu iki məqam, təbii ki, qazın nəqli tariflərinə də təsir edir və TAP-ı əlverişli vəziyyətə çəkir. Amma qaz kəməri şəbəkəsinin tikintisi məsələlərində qərarverici amili istehlak bazarları oynayır. Burada da TAP-ın nəzərəçarpacaq üstünlükləri var.

Qaz kəmərinin son nöqtəsi "italyan çəkməsinin dabanı"nda yerləşən San-Foka şəhərində yerləşəcək. İtaliya son illər tələb olunan qaz həcmlərinin təmin edilməsində problemlərlə üzləşir. Tələb olunan 80 mlrd. kubmetr qaz əvəzinə ölkə 70 mlrd. kubmetr qaz idxal edir. Əsas tədarükçülər Rusiya, Əlcəzair, Liviya, Norveç və Qətərdir. Lakin Əlcəzair və Liviyada yaşanan qeyri-stabillik qazın nəqlində fasilələrə gətirib və ölkə qazın dörddəbir hissəsini aldığı Rusiyadan asılılığını artırmamaq üçün fəal şəkildə yeni mənbələr axtarır. Azərbaycan qazı da  idxal mənbələrinin şaxələndirilməsi üzrə məhz həmin xilasedici xətt ola bilər.  

TAP-ın keçəcəyi Yunanıstan isə çoxdan Azərbaycan qazının idxalında maraqlıdır. Yunanıstan, hətta Türkiyənin "Botas" şirkəti tərəfindən geri ixrac üzrə müqavilələr çərçivəsində qazı alırdı. Hərçənd ölkənin qaza tələbatı İtaliya ilə müqayisəedilməz dərəcədə olmasa da, burada da bir sıra üstünlüklər var. Məhz bu iki Avropa ölkəsində daha yüksək qaz qiymətləri formalaşıb. Bu, ilk növbədə, qitənin şimalında yerləşən yataqlarının əsas mənbəyindən uzaq olması ilə bağlıdır. Rusiyadan qaz isə son istehlak bazarına çatmaq üçün bir neçə ölkə üzərindən minlərlə kilometr qət edir. Bu da, təbii ki, yüksək tranzit xərclərinə gətirib çıxarır. Bu ölkələrdə qazın idxalına olan topdansatış qiymət orta Avropa göstəricisindən 15-20 faiz yüksəkdir. Əgər Avropada 1000 kubmetr qazın orta qiyməti 400 dollar təşkil edirsə, Yunanıstan və İtaliyada bu göstərici 470-500 dollar təşkil edir. 

Həm rəsmi şəxslər, həm də demək olar ki, bütün ekspertlər hesab edir ki, TAP "Nabucco West"dən fərqli olaraq, daha yüksək fayda təklif edir. Bəziləri isə ümumiyyətlə, qəti şəkildə qeyd edirlər ki, nə "Nabucco", nə də "Nabucco West"in heç vaxt həyata keçirilmə şansları olmayıb. 

Lakin bu məqamda Azərbaycanda qaz hasilatı həcminin artması və yeni yataqların aşkar edilməsi perspektivlərini də nəzərə almaq lazımdır. Çünki hazırkı hesablamalara görə, ölkədə qaz ehtiyatlarının həcmi 3 trilyon kubmetr səviyyəsində qiymətləndirilir, bu da ildə 50 milyard kubmetr qaz hasil etməyə imkan yaradacaq. İldə 10 mlrd. kubmetr qaz nəqletmə gücünə malik olan TAP isə ikiqat genişlənmə ilə belə, perspektivli hasilat həcmlərini "həzm" edə bilməz. Bu o deməkdir ki, 10 ildən sonra biz "Nabucco West", ya da Azərbaycan qazının Mərkəzi Avropa istiqamətinə nəqlini nəzərdə tutan digər hər hansı bir layihənin həyata keçirilməsini görə bilərik. 

Bundan əlavə, bu istiqamətdə müəyyən işlər artıq görülür. "Mən ümid edirəm, gələcək illərdə biz Rumıniyada, Macarıstanda və Avstriyada olan tərəfdaşlarımız ilə kəmərin bu istiqamətə də uzadılması ilə bağlı işləri görəcəyik", - deyə Azərbaycan Prezidenti İlham Əliyev investisiya sazişinin imzalanması mərasimində bildirib.  

Demək olar ki, TAP-ın Azərbaycan qazının Avropaya nəqli üçün əsas magistral kimi seçilməsindən sonra, "Şahdəniz" layihəsinin əsas səhmdarları qaz kəməri layihəsində pay əldə etdilər. 

ARDNŞ və bp layihədə 20 faiz, "Total" isə 10 faiz iştirak payına sahib oldu. Bundan əlavə, Avropada qaz tranziti üzrə ən iri operator olan Belçikanın "Fluxys" şirkəti də 16 faiz iştirak payını alaraq, TAP-a qoşulmağa qərar verib.  

Bununla da TAP-da pay bölgüsü aşağıdakı kimidir: ARDNŞ - 20%, bp - 20 %, "Statoil" - 20 %, "Fluxys" - 16 %, "Total" - 10 %, "E.ON" - 9 % və EGL-Axpo - 5 %.

Artıq sentyabrda "Şahdəniz" səhmdarları doqquz Avropa şirkəti ilə yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qazın satılması üzrə uzunmüddətli müqavilələr imzalayıblar. 

"Şahdəniz"in "Mərhələ 2"dən olan Azərbaycan qazının alıcıları 15 şirkətdən seçilən "Gas Natural Fenosa", "DEPA", "E.ON", "GDF-Suez", "HERA Trading", "AXPO", "Enel", "Shell" və  "BULGARGAZ" oldular. Onlar səsləndirilən təkliflərdən 2 dəfə artıq qaz həcminin alınması ilə bağlı müraciət təqdim etmişdilər. Müqavilələrin müddəti 25 ildir, tədarükün ümumi həcmi isə ildə 10 mlrd. kubmetrdir. Müvafiq müqavilələr çərçivəsində satılan qazın ümumi təxmini gəliri 200 milyard dollar həcmində proqnozlaşdırılır.

"Hesab edirik ki, bu sazişlərin əsasını qoyduğu tərəfdaşlıq bizə Avropanın digər bazarlarının iri qaz ehtiyatlarına sahib olan Azərbaycanla əlaqələr qurmaq üçün unikal imkan yaradacaq. Mən "Şahdəniz" və "Azəri-Çıraq-Günəşli"də işlənməsi planlaşdırılan dərin qaz qatları, "Abşeron" və "Ümid" yataqlarının potensialını, "Şəfəq - Asiman" və "Babək" kimi çox perspektivli strukturlarını nəzərdə tuturam. Bunların hamısı bizə Bolqarıstan, Yunanıstan və İtaliyanın sərhədlərini aşmasına ümid etməyə əsas yaradır", - deyə ARDNŞ rəhbəri Rövnəq Abdullayev sazişin imzalanma mərasimində bildirib.  

Bütün bu sahələrin işlənməsi üçün müasir qazma qurğuları tələb olunur və ARDNŞ onların tikintisinə artıq başlayıb. 2013-cü ilin yayında CDC (92 faiz ARDNŞ-ə məxsusdur) və Sinqapurun "Keppel Fels" şirkəti arasında ilk yarımbatırılmış qazma qurğusu tikintisi ilə bağlı 1 milyard dollarlıq saziş imzalanıb. Bu qurğuların daha üçünün tikintisi nəzərdə tutulur. 

Proqnozlara əsasən, "Mərhələ-2" çərçivəsində, ümumilikdə, 16 milyard kubmetr qaz hasil olunacaq, bunlardan 6 milyardı Azərbaycan, Gürcüstan və Türkiyədə bölüşdürüləcək, qalan 10 milyard isə Avropaya ixrac olunacaq. Bu həcmdən hər biri 1 mlrd. kubmetr olmaqla Bolqarıstan və Yunanıstan, qalan 8 mlrd. kubmetr qazı isə İtaliya alacaq. 

bp-nin vitse-prezidenti Al Kukun sözlərinə görə, gələcəkdə İtaliyaya nəql olunacaq qazın bir hissəsi Mərkəzi Avropanın digər ölkələrinə də yönələ bilər. Diqqət daha çox TAP ətrafında yerləşən ölkələrə yönəldiləcək - Albaniya, Monteneqro, Xorvatiya. 

Bundan əlavə, ARDNŞ-nin qarşısında toxunulmaz ərazi durur - Albaniya və Monteneqro, ümumiyyətlə, qaz istehlakçısı deyillər. Bununla əlaqədar şirkət bu ölkələrin hökumətləri ilə qaz infrastrukturunun yaradılması ilə bağlı danışıqlara başlayıb.

Nəhayət, ötən ilin əsas hadisəsi "XXI əsrin müqaviləsi" adlandırılan "Şahdəniz" qaz yatağının işlənməsinin ikinci mərhələsi ilə bağlı investisiya sazişinin çoxdan gözlənilən imzalanması olub.  İmzalanma mərasimində Azərbaycan və Monteneqro prezidentləri, Xorvatiya, Albaniya, Gürcüstan, Bolqarıstan hökumət başçıları, Böyük Britaniya və İtaliya XİN rəhbərləri, Türkiyənin energetika naziri, AB-nin yüksək vəzifəli şəxsləri iştirak ediblər. 

TANAP və TAP qaz kəmərlərinin tikintisinin nəzərə alınmaqla müvafiq layihəyə yatırılan sərmayələrin ümumi həcmi 45 milyard dollar təşkil edəcək, bu da Azərbaycan qazının nəql edilməsi üçün 3,5 min km uzunluqda olan infrastrukturu yaratmağa imkan yaradacaq. Mar- şrutun keçəcəyi ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaq. 

"Mərhələ-2" çərçivəsində bütün işlər çərçivəsində yalnız Azərbaycanda 10 min yeni iş yeri yaradılacaq. Müvafiq işlərə sərmayələrin həcmi 28 mlrd. dollar təşkil edəcək. Bu da ildə ən çox 16 mlrd. kubmetr qaz hasil etməyə imkan verəcək. "Şahdəniz-2" çərçivəsində qazın hasil edilməsinə 2018-ci ildə başlanılması planlaşdırılır. Ümumilikdə isə "Şahdəniz"in işlənməsinin iki mərhələsində hasilat zirvəsində hasilatın ümumi həcmi ildə 25 milyard kubmetri aşacaq. Yataqda kondensatın hasilatı isə sutkada 55 min barreldən 120 min barrelə qalxacaq. 

İnvestisiya sazişinin imzalanması çərçivəsində layihənin müqəddəratını müəyyən edən daha bir sıra qərar qəbul edilib. Məsələn, Britaniyanın bp şirkəti ARDNŞ-nin payının 12 faizinə sahib çıxaraq, TANAP-ın səhmdarı olub. ARDNŞ-də 68 %, "Botas"da isə daha 20 % pay qalıb.  

Qeyd etmək lazımdır ki, bp və ARDNŞ Norveçin "Statoil" şirkətinin "Şahdəniz" yatağının işlənməsi ilə bağlı payını da alıb. "Statoil"in məlumatına görə, bu iki şirkət "Şahdəniz"də 10 faizlik payına görə 1,45 milyard dollar ödəyəcəklər. Bununla da bp 3,3 faizlik payını alaraq, öz iştirakını 28,8 faizə qədər artırır, ARDNŞ isə 6,7 faizlik payına sahib çıxaraq, öz iştirakını 16,7 faizədək artırır. "Statoil"da isə 15,5 faiz qalacaq. Sövdələşmənin bu ildə tamamlanması planlaşdırılır.

Bu arada bp, "Şahdəniz" operatoru kimi, artıq yatağın işlənməsinin üçüncü fazası üzərində düşünür. "Yataqda 2007-ci ildə qazılan dərin kəşfiyyat quyusu dərinlikdə yerləşən laylarda yaxşı ehtiyatlar göstərib. Genişmiqyaslı kəşfiyyat aparmaq lazımdır. Orada hələ də hazırlanan yeni texnologiya tətbiq olunmalıdır, çünki dərinlikdən başqa orada yüksək təzyiqli qaz var. Öz intuisiyama əsaslanaraq deyə bilərəm ki, orada gələn əsrə qədər bəs edəcək qədər qaz ehtiyatları var", - deyə bp-nin rəhbəri Robert Dadli deyib.

"Mərhələ 1" və "2" çərçivəsində işlənməyi planlaşdırılan kollektorlarda qaz ehtiyatları 0,9 trilyon kubmetr, "Mərhələ 3"də nəzərdə tutulan daha dərin laylarla birlikdə isə 1,4 trilyon kubmetr təşkil edir.  "Şahdəniz" səhmdarlarının öz işini daha əminliklə planlaşdırması üçün Azərbaycan yatağın işlənmə müddətini 2048-ci ilədək uzadıb.

"Şahdəniz"in işlənməsi ilə bağlı daha bir həlledici qərar yaxın bir ildə yataqda hasil olunan qazın həcminin artırılması niyyəti olub. "Mərhələ 1" çərçivəsində ilin sonunadək qazın hasilatı 10,4 milyard kubmetrədək artacaq, halbuki bundan əvvəl maksimum 9 mlrd. kubmetr səviyyəsinə çatması planlaşdırılırdı. bp-nin "Şahdəniz" layihəsi üzrə vitse-prezidenti Al Kukun sözlərinə görə, 1,4 mlrd. kubmetr həcmində olan əlavə qaz Azərbaycan üçün reallaşdırılacaq.  

Rusiya Federasiyası hökumətinin 1996-cı ildə imzalanan Bakı-Novorossiysk kəməri ilə Azərbaycan neftinin tranziti ilə bağlı sazişin denonsasiya edilməsi qərarı də diqqətdən yayınmayıb. 

Rusiya tərəfi sazişin dayandırılmasını "Transneft" səhmdar şirkətinin kəmərin istismar edilməsi ilə bağlı çəkdiyi zərərlərə bağlı olduğunu bildirib. 

Azərbaycan üçün bu addım heç də həlledici olmayıb, ölkə hasil olunan neftin əsas hissəsini Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa kəmərləri vasitəsilə nəql edir. Baxmayaraq ki, ARDNŞ və "Transneft" yeni sazişin imzalanması ilə bağlı müəyyən danışıqlar aparır, ortaq məxrəcə gəlmək mümkün olmayıb. Rusiya şirkəti kəmərin Mahaçqalaya qədər hissəsinin konservasiyası ilə bağlı danışıqlar aparır. Müvafiq marşrut yeni nəfəsini artıq digər istiqamət üzrə ala bilər. Neftin Bakıya nəql edilməsi və sonradan BTC ilə daşınmasının mümkünlüyü ilə bağlı Rusiyanın nəhəng şirkəti -"Rosneft" maraq göstərib. RF prezidenti Vladimir Putinin Bakıya səfəri zamanı tərəflər bu məsələ ilə bağlı memorandum imzalayıblar və hazırda variantlar müəyyən edilir.

2014-cü il prinsipcə sakit keçməlidir, çünki Azərbaycan qazının Avropaya ixrac edilməsi ilə bağlı bütün tələb olunan qərarlar artıq qəbul edilib. İndi isə beş ildən sonra Avropanı qazla təmin edəcək yeni mənbə haqda məlumat vermək üçün tələb olunan müqavilələrin yerləşdirilməsi, onların icra edilməsi ilə bağlı mürəkkəb iş qalıb.



MƏSLƏHƏT GÖR:

510