14 Mart 2025

Cümə, 21:40

TARİXİ SINAQ

Bu il Türkiyədə "qaynar" keçə bilər

Müəllif:

07.01.2014

Türkiyədə müharibə gedir. Bu müharibədə silahlar açılmasa da, insanlar ölməsələr də, şiddətinə görə o, əsl müharibədən heç də geri qalmır. Türkiyənin daxili siyasi həyatında yaşanan son hadisələri əksər analitiklər məhz "müharibə" adlandırırlar. Əgər ölkənin baş nazirini tərəfdarları  kəfənə bürünərək qarşılayır və bununla da onun uğrunda ölməyə hazır olduqlarını nümayiş etdirirlərsə, yaşananlara başqa nə ad vermək olar ki?  Bu qarşıdurmanın ən qızğın dönəminin başladığı yalnız 2 həftədə Türkiyənin üzləşdiyi iqtisadi zərər isə 100 milyard dolları ötüb. Bu, böhranın hansı miqyasda olduğunu aydın şəkildə göstərir.

"Müharibənin qızğın mərhələsi" ötən il dekabrın 17-də onlarca yüksək rütbəli məmur və onların ailə üzvlərinin Türkiyə hüquq-mühafizə orqanları tərəfindən həbsindən sonra başlayıb. Məlum olub ki, bu əməliyyat bir neçə ay ərzində hazırlanıb, özü də bütün detallar ölkə rəhbərliyindən gizlin saxlanılıb.  Həbs olunanlar rüşvətxorluqda, dövlət sifarişləri zamanı fırıldaqçılıqda, vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinirlər. Həbs edilmiş şəxslər arasında artıq sabiq daxili işlər, iqtisadiyyat, ətraf mühit və şəhərsalma nazirlərinin oğulları da var. Hətta baş nazirin oğlu da ifadəsi alınması üçün prokurorluğa dəvət olunub. Onun adı bir neçə cinayət işində keçir. Onların arasında "Əl-Qaidə" ilə əlaqə də var.  Digər şübhəlilər onlarca biznesmen, bank əməkdaşı, həmçinin yüksək rütbəli məmurlardır. İşdə ölkənin ən nəhəng banklarından olan "Xalq-bank"ın da adı keçir.

Baş nazir Rəcəb Tayyib Ərdoğanın baş verənlərə münasibəti son dərəcə gözlənilən şəkildə olub. O, bu işi aparan, yaxud iştirakçı olan bütün yüksək rütbəli polisləri vəzifədən kənarlaşdırıb. Orta təbəqəyə aid zabitlər kütləvi şəkildə ölkənin başqa regionlarına keçiriliblər. Bəzi məlumatlara görə, "təmizləmə" əməliyyatına hüquq-mühafizə orqanlarında çalışan 500-dən artıq şəxs məruz qalıb. Nazirlərin mənzillərindən ayaqqabı qutularında milyonlarla nağd pulun tapılmasına (o zamandan Türkiyədə ayaqqabı qutusu antikorrupsiya hərəkatının rəmzinə çevrilib) heç bir münasibət bildirməyən Ərdoğan korrupsiya əleyhinə əməliyyatı xaricdən idarə olunan təxribat adlandırıb və onun hökumətə qarşı yönəldiyini bəyan edib.

Ərdoğan ölkədə sabitliyi pozmağa çalışan əsas düşməninin adını da çəkib. Bu, "Hizmət" ictimai hərəkatının yaradıcıçı və lideri, islamçı xətib və yazıçı, 1999-cu ildən ABŞ-da yaşayan Fətullah Güləndir. Onun hərəkatı Türkiyədə böyük populyarlığa və nüfuza malikdir.

Gülənin məsələyə sərt reaksiyası isə hətta onun öz tərəfdarlarını da təəccübləndirib. Ona yaxın saytlardan biri vasitəsilə nümayiş etdirilən videoçarxda Gülən "düşməni tanıyaraq gizlədən" şəxslərə açıq-aşkar lənət oxuyur. Buna cavab olaraq, Ərdoğan Samsundakı mitinqdə Gülənin tərəfdarlarını xarici qüvvələrlə əlbirlikdə, xəyanətdə və nankorluqda ittiham edib.

Bütün bunlar böyük bir münaqişəyə çevrilib və indi tərəflər bir-birlərinə qarşı bütün mümkün vasitələrdən istifadə edirlər, yaxud edəcəklər. Artıq keçmiş müttəfiqlər arasında bütün körpülər yanıb. Əslində, bu iki qüvvə nə vaxtsa müttəfiq olubmu? Olsa-olsa, taktiki baxımdan...

 

Keçmiş müttəfiqlər

2002-ci ilin sonlarında 1 il əvvəl mühafizəkar dini dairələrin bazasında yaradılan Ədalət və İnkişaf Partiyası Ərdoğanın rəhbərliyi altında hakimiyyətə gələrkən, buna əlbəttə ki, Gülən və tərəfdarları da köməklik göstərmişdilər. Gülənin özü 1999-cu ildən ABŞ-ın Pensilvaniya ştatında yaşayır. Rəsmi versiyaya görə  oraya müalicə üçün yollanıb. Amma elə həmin il Gülənə qarşı Türkiyədə dünyəvi idarəçilik sisteminin devrilməsinə cəhdlə bağlı ittiham irəli sürülüb. Maraqlıdır ki, bu ittihamın irəli sürülməsinə səbəb Gülən tərəfdarlarını hüquq-mühafizə, məhkəmə orqanlarının sıralarına girməyə, orada postlar tutmağa çağırdığı videokaset olub. Amma 2007-ci ildə o, bəraət alıb.

Ərdoğanın partiyasının hakimiyyətə gəldiyi ilk illərdə Gülən tərəfdarları ilə ölkə rəhbərliyi vahid mövqedən çıxış edirdilər. Qərb onların ümumi müttəfiqi, dünyəvi müxalifət və generalitet isə ümumi rəqibləri idi. Sonuncular Ərdoğanın siyasətini dünyəvi Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün vəsiyyətlərinə zidd hesab edlirlər.

Amma illər keçdikcə siyasi müxalifət bu və ya digər vasitələrlə zəiflədildi. Sol-mərkəzçi müxalifət partiyasının lideri Dəniz Baykal ilə bağlı kompromat xarakterli  videogörüntü yayıldı və nəticədə o, postundan istefa verdi. Ölkənin islamlaşdırılmasından narazı olan generalitetə isə bir necə dağıdıcı zərbə vuruldu. 2008-ci ildə "Ergenekon", 2 il sonra isə "Balyoz" adlı əməliyyatlar Türkiyə ordusunun ali rəhbərliyində miqyaslı təmizləmələrlə nəticələndi. Nəticədə, Baş Qərargahın 2 sabiq rəhbəri  ilə yanaşı, yüksək rütbəli ordu nümayəndələri, ictimai-siyasi xadimlər və ziyalılar da həbsə atıldılar. Onların hamısına qarşı dövlət çevrilişinə cəhd və terror təşkilatının yaradılması ittihamı irəli sürüldü. İttihamları rədd edən müttəhimlər isə həbslərin siyasi motivli olduğunu bildirirlər. Onların fikrincə, həbs olunmalarına səbəb hakim partiyaya qarşı müxalif mövqedə olmalarıdır. Elə həmin dövrdə də bir çox analitiklər Gülənin hüquq-mühafizə və məhkəmə orqanlarındakı tərəfdarları vasitəsilə, bu əməliyyatlara yardım göstərdiyini bildirirdilər.

Rəqiblər devrildi və sanki "koalisiya" mövqelərini gücləndirmişdi. Amma şairin dediyi kimi, "qələbə onlar üçün bəlaya çevrildi, çünki bundan sonra artıq boşluq yarandı".

 

Türksayağı ayrılıq

Müttəfiqlər arasında ilk münaqişə 2010-cu ilin yayında yaşandı. Qəzza sahillərində İsrail ordusunun "Sülh flotiliyası"na hücum nəticəsində 9 türkün həlak olduğu zaman Gülən gəmi konvoyunun təşkilatçılarını tənqid atəşinə tutdu. Hakim partiyanın həlak olanları şəhid elan edib, az qala, İsraillə müharibəyə başladığı bir vaxta, Fətullah Gülən bəyan etdi ki, humanitar flotiliyanın yola düşməsindən əvvəl İsraildən icazə alınmalı idi.

Gülən və Ərdoğanın tərəfdarları arasındakı digər qalmaqalda da "İsrail izi" var. Bir neçə ay əvvəl Gülənə yaxın KİV-də Türkiyənin xüsusi xidmət orqanı MIT-in rəhbəri Hakan Fidan ilə İran kəşfiyyatının başçısı arasındakı söhbətin mətni yayıldı. Məlum oldu ki, baş nazirin ən sadiq adamlarından sayılan Fidan Türkiyədə Tehran əleyhinə çalışan ABŞ və İsrail agenturasının siyahısını iranlı həmkarına təqdim edib. O zaman Ərdoğan Fidana açıq dəstək verərək, faktiki olaraq, MIT başçısının əməlinə haqq qazandırdı.

Tərəflər arasında münaqişəni qızışdıran əsas məqam isə hökumətin Gülən hərəkatı ilə əlaqələri ali məktəblərdəki hazırlıq kurslarının bağlanacağını bəyan etməsi oldu. Türkiyəli ekspertlər hesab edirlər ki, yayda keçiriləcək prezident seçkisində namizədliyini irəli sürmək fikrində olduğunu gizlətməyən Ərdoğan bununla Gülən tərəfdarlarına sarsıdıcı zərbə vurmağa çalışıb. Çünki Gülənin gənc tərəfdarları üçün tramplin rolunu məhz bu kurslar oynayır.

Gülənin tərəfdarları mövqelərini belə tez və asanlıqla əldən verə bilməzdilər. Nəticədə baş verənlərə cavab ötən il dekabrın 17-də gəldi. Türkiyə mətbuatının məlumatına görə, onlar qarşıdan gələn seçkiyə öz namizədləri  ilə qatılmağa hazırlaşırlar. Bu, Fətullah Gülənə simpatiyasını gizlətməyən hazırkı prezident Abdullah Güldür. Bu iddialardan belə çıxır ki, hazırkı prezidentin cəbhəsi bütünlükdə Gülənin tərəfindədir. Amma Güləni dəstəkləyən, başqa sözlə, ondan hazırkı hökumətə qarşı istifadə edən daha bir güclü qüvvə var. Bu, Qərbdir. 

 

Xarici amil

Artıq qeyd edildiyi kimi, Ərdoğan dekabrın 17-dən dərhal sonra antikorrupsiya əməliyyatının təşkilatçısı kimi, Gülən hərəkatı ilə yanaşı, həm də "qara xarici qüvvələri" göstərib. Onun fikrincə, bu qüvvə - beynəlxalq maliyyə lobbisi "Türkiyə Respublikasının inkişafını istəmir". İş o yerə çatıb ki, baş nazir ABŞ-ın Ankaradakı səfiri Frensis Rikkardoneni "təxribatçı" adlandırıb və onu ölkədən qovmaqla hədələyib. Bəs vaxtilə Ərdoğana yaxın olmuş Qərb qüvvələri hansı səbəbdən birdən-birə ondan üz döndəriblər?

Xatırladaq ki, Ərdoğan ölkəyə rəhbərlik etdiyi ilk dövrlərdə Qərb dövlətlərinin kifayət qədər fəxri qonağı idi. Türkiyənin liberal islam modeli isə müsəlman Şərqi üçün nümunə göstərilirdi. Amma Qərb liderlərinin Türkiyənin baş nazirinə qarşı məhəbbəti tədricən yox oldu. Türkiyənin xarici siyasətindəki ziqzaqlar ayrıca söhbətin mövzusudur. Qısa şəkildə desək, Türkiyə son 11 ildə xarici siyasi kursundakı ehtiyatsızlıq üzündən əvvəlcə özünü "Avropanın fatehi" kimi göstərdi, Aİ-yə inteqrasiya prosesində məyusluq yaşadıqdan sonna, "Şərqin lideri"nə çevrilməyə çalışdı (hakimiyyəti dəstəkləyən KİV ölkəni məhz belə adlandırırdı); əvvəlcə Qəddafinin müttəfiqi, sonra düşməni oldu, Suriya rəhbərliyinin ən yaxın dostundan qatı düşməninə çevrildi, İsrailə və Misirin yeni rəhbərliyinə qarşı çıxdı və sair. ABŞ-ın Suriyaya ordu yeritməkdən imtinasının yaratdığı mə-  yusluqdan sonra isə Ərdoğan ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaq istəyini dəfələrlə dilə gətirdi. Üstəlik, Türkiyə kəşfiyyatının rəhbərinin artıq qeyd etdiyimiz qalmaqallı dialoqunun üzə çıxması ilə yanaşı, NATO üzvü olan Türkiyənin Çindən HHM sistemləri almaq istəyi də Qərbdə qıcıqla qarşılandı.

Beləliklə, yeni müttəfiqlər qazana bilməyən Türkiyə köhnələrini də itirdi. Bütün bunlar Türkiyənin Qərb rəhbərliyi  ilə münasibətlərinə təsirsiz ötüşə bilməzdi. Axı Qərb Ankaradan daha proqnozlaşdırılan xarici siyasət gözləyirdi. Odur ki, indi Gülən-Ərdoğan qarşıdurmasında Qərbin kimin tərəfində olduğunu anlamaq elə də çətin deyil.

 

Qüvvələrin düzülüşü və mümkün ssenarilər

Gülən tərəfdarlarının qüvvələri: Prezident Administrasiyası, Konstitusiya Məhkəməsi, Hakimlər və Prokurorlar Ali Şurası, hüquq-mühafizə orqanlarındakı tərəfdarlar, hazırkı hökumətin rəqiblərinin simasında xarici dəstək.

Ərdoğanın qüvvələri: hökumət, parlamentdəki çoxluq və kəşfiyyat.

Görünən odur ki, münaqişənin taleyini hələ seçim etməmiş neytral qüvvələr müəyyənləşdirəcək. Bu, Cümhuriyyət Xalq Partiyası və Millətçi Hərəkat Partiyasının simasında siyasi müxalifət, ordu, kamalçılar, kürd və ələvi azlıqlardır. Hazırda hər iki tərəf bu qüvvələri öz tərəfinə çəkməyə çalışır. Gülən tərəfdarları siyasi müxalifətlə razılığa getməyə çalışırsa, hökumət rəsmilərinin "Ergenekon" və "Balyoz" məhkəmə proseslərində "ciddi pozuntulara yol verildiyi" haqda son bəyanatları hakim partiyanın hərbçilərin simpatiyasını qazanmağa çalışdığını göstərir.

Münaqişədə ilk nəticə artıq martın 31-də müəyyənləşəcək. Həmin gün Türkiyədə bələdiyyə seçkisinin nəticələri elan ediləcək. Hakim partiya ölkənin 3 nəhəng şəhərində (İstanbul, Ankara və İzmir) səsləri itirərsə, əlbəttə ki, Ərdoğanın prezident seçkisində qalib gəlmək şansları da azalacaq. Qeyri-rəsmi məlumata görə, Gülənin tərəfdarları İstanbul meri postuna CHP-dən olan namizəd Mustafa Sarıgülü dəstəkləməyə hazırdırlar. Ümumiyyətlə, bəzi analitiklər Sarıgül üçün parlaq siyasi gələcək proqnozlaşdırırlar. Çünki o, müxtəlif qüvvələr üçün kompromis fiqurdur və digərləriilə müqayisədə təmiz keçmişə malikdir.

Amma başqa variant da var: hakim partiyadan ayrılaraq, daha balanslı siyasət yürüdəcək liberal siyasi qüvvənin yaradılması.

İstənilən halda, bu gün bir şey aydındır: 2014-cü il Türkiyədə tarixi il olacaq. Çevrilişlərlə, qiyamlarla, sui-qəsdlərlə, intriqalarla zəngin si-yasi tarixə malik ölkənin taleyi məhz bu il həll olunacaq.



MƏSLƏHƏT GÖR:

482