14 Mart 2025

Cümə, 21:39

"İLAN" GETDİ, LAKİN TARİXDƏ İZ BURAXDI

Ötən il dünyanın siyasi həyatında kifayət qədər səs-küylü hadisələrlə yadda qaldı

Müəllif:

07.01.2014

Azərbaycan

Ötən il Azərbaycan üçün əsas siyasi hadisə hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin 84,55% səs qazanaraq, inamlı qələbə əldə etdiyi prezident seçkisi oldu. Səsvermə sakit, texniki baxımdan yüksək səviyyədə təşkil edilmiş şəraitdə keçdi. Bunu demək olar ki, bütün beynəlxalq müşahidəçilər təsdiqlədilər. MSK-nın məlumatına görə, səsvermədə seçicilərin 72,31%-i iştirak etdi. Beləliklə, ölkə İlham Əliyevin prezidentlik kürsüsündəki fəaliyyəti  ilə sıx bağlı olan sabitliyə, dayanıqlı sosial və iqtisadi inkişafa səs verdi.

Dağlıq Qarabağ münaqişəsi üçün ilin sonu yüksək səviyyədə danışıqların bərpası ilə yadda qaldı. Yayın ortalarında danışıqlar prosesinin açıq-aşkar dalana dirəndiyini, ermənilərin müxtəlif səviyyələrdə və tribunalarda Xocalı aeroportuna dair çeynənmiş bəyanatlarından yaranan yorğunluğu nəzərə alsaq, bu, heç də pis deyil. Azərbaycan isə öz növbəsində münaqişənin beynəlxalq norma və prinsiplər əsasında ədalətli həlli üçün əlindən gələni etməklə yanaşı, ərazi münaqişəsi həll olunmadan, Ermənistanla heç bir regional əməkdaşlığın mümkün olmadığını nümayiş etdirdi.

Yeni külək qışa yaxın əsməyə başladı. İlk növbədə bu, əlbəttə ki, noyabrın 19-da Vyanada baş tutan görüş idi - son bir neçə ildə ilk dəfə Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev ilə Serj Sarqsyan arasında görüş keçirilirdi. Daha sonra - dekabrın 4-5-də Kiyevdə ATƏT XİNŞ-nin toplantısı çərçivəsində iki ölkənin xarici işlər nazirləri - Elmar Məmmədyarovla Edvard Nalbandyan bir araya gəldilər.  Məmmədyarovun bildirdiyinə görə, görüşdə "konkret məsələlər müzakirə olunub". ATƏT-in Minsk qrupu həmsədrləri də "uzun illər ərzində ilk dəfə olaraq, münaqişə tərəflərinin XİN başçılarının razılaşdırılmış bəyanatının yayıldığını" bəyan etdilər.

Beləliklə, ötən ilin əsas nəticəsi real məqamlara hesablanmış birgə işin davam etdirilməsinə dair razılaşmadır. Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü yanvarda baş tutmalıdır.

 

Qonşular

Oktyabrda Gürcüstanda da prezident seçkisi keçirildi və seçki Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının namizədi Gergi Marqvelaşvilinin qələbəsi  ilə bitdi. Onun inauqurasiyasından dərhal sonra, ölkə Konstitusiyasına dəyişikliklər qüvvəyə mindi. Dəyişikliklərə əsasən, prezidentin səlahiyyətləri azaldı, əvəzində hökumətə daha çox səlahiyyət verildi. Marqvelaşvilinin hakimiyyətə gəlişi ümumilikdə, ölkənin daxili və xarici siyasətini dəyişmədi. Bununla yanaşı, Rusiya ilə münasibətlərin normallaşdırılması prosesi sürət yığmaqdadır.

Ermənistanda bu il keçirilən prezident seçkisində Serj Sarqsyan postunu qoruya bildi. Seçkidən keçən, təxminən, 1 ildə İrəvanın siyasi kursu heç kimi təəccübləndirməyib - ölkə əvvəlkitək ciddi iqtisadi böhran içərisindədir. O, regionun əsas enerji və infrastruktur layihələrindən kənarda qalmaqdadır. Ermənistanı əhalinin kütləvi şəkildə tərk etməsinin də qarşısı alınmayıb.

Bütün region üçün ilin əhəmiyyətli hadisələrindən biri - noyabrın 28-29-da Vilnüsdə keçirilən "Şərq tərəfdaşlığı" sammiti oldu. Bu sammit bir tərəfdən, hər şeyi yerbəyer etdi, digər yandan, onun nəticələri məhz bu il tam aydın olacaq. Hər iki tərəf nə qədər boyun qaçırsa da, Rusiya ilə Qərb arasında geosiyasi qarşıdurmanın "cəbhə xətti"nin məhz Kiyevdəki Müstəqillik Meydanından keçdiyi bir daha aydın oldu. Ukrayna prezidenti Viktor Yanukoviç Aİ ilə Assosiativ Sazişi imzalamaqdan sammitə bir həftə qalmış imtina etməsini nə qədər "milli təhlükəsizlik"lə əlaqələndirsə də, ABŞ Dövlət Departamenti təmsilçiləri meydanda etirazçılara şirniyyat paylamalarının onlar üçün adi hadisə olduğunu nə qədər göstərməyə çalışsalar da, Kreml "Kiyevin seçim azadlığına malik olduğunu" nə qədər təkrarlasa da, seyrçilər bu tamaşaya inanmırlar. Məsələn, sosial şəbəkələrdə şərhlərin əksəriyyətində avromaydanın Ukraynanın faktiki olaraq iki hissəyə bölməsindən narahatlıq ifadə olunurdu... Qarşıdurmanın ən kəskin mərhələsi Milad günü və Yeni ilədək başa çatdı. Kreml Ukraynaya satdığı qazın qiymətini ucuzlaşdırmağa və Kiyevə 15 milyard dollarlıq kredit ayırmağa razılıq verdi. Bununla yanaşı, Moskva Gömrük İttifaqının qapılarının Ukraynanın üzünə açıq qaldığını da bildirir. Kiyev isə hələ ki, o qapıdan keçməyə tələsmir. Bununla yanaşı o, Avropa İttifaqı ilə yaxınlaşmada da pauza götürüb. Odur ki, 2014-cü il maraqlı olacaq.

Aİ ilə Assosiativ Sazişdən son anda Ermənistan da imtina etdi. Sentyabrın 3-də prezident Serj Sarqsyan Moskvada ölkəsinin Gömrük İttifaqına qoşulmağa hazır olduğunu açıqladı. Bununla da o, Ermənistanın müstəqil Avropaya inteqrasiya siyasəti haqda nağıllara son qoydu.

Maraqlıdır ki, 2013-cü il Gömrük İttifaqını da daim "Şərq tərəfdaşlığı" qarşısında dayanan sualla qarşı-qarşıya qoyurdu - ərazi münaqişələrinin mövcud olduğu bir şəraitdə hamını qane edən iqtisadi layihələrdən necə danışıla bilər?  Bu məqamı Qazaxıstan prezidenti Nursultan Nazarbayev dekabrın 24-də Avrasiya İqtisadi Şurasının iclasında dilə gətirdi. O, Ermənistanın Gİ-yə qoşulmasına dair "yol xəritəsi"nin imzalanması zamanı Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq, Gömrük İttifaqının sərhədləri məsələsinin nəzərə alınmamasının mümkünsüzlüyünü bəyan etdi.

2013-cü ildə Türkiyə xüsusilə çalxalandı. Hökumətin İstanbuldakı Gəzi parkında yenidənqurma aparmasına etiraz olaraq, mayda ölkəni nümayişlər bürüdü. Nümayişlər kifayət qədər tez bir zamanda genişləndi və Rəcəb Tayyib Ərdoğan hökumətinin siyasi kursuna etiraza çevrildi. Nümayişçilər onu Mustafa Kamal Atatürkün 1920-ci ildə qurduğu dünyəvi dövlət quruluşunu dəyişməyə cəhddə günahlandırırdı. Hökumət nümayişləri böyük çətinliklə yatırdı.

Amma ilin sonunda etirazlar yenidən baş qaldırdı və daha ciddi vüsət aldı. Buna "Böyük rüşvət" korrupsiya qalmaqalı səbəb oldu. Əsasən, dövlət qurumlarının əməkdaşları, yüksək rütbəli məmurların qohumları, eyni zamanda, 3 nazir oğlu daxil olmaqla, 50-dən artıq şəxs həbs olundu. Onların arasında bir neçə biznesmen də var. Baş nazir Ərdoğan sözügedən əməliyyatı hökumətin nüfuzunu korlamağa cəhd kimi qiymətləndirdi və əvəzində, güc strukturunda çalışan çoxlu sayda insanı vəzifədən kənarlaşdırdı. Bununla yanaşı, Ərdoğan Nazirlər Kabinetinin tərkibini, demək olar ki, tam təzələdi və yeni heyətdə adları qalmaqalda hallanan nazirlər yer almadı. Mütəxəssislərin fikrincə, qalmaqal Ərdoğanla onun keçmiş müttəfiqi Fətullah Gülən arasındakı gizli mübarizənin nəticəsi idi. Qeyd edək ki, Gülən nüfuzlu islamçı hərəkatın lideridir. Onun tərəfdarları hüquq-mühafizə orqanlarında da yer alırlar. Güman ki, Türkiyədəki daxili siyasi vəziyyət yeni ildə gündəmi zəbt edən əsas məsələlərdən biri olaraq qalacaq.

2013-cü il Moskva rayonlarının birində - Qərbi Biryulevoda yaşananlarla da yadda qaldı. Azərbaycanlı Orxan Zeynalovun bu rayonda 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməsi kütləvi iğtişaşlara səbəb oldu. Adi məişət hadisəsi Rusiya KİV-in də "köməkliyi ilə" gözlənilmədən "milli zəmində törədilmiş cinayət" statusu aldı. Zeynalovun həbs olunan zaman birbaşa Rusiyanın daxili işlər naziri Vladimir Kolokolsevin qəbuluna gətirilməsi xüsusilə yaddaqalan məqamdır. Bu hadisələnin fonunda Rusiyanın bir sıra ictimai xadimində də Azərbaycan isteriyası müşahidə olundu. Rəsmi Bakı isə məsələyə son dərəcə təmkinli reaksiya verdi. O, əsasən, məsələnin hüquqi müstəvidə çözülməsinə, "milli bumeranq effektini" anlamağa çağırışlarla kifayətləndi, bunun xüsusilə Rusiya kimi çoxmillətli və çoxdinli cəmiyyətdə nəzərə alınmalı olduğunu bildirdi. Biryulevo sakinlərinin etirazının əsas səbəbi olan Pokrovski bazasına gəlincə, bu bir daha təsdiqləyir ki, illik dövriyyəsi, təxminən, 9 milyard dollar olan bu ticarət obyekti ətrafındakı səs-küyün əsas səbəbi adi mülkiyyət bölgüsü idi.

Güman ki, miqrasiya sahəsində siyasət 2014-cü ildə də Rusiya hökumətinin əsas başağrısı olaraq qalacaq. Kreml bu sahədə gələcək addımlarını heç cür müəyyənləşdirə bilmir - xüsusilə Mərkəzi Asiya ölkələri  ilə viza rejiminə keçid haqda söhbətlər, hüquqi sahədə - sənədlər, rus dili biliklərinə dair imtahan və sair - qarışıqlıq, bəzi siyasətçilərin açıq şovinist fikirlərinə lazımi reaksiyanın verilməməsi və sair.

Bundan başqa, Rusiya növbəti dəfə Volqoqradda törədilmiş 2 terror aktı ilə dünyanın informasiya agentliklərinin diqqət mərkəzinə düşdü. Dekabrın 29-da kamikazde şəhərin dəmir yolu vağzalının binasını partlatdı və nəticədə, 17 nəfər həlak oldu. Bir gün sonra - dekabrın 30-da sərnişinlə dolu trolleybus partladıldı. Bu dəfə rəsmi məlumata görə, 10 nəfər dünyasını dəyişdi. Bu, 2013-cü ildə Volqoqradda törədilmiş 3-cü terror aktı idi. Oktyabrda terrorçu Naida Asiyalova bu şəhərdə sərnişin avtobusunu partlatmış, nəticədə, 7 nəfər həlak olmuşdu. Yeri gəlmişkən, Volqoqrad Rusiyanın Şimali Qafqaz regionuna və Qış Olimpiya Oyunlarının keçiriləcəyi Soçiyə yaxındır. 

 

Dünyada

2013-cü il hər zaman yaddaşlarda Suriyadakı müharibə, humanitar fəlakət və xaosla qalacaq. İl ərzində bütün ölkə ərazisində döyüşlər getdi. Dinc əhali arasında həlak olanların dəqiq sayı bilinmir. Martda Hələb şəhərində münaqişə tərəflərindən biri kimyəvi silaha belə əl atdı. Avqustda eyni hal Dəməşq yaxınlığında da təkrarlandı. Müxalifət kimyəvi silahdan istifadəyə görə ordunu günahlandırır. Bu, Qərbin Suriyaya BMT TŞ-nin qərarı olmadan hərbi müdaxiləsinin mümkün olduğunu bəyan etməsi  ilə nəticələndi. Xoşbəxtlikdən, belə müdaxilədən qaçmaq mümkün oldu - sentyabrın 28-də BMT TŞ Suryianın kimyəvi silahının məhvinə dair qərar çıxardı. Çoxları bu sənədi Rusiya diplomatiyasının uğuru kimi qiymətləndirdi. Hər halda, Suriyaya hərbi müdaxilənin qarşısını almaq üçün məhz Rusiya nümayəndələri ABŞ və onun avropalı müttəfiqlərinin planlarına mümkün olan müqaviməti göstərdilər. Beləliklə, Suriyanın kimyəvi arsenalının tam məhvinin 2014-cü ilin ortalarında başa çatdırılması planlaşdırılır. Hələliksə ölkədə silahlı qarşıdurma davam edir. Bu ölkədəki vəziyyət əvvəlkitək regional təhlükəsizliyə əsas problem olaraq qalır. Yanvarda problemin həlli üzrə "Cenevrə-2" sülh konfransı keçirilməlidir. Onun keçiriləcəyi tarixi uzun-uzadı müzakirələrdən sonra müəyyənləşdirmək mümkün olub. Konfrans iştirakçılarının müzakirələri də çətin ki, asan keçsin.

Ötən ildə məşhur "Misir baharı" da davam etdi. İyulun 3-də ordu ölkə prezident Məhəmməd Mursini vəzifəsindən kənarlaşdırdı. Bu, "Müsəlman qardaşlar"ın uzunmüddətli və qanlı nümayişlərinə səbəb oldu. Avqustun 14-də xüsusi təyinatlı polis Qahirənin mərkəzi meydanında nümayişçiləri dağıtdı və bu zaman yalnız rəsmi məlumata görə, 550 nəfər həlak oldu. Sentyabrda məhkəmə "Müsəlman qardaşlar"ın fəaliyyətini qadağan etdi, noyabrda isə nümayişləri qadağan edən qanun qəbul olundu. Hazırda Misir ciddi siyasi və iqtisadi böhran içərisindədir. Ölkədə təcili islahatlara ehtiyac var. Bunun üçün isə işlək parlament və hökumət lazımdır. Misirin daxili siyasi təlatümlərdən nə qədər tez qurtulacağı, yenidən Yaxın Şərq arenasının aparıcı oyunçularından birinə nə qədər tez çevriləcəyi 2014-cü ildə qəbul ediləcək qərarlardan asılıdır.

İranın nüvə proqramı ilə bağlı problemin həllində isə 2013-cü il xeyli səmərəli oldu. Müşahidəçilər, hətta ABŞ-İran münasibətlərində "isinmə"nin baş verdiyini bildirirlər. İyunun 15-də İranda prezident seçkisi keçirildi və mötədil mərkəzçi Həsən Ruhani seçkidən qalib ayrıldı. Sentyabrın 28-də Ruhani ilə ABŞ prezidenti Barak Obama arasında telefon danışığı oldu. Bu, 1979-cu ildən sonra İran və ABŞ prezidentləri arasında ilk danışıqlar idi. Noyabrda İran probleminin həllində vasitəçilik edən beynəlxalq "altılıq"la Tehran arasında razılaşma əldə olundu. Razılaşma İranın uranı 5%-dən çox zənginləşdirməkdən imtinasını, MAQATE müfəttişlərinin Natanze və Fordodakı nüvə obyektlərinə buraxılmasını, əvəzində İrana qarşı neft, qaz və qızıl ticarətinə dair sanksiyaların yumşaldılmasını nəzərdə tutur. Vaşinqton İsrail və Səudiyyə Ərəbistanının etirazlarına rəğmən, İrana güzəştə gedir. Onu buna öz iqtisadi problemləri, Səudiyyə Ərəbistanı və digər sünni monarxiyalarla münasibətlərdə balans yaratmaq istəyi, həmçinin Rusiya-İran münasibətlərinə xələl gətirmək istəyi sövq edir. Bu, Moskva üçün də sərfəlidir. Çünki bu halda o, Amerikanın Avropada HHM sistemi qurmasının əleyhinə olan ciddi arqumentlər əldə edəcək. İranın nüvə proqramı ilə bağlı problemin həllinə dair yekun razılaşma il ərzində imzalanmalıdır.

İl ərzində Asiya-Sakit okean re-gionu da diqqət mərkəzində oldu. Dünya arenasının aparıcı oyunçuları bu regionu əsas geosiyasi prioritetləri arasında göstərirlər. 2013-cü ildə Çinlə Yaponiya arasında Şərqi Çin dənizindəki mübahisəli adalarla (zəngin təbii resurslara malik) bağlı qarşıdurma dərinləşdi. Əksər analitiklər hesab edir ki, Asiya-Sakit okean regionunda sabitlik, əsasən, ABŞ-Çin münasibətlərindən asılı olacaq.

Şimali Koreyada yaşananlar dünyanı gərginlikdə saxlayan daha bir məqamdır. Pxenyan fevralın 12-də növbəti nüvə sınağını keçirdi və BMT TŞ bununla əlaqədar olaraq, martın 7-də bu ölkəyə qarşı sanksi-yaların sərtləşdirilməsini nəzərdə tutan qətnamə qəbul etdi. Qurumun qərarı Şimali Koreya tərəfindən cavabsız qalmadı: Pxenyan Cənubi Koreya ilə hücum etməməyə dair razılaşmanı ləğv etdi, cənublularla istənilən an müharibəyə başlamağa hazır olduğunu açıqladı. Xoşbəxtlikdən həmin anda vəziyyətin daha da gərginləşməsindən qaçmaq mümkün oldu.

Aİ-də ilin əsas hadisəsi Kiprdəki bank böhranı sayıla bilər. Martda yaşanan bu böhran bank sisteminin fəaliyyət qaydalarına yenidən baxılmasına səbəb oldu. Söhbət xüsusilə onun "bank sirri" kimi "dayağından" gedir. Bundan başqa, il ərzində İspaniya, Almaniya, Yunanıstan və İtaliyada hökumətlərin iqtisadi siyasətinə etiraz olaraq, çoxsaylı nümayişlər keçirildi.

Ötən ilboyu "avroskeptiklər" mövqelərini kifayət qədər möhkəmləndirdilər və bu məsələdə, Britaniyadan gələn əhval-ruhiyyə də az rol oynamadı. "Dumanlı Albion"dan gələn son belə siqnallardan biri baş nazir Devid Kemeronun işçi qüvvənin Aİ-də sərbəst hərəkətinə müəyyən məhdudiyyətlərin qoyulmasına dair təklifidir. Bundan əvvəl London Avropanın İnsan Haqları Məhkəməsinin yurisdiksiyasından çıxa biləcəyini də bəyan etmişdi.

Yaxşı xəbər kimi isə Avropanın tədricən böhrandan çıxmaqda olduğunu göstərmək olar. Bundestaqa seçkilərin nəticəsi də şübhəsiz ki, müsbət məqamdır. Seçki Angela Merkelin blokunun hakimiyyətdə qalması ilə nəticələndi. 2013-cü ildə Almaniyanın Aİ-dəki rolu xüsusilə nəzərə çarpdı, Merkeli isə hətta "bütün Avropanın imperatriçəsi" adlandırmağa başladılar. İstənilən halda, yeni il Avropa üçün darıxdırıcı olmayacaq. Mayda Aİ üzvü olan 28 ölkənin vətəndaşları Avropa Parlamentinin yeni tərkibini seçəcəklər. Payızda isə Şotlandiyanın Böyük Britaniyadan, Kataloniyanın isə İspani-yadan ayrılması məsələsi referenduma çıxarılacaq.

 

İlin adamları

2013-cü ilin ən ziddiyyətli və qalmaqallı rəmzi MKİ-nin sabiq əməkdaşı Edvard Snouden sayıla bilər. O, ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanlarının izləmə proqramına dair sənədləri ələ keçirərək, onları bütün dünyaya yaymaqla yadda qaldı. Beləliklə, Amerika xüsusi xidmət orqanlarının dünyanın bir sıra ölkələrinin liderlərinə qarşı apardığı casusluq fəaliyyəti üzə çıxdı. İzlənilən liderlər arasında ABŞ-ın ənənəvi müttəfiqləri də var. Snoudenin Moskvanın "Şeremetyevo" aeroportundakı tranzit zonasında oynadığı "gizlənqaç" oyununu bütün dünya maraqla izlədi. Avqustda o, Rusiyadan 1 il müddətinə müvəqqəti sığınacaq aldı.

2013-cü ildə katolik kilsəsi də diqqət mərkəzində oldu. Roma Papası XVI Benediktin postundan kənarlaşdırılması və martın 13-də onun yerinə Fransisk adını qəbul etmiş argentinalı kardinal Xorxe Mario Berqolonun seçilməsi əsl şok oldu. Yeni pontifik dərhal Vatikanın əsrlərdir davam edən düzənini dəyişməyə başladı - o, Papaya verilən imtiyazlardan və hökumət rəmzlərindən, sinəsində gəzdirdiyi qızıl xaçdan imtina etdi, ad gününü evsizlərin əhatəsində keçirdi, Suriya ətrafında yaşanan böhranın ən kəsin vaxtında isə Rusiya prezidenti Vladimir Putinə dolğun açıq məktub yazdı.

2013-cü ildə Böyük Britaniyanın sabiq baş naziri, məşhur "dəmir ledi" Marqaret Tetçer, CAR-ın sabiq prezidenti, aparteidlə mübarizəsilə tanınmış Nelson Mandela kimi tarixi şəxsiyyətlər dünyasını dəyişdilər. Martın sonunda ikrah oyadan rusiyalı oliqarx Boris Berezovskinin də vəfat etdiyi bəlli oldu.

Bununla yanaşı, KİV-də ən çox müzakirə olunan məsələ Böyük Britaniya şahzadəsinin varisi Georqun dünyaya gəlməsi oldu. O, babası Çarlzdan və atası Uilyamdan sonra, taxt-taca üçüncü iddialıdır.

Başa çatan İlan ili bu cür qarışıq hadisələrlə yadda qaldı. Prinsipcə, il ərzində miqyaslı münaqişələrdən, hərbi müdaxilələrdən qaçmaq mümkün oldu. Hətta sanki alışması üçün bir qığılcımın mümkün olduğu problemlər də çözüldü, sülh yolu ilə həll edildi. Bu, bəşəriyyətin hələ də güc tətbiq etmədən razılığa gəlmək iqtidarında olduğuna ümidləri artırır.



MƏSLƏHƏT GÖR:

538