Müəllif: Məhərrəm ZEYNAL Bakı
İndiki dövrdə kitab oxuyanların sayı, sanki xeyli azalıb. Bununla yanaşı, indi adi kitabı elektron kitab əvəzləyir. Onu televizor ekranlarından, planşetlərdən, həmçinin xüsusi "qiraətxanalar"dan "oxumaq" mümkündür. Bu cür rəqəmsal analoqların mövcud olduğu bir şəraitdə, audiokitab daha çox populyarlaşmaqdadır.
"Keçmişdəki partlayış"
Audiokitablar lap çoxdan mövcud olub. Keçmişdə onları vinil plastinkalara yazırdılar. Onda uşaq nağıllarının və "audiotamaşalar"ın yer aldığı disklər əksər evlərdə var idi. Bu gün bu janra ikinci həyat verilib - kitablara metroda, avtobusda və ya şəxsi avtomobildə tıxaca düşən zaman qulaq asmaq olar. Onları səhər qaçışı zamanı da qulaqcıqlar vasitəsilə dinləmək mümkündür. Evdar qadınlar isə eyni vasitə ilə onları öz işlərini görən zaman dinləyə bilərlər. Beləliklə, "işarası" audiokitab öz "renessans" dövrünü yaşayır. İndi bu dəb bizə də gəlib çatıb. Artıq Azərbaycanda da audiokitablar "dərc olunur".
"Səsli kitab" məşhur dünya klassikasının səsləndirilməsi layihəsidir. Onun təşkilatçısı Gülər Qasımova layihəyə 2013-cü ilin sentyabrında start verildiyini bildirir. "Bu ideyanı çoxdan hazırlamışdım. Bu işə marağın, tələbatın artdığı hiss olunurdu. Avropada, Türkiyədə, Rusiyada audiokitablar çox populyardır. Orada belə kitabların yaradılması ilə məşğul olan peşəkar studiyalar var", - deyə Qasımova qeyd edir. Əvvəllər Sovetlər dönəmindən gələn inersiya ilə mətnlər monoton diktor səsi ilə radiodan "soyuq" şəkildə oxunurdu. Bu halda istənilən klassikin şedevri dinləyicidə məyusluq yaradırdı. Bu gün isə audiokitablar oxucu sevgisi uğrunda "yarışır". Və bu, əsasən, aktyor və ya aktyorlar qrupunun onlara verilən mətni nə qədər yaxşı, "ürək"dən oxumasından asılıdır.
"Hər şey çox çətin başlamışdı və o qədər də peşəkarcasına deyildi. Çünki ilk hekayələri özüm oxuyurdum və sosial şəbəkələrdəki xüsusi səhifələrə yerləşdirirdim", - deyə layihənin rəhbəri nəql edir. - "Günlərin birində işimə böyük tələbatın olduğunu hiss etdim: yaratdığım səhifədə bir neçə ay ərzində 3200 nəfər toplaşmışdı".
Qasımova layihəyə həvəskar səviyyədə başlayıb. Onun dostlarından ibarət qrup hekayələri səsləndirib, daha sonra "seslikitab.az" saytını yaradıb və oraya səsli hekayələrin yüklənilməsinə başlayıb. Yarım il ərzində dünya ədəbiyyatının 30 məşhur şedevri səsləndirilib.
İndi "Səsli kitab"da Albert Kamyu, Ceyms Coys, Herman Gesse, Akutoqava Ryunoske, Yasunari Kavabata, Xaruki Murakami, Xorxe Luis Borxes və bir çox digər müəlliflərin əsərlərini dinləmək mümkündür. Saytda uşaq audiokitabları bölməsi də var.
"Biz hamımız həvəskarlarıq. Nə peşəkar avadanlıqlarımız, nə peşəkar aktyorlarımız var. Amma hər şeyi yüksək səviyyədə etmək üçün əlimizdən gələni əsirgəmirik. Studiya və peşəkar əməkdaşların işə cəlbi üçün maliyyə dəstəyi lazımdır. Təəssüf ki, bizdə bu, demək olar ki, yoxdur", - deyə Qasımova bildirir.
Daha bir problem Azərbaycan dilində material çatışmazlığıdır. Bu üzdən bəzi hekayə və povestləri layihə iştirakçılarının özləri tərcümə etməli olurlar.
Tamamilə pulsuz
"Səsli kitab" layihəsinin bütün kitabları layihənin rəsmi saytı və sosial şəbəkələr vasitəsilə tamamilə pulsuz yayılır.
Daha bir müvafiq layihə audiohekayələrin toplanmasıdır. Bununla "Fantastika Bakı" ədəbiyyat klubu məşğul olur. "Bu, Azərbaycan bazarında audiokitab formatında ilk fantastik toplu olacaq", - deyə klubun yaradıcılarından olan Natalya Qaraxanova bildirir. - "Məhz bu səbəbdən klubumuzun qarşısında duran əsas vəzifə heç bir parametrinə görə xarici bazardakı analoqlarına uduzmayacaq keyfiyyətli məhsul buraxmaqdır".
Hazırda geniş redaktə işləri aparılır. Layihəyə peşəkar aktyorlar və səs rejissorları cəlb olunub. Onlar peşəkar avadanlıqlarla işləyirlər. Məcmuədə həm klubun daimi müəlliflərinin - fantastik əsərlər yazan Azərbaycan yazıçılarının, həm də əcnəbilərin əsərləri yer alacaq. Bunlar həm klubun saytında Bakı oxucusunun bəyəndiyi əsərlər, həm də məhz məcmuə üçün yazılmış əsərlər olacaq.
Bundan başqa, Henrix Altanov, Maqsud İbrahimbəyov, Voyskunski, Lukodyanov və başqa Azərbaycanın fantastika klassiklərinin əsərləri də səsləndiriləcək. Məcmuəyə yazıçımız Aleksandr Hakimovun Azərbaycan fantastikası haqqında yazdığı məqalə də əlavə olunacaq.
"Bizim dövrümüzdə bazara çox az sayda keyfiyyətli fantastika çıxarılır", - deyə Qaraxanova bildirir. - "O üzdən çalışırıq ki, mümkün qədər çox insanı fərqli, lakin keyfiyyətcə eyni olan, müxtəlif nəsillərə aid müəlliflərin əsərləri ilə tanış edək. Düşünürəm ki, audiokitablar vasitəsilə bunu daha tez və maraqlı şəkildə həyata keçirmək mümkündür. Hazırda bu kitab növü həqiqətən çox populyardır, hətta deyərdim ki, bu, tendensiya halını alıb. İnsanların boş vaxtları azalıb. Bu, kağız və ya elektron kitabların oxunması baxımından çətinlik yaradır. Amma kitaba olan sevgi heç yerə itməyib. O, sadəcə formasını dəyişib".
Bu üzdən müəllif hesab edir ki, hazırkı dövrdə həm özünü maarifləndirmə, həm də vaxtı maraqlı keçirmək üçün audiokitabdan daha aktual mənbə tapmaq çətindir.
MƏSLƏHƏT GÖR: