Müəllif: Sabirə MUSTAFAYEVA, Vəfa ZEYNALOVA Bakı
Azərbaycanda 14 yaşınadək uşaqlara qarşı bütün hallarda fiziki cəza qadağan olunacaq. Məlumatı Milli Məclisin Sosial siyasət komitəsi yayıb. Bu məqsədlə "Uşaqların cismani cəzadan qorunması haqqında" yeni qanun layihəsi hazırlanıb.
3 il həbs
Yeni qanunda ailələrdə, uşaq evlərində, bağçalarda, məktəblərdə, eləcə də uşaq həbsxanalarında uşaqların cismani cəzadan qorunması ilə bağlı qabaqlayıcı müddəalar öz əksini tapıb. Məqsəd polis, icma, ailə və digər yerlərdə uşaqlara qarşı hər hansı fiziki təzyiqin tətbiq edilməsinin qarşısını almaqdır.
Yeni qanundan irəli gələn müddəalara əsasən isə cinayət və inzibati xətalar məcəllələrinə bununla bağlı məsuliyyət yaradacaq maddələr də əlavə olunacaq. Bura müvafiq olaraq müxtəlif cərimələrdən, inzibati məsuliyyətdən tutmuş, 3 il müddətinə qədər həbs tətbiq edilir.
Yeni qanun bu sessiya ərzində Milli Məclisdə müzakirəyə çıxarılacaq. O, deputatlar tərəfindən qəbul olunarsa, hətta övladlarına cismani cəza verən valideynlər belə, cinayət məsuliyyətinə cəlb olunacaqlar. Bu halda onlar, hətta valideynlik hüququndan məhrum da oluna bilərlər.
Azərbaycanda uşaqlara qarşı zorakılıq miqyaslı, artan xarakter daşımır. Amma yalnız valideynləri tərəfindən deyil, ayrı şəxslər tərəfindən də uşaqlara qarşı fiziki zorun tətbiqi hallarına rast gəlinir. "R+" jurnalı belə hallar haqqında dəfələrlə yazıb. Odur ki, "Uşaqların cismani cəzadan qorunması haqqında" qanunun qəbulu bütün mənalarda aktualdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsnifatına görə, uşaqlara qarşı zorakılıq onlarla sərt davranmadır. Bu özünü fiziki, seksual, emosional zorakılıqlar formasında və ya uşaqların qayğısına qalmamaqla göstərə bilər. ÜST-ə görə, uşaqlara qarşı zorakılıq ciddi həyati fəsadları olan qlobal problemdir. Qurumun məlumatında bildirilir ki, qadınların, təxminən, 20, kişilərin isə 5-10%-i uşaqlıqda seksual zorakılığa məruz qaldıqlarını etiraf edirlər; uşaqların 25-50%-i isə fiziki zorakılıqla üzləşdiklərini bildirirlər.
Araşdırmalar göstərir ki, insanın uşaq vaxtı üzləşdiyi istənilən formalı zorakılıq bir çox xroniki xəstəliklərə yol açır. Bu sahədə ən nüfuzlu iş ABŞ-ın Dövlət Profilaktika və Xəstələnmələrə Nəzarət Mərkəzi tərəfindən aparılmış "Uğursuz uşaqlıq təcrübəsi" (Adverse Childhood Experiences, ACE) genişmiqyaslı araşdırmasıdır. Bu araşdırma zamanı zorakılıq və ya qayğının olmaması ilə xroniki xəstəliklərə tutulma hallarının çoxluğu, riskli hərəkətlər və ömrün qısalığı arasında korrelyasiya üzə çıxıb.
Qayğıdan məhrum olmuş və ya fiziki zorakılığa məruz qalmış uşaqlarda psixi problemlərin və ya bağlılıq pozuntularının üzə çıxma ehtimalı daha çoxdur.
Uşaqlara qarşı zorakılıq bir sıra beynəlxalq sənədlər və milli qanunvericiliklərlə qadağan olunur. Bir çox ölkələrdə uşaqlara qarşı zorakılıqların, onların qayğıdan mərhum olması hallarının üzə çıxarılması üçün sosial xidmətlər var. Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə uşaqlara qarşı zorakılıq hallarının səviyyəsi digər MDB ölkələri ilə müqayisədə 2-5 dəfə azdır. Statistika göstərir ki, Azərbaycanda uşaqlara qarşı zorakılıq hallarının 40%-i məişət zəminində baş verir. DİN belə halların üzə çıxarılmasından ötrü "Həddi-büluğa çatmayanlar üçün hüquqi yardım klinikası" QHT-si və uşaqların reabilitasiya mərkəzləri ilə sıx əməkdaşlıq edir. İşlər yalnız zorakılığa məruz qalmış uşaqlarla deyil, onların valideynləri ilə də aparılır. Bundan başqa, DİN-də artıq 5-ci ildir ki, zorakılığa məruz qalmış və ya qala biləcək uşaqlara psixoloji yardım edilməsi üçün nəzərdə tutulmuş "qaynar xətt" (24 saat) fəaliyyət göstərir. Əgər əvvəllər o, yalnız Bakıya aid idisə, indi bütün Azərbaycanı əhatə edir. Uşaqların müdafiəsi həm də onlara qarşı zorakılığın profilaktikası üzrə effektiv sistemin yaradılmasını nəzərdə tutur. Söhbət heç də yalnız "qaynar xətt"lərdən, böhran mərkəzlərindən yox, digər sosial xidmətlərdən də gedir. Lakin reallıq göstərir ki, uşaqlarımızın zorakılıqdan qorunması üçün bütün bu tədbirlər kifayət deyil. Demək, daha böyük işlər görülməlidir.
ÜST-nin rəsmi mövqeyi bundan ibarətdir ki, uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün ən effektli vasitə valideynlərə dəstək olan, onlara uşaqlara qulluq edilməsi və tərbiyə edilməsinin yollarını öyrədən çoxsektorlu proqramlardır. Bu cür proqramlar əsasında, məsələn, dəstək, tədris və məlumatlandırmaq üçün tibb bacıları valideyn və uşaqlara evlərdə baş çəkir, həmçinin, valideynlər üçün qrup məşğələləri təşkil edilir və onlara uşaqların tərbiyəsi, inkişafı və rəftarla bağlı məsləhətlər verilir.
ÜST uşaqlar üzərində seksual zorakılıq hallarının profilaktikası üçün də xüsusi proqramlar təklif edir: məktəblərdə uşaqlara öz bədəninə sahiblik hüququnun öyrədilməsi, təhlükəli halları sezə bilmələri, özündən böyüyə rədd cavabı vermələri və insident haqqında etibar etdiyi böyükləri xəbərdar etmələri üçün təlimlərin keçilməsi.
Qanun işləməlidir!
"Həddi-büluğa çatmayanlar üçün hüquqi yardım klinikası"nın rəhbəri Nazir Quliyev "R+" jurnalına açıqlamasında dünyada uşaqlara qarşı zorakılıq məsələsinin uzun zamandır ki, ciddi problem olduğunu xatırladıb. Hələ 2009-cu ildə Avropa Şurası üzv dövlətlərə uşaqların zorakılıq hallarından qorunması üçün müvafiq qanunlar qəbul etməyi məsləhət görüb. Bu məsələ Azərbaycanda da kifayət qədər kəskindir. Söhbət yalnız fiziki zorakılıqdan deyil, həm də psixoloji və seksual təzyiqlərdən gedir. Ekspert əmindir ki, Azərbaycanda müvafiq qanunun qəbulundan sonra görüləcək tədbirlərin effekti haqqında yalnız qanunun işləmə mexanizmi müəyyənləşdikdən sonra danışmaq mümkün olacaq.
"Belə qanunların işləməsi üçün ən vacib şərt xüsusi sığınacaqların (müvəqqəti daldanacaqların) olmasıdır. Çünki ailədə zorakılığa məruz qalan uşaq müraciət edəcəyi yerin olduğunu bilməlidir. Uşaq ailəsində zorakılığa məruz qaldığı üçün "qaynar xətt"ə zəng edirsə, müvafiq qurumlar ona yardım üçün real imkanlara malik olmalıdırlar; uşağa yaşamaq üçün yer verilməli, o, hüquqşünasla, maraqlarını qoruyacaq rəsmi şəxslə təmin edilməlidir. Bu cür strukturlar olmasa, zorakılıqla üzləşən uşaq ikinci dəfə "qaynar xətt"ə zəng vurmayacaq", - deyə Quliyev bildirir.
Bundan sonra işə sosial xidmətlər girişməli, müvafiq araşdırma aparmalıdırlar. Komissiya uşağın zorakılığa məruz qaldığı evdə yaşamasının onun üçün nə qədər təhlükəli olduğuna dair qərarı yalnız bundan sonra qəbul etməlidir.
"Şübhəsiz ki, valideyn hüququndan məhrumetmə uşağın valideyninin evində qalmasının qadağan olunması demək deyil. Sadəcə, obrazlı desək, onun maraqlarını güdən və təhlükəsizliyini təmin edən adam olacaq. Bundan başqa, zorakılığa məruz qalmış uşaqların üz tuta biləcəkləri reabilitasiya mərkəzləri də yaradılmalıdır", - deyə mütəxəssis bildirir.
Quliyevin fikrincə, bu məsələdə böyük rol yerli icra hakimiyyəti orqanının üzərinə düşməlidir. Müvafiq nəzarət və maarifləndirmə işləri məhz bu qurum tərəfindən aparılmalıdır.
Bundan başqa, ekspert əmindir ki, uşaqlar 14 yaşdan sonra da müdafiə olunmalıdırlar. Çünki yeniyetmələr heç də həmişə özləri-özlərini qoruya, hüquqlarını müdafiə edə bilmirlər.
Normal cəmiyyətlərdə uşaqlar zorakılığa məruz qalmamalıdırlar. Bu məsələdə cəmiyyətdən çox şey asılıdır və o, belə hallarla mübarizəyə hazır olmalıdır.
MƏSLƏHƏT GÖR: