Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Azərbaycanda dəmir yolu təsərrüfatının müasirləşdirilməsi istiqamətində artıq, təxminən, 2,5 ildir həyata keçirilən miqyaslı layihələr Xəzəryanı regionda yüklərin tranzit daşımalarının reallaşdırılması üçün yeni imkanlar açır. Bu layihə çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC Bakı - Böyük-Kəsik dəmir yolu xəttinin 317 kilometrlik hissəsində əsaslı yenidənqurma işləri aparıb və bu gün çoxlu sayda dəmiryol nəqliyyat vasitələrinin alınmasına, eyni zamanda, ölkədə vaqon istehsalının başlanılmasına hazırlıq gedir.
Əsaslı müasirləşdirmə
Bu il Azərbaycan və onun Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizi üzrə tərəfdaşları bir sıra nəqliyyat layihələrinin reallaşdırılmasına hazırlaşır. Bu layihələr Avrasiya qitəsinin nəqliyyat logistikasını ciddi şəkildə yenidən formalaşdıracaq. Ötən il oktyabrın sonunda İstanbulda "Marmaray" dəmir yolu tuneli istifadəyə verildi. Bu, Türkiyənin Cənubi Avropa istiqamətində yük və sərnişin hərəkəti həcmini dəfələrlə artırdı. Bu ilin ikinci yarısında isə Bakı-Tiflis-Qars dəmir yolu dəhlizinin tikintisi başa çatdırılacaq və Türkiyənin dəmir yolu sistemi Cənubi Qafqazın digər magistralları ilə birləşdiriləcək. 2014-cü ilin ikinci yarısında "Yeni Bakı" beynəlxalq dəniz limanının ilk obyektləri istismara veriləcək. Bu, Mərkəzi Asiya ölkələri ilə əsasən, dəmir yolu-bərə vasitəsilə yükdaşımalarını artıracaq. Bununla da Avropadan Asiyaya yükdaşımalarının ən qısa və rentabelli yolu təmin olunacaq. Məsələn, multimodal yüklərin Iron Silk Way nəqliyyat dəhlizi vasitəsilə daşınmasına başlanılacaq.
Lakin proqnozlaşdırılan həcmdə yüklərin daşınmasını təmin etmək üçün Azərbaycanın qərb istiqamətindəki dəmir yolunun buraxılış həcmi artırılmalıdır. Məhz bu məqsədlə Azərbaycan dəmir yollarının müasirləşdirilməsi ilə bağlı bütün layihələrin son məqsədi yükdaşımalarının həcm və sürətinin artırılmasıdır. Bu işlər yeni BTQ dəmir yolu magistralının imkanları nəzərə alınmaqla görülür.
2011-ci ilin iyununda Prezident İlham Əliyev Nəqliyyat Nazirliyinin ölkədə 2010-2014-cü illərdə dəmir yolu sisteminin müasirləşdirilməsinə dair hazırladığı Dövlət Proqramını təsdiq edib. Qərb istiqamətində dəmir yolunun təmiri və müasirləşdirilməsinə dövlət xətti ilə 650 milyon manat ayrılıb. Bundan başqa, Çexiya bankı olan "EximBank" layihəyə 352 milyon dollar kredit ayırıb. Dünya Bankının layihənin reallaşdırılması üçün verdiyi borc isə 450 milyon dollardır.
Dəmir yolu infrastrukturunun müasirləşdirilməsinə dair irimiqyaslı layihənin ilk hissəsinin reallaşdırılması, təxminən, 2,5 il davam edib və dekabrda başa çatıb. İxtisaslaşmış dəmir yolu qurumu olan "Dəmiryolservis"in və digər podratçıların işə cəlb olunması ilə Bakını Gürcüstanla sərhəddə yerləşən Böyük-Kəsiklə birləşdirən 500 kilometrlik dəmir yolunun 317 kilometrlik hissəsində təmir və müasirləşdirmə işləri başa çatdırılıb.
Müasirləşdirmənin əsas məqsədinə nail olunub - qatarların maksimal hərəkət sürəti saatda 140 kilometrə çatdırılıb (sərnişin daşımalarda). Müasirləşdirilmədən sonra yük qatarlarının da maksimal sürəti saatda 100-120 kilometrədək artırılıb. Müqayisə üçün qeyd edək ki, bu yaxınlaradək Azərbaycanın dəmir yollarında qərb istiqamətində qatarların maksimal sürəti saatda 80 kilometri aşmırdı. Orta sürət həddi isə bundan da aşağı idi.
Dəmir yolunun Bakı - Böyük-Kəsik sahəsində elektrik təchizatı sisteminin sabit cərəyandan 25 kv-luq dəyişən cərəyanlı dartı sisteminə keçidi təmin edilib, siqnalizasiya və rabitə sistemi lazımi səviyyəyə gətirilib. Bu məqsədlə Yalama-Biləcəri, Horadiz-İmişli-Bakı, Osmanlı-Astara optik lifli rabitə xətləri çəkilir. Yaxın perspektivdə isə avtomatlaşdırılmış rabitə və siqnalizasiya sisteminin bazasında yük və sərnişin daşımalarının intellektual idarə olunması üçün mərkəzləşdirilmiş mexanizmin yaradılması nəzərdə tutulur.
Dövlət Proqramının ikinci mərhələsi çərçivəsində 12 multisistemli elektrovozun və 100 sərnişin vaqonunun alınması planlaşdırılır. Neft məhsullarının daşınması üçün 300 yeni sisternin və yüzlərlə yük vaqonunun alınması da nəzərdə tutulub. Əlavə maliyyələşdirmə məsələsi müsbət həllini taparsa, dəyişən cərəyanla işləyən yeni yük lokomotivlərinin sayı 50-dək artırıla bilər. Hazırda lokomotivlərin və vaqonların alınmasına kreditlərin ayrılması üçün Almaniyanın KfW İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Asiya İnkişaf Bankı ilə danışıqlar aparılır. Dövlət Proqramı çərçivəsində Biləcəri Lokomotiv Deposunda əsaslı təmir bazasının yaradılması, Ələtdəki vaqon deposunun yenidən qurulması, Bakı Vaqon Təmiri Deposunun gücünün artırılması da nəzərdə tutulur.
"Azərbaycan istehsalı" vaqonlar
"Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyi bu yaxınlarda ölkənin dəmir yolu sisteminin inkişafı istiqamətində daha bir miqyaslı layihəyə başlanılacağını açıqlayıb. Söhbət Gəncədə sərnişin vaqonlarının istehsalı ilə məşğul olacaq müasir zavodun tikintisindən gedir. Nəqliyyat naziri Ziya Məmmədovun sözlərinə görə, Gəncə Vaqon Deposunun bazasında İsveçrənin "Stadler Rail Group" şirkəti ilə birgə müəssisənin yaradılması planlaşdırılır. Orada oturmaq və yatmaq üçün yerləri olan sərnişin vaqonları yığılacaq, vaqonların əsaslı təmirinin aparılması, onlara texniki xidmətlərin göstərilməsi üçün mərkəz qurulacaq. 1942-ci ildən fəaliyyət göstərən "Stadler Rail Group" sərnişin qatarlarının, xüsusi vaqonların, tramvayların, manevr teplovozlarının istehsalında Avropanın aparıcı qurumudur. O, öz məhsullarını dünyanın 20-dək ölkəsinə ixrac edir. Azərbaycan 2014-cü ildə bu məşhur şirkətdən 30 sərnişin vaqonu almağı da planlaşdırır. Yüksək beynəlxalq dərəcəyə aid bu vaqonların sərnişinlərin BTQ dəmir yolu vasitəsilə daşınmasında istifadəsi nəzərdə tutulub.
Bununla yanaşı, Azərbaycanın sərnişin vaqonlarına olan tələbatı, əsasən, daxili istehsal vasitəsilə ödəniləcək. Gəncədə vaqon istehsal edəcək zavodun işə salınması üçün bütün layihə sənədləri hazırdır. Artıq bütün texniki şərtlər də hazırlanıb, istehsal olunacaq sərnişin vaqonlarının ümumi dizaynı və interyeri işlənib. Ziya Məmmədovun sözlərinə görə, yeni zavodun inşasına artıq bu ilin ortalarında start verilməsi nəzərdə tutulub.
Ölkədə vaqon istehsalı və təmir bazasının yaradılması Azərbaycana ciddi maliyyə qənaəti imkanı verəcək. Çünki hazırda ölkədə lazımi dəmir yolu infrastrukturunun olmaması üzündən qatarların Ukrayna və Rusiyada təmirinə 10 milyonlarla dollar xərclənir.
Bakı-Tiflis-Qars dəmir yolu ilə proqnozlaşdırılan yükdaşımalarını nəzərə alsaq, zaman keçdikcə hökumətin dəmir yolu təsərrüfatının yenilənməsinə xərclədiyi vəsaitin əvəzi tam çıxacaq. İlkin mərhələdə BTQ ilə ildə 1 milyonadək sərnişinin, 6-7 milyon ton yükün daşınacağı proqnozlaşdırılır. Sonradan tranzit hesabına Asiyadan Avropaya daşınan konteyner, quru, maye və digər tipli yüklərin həcmi 17-20 milyon tonadək artacaq.
MƏSLƏHƏT GÖR: