25 Noyabr 2024

Bazar ertəsi, 04:21

VERGİ YÜK DEYİL

Azərbaycan vergi qanunvericiliyinin yüngülləşdirilməsini davam etdirir

Müəllif:

14.01.2014

Qlobal maliyyə-iqtisadi böhranı bir çox ölkələrin fiskal siyasətini köklü şəkildə dəyişib. Məsələn, Avropa dövlətləri vergi yükünü  gücləndirir, bir çox sferalarda güzəştlərin ləğvinə, vergilərin artırılmasına əl atırlar. Eyni zamanda, xüsusi verginin tətbiqinə və gələcək böhran müddəti üçün maliyyə rezervlərinin yaradılmasına çalışırlar. 

Azərbaycanda isə halbuki daxili bazarın fəallığının qorunması üçün, daxili investisiyaların həcmi artırılıb, özəl sektorun kreditləşdirilməsi davam edir və vergi yükünün azaldılması üçün qanunvericiliyə böyük dəyişikliklər edilib. 

 

Güzəştlər və imtiyazlar

2014-cü ildə faiz dərəcələri hər hansı bir dəyişikliklərə məruz qalmasa da, bu il Vergi Məcəlləsində qüvvəyə minmiş dəyişikliklər və əlavələr son üç ildə ən ciddi yeniliklər oldu. Onlar vergi yükünün azaldılmasına yönəlib.  

Əsas diqqət müəyyən vergi güzəştlərini nəzərdə tutun nağdsız ödənişlər və nağd hesablaşmaların məhdudlaşdırılmasının stimullaşdırılmasına dair qanun layihəsinin hazırlanmasına yönəlib. Layihədə vergi güzəştləri vergi dərəcələrinin (xüsusən ƏDV üzrə) üç il, beş il müddətinə və ya vergi ödənilməsindən azad edilməsi qismində nəzərdə tutulur.  Eyni zamanda, ƏDV ödənilməsindən azad edilən konkret fəaliyyət sferaları göstərilir. Bu imtiyazlar vergi ödəyicilərinin nağdsız dövriyyəsinə, gəlirinə, ƏDV-yə, sadələşdirilmiş vergiyə və ayrı-ayrı hallarda vergilərin di-gər növlərinə şamil olunacaq. Bəzi hallarda ƏDV-dən azad edilmə, ümumi dövriyyənin gəlirinə verginin tətbiq edilməsi ilə müşayiət olunacaq. Bu imtiyazlar fəaliyyət sferası, dövriyyədən asılı olaraq dəyişəcək, ƏDV və sadələşdirilmiş vergi ödəyiciləri üçün, xüsusilə çörək və mebel satışı üzrə obyektlər, şadlıq evləri və xırda ticarət obyektləri üçün güzəştlər isə fərqli olacaq. Bu tədbirlərin geniş miqyası nəzərə alınaraq, keçən il onların razılaşdırma prosesi hələ də yekunlaşmadı.

Bununla belə, yuxarıda da qeyd edildiyi kimi, bu ilə fiskal siyasətdə edilən dəyişikliklər kifayət qədərdir. Belə ki, bundan sonra Azərbaycanda vergi güzəştlərinin təqdim edilməsi və azad olunması ancaq Vergi Məcəlləsi ilə müəyyənləşdiriləcək. Eyni zamanda, xaricdə diplomatik xidmət orqanlarında çalışan və güzəştlər tətbiq edilən, gəlir vergisindən azad olunan  şəxslərin siyahısı genişlənib. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, xaricdə Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarının mühafizəsini təmin edən hərbçilərə də gəlir vergisi üzrə güzəşt və azadetmələr şamil olunur. Bundan başqa, bu kateqoriyadan olan şəxslərin gəlirləri icbari sosial sığorta üzrə ödənişlərin ayrıldığı gəlirlər siyahısına daxil edilib.

Ölkədə məktəbəqədər müəssisələrin çatışmazlığı probleminin həlli üçün körpələr evləri, uşaq bağçaları, həmçinin uşaq evləri 2014-cü ildən 10 il müddətinə mənfəət vergisi və sadələşdirilmiş vergini ödəməkdən azaddırlar. Bu ildən ümumtəhsil müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti ƏDV-dən azad edilib. Buna qədər vergidən azadetmələr ancaq orta məktəb vəsaitlərinə aid idi.

Hökumət əhalinin banklardakı əmanətlərini də unutmayıb: növbəti dəfə bank əmanətləri üzrə ödənilən faizlər bir il müddətinə gəlir vergisindən azad edilib. Bu da depozitlərin həcminə müsbət təsir göstərəcək. Hazırda Azərbaycan banklarında əhalinin 6 mlrd. manatdan çox əmanəti qorunur. Onların illik gəlirinin, təxminən, 600 mln. manat olduğunu nəzərə alsaq, uyğun olaraq fiziki şəxslərin vergidən azad olunmaları, banklara 50-60 mln. manat gəlir verəcək. 

                

Sahibkarın xeyrinə yoxlamalar 

Sahibkarların maraqlarının qorunması qismində Vergi Məcəlləsinə vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi hallarında növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi ilə bağlı məhdudiyyət qoyulması daxil edilib.  Vergi yoxlamasının nəticəsi ilə razılaşmayan vergi ödəyiciləri isə yazılı şəkildə müraciət edərək, növbədənkənar səyyar vergi yoxlaması tələb etdikdə əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxslər bu yoxlamanı apara bilməyəcəklər. Dəyişikliklərə uyğun olaraq, müəyyən vaxt ərzində hüquq pozuntusuna yol verməyən sahibkarlar, aşağı riskli qrupa köçürülürlər. Eyni zamanda, iri sahibkarların planlı şəkildə yoxlanılma müddəti 10 günü, plansız yoxlanılma müddəti isə beş günü aşmamalıdır. Orta və xırda sahibkarlarla bağlı planlı yoxlamalar beşgünlük, qeyri-planlı yoxlamalar isə bir gün müddətlə məhdudlaşır.

Yüksək risk qrupuna aid sahibkarların yoxlanılması ildə bir dəfədən artıq, orta risk qrupunda isə iki ildə bir dəfədən artıq olmamaq şərti ilə aparıla bilməz. Aşağı risk qrupunda isə yoxlamanın müddəti üç ildə bir dəfə həyata keçirilə bilər.  

Elektron audit sisteminin tətbiqi də səyyar yoxlamaların sayını 90% azaltmağa imkan verəcək. Məsələ burasındadır ki, e-auditin Vergilər Nazirliyi ilə birgə genişmiqyaslı tətbiqi üçün iri müəssisələrin maliyyə və İT mütəxəssisləri hazır olmalıdırlar. Elektron məlumatları vaxtında və lazımi formatda təqdim etmək zəruridir. 

Elektron audit, ilk  növbədə, neft sektorunda çalışan xarici şirkətləri, yerli holdinqləri, xaricdə filialları olan və əməliyyat aparan müəssisə və şirkətlər, o cümlədən fəal şəkildə elektron nəzarət-kassa aparatlar və POS-terminallardan istifadə edən iri və orta ticarət, eləcə də xidmət obyektlərini əhatə edəcək. Bundan başqa, e-auditdən bank, sığorta, lizinq, telekommunikasiya sferalarında olan şirkətlər, həmçinin elektron ticarətdə ixtisaslaşan prosessinq mərkəzləri, kommunal xidmətlər göstərən müəssisələr istifadə edəcəklər.

Yeni sistemə keçid asan deyil və dünya statistikası da buna sübutdur - bütün dünyada ondan artıq olmayan vergi orqanı tamamilə bu analoji platformada çalışır.  

 

Patentə qayıdış  

Gələcək planlara gəldikdə isə patent sisteminin fəaliyyətinin genişlənmə imkanları və sadələşdirilmiş vergi ödəyicilərinin bütün kateqoriyalarına münasibətdə patent verginin tətbiq olunması nəzərdən keçirilir. Azərbaycanda verginin patent sistemi 2001-ci ildə Vergi Məcəlləsi qüvvəyə minənə qədər işləyirdi. Patentin dəyəri sahibkarlıq fəaliyyətinin 5 qrupa bölünmüş  növləri üzrə gəlirlilik və fəaliyyətin həyata keçirildiyi yer nəzərə alınmaqla müəyyən edilirdi. Sahibkarın istəyindən asılı olaraq patent bir il, yaxud ilin tam ayı üçün verilə bilərdi.

Lakin 2001-ci ildən sadələşdirilmiş vergi rejimini tətbiq edən ödəyicilər iki qrupa bölünüblər. Bunlardan bir qrupu hasilatdan vergini hesablayıb ödəyənlərə, digər qrupu isə vergini fəaliyyətin nəticəsindən və dövriyyədən asılı olmayaraq yalnız həyata keçirdikləri fəaliyyət növünə görə ödəyən təsərrüfat subyektlərinə (sərnişin və yükdaşımalarını, mənzil tikintisini həyata keçirən şəxslər) aiddir.

Vergilər nazirinin müşaviri Akif Musayevin sözlərinə görə, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımalarını həyata keçirən şəxslər tərəfindən sadələşdirilmiş vergi "fərqlənmə nişanı" alınmaqla həyata keçirilir. Bu da patent vergisinin bir forması kimi qiymətləndirilə bilər.

İndi patent vergisinin sadələşdirilmiş vergi ödəyicilərinin digər kateqoriyalarına aid edilməsi məsələsi ilə bağlı araşdırmalar aparılır. Hazırda illik dövriyyəsi 90 min manatdan çox olmayan fiziki şəxslər sadələşdirilmiş vergi ödəyirlər. Hüquqi şəxslər üçün sadələşdirilmiş vergi həddi isə ildə 150 min manat təşkil edir.   

Bundan savayı, Vergilər Nazirliyi  Azərbaycanda vergi cinayətlərinə görə cəzaların sərtləşdirilməsinin də tərəfdarıdır. 

Bu gün vergi qanunvericiliyinin pozulmasına görə mövcud olan məcburiyyət tədbirlərini iki kateqoriyaya bölmək olar. Birincisi, vergi öhdəliklərinin yerinə yetirilməməsi və vergilərin vaxtında və tam şəkildə ödənilməməsi ilə bağlı Vergi Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulan maliyyə sanksiyaları və inzibati cərimələrdir. Məcburiyyət tədbirlərinin ikinci kateqoriyasına xeyli və külli miqdarda vergiləri ödəməkdən yayındırmağa görə nəzərdə tutulan cəza tədbirləri aiddir. Bunlar da Cinayət Məcəlləsi ilə tənzimlənir. Yəni - xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayətinə görə yüksək cəza həddi 3 il müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulub. Eyni əməllər mütəşəkkil dəstə tərəfindən və ya külli miqdarda törədildikdə, yüksək cəza həddi kimi 7 il müddətinə azadlıqdan məhrumetmə nəzərdə tutulub. Məcəllənin tələblərinə görə, vergiləri ödəməkdən yayınma cinayətini ilk dəfə törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad olunur. 

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (VCİAD) rəisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Vidadi Məmmədovun sözlərinə görə, RF-in Cinayət Məcəlləsində külli miqdarda vergiləri ödəməkdən yayınma cinayətinə görə 2 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma cinayətinə görə yüksək cəza həddi kimi 6 il azadlıqdan məhrumetmə nəzərdə tutulur. Azərbaycanda cinayət əməlini ilk dəfə törətmiş şəxs yalnız ödəməkdən yayındırdığı məbləği (Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş cərimə sanksiyaları və faizlər istisna olmaqla) ödədiyi halda, cinayət məsuliyyətindən azad olunur. Rusiyada isə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün ödəməkdən yayındırdığı məbləğin tam şəkildə, yəni Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş cərimə sanksiyaları və faizlər daxil olmaqla ödənilməsi tələb olunur. Təcrübə göstərir ki, hesablanmış cərimə sanksiyaları və faizlərin ödətdirilməsi mülki qanunvericiliklə müəyyənləşdirildi- yindən, vergi ödəyiciləri tərəfindən belə ödəmələr qəsdən uzadılır və əksər hallarda ödənilməmiş qalır. Bununla bağlı Vergilər Nazirliyi bu sahədə qanunvericiliyin daha da təkmilləşdirilməsi, o cümlədən vergiləri ödəməkdən yayınma əməlləri ilə bağlı cinayətlərə görə cəzaların daha da sərtləşdirilməsinin tərəfdarıdır. 


MƏSLƏHƏT GÖR:

642