5 Dekabr 2025

Cümə, 19:09

ERMƏNİ TERRORU YAŞAYIR VƏ GƏNCLƏRİ ÖYRƏDİR?!

Rusiya terrordan əziyyət çəkir, amma erməni partladıcı-terrorçu Moskvaya dəvət alır

Müəllif:

14.01.2014

Xəbər lentlərində və telekanallarda dünyanın müxtəlif yerlərində ardı-arası kəsilməyən terror aktları haqda xəbərlər səngimək bilmir. Yaxın Şərqdə - İraq və Suriyada, o cümlədən dünyanın digər bölgələrində terror aktları yüzlərlə insanın həyatına son qoyur. Elə Yeni il ərəfəsində - dekabrın 29-30-da Volqoqrad vağzalında və trolleybusda törədilmiş 2 terror aktı 34 nəfərin həyatına son qoydu.

Bütün bunların fonunda Rusiya KİV-də, daha doğrusu, Rusiyadakı erməni saytlarında Moskvada beynəlxalq terrorçu ilə görüşün keçiriləcə-yinə dair xəbərlər yayılıb. Söhbət erməni terror təşkilatı olan ASALA-nın veteranı, qanlı partlayışların təşkili üzrə "mütəxəssis" Alek Yeniqomşyandan gedir. Üstəlik, KİV onu tamamilə fərqli təqdim edir: "Yanvarın 25-də "Erməni yüksəlişi - Moskva" hərəkatı çərçivəsində Rusiya paytaxtında iqtisadçı, "Predparlament" milli-siyasi təşəbbüsünün üzvü Alek Yeniqomşyan ilə görüş olacaq".

Rusiya ərazisində terror dalğasının güclənməsi fonunda erməni terrorçunun Moskvaya dəvət olunması qəribədir. Üstəlik o, gənclərlə görüşəcək, gəncləri "erməni xalqının düşmənləri ilə mübarizəyə" ruhlandıracaq. Terrorçunun gəncləri necə "ruhlandıracağını" "VKontakte" sosial şəbəkəsindəki "Alek Yeniqomşyanla görüş" səhifəsində yerləşdirilən materiallardan görmək mümkündür. Məxsusi olaraq Moskvada təşkil ediləcək görüşə hazırlıq niyyəti  ilə yaradılmış səhifədə Yeniqomşyanın 1980-ci illərin əvvəllərində İsveçrə məhkəməsində etdiyi çıxışı yerləşdirilib. Həmin çıxışda Yeniqomşyan erməni terroruna, özünün təşkil etdiyi partlayışlara haqq qazandırmağa çalışır, erməni xalqını qanlı terror yolu ilə mübarizəyə səsləyir. Elə həmin səhifədə A.Yeniqomşyanın digər ASALA terrorçuları ilə "iş başı"nda şəkilləri də yerləşdirilib. Orada "Qayıdın, uşaqlar... Monte, qayıt!" videosunu da izləmək mümkündür. Burada Yeniqomşyanın beynəlxalq terrorçu Monte Melkonyanın şərəfinə təşkil olunmuş tədbirdəki çıxışı yer alır. Söhbət Avropada bir sıra qanlı terror aktlarının müəllifi, Xocalıda, Qaradağlıda Azərbaycan xalqına qarşı törədilmiş soyqırımların iştirakçısı olmuş Melkonyandan gedir... Videoda Yeniqomşyan auditoriya qarşısında tam rəsmi şəkildə terroru tərifləyir, o dövrlərin "həsrətini çəkir", terror vasitəsilə mübarizə üsulunu tərif edir və hər kəsi terrora çağırır.

Görəsən, Rusiya hökuməti, xüsusi xidmət orqanları, güc strukturları bunu həqiqətənmi görmür? Axı Yeniqomşyanın da üzvü olduğu ASALA terror təşkilatı indiyədək Avropada, Yaxın Şərqdə, Rusiyada, o cümlədən Moskvada yüzlərlə terror aktı törədib. İndi bu şəxs həmin terror aktlarının təşkil olunduğu Moskva şəhərində gənclərlə görüşə hazırlaşır. Xatırladaq ki, 1977-ci ilin yanvarında Moskvada ASALA-dan olan erməni terrorçuları 3 partlayış törətmişdilər: Moskva Metropolitenində, SSRİ DTK-nın binası yaxınlığındakı 15 nömrəli ərzaq mağazasında və Nikolskaya küçəsindəki 5 nömrəli ərzaq mağazası yaxınlığında təşkil edilmiş terror aktları 7 nəfərin həyatına son qoymuş, 37 nəfər yaralanmışdı.

Həmin vaxt baş verənlərlə əlaqədar olaraq, Zatikyan, Stepanyan və Baqdasaryan soyadlı terrorçular haqqında ölüm hökmü çıxarılmışdı. SSRİ DTK-nin 5-ci idarəsinin sabiq rəisi, sonralar SSRİ DTK rəhbərinin birinci müavini postunu tutmuş F.D.Bobkov özünün "DTK və hakimiyyət" adlı kitabında metroda törədilmiş terror aktlarının arxasında ASALA-nın dayandığını yazıb: "...Ermənistan DTK-nın rəhbəri Yüzbaşyanın qəribə hərəkətləri haqda xəbərdar idim. O, beynəlxalq erməni terror təşkilatı - Ermənistanın Azadlığı üçün Erməni Gizli Ordusu "ASALA" təmsilçilərinin respublikadakı fəaliyyətini SSRİ DTK rəhbərliyindən gizlədirdi. Moskva metrosundakı partlayışların təşkilatçısı da məhz bu qurum idi...".

Bundan başqa, ASALA 1991-ci il iyulun 31-də "Moskva-Bakı" qatarını partladıb. Dağıstan ərazisində olarkən partladılan qatarda 15 nəfər həlak olub, 16 sərnişin yaralanıb. Ölənlər arasında qadınlar, uşaqlar və qocalar da var.

ASALA-nın 1970-80-ci illərdəki "qəhrəmanlıq"larına dair məlumatlar bu yaxınlarda MKİ-nin erməni terroru haqda açıqladığı məruzəsində də yer alıb. Sənəddə bildirilir ki, 1975-1983-cü illər arasında bu təşkilat 200-dən artıq terror, o cümlədən 161 partlayış, 12 sifarişli qətl törədib. Sözügedən dövr ərzində ASALA Fransada 35, İsveçrədə 22, İtaliyada 18, ABŞ-da 17 terror aktı təşkil edib. Bundan başqa, İspaniya, Böyük Britaniya, Almaniya, Livan, Türkiyə, İran da daxil olmaqla, ümumilikdə 22 ölkədə terror aktları həyata keçirilib. Onların hamısı əksəriyyəti ASALA olmaqla, müxtəlif erməni terror təşkilatları tərəfindən törədilib. Terrorçuların əsas hədəfi Türkiyə diplomatları və vətəndaşları olub. MKİ-nin məruzəsində bir sıra Avropa ölkələrinin ASALA ilə birbaşa sövdələşməyə getdiyi, nəticədə erməni terrorçulara qısa müddətli həbslər verildiyi, bəzi hallarda isə törətdikləri terror aktları nəticəsində elə həmin Avropa ölkələri vətəndaşlarının həlak olmalarına rəğmən, onların sərbəst buraxıldıqları bildirilir.

Məruzədə gəlinən dəhşətli qənaət belədir: "Görünür, bəzi Qərbi Avropa ölkələri ASALA ilə razılığa gedərək, terrorçulara türk hədəflərini sərbəst şəkildə təqib etmək imkanı veriblər. Bunun əvəzində terrorçulardan yerli əhaliyə hücumların təşkil edilməyəcəyi vədi alınıb. Bu, terrorla mübarizədə beynəlxalq əməkdaşlıq üçün dəhşətli fəsadlar verə bilər. Türklər Avropanın ASALA terroruna etinasız yanaşmasından, bu haqda susmasından dəhşətə gəlirdilər. Onlar ABŞ-a ciddi təzyiq göstərərək, Vaşinqtonun Avropa hökumətlərinə təzyiq etməsini, Amerikanın bu təhlükə ilə mübarizədə bilavasitə iştirakını tələb edirlər".

 

Necə deyərlər, şərhə ehtiyac yoxdur...

Xatırladaq ki, "erməni terroru" termini ilk dəfə rəsmi olaraq, ABŞ Dövlət Departamentinin 1982-ci ilin avqustuna aid aylıq bülletenində işlədilib. Erməni terrorçuları ABŞ Dövlət Departamentinin xüsusi termini "şərəfinə" Livanda bir sıra terror aktlarının təşkilindəki fəal iştiraklarına görə layiq görülüblər. Həmin partlayışlarda xeyli sayda amerikalı hərbçi və beynəlxalq humanitar missiya üzvləri də həlak olublar.

Məruzədə Yaxın Şərqdə və digər regionlardakı erməni terrorunun dəqiq xronologiyası, ASALA və digər erməni terror təşkilatlarının əlaqələri və fəaliyyətinin təhlili də yer alıb. Sənəddə öz siyasi məqsədlərinə çatmaq üçün dinc insanların məhv edilməsi yolunu tutmuş erməni terror təşkilatlarının fəaliyyətinə və təkamülünə dair bir sıra faktlara da rast gəlinir.

Nəticə: birincisi, erməni terror təşkilatlarının fəaliyyəti hər zaman Avropa və Rusiya tərəfindən son dərəcə loyal şəkildə qəbul olunub. Çünki onlar "xristian erməni xalqı" naminə mübariz və əzabkeşlər kimi təsvir edilirdilər. Halbuki, erməni terrorları nəticəsində Avropa və Rusiya vətəndaşları olan ruslar da həlak olurdular.

İkincisi, erməni terrorunun hədəfi dəfələrlə elə ermənilərin özləri olub. Sonradan bu terrorun qurbanları türk və azərbaycanlıların qətlə yetirdikləri şəxslər kimi təqdim olunurdular.

Üçüncüsü, məqsədlərdən biri də Türkiyə və Azərbaycanın sərt cavab addımları atmasına şəraitin yaradılması və bu halda "ermənilərin soyqırıma, qırğına məruz qaldıqları" haqda dünyaya car çəkilməsi idi.

Və ən başlıcası, ABŞ Dövlət Departamenti və MKİ-nin qeyd etdiyimiz məruzələrinə əsasən, bir sıra Avropa ölkələri erməni terrorçulara gizli dəstək verir və onların fəaliyyətindən yararlanır. Bu üzdən ümid etmək istərdik ki, Rusiya tərəfi ASALA veteranının Moskvada təntənəli mərasim qurmasının, "təcrübə"sini gənclərlə bölüşmək niyyətinin məsuliyyətini tam başa düşür.



MƏSLƏHƏT GÖR:

536