
DƏYİŞİKLİKLƏR KÜLƏYİ
"Qarabağ tuneli"nin sonunda zəif işıq görünməyə başlayıb
Müəllif: Fuad HÜSEYNZADƏ Bakı
2013-cü ilin sonu Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində müəyyən canlanma ilə yadda qaldı. Azərbaycan və Ermənistan prezidentləri arasında noyabrın 19-da Vyanada keçirilən son 2 ilin ilk görüşü çoxlarında tezliklə sülhün əldə ediləcəyinə olmasa da, danışıqların bərpa ediləcəyinə ölmüş ümidləri yenidən canlandırdı. Tərəflərin bəyanatlarında danışıqlar prosesinin son illərinə heç də xas olmayan nikbinlik müşahidə olunmaqdadır. Bundan başqa, prezidentlərdən bir müddət sonra Azərbaycan və Ermənistanın XİN başçıları arasında Kiyevdə baş tutan görüşdə münaqişənin həlli üzrə konkret məsələlərin müzakirəsinə start verilib. "Biz ilk dəfədir ki, konkret məsələlərə toxunduq", - deyə Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov görüşdən sonra bildirib. O, tərəflərin indiyədək ümumi vəziyyəti müzakirə etdiklərini xatırladıb.
"Söhbət 7 rayondan getdi (Dağlıq Qarabağ ətrafında - F.H.) - əvvəlcə 5 rayon, daha sonra Kəlbəcər və Laçın. Daha sonra yolların və kommunikasiyaların bərpası müzakirə olundu. Bizim üçün vacibi indiyədək heç bir irəliləyişə nail olmadığımız məsələlərin müzakirəsi idi. Hansı məsələlərə dair razılığa gəldiyimizi açıqlaya bilmərəm. Həm biz, həm də erməni tərəfi mövqeyimizi ortaya qoyduq, bununla bağlı prezidentlərimizi məlumatlandırırıq", - deyə E. Məmmədyarov qeyd edib.
Bütün bu deyilənlər hadisələrin bundan sonra necə inkişaf edəcə- yinə dair intriqanı daha da artırır. Görünən odur ki, 2014-cü ildə Ermənistan-Azərbaycan münaqişəsi ətrafında vəziyyətə müəyyən aydınlıq gətirmək mümkün olacaq. Bu fikir Nazirlər Kabinetinin Prezident İlham Əliyevin sədrliyilə keçirilən son iclasında da səsləndirilib.
Ümumilikdə prezident öz çıxışında Qarabağ mövzusuna geniş yer ayırıb. Azərbaycanın xarici si-yasətində əsas məsələ olan Dağlıq Qarabağ münaqişəsinin həllində hələ də heç bir irəliləyişin olmamasından təəssüfünü dilə gətirən İ.Əliyev bunun səbəbinin dəyişməz olaraq qaldığını söyləyib: erməni tərəfi danışıqlar prosesinin müxtəlif bəhanələrlə uzadılması taktikasına sadiqdir.
Bununla yanaşı, prezident ötən ilin sonunda prosesdə müəyyən canlanmanın müşahidə olunduğunu da söyləyib. "Görərik, əgər Ermənistan məsələnin həlli ilə bağlı konstruktiv mövqe nümayiş etdirərsə, qısa müddət ərzində razılaşmaya gəlmək mümkün olacaq. Müəyyən ümidlər, müəyyən nikbin məqamlar var, ancaq 2014-cü ildə biz bunları araşdıracağıq. Hər halda, 2014-cü ildə Ermənistanın həqiqi niyyəti tam bəlli olacaq", - deyə İlham Əliyev qeyd edib. O bildirib ki, əgər Ermənistanda məsələyə realist yanaşmalar üstünlük təşkil edərsə, qısa müddət ərzində münaqişənin həllində irəliləyişə nail oluna bilər. İlham Əliyev ötən dövr ərzində bu məsələ ilə bağlı o qədər də nikbin fikirlərin olmadığını da yada salıb. Prezident dərhal onu da deyib ki, "realist yanaşma" dedikdə, Ermənistanın regiondakı real qüvvələr nisbətini anlamasını nəzərdə tutur. O isə heç bir halda Ermənistanın xeyrinə deyil. Azərbaycanın dövlət büdcəsi Ermənistanınkından 10 dəfə artıqdır. Ümumi daxili məhsulun həcminə görə Azərbaycan Ermənistanı 8 dəfə, əhalinin sayına görə 6 dəfə üstələyir.
İki ölkənin inkişaf səviyyəsi arasındakı uçurumu Ermənistanın demoqrafik sahədəki acınacaqlı durumu daha da artırır. İlham Əliyev son çıxışlarında bu məqama əbəs yerə diqqət çəkmir. Ermənistan əhalisinin ölkədən qaçması həqiqətən də inanılmaz həddə çatıb. Bu faktı indi yalnız müxalifət dairələri iddia etmir. Artıq fakt rəsmi statistika ilə də təsdiqlənir. Rəsmi məlumata görə, 2001-2011-ci illərdə Ermənistan əhalisinin sayı 190 min nəfər azalıb. 2013-cü ildə vəziyyət daha da ağırlaşıb: mənfi saldo 108 min nəfər təşkil edib. Son siyahıyaalma Ermənistanda 1,6 milyon qadının yaşadığını göstərib Bu, əhalinin 52%-i deməkdir. Ölkədə yaşayan kişilərin sayı 1,4 milyondan bir qədər artıqdır.
Bütün bunlarla yanaşı, Azərbaycan danışıqlar prosesində mövqeyini hərbi potensialının artması hesabına da gücləndirir. Hökumətin iclasında İ.Əliyev Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ görməyən xarici qüvvələrin mövqeyi ilə razılaşmadığını açıq şəkildə dilə gətirib. Azərbaycan işğal altındakı torpaqlarını hərbi yolla azad etmək hüququndan heç zaman imtina etməyib. BMT Nizamnaməsi də Bakıya bu hüququ verir. Sadəcə, Bakı bu varianta hər zaman son vasitə kimi baxıb və hərbi yola yalnız danışıqlar prosesinin tam iflasa uğrayacağı təqdirdə əl atıla biləcəyini bildirib. Amma "sülh istəyirsənsə, müharibəyə hazır ol" deyimini də unutmayan Azərbaycan bu prinsipə sadiq qalır. "Qeyd etməliyəm ki, bizim hərbi potensialımız, orduda aparılan islahatlar, yeni prinsiplər, döyüş taktikası ilə bağlı yeni yanaşmalar tamamilə yeni bir situasiyanın yaranmasına gətirib çıxarır", - deyə dövlət başçısı qeyd edib. O, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artmasının danışıqlar prosesinə yalnız müsbət təsir göstərdiyini söyləyib.
Həqiqətən də son illər tərəflər arasında qüvvələr nisbəti Azərbaycanın xeyrinə ciddi şəkildə dəyişib. Deyəsən, bunu yalnız Ermənistanda görmür, yaxud da görmək istəmirlər. Hökumətin iclasında İlham Əliyevin səsləndirdiyi bəzi öyüdlər də güman ki, elə ermənilərə ünvanlanmışdı. Əslində, bu öyüdlər özünü suveren və müstəqil sayan istənilən ölkənin rəhbərliyi üçün aşağılayıcı sayıla bilər: "Əgər Ermənistan rəhbərliyi məsələyə ciddi yanaşarsa və Ermənistan dövlətinin maraqlarını üstün tutarsa, açıq-aydın anlayar ki, Azərbaycan ilə bundan sonra rəqabət aparmaq üçün onlarda nə imkanlar var, nə də ki, potensial". Prezident sanki Azerbaycanla Ermənistanın imkanlarının müqayisəyə belə gəlmədiyini hələ də anlamayan erməni rəhbərlərinə bunu anlatmaq istəyir.
Bunun ardınca Azərbaycan prezidenti Ermənistan rəhbərliyinə daha bir ayıldıcı mesaj göndərib: "Hesab etmirəm ki, hansısa bir ölkə üçün ancaq xarici yardıma arxalanmaq böyük şərəf gətirir. Hər bir ölkə hər halda çalışmalıdır ki, öz müstəqilliyini qorusun, öz seçimini müdafiə etsin, öz dövlətinin gələcəyi haqqında düşünsün."
Nazirlər Kabinetinin iclasındakı çıxışının Qarabağ münaqişəsi ilə bağlı hissəsini yekunlaşdıran İlham Əliyev danışıqlar prosesində müsbət dəyişikliklərin olacağına ümidini dilə gətirib.
İndi söz Ermənistanındır. Dərin sosial-iqtisadi və siyasi böhranda olan bu ölkə indi özünü 20 il əvvəlki Azərbayandan - saysız-hesabsız qaçqın-köçkün və ərazisinin 1/5-nin işğalı ilə üzləşmiş ölkədən də acınacaqlı vəziyyətə salıb. Bütün bu problemlərə baxmayaraq, Azərbaycan müstəqilliyini qoruyub-saxlamağı bacardı, suveren dövlət kimi özünü təsdiqlədi. Ermənistan isə bu gün şübhəli "qalib" ölkə statusundan başqa, heç nə ilə öyünə bilməz. Ermənistan rəhbərliyinin ötən il üzləşdiyi vəziyyətdən çıxmaq üçün xarici siyasətdə atdığı yöndəmsiz, xaotik addımlar onun durumunu daha da ağırlaşdıracaq. Avropa İttifaqına inteqrasi-yada anlaşılmaz siyasət, Rusiyanın yaratdığı Gömrük İttifaqına itaətkarcasına qoşulması və digər bu kimi qərarlar Ermənistanın, əslində, müstəqil dövlət olmadığına dair fikirləri daha da gücləndirib. İndi onun yuxarıdan tapşırıq olmadan qərar qəbul edə bilmədiyi daha aydın görünür. İndi erməni ictimaiyyəti arasında da bu fikir hakimdir. İnternetdə aparılan ictimai rəy sorğusu da göstərir ki, böhrandan bezmiş adi ermənilər zaman keçdikcə Azərbaycanın işğalın kooperasiya və çiçəklənmə ilə dəyişdirilməsi çağırışlarına daha diqqətlə qulaq asırlar. "Böyük Ermənistan" nağılı ac qarınla pis qavranır. İndi Ermənistan hakimiyyətinin ictimaiyyətlə hesablaşmalı olduğu vaxt gəlib. Bu gün ölkə rəhbərliyinin demoqrafik problemi Ermənistanın milli təhlükəsizliyinə əsas təhdid sayması heç də təsadüf deyil. Hökumət əhalinin ölkədən qaçışını yalnız qonşularla normal münasibətlərin qurulmasına yönəlmiş, demək, həm də iqtisadiyyatın bərpasına, bütünlükdə regionun inkişafına və ilk növbədə, öz vətəndaşlarının çiçəklənməsinə yönəlmiş real addımlarla önləyə bilər. Azərbaycan rəhbərliyi də Ermənistanı real fayda uğrunda xülya olan ümidlərdən imtinaya çağırdıqda məhz bunu nəzərdə tutur.
Beləliklə, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində xoş məram göstərməyə hazır olub-olmadığını göstərəcək ilk sınaq bu ay olacaq. Mətbuatda yer alan məlumatlara görə, yanvarın 3-cü rübündə Azərbaycan və Ermənistan XİN başçıları Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında növbəti görüş keçiriləcək. Yaxın zamanlarda ATƏT-in Minsk qrupunun həmsədrləri də danışıqların formatını ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalterlə müzakirə etmək üçün Cenevrəyə baş çəkəcəklər.
Bir sözlə, danışıqların davam etdirilməsi üçün hazırlıq prosesi tam gücü ilə gedir.
İLKİN MƏNBƏDƏN
«Əgər Ermənistan rəhbərliyi məsələyə ciddi yanaşarsa və Ermənistan dövlətinin maraqlarını üstün tutarsa, açıq-aydın anlayar ki, Azərbaycan ilə bundan sonra rəqabət aparmaq üçün onlarda nə imkanlar var, nə də ki potensial».
İlham Əliyev, Azərbaycan Prezidenti
MƏSLƏHƏT GÖR: