25 Noyabr 2024

Bazar ertəsi, 05:55

"KÖNÜLLÜ" ARTIM

Azərbaycan sığortaçıları ilk dəfə olaraq 0,5 mlrd.-dan artıq sığorta haqqı toplayıb

Müəllif:

21.01.2014

Hələ on il əvvəl sığorta Azərbaycanda ancaq avtosevərlər arasında populyar idi. Onlar üçüncü şəxs qarşısında öhdəliklərini mütləq şəkildə sığortalamaq qanunla məcbur edilirdisə, "dəmir atlarını" avtokredit götürdükləri bankın tələbi ilə "könüllü" şəkildə sığortalayırdılar. Bu gün isə vəziyyət fərqlidir - sığorta bir çoxumuzun gündəlik həyatının bir hissəsinə çevrilib.    

 

Rekord göstərici 

2013-cü ilin nəticələri sığorta bazarı üçün uğurlu olub. Son bir neçə ildə bazarda müşahidə edilən tendensiya ötən ildə də davam edib. Belə ki, 2013-cü ildə sığortaçılar 2012-ci illə müqayisədə sığorta haqqının yığımını 18,3% artırıb. Düzdür, artım tempi o qədər də təsir bağışlayan olmayıb. Belə ki, 2012-ci ildə sığortaçıların sığorta haqqı 61% artıb. Lakin bunun obyektiv səbəbləri var: 2011-ci ildə Azərbaycanda "İcbari sığortalar haqqında" qanun qəbul olunub. Bu qanun sığortaçıların sığorta haqqının kəskin artımını təmin edib. 2013-cü ildə sığorta bazarının artım tempi ilkin olaraq 12-20% səviyyəsində proqnozlaşdırılıb. Yekun nəticədə də, bu gözləntilər öz təsdiqini tapıb. 

Sığorta bazarının kəmiyyət göstəricilərinə diqqətlə baxsaq, bir sıra maraqlı məqamları görə bilərik. Belə ki, sığortaçıların yekun sığorta haqqı 405,67 mln. manat təşkil edib. Yəni ilk dəfə olaraq 500 mln. dollar həddini aşıb. Halbuki bazarın artımı sığortanın könüllü növləri ilə bağlı idi. Sığortanın bu növü üzrə yığımlar 26% artıb, icbari sığorta üzrə yığım isə ancaq 5,6% təşkil edib. 2012-ci ilin nəticələrinə görə, sığortaçıların sığorta haqqı bu sahənin  könüllü növü üzrə 33,5%, icbari növü üzrə isə 2,5 dəfə artıb. Bu, sığorta qanunvericiliyindəki dəyişikliklə bağlı idi. 

Daha bir maraqlı məqam könüllü həyat sığortası bazarının inkişafından ibarətdir. 2013-cü ildə sığortaçıların sığorta haqqı bu seqmentdə 2,9 dəfə artıb və təxminən, 43,9 mln. manat təşkil edib. Bu artım həyatın yığım sığortası üzrə məhsulların tətbiqi ilə bağlıdır. Belə ki, bu növ üzrə sığorta haqqı üç dəfə artıb və 37,7 mln. manat təşkil edib.

Və nəhayət ki, toplanan sığorta haqları üzrə sığortaçıların ilk onluğu ilə qalan digərləri  arasında daha aydın məsafə yaranıb. Məsələn, 2013-cü ilin nəticələrinə görə, sığorta haqlarının toplanması üzrə top-10 sığortaçılar sırasında daxil olan 10 şirkətdən 9-u, 2012-ci ilin nəticələrinə görə də aparıcı onluğa daxil idilər. Getdikcə daha da aydın görünür ki, yaxın illərdə İcbari Sığorta Bürosunun üzvü olan sığorta şirkətləri daha çox sığorta pulu yığacaqlar. Bu büroya 28 sığorta şirkətindən 12-si daxildir. Məhz, bu şirkətlər sığortanın 4 icbari növü üzrə xidmət göstərmək hüququna malikdirlər - "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" (ASMMİS), "Daşınmaz əmlakın sığortası", "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası", "Sərnişinlərin icbari sığortası". Bununla da, bu şirkətlər digərləri üzərində müəyyən üstünlüyə malikdirlər. 2013-cü ildə bu şirkətlərin sığortanın 4 növü üzrə sığorta haqqı yığımı, təxminən, 83 mln. manat təşkil edib. Nəticədə, 2013-cü ildə sığorta pullarının həcminə görə ilk onluğa daxil olan 10 şirkətdən 7-si büronun üzvü oldu.  

Sığortaçıların ödəmələrinə gəlincə isə 2013-cü il ərzində onların həcmi 30,8% artaraq 122, 8 mln. manat təşkil edib. Lakin son illər əsas ödəmələr sığortanın eyni növlərinə düşür - ASMMİS, avtosığorta, tibbi sığorta, hərbçilərin icbari sığortası, daşınmaz əmlakın yanğından sığortalanması. Sığortanın bu 5 növü üzrə yekun ödəmə ötən il 111 mln. manat və ya sığortaçıların bütün ödəmələrinin 90,4%-ni təşkil edib.

 

 

Nə mane olur? 

Rəqəmləri nəzərə alsaq, belə bir fikir yarana bilər ki, Azərbaycanın sığorta sektoru var gücü ilə yelkənləri dolduraraq, açıq maliyyə dənizində hərəkət edir. Əslində isə vəziyyət xeyli fərqlidir və bazarda müəyyən problemlər qalır. Əlbəttə ki, pul çox olan yerdə bazar iştirakçıları arasında rəqabət də normal haldır. Lakin rəqabət heç də həmişə qanun çərçivəsində baş vermir. 2012-ci ildə - yeni tariflər üzrə ASMMİS-in fəal şəkildə tətbiqinə başlanarkən, sığortaçılar "kim müştəriyə daha çox hədiyyə verər" adlı şou qurdular. Sığortaolunana təki həmin şirkətdə sığorta olunması üçün benzin də, odsöndürən də və başqa hədiyyələr də təklif olunurdu. Lakin bütün bu mükafatlar qanunla qadağan edilir. Yekun nəticədə, daha çox bayramqabağı ticarət şəbəkələrində müşahidə etdiyimiz bu cür bayram mövsümündən bir neçə ay sonra, Dövlət Sığorta Nəzarəti Xidməti sığortaçılara bütün bu aksiyalara son verməyi tapşırdı. Bu qismən kömək oldu. Lakin bu gün həmin aksiyalar az da olsa KİV-də fəal reklam olunmağa başlayıb. Vicdansız rəqabətlə bağlı analoji problemləri bazarın digər seqmentlərində də, xüsusilə tibbi sığorta, yanğından daşınmaz əmlakın sığortalanması və digər risklərdə görmək olar. 

Daha bir məqam Azərbaycanda sığorta şirkətlərinin seqreqasiyası ilə bağlıdır - icbari sığorta üzrə Büronun üzvü olanlar (bu isə 12 şirkətdir) və Bürodan kənar düşənlər (16 şirkət). Bu ayrılma maliyyə dayanıqlığına təsir edən şirkətlərin göstəricilərinə əsaslanır. Əlbəttə, heç kim mübahisə etməz ki, heç də hər sığorta şirkəti maliyyə şəffaflığına və kifayət qədər kapitala malikdir. Lakin bu cür bölgü birinin digərləri üzərində üstünlüyünü yaradır. Bu üstünlükdən udan tərəf biz - sığorta şirkətlərinin müştərilərinin olması fakt deyil. Və bu heç də müştərilərə göstərilən sığorta xidmətlərinin keyfiyyətinin artması da demək deyil. 

Güman olunur ki, buraya Əhalinin Əmanətlərinin Sığortalanması Fondunun mövcud olduğu ölkənin bank sektorunun analogiyası münasibdir. Bu fondun üzvləri depozitlərin qəbulu üçün lisenziyaya malik olan ölkə banklarıdır. Bu, nizamlayıcı orqanın yeganə məhdudiyyətidir.  

Daha bir çatışmazlıq sığorta olunanlara təqdim edilən sığorta xidmətlərinin sayının məhdud olmasıdır. Sığorta haqlarının əsas hissəsi 4 növ üzrə toplanır  -  ASMMİS, könüllü tibbi sığorta, avtosığorta, yanğından sığorta və digər risklər. 2013-cü ildə bu növlər üzrə sığorta haqqı 239, 2 mln. manatdan artıq və ya sığorta şirkətlərinin bütün sığorta haqqının, təxminən, 59%-ni təşkil edib.  

 

2014-cü ildə nə gözləyək?

2014-cü ildə sığorta bazarının gələcək artımını gözləməyə dəyər. Məlum olduğu kimi, qarşıdakı məqsəd 5 ildə Azərbaycanın sığorta bazarında sığorta haqqının ildə 1 mlrd. dollara çatmasıdır. Bu, 2013-cü ildən 2 dəfə artıq göstəricidir.  

2014-cü ildə sığorta bazarının artım tempi 10-15% həddində olacaq ki, bu da sığortaçılara 450-470 mln. manat yığmağa imkan verəcək. Bazarda sığorta haqqının əsas hissəsi çox güman ki, yenə də ASMMİS, könüllü tibbi sığorta, avtosığorta, yanğından sığorta və di- gər risklər üzrə toplanacaq. Sığortanın digər növləri üzrə sığorta haqqının kəskin artma səbəbləri hələlik məlum deyil. Eyni zamanda bazarın artımı daha çox yenidən könüllü sığortalanmadan asılı olacaq. 

Bununla yanaşı, 2014-cü ildə bazarda müəyyən yenilikləri gözləmək olar. İlk öncə bu sığorta və təkrarsığorta şirkətləri üçün ən az xüsusi kapital üzrə yeni normativin təsdiq olunmasına aiddir. İlkin planlara əsasən, bu sığorta şirkətləri üçün 10 mln. və təkrarsığorta şirkətləri üçün 20 mln. manat təşkil edəcək. Təkcə vaxtın müəyyən edilməsi qalır. Güman etmək olar ki, Maliyyə Nazirliyi, minimal kapitalın uzunmüddətli artım proqramını, çətin ki, qəbul etsin. Sığortaçılar üçün kapital üzrə yeni normativin yerinə yetirilməsinə dair ən sərt variant Maliyyə Nazirliyinin müddətin 2015-ci ilin sonuna qədər, daha yumşaq desək isə 2016-cı ilin sonuna qədər verməsi olacaq.  

Bundan başqa, Azərbaycanda təkrarsığorta fəaliyyətində maraqlı olan sığorta şirkətləri 2014-cü ilin 1 mart tarixindən bu fəaliyyət üçün ayrıca lisenziya almalı olacaq. Bu tələblər 2013-cü ilin dekabr ayında qüvvəyə minən "Sığorta fəaliyyəti haqqında" qanuna edilmiş düzəlişlərdə qeyd olunur. Hazırda sığorta fəaliyyəti üçün lisenziya sığortaçılara Azərbaycanda, eyni zamanda təkrarsığorta üzrə xidmətlər də göstərməyə imkan verir. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin qiymətləndirilmələrinə görə, sığorta fəaliyyətinin təkrarsığortadan ayrılmasının zəruriliyi, sığorta bazarının peşəkar iştirakçılarının maliyyə sabitliyinin təmin olunması ilə bağlıdır. Bundan başqa, sığorta və təkrarsığorta fəaliyyəti zamanı kapital üzrə tələblər də fərqlənir. 

"Sığorta fəaliyyəti haqqında" qanunda digər düzəlişlər əcnəbi kapital üçün sığorta bazarına girişin liberallaşmasını nəzərdə tutur. Əvvəllər qanunvericiliyə əsasən, Azərbaycanda sığorta şirkətlərində aksionerlər ancaq xarici sığorta şirkətləri ola bilərlər. İndi isə peşəkar sığortaçı olmayan xarici fiziki və hüquqi şəxslər üçün sığorta bazarına giriş liberallaşdırılıb. Xüsusən, Azərbaycanda sığorta şirkəti kapitalında bir əcnəbi fiziki şəxsin payı 10%-i ötə bilməz. Eyni zamanda əncəbi fiziki şəxslərin sığorta şirkətinin kapitalında maksimum payı 30%-i aşa bilməz.  

Bundan əlavə, Azərbaycanda sığorta şirkətinin kapitalında xarici hüquqi şəxsin (peşəkar sığortaçı və ya əcnəbi institutional investor olmayan) payı 50%-dən aşağı olmalıdır.

Bu və ya digər şəkildə, demək olar ki, hər birimiz gündəlik həyatında sığorta şirkətləri ilə qarşılaşacaq. Bu münasibətlər hər iki tərəf üçün əlverişli maraq kəsb etməlidir. Amma unutmaq olmaz ki, bütün münasibətlərin əsası - bu qarşılıqlı etimad və kompromisə getmək qabiliyyətidir. İstənilən halda buna cəhd etmək lazımdır. Sığortanın bizim üçün başağrısı və ya narahatlıq de-yil, etibarlı sipər olacağına ümid etməliyik.


MƏSLƏHƏT GÖR:

597