Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Artıq dördüncü ildir ki, yeni irimiqyaslı sənayeləşdirmə proqramını icra edən Azərbaycan, dünyanın bir çox dinamik inkişaf edən ölkələri kimi sənayenin qeyri-neft sahələrinin inkişafını hədəfləyib. Bununla belə, ən vacib trendlərdən biri kimi istehsalat zəncirinin xammaldan hazır məhsula kimi bütün halqalarını özündə birləşdirən metallurgiya sahəsinin inkişafı qeyd olunub.
Meqakompleks tapşırıq
Ölkə iqtisadiyyatının ən vacib nailiyyətlərindən biri böhrandan sonrakı dövrdə qeyri-neft sektorunun müşahidə olunan yüksək inkişaf templərini qeyd etmək lazımdır. Belə ki, ötən il ÜDM-in ümumi artımının göstəricisi 6 % olubsa, qeyri-neft sahələrində, demək olar, 10 faizlik artım göstəricilərinə nail olmaq mümkün olub. Bu, iqtisadiyyatın təkmilləşdirilməsi və diversifikasiyası, onun neft-qaz amilindən asılılığının azaltması üzrə son illər aparılan islahatların, bəlkə də, ən vacib nailiyyətidir. Eyni zamanda sənayenin inkişafı heç də az mühüm olmayan məqsədə çatmağa zəmanət verir: 2020-ci ilə qədər ÜDM-in həcmini ikiqat artırmaq.
Təəccüblü deyil ki, bu yaxınlarda Nazirlər Kabinetinin iclasında 2014-cü ili Azərbaycanda "Sənaye ili" elan etməklə, Prezident İlham Əliyev metallurgiya kompleksinin sürətli inkişafının vacibliyini xüsusi ilə qeyd edib. "2014-cü ildə effektiv metallurgiya sənayesinin formalaşdırılması üçün ciddi addımlar atmaq lazımdır. Onun uğurlu inkişafı üçün Azərbaycanda tələb olunan xammal bazası, energetika və kadr potensialı var", - deyə dövlət başçısı qeyd edib. Onun sözlərinə görə, bu istiqamətdə ən vacib addım ölkənin qərbində müasir metallurgiya kombinatının tikintisi olacaq.
Sənayenin intensiv inkişafı və son onilliyin tikinti bumu Azərbaycanda metallurgiya sənayesinin məhsullarına yüksək tələbat yaradıb. Artan tələbatın ödənilməsi məqsədi ilə ötən ilin yazında ölkədə güclü metallurgiya kompleksinin yaradılması qərara alınıb. Orada dəmir filizindən konsentratın alınması, poladın əridilməsi və prokat istehsalı kimi işlərin icra edilməsi planlaşdırılır.
Bu tapşırığın yerinə yetirilməsi "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin üzərinə qoyulub. Onun yaradılması barədə Prezident İlham Əliyev ötən ilin aprel ayında göstəriş verib. Yeni yaradılan qapalı səhmdar cəmiyyətin bütün səhmləri dövlətə məxsus olacaq. Bundan əlavə, QSC-nin tərkibinə dövlətə məxsus "Dashkesan Filizsaflashdirma" Açıq Səhmdar Cəmiyyəti də daxil olunub. Nizamnamə kapitalının formalaşdırılması, başlanğıc maliyyələşdirilməsi, kadr məsələlərinin həll edilməsi və QSC üzərində maliyyə nəzarəti Nazirlər Kabineti tərəfindən ediləcək, təmiz aktivlərin dəyərindən 25% artıq olan sövdələşmələrin bağlanması ilə bağlı səlahiyyətlər isə İqtisadi İnkişaf Nazirliyinə verilib.
Yeni dövlət müəssisəsi layihələndirmə, tikinti və dəmir filizinin hasil edilməsindən yeni texnologiyaların istifadə etməklə, Gəncə və Daşkəsəndə yerləşən istehsalat obyektlərdə poladın və metal prokatın son istehsalına qədər işin bütün mərhələlərini əhatə edən metallurgiya kompleksinin idarə edilməsi tapşırıqlarını yerinə yetirəcək.
Yaxın bir-iki il ərzində filizin və dəmir konsentratın emalı və poladəritmə zavodunun istismara verilməsi ilə bazarda ən bahalı metal məhsulu olan boruların istehsalı nəzərdə tutulur. Bundan əlavə, kompleks armatur və tikinti kompleksində istifadə olunan digər profil metal prokatı ilə təmin edəcək. Bu meqakompleksin işində 100 minə yaxın mütəxəssisin cəlb edilməsi nəzərdə tutulur.
İstehsalat zənciri
İstehsalatın tam, qapalı mərhələlərinin yaradılmasının vacibliyi Azərbaycanın metallurgiya sahəsinin səmərəli çalışmasının ən vacib şərtidir. Mütəxəssislərin fikrincə, bunun üçün bütün texnoloji zənciri yaratmaq lazımdır - yerli yataqlarda filizin hasilatı, onun yüksək faizli dəmir konsentratınadək emal edilməsi və nəhayət, ondan poladın əridilməsi. Bu yanaşma, ilk öncə 1954-cü ildə yaradılan Daşkəsən dağ zənginləşdirmə kombinatının (indiki Dashkesan Filizsaflashdirma ASC) işinin bərpa edilməsini nəzərdə tutur. Sovet vaxtlarında respublikanın çuquna olan ehtiyacı Gürcüstan hesabına ödənilirdi. Daşkəsəndə hasil olunan dəmir filizi isə Rustavi və Taqanroq metallurgiya kombinatlarına göndərilirdi. Yeni bazar şəraitində isə filizi birbaşa Azərbaycanda əritmək daha rentabellidir. Xammalın çatışmazlığı gözlənilmir: Daşkəsəndə hasil olunan dəmir filizin ehtiyatları 250 milyon tona bərabərdir, bu da hasilatın həcmi ildə 2,5 -5 mln. ton olduğu halda ölkənin tələbatını bir neçə onillik müddətində ödəyəcək.
Metallurgiya zəncirinin natamam olması yeni poladəritmə müəssisələrini xammal kimi metal qırıntılarını istifadə etməyə məcbur edirdi və bunun çatışmazlığı bir neçə dəfə problemlər yaradırdı. 2001-ci ildə qara və əlvan metalların tullantılarının ixracının müvəqqəti dayandırılmasına baxmayaraq, təkrar xammal uğrunda gərgin rəqabət tədarükçüləri 2007-ci ildən hər dəfə artan qiymətə keyfiyyətli metal qırıntılarını əldə etməyə məcbur edirdi. Bu, daha çox xaricdə enerji daşıyıcılarının və təkrar istifadə olunan xammalın qiymətinin artması ilə bağlıdır. Son illər ərzində metal qırıntılarının 1 tonunun qiyməti 300 dollar göstəricisindən yüksək idi. Təbii ki, keyfiyyətli xammalın çatışmazlığı bir neçə dəfə poladın əridilməsini dayandıran yerli metal məhsullarının istehsalçılarına təsir edib.
Çox güman ki, ölkənin qərbində yeni metallurgiya kompleksinin formalaşdırılması sahənin təkrar istifadə olunan xammaldan asılılığının dəfələrlə azaldılmasına da kömək edəcək.
Gəncə regionundan metallurgiya kompleksinin formalaşdırılması artıq bu gün poladəritmə və prokat istehsalı sahələrində olan digər layihələrə müsbət təsirini göstərir. Belə ki, ötən ilin ortalarında regionda ən iri olan Sumqayıt boru prokat zavodu - Azərboru ASC-nin özəlləşdirilməsi baş tutub. Onun təkmilləşdirilməsinə böyük vəsaitlərin qoyulması planlaşdırılır. Armatur, polad keçə çəkmə, müxtəlif tikinti profilləri və boruları kimi metal prokatların yerli istehsalçılarının planları da heç də perspektivsiz deyil.
Bundan əlavə, bu yaxınlarda baş tutan layihələri yada salmaq olar: Sumqayıt Texnoparkda spiral polad boruların konveyer xəttinin istismara verilməsi. Müxtəlif metal konstruksiyaların, metal kirəmitin istehsalı Mingəçevir maşınqayırma zavodunda da edilir. Bu xüsusda Hövsanda 750 min ton gücündə olan yeni poladəritmə zavodunun tikinti layihəsi də daxil edilir. Zavodun layihələndirmə və texniki təchizatında məşhur "Siemens AG" alman şirkəti iştirak edəcək.
Əminliklə iddia etmək olar ki, artıq mövcud olan və tikilən Azərbaycanın polad prokatı müəssisələri işsiz qalmaqdan qorxmamalıdırlar. Tikinti sektorundan başqa, onların məhsulu ölkədə fəaliyyət göstərən iyirmidən çox metal emalı zavodlarının fəaliyyəti üçün tələb olunur. Nəzərə alınmalıdır ki, bu gün yerli müəssisələr polad prokatında və yarımfabrikatlarda olan tələbatı daha çox idxal sayəsində ödəyirlər. Belə ki, bu gün qara metalların və onlardan hazırlanan məhsulların hesabına ölkə idxalın ümumi həcminin 12-13 faizi düşür. Ümumilikdə isə yalnız ötən ilin yeddi ayı ərzində qara metalların və onlardan hazırlanan məhsulların idxalının həcmi 764 milyon dollar təşkil edib. Bundan əlavə, son illərin statistikasına əsasən, Azərbaycana qara metalların idxalı analoji məhsulların ixracatını ən azı 10 dəfə üstələyir.
Bununla da, güclü metallurgiya kompleksinin yaradılması üçün bütün ilkin şərtlər artıq mövcuddur. Ümid etmək qalır ki, ümumilikdə ölkənin sənayeləşdirmə ilə bağlı proqramının icra olunması və özəlliklə metallurgiya sektorunun formalaşdırılması texnoloji sənaye məhsulunun ixracının inkişafına kömək edəcək.
MƏSLƏHƏT GÖR: