Müəllif: Emil İSMAYILOV Bakı
Nazirlər Kabineti ötən həftə, həqiqətən, əsl inqilabi qərar qəbul edib: artıq aprelin 1-dən Azərbaycan Respublikasında istehsal edilən və idxal olunan avtomobillərə "Avro-4" ekoloji normaları tətbiq ediləcək. Bu, ona görə inqilabi qərar oldu ki, Azərbaycan "Avro-4"ün sələfi "Avro-3"ü ötərək, yeni standarta keçir.
Hökumətin qərarını gözlənilən də hesab etmək olar. Azərbaycan ərazisində "Avro-2" standartının tətbiqi ilə hələ 2010-cu ildə nəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrlə mübarizəyə qoşulub. Bundan sonra, əslində, yanvarın 9-da Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrinə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev ekoloji məsələlərə də toxunub. Dövlət başçısı qeyd edib ki, ekoloji vəziyyətin yaxşılaşdırılması işləri hər il diqqət mərkəzindədir. Kompleks tədbirlər görülür. Daha da ciddi tədbirlər görülməlidir.
"Xüsusilə havanı çirkləndirən amillər bir daha təftiş edilməlidir. Əlbəttə ki, "Avro-3" standartına keçid sürətləndirilməlidir. "Avro-3" də son hədd deyildir. "Avro-4", "Avro-5" ilə bağlı işlər daha da sürətlə getməlidir",- deyə İlham Əliyev bildirib. Göründüyü kimi, hökumətin qərarı özünü çox gözlətmədi. Lakin o, real vəziyyəti yaxşıya doğru dəyişəcəkmi?
Avrosiyahı avroyanacağa qarşı
"Avro-4" ekostandartın "Avro-3"ü ötərək, avtomobillərə tətbiq olunması, ölkənin yüksək inkişaf templəri ilə bağlıdır. Avtomobillərə qarşı ekoloji tələblərin sərtləşdirilməsi ətraf mühitin və ölkə vətəndaşlarının sağlamlığının yaxşılaşdırılmasına yardım edəcək.
Qeyd etmək lazımdır ki, bu keçid üçün normativ-texniki baza artıq mövcuddur. Belə ki, bundan öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Yol nəqliyyatı. Ekoloji siniflər" adlı standart hazırlayıb. Bu standart avtomobil vasitələrini tullantılarının səviyyəsindən asılı olaraq, altı sinfə bölüb. Hazırlanan standart "Avro-3", "Avro-4", "Avro-5" və hətta "Avro-6" ekoloji standartlarının göstəricilərini əks etdirirdi.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyevin sözlərinə görə, "Avro-3" və daha yüksək ekoloji standartlar bir-birindən 4 əsas göstərici (tərkib) üzrə fəqrlənir: karbon-oksid tərkibi, karbohidrogen tərkibi, azot-oksid tərkibi və bərk hissəciklər tərkibi. "Avro-2" və "Avro-3" standartları arasında bu və ya digər göstəricilər üzrə fərq 20-30%, "Avro-3" və "Avro-4" arasında 20-60%, "Avro-5" və "Avro-4" arasında isə 20-40% arasında dəyişir.
"Avro-4" standartlarına cavab verməyən avtomobillərin respublikaya gətirilməsinin qarşısını almaq məqsədilə, istehsalçı ölkədən asılı olaraq, avtomobillərin buraxılma tarixlərinə aid tələblərin siyahısı müəyyənləşdirilib. Bu, respublikada idxal və istehsal edilən avtomobillərə şamil olunacaq. Məhdudiyyət yalnız əntiq avtomobillərə şamil olunmayacaq.
Lakin avtomobillərə qarşı tətbiq edilən yeni standartlardan danışarkən sual yaranır: Azərbaycanda hasil olunan yanacaq "Avro-4" ekoloji standartlarına cavab verirmi?
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayevin də bildirdiyi kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) emal müəssisələri "Avro-3" ekoloji standartlarına cavab verən benzin və dizel yanacağı istehsal etmək gücündədir. Eyni zamanda "Avro-3" və "Avro-4" arasında böyük fərq var və buna görə də daha çox "zibilli" yanacağı daha çox "ekoloji" avtomobillərdə istifadə etməyə imkan verir. Ona görə də yaxın vaxtlarda Dövlət Standartlaşdırma Komitəsi ARDNŞ ilə birgə yanacağa tətbiq edilən "Avro-3" dövlət standartı hazırlanacaq və təsdiq ediləcək.
Yanacağa tətbiq edilən daha yüksək standartlara keçid mərhələli şəkildə həyata keçiriləcək. Yanacağın keyfiyyətinin "Avro-4" və "Avro-5" standartlarına qədər artırılması, SOCAR-ın yeni emal kompleksini istismara verməsindən sonra mümkün olacaq. Bu müəssisənin tikintisi Bakının Qaradağ rayonunda planlaşdırılıb. Artıq yanvar-fevral aylarında Azərbaycanda yeni emal kompleksinin yaradılması çərçivəsində hazırlanan min standartdan, təqribən, 50-ni təsdiq edəcək.
Bazarın reaksiyası
Qeyd etmək lazımdır ki, son illər ölkədə avtomobillərin sayı artır. Bu da Azərbaycana idxal olunan avtomobillərin sayından xəbər verir. Xüsusən, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2013-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 93,7 min maşın idxal olunub. 2012-ci ilin analoji dövründə isə bu rəqəm 92,8 min olub. Ümumilikdə isə son on ildə avtomobillərin sayı iki dəfə artıb. Avtonəqliyyat vasitələrinin sayı 1,1 mln.-u keçib.
Ölkədə avtomobillərin sayının artmasının digər əyani nümunəsi benzin istehlakının artmasıdır. Belə ki, SOCAR (Azərbaycanda neft məhsullarının yeganə istehsalçısı) prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, Azərbaycanda ilk dəfə benzinin istehlak səviyyəsi ilə istehsal həcmi bərabərləşib.
Öz növbəsində, benzin istehlakının artan həcmini təmin etmək üçün gələn il Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda katalitik-krekinq qurğusunun gücünü artırmaq üzrə işlərin görülməsi planlaşdırılır. Mövcud qurğuların yenidən qurulması və genişləndirilməsi üzrə işlər ölkənin benzinə olan tələbatını yeni neft-qaz emalı və neft-kimya kompleksinin istismara verilməsinədək təmin etməyə imkan yaradacaq. Yeni kompleksin 2018-ci ildə mərhələli olaraq istismara verilməsi gözlənilir.
"Avro-4" standartının tətbiqi ölkəyə idxal olunan avtomobillərin məhdudlaşdırılmasına necə təsir göstərəcək?
Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramil Osmanov hesab edir ki, Azərbaycanda "Avro-4" ekoloji standartının tətbiqi ilə əlaqədar avtomobillərin idxalına məhdudiyyətlərin tətbiq edilməsi daxili bazarda avtomobillərin qiymətinə cüzi təsir edəcək. Azərbaycanın avtomobil parkının yenilənməsi məsələsi aktualdır və ölkədə "Avro-4" standartının tətbiqi ilə həyata keçiriləcək məhdudiyyət buna xidmət edəcək. "Bazarımızın xüsusiyyətini və keçmiş təcrübəni nəzərə alsaq, avtomobillərin qiymətinə cüzi təsirlərin olacağını gözləyə bilərik. Azərbaycanın avtomobil bazarında təklifin tələbi bir neçə dəfə üstələməsi faktı da belə deməyə əsas verir", - deyə Osmanov qeyd edib.
Fəal mexanizm axtarışlarında
Yuxarıda qeyd edildiyi kimi, ölkədə "Avro-4" standartının tətbiqi ancaq respublikada idxal və istehsal edilən avtomobillərə şamil olunacaq. Bu qərar ölkədə artıq istifadə olunan avtomobillərə aid olmayacaq. Vətəndaşların sağlamlığı və ölkədə ekoloji vəziyyətə müsbət təsir edəcək tədbirlərin daha böyük təsiri üçün, daha yüksək ekoloji standartlara cavab verməyən avtomobillərin tədricən istismardan çıxarılması üçün tədbirlərin həyata keçirilməsi zəruridir.
Müxtəlif ölkələrdə fəaliyyəti ilə ekologiyaya mənfi təsir göstərən köhnə avtomobillərin istismardan çıxarılması mexanizmləri də fərqlidir. Ramil Osmanovun fikrincə, hazırda köhnə avtomobillərin dövriyyədən çıxarılması ilə avtomobil parkının yenilənməsi məsələsi aktual olaraq qalır. Buna köhnə avtomobillərin sahiblərinə müəyyən kompensasiya ödəməklə nail olmaq mümkündür.
Öz növbəsində, Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev hesab edir ki, Azərbaycanda köhnə avtomobillər utilizasiya edilməlidir. Bunun üçün Azərbaycanda ölümlə nəticələnən yol qəzalarının, eləcə də havanın çirklənməsinin qarşısını almaq məqsədi ilə istismar müddəti bitmiş avtomobillərin istifadəsinin qadağan edilməsi üçün müvafiq qanunvericilik bazası yoxdur.
"İnsan ölümü ilə nəticələnən qəzaların əksəriyyəti məhz istismar müddəti bitmiş köhnə avtomobillərin iştirakı ilə baş verir. Bu gün yol polisi köhnə avtomobillərin istismarını qadağan edə bilmir. Onlar mexaniki cəhətdən saz olsalar da, avtomobilin köhnəlməsi, onun metalının zərbəyə davamlı olmaması qəza zamanı ölümü qaçılmaz edir. Təhlükəsizlik elementləri daha az olduğundan həmin avtomobillərin zərbəyə dözümü yoxdur və bu da qəzalarda insan ölümünün daha çox olmasına səbəb olur. Bunu müəyyən edən ölçü cihazının, qurğuların yoxluğu səbəbindən isə biz onların hərəkətini qadağan edə bilmirik. Qanunvericilikdə də heç bir müddəa yoxdur ki, məsələn, istismar müddəti 30 və ya 40 ildən yuxarı olan avtomobillərin istismarı qadağan olunsun. Bununla əlaqədar, Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır", - deyə Əliyev qeyd edib.
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayevin sözlərinə görə, köhnə avtomobillərin dövriyyədən mərhələli qaydada çıxarılması mexanizminin tətbiqinə dair müxtəlif strukturlarla danışıqlar aparılır. Avtomobillərin sayı nəzəri olaraq ətraf mühitə pis təsir göstərsə də, ekoloji cəhətdən zərərli maddələrin tullantılarına qoyulan yeni standartlar daha da sərtləşdirilir. Avtomobil mühərrikləri istehsalçıları, artan ekoloji tələblərə cavab verən texnologiyalar hazırlamağa məcburdurlar. Son on ildə avtomobil parkının böyüməsinə baxmayaraq, sənaye cəhətdən inkişaf edən ölkələrdə, havanın vəziyyəti yaxşılaşıb. Həmçinin atmosferə atılan zərərli tullantılar da azalıb. Azərbaycan da bu sahədə istisna olmayacaq.
BİZİM ARAYIŞ
1990-cı ilin əvvəllərində Avropa ölkələrinin ekoloqları Köhnə Dünyanın şəhərlərində avtomobil nəqliyyatının artan axını nəticəsində zərərli tullantıların yüksək konsentrasiyası ilə bağlı həyəcan təbili çalırdılar. BMT sivilzasiyanın rifahının vətəndaşlarının - urbanizasiya girovlarının gələcək həyatı və sağlamlığına təsir göstərməsinə dair komissiya yaratmalı oldu. Nəticələr qənaətbəxş deyildi: qanunla məhdudlaşdırılmayan karbon qazı, karbohidrogen, azot-oksidləri, ağır metalların tullantıları və kanserogen maddələr acınacaqlı nəticələrə gətirib çıxara bilərdi. Bununla əlaqədar olaraq, 1992-ci ildə BMT-nin Avropa İqtisadi Komissiyasının hazırladığı "Avro" ekoloji standartı tətbiq olundu. "Avro" - sertifikatı isə nəqliyyat vasitəsinin standartlara uyğunluğunu göstərir. Bu standartlar avtomobillərin işlənmiş qazlarında zərərli maddələrin məhdudlaşdırılmasını müəyyən edir.
MƏSLƏHƏT GÖR: