BÖHRAN VAXTI "ÜMUMİ AXTARIŞ"
Yunanıstanın sədrliyi Avropa İttifaqına nə vəd edir?
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Yunanıstan rəsmən Avropa İttifaqının Nazirlər Şurasına sədrliyə başlayıb. Bundan sonrakı yarım il ərzində Avropanın siyasətindəki problemlərin həllilə artıq 5 ildən artıqdır Aİ-nin əsas problemi sayılan Afina məşğul olacaq.
Bu, Yunanıstanın Aİ-yə üzv olduğu dövr ərzində quruma 5-ci sədrliyidir. O, bu sədrliyi üçün son dərəcə qəti şüar seçib: "Avropa - bizim ümumi axtarışımız" ("Europe: Our Common Quest"). Afina bununla göstərməyə çalışır ki, onun problemi Avropa üçün ümumi problem olsa da, Yunanıstanın özü də Aİ-yə problemlərinin həllində yardım göstərmək fikrindədir. Avropa İttifaqında belə problemlər isə həqiqətən, kifayət qədərdir. Hazırda quruma üzv ölkələrin iqtisadi inkişafın bərpası üçün effektiv tədbirlərin reallaşdırılmasına, yeni iş yerlərinin açılmasına, pul ittifaqının dərinləşdirilməsinə ehtiyacları var. Afinanın quruma sədrlik edəcəyi dövr üçün elan etdiyi prioritetlər də təsadüfi deyil: iqtisadi artım, iş yerləri, miqrasiya, avronun sabitliyi. Yunanıstan özünü bu istiqamətlərdə nailiyyət əldə etmək potensialına malik ölkə kimi göstərir. Halbuki onun özü bir çox avropalının beynində məhz bu problemlərlə assosiasiya olunur. Rəsmi Afina hesab edir ki, bunun üçün kifayət qədər ciddi səbəbləri var.
"Yunanıstan böyük itkilər və qurbanlarla bu böhranı geridə qoyur. Avropa üçün böhran arxada qaldı", – deyə ölkənin baş naziri Antonis Samaras Afinaya Aİ-yə sədrlik statusunun təqdim olunması mərasimindəki çıxışında bildirib. Bununla yanaşı, Yunanıstanın qarşısında dayanan problemlərin nəzərə alınmamasının mümkünlüyünü anlayan baş nazir deyib: "Əlbəttə, problemlərin hamısı həllini tapmayıb və hələ çox iş görülməlidir. Mən Yunanıstanın sədrliyinin uğurlu olacağına əminəm. Bu, böhran sədrliyi yox, imkanlar sədrliyi olacaq".
Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu da Yunanıstanın quruma sədrliyinin perspektivlərilə bağlı nikbindir. "Unutmayaq ki, bir müddət əvvəl Yunanıstanın avrozonanı tərk etməsi, ümumi valyutanın iflası və Aİ-nin dağılmasına dair spekulyasiyalar var idi. Bizim burada toplaşmağımızın özü həmin proqnozların yanlış olduğunu göstərir", – deyə Barrozu qeyd edib.
Yunanıstan və Aİ liderlərinin bir-birlərinin ünvanına xoş sözlər dediyi, Afinanın quruma sədrliyə başlamasını təntənə ilə qeyd etdiyi bir vaxtda Yunanıstan paytaxtının mərkəzi küçələrində nümayişlər gedirdi. Minlərlə insan Avropa əleyhinə şüarlar səsləndirir, Yunanıstanda yaşanan böhrana, baş nazir Samarasın nikbin açıqlamalarına baxmayaraq, ölkənin iqtisadi böhranın nəticələrini hələ də aradan qaldıra bilməməsinə görə, məhz, Aİ-ni təqsirləndirirdi.
2014-cü ildə, həqiqətən də, Yunanıstanda son 6 ildə ilk dəfə iqtisadiyyatın canlanacağı gözlənilir. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, böhran dövründə ölkə iqtisadiyyatında tənəzzül 20% təşkil edib. İşsizliyin səviyyəsi Aİ ərazisində, məhz, Yunanıstanda rekord həddədir. “S&P Dow Jones Indices” analitik agentliyinin məlumatına görə, 2013-cü ilin mart-iyul aylarında Yunanıstan dünyanın maliyyə agentliklərinin təcrübəsində ilk dəfə olaraq, inkişaf etmiş ölkə statusunu itirərək, inkişaf etməkdə olan ölkəyə çevrilib.
Ötən ilin dekabrında Avroqrup Afinaya maliyyə yardımının 1 milyard avro məbləğində növbəti transının ayrılmasına qərar verib. Bu il isə Yunanıstan üçün 2-ci beynəlxalq antiböhran proqramının müddəti başa çatır. Ekspertlərin proqnozlarına görə, bu ölkənin 3-cü antiböhran proqramına da ehtiyacı var. Çünki 2014-cü ildə Yunanıstanın maliyyə bazarlarına təkbaşına çıxa biləcəyini gözləmək yanlış olardı.
Yunanıstana xarici yardımlar ölkədə sərt iqtisadi tədbirlərin fonunda davam edir. Yunanlar haqlı olaraq hesab edirlər ki, bu sərt tədbirlər kreditor üçlüyün tələbilə həyata keçirilir. Söhbət Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondundan gedir. Afina küçələrində nümayişə çıxanlar üçlüyün reseptilə həyata keçirilən "radikal islahatlar"ın ölkənin iqtisadi və sosial problemlərini daha da dərinləşdirdiyini düşünürlər.
Yunanıstanın sosial və iqtisadi həyatı ilə bağlı reallıqlar həm ölkədə, həm də bütünlükdə Avropadakı avroskeptiklərin mövqeyini gücləndirir. Yunanıstanın diplomatik prioritetlərinin siyahısında apardığı də-yişikliklər də hazırkı Avropa siyasətinin nə qədər qərarsız olduğunu göstərir. Afinanın Brüsselin xarici siyasətinə ciddi dəyişiklik edəcəyini gözləmək olmaz (sədr ölkələr bu sahədə müstəsna hüquqa malik de-yillər. Bu sahəyə hazırda qurumun xarici məsələlər üzrə ali komissarı Ketrin Eşton nəzarət edir). Bununla yanaşı, Avropa qonşuluq siyasəti xəttinin "şərqdən cənuba" dəyişməsilə bağlı gözləntilər diqqətəlayiqdir. Bunu Yunanıstanın xarici işlər naziri Evangelos Venizelos bəyan edib. O, Litvanın quruma sədrliyi zamanı diqqəti "Şərq tərəfdaşlığı" proqramına yönəltdiyini xatırladıb və bildirib ki, Yunanıstan qarşısına cənub vektorunun reallaşdırılması məqsədini qoyub. Burada söhbət Əlcəzair, Mərakeş, Misir, Liviya, Tunis, Suriya, Livan, İordaniya, İsrail, Fələstin kimi ölkələrlə prioritet əməkdaşlığın inkişaf etdirilməsindən gedir. Afinanın bu mövqeyi izaholunandır – cənub qonşularla münasibətlərin inkişafı onun üçün vacib əhəmiyyət daşıyır. Çünki Yunanıstanın özü Aralıq dənizi regionunda yerləşir.
Amma bu mövqeyə daha bir izah var. Yunanıstan (yaxud onun dili ilə Avropa İttifaqı) Aİ-nin MDB üzvü olan 6 ölkə ilə (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) yaxınlaşmanı nəzərdə tutan "Şərq tərəfdaşlığı" proqramının artıq Avropanın xarici siyasətində aparıcı istiqamət olmadığını göstərir. Bu, faktiki olaraq, Aİ-nin postsovet məkanındakı son uğursuzluqlarının etirafı deməkdir.
Afina açıq şəkildə göstərir ki, o, Avropa ilə Rusiya arasında münasibətləri korlayan məsələlərə toxunmaq niyyətində deyil. Bunun əvəzində Yunanıstan Rusiyanın ənənəvi tərəfdaşı kimi, Aİ-Rusiya əməkdaşlığında geosiyasi problemlərin həllinə kompromis yanaşma tapmaq fikrindədir. Bu, xüsusilə postsovet məkanı ilə bağlı problemlərə aiddir. Amma Afinanın Rusiya ilə münasibətlərdə problemin yaşanmamasına cəhdləri heç də o demək deyil ki, Aİ bu dövrdə Gürcüstan və Moldovaya Avropaya inteqrasiya yolunda möhkəmlənmələri üçün yardım göstərməyəcək (bu ölkələrlə assosiativ saziş "Şərq tərəfdaşlığı"nın ötən ilin noyabrında Vilnüsdə keçirilən iclasında paraflanıb). Yaxud, əksinə, Aİ-nin Yunanıstanın sədrliyi dövründə Ermənistan və Ukraynanı öz tərəfinə çəkməyə cəhd göstərməyəcəyini də düşünmək olmaz. Xatırladaq ki, bu 2 ölkə Aİ ilə assosiasiyadan son anda, məhz, Moskvanın açıq təzyiqi ilə imtina ediblər.
Sadəcə, bu və Avropanın keçmiş SSRİ ərazisində nüfuzunu genişləndirmək niyyətilə atdığı digər addımlar zamanı Rusiya amili, eyni zamanda "şərqli tərəfdaşlar"ın özlərinin geosiyasi durumlarının xüsusiyyətləri Litvanın quruma sədrliyi dövründə olduğundan daha ciddi nəzərə alınacaq. Ukraynanın Aİ ilə Assosiativ Sazişdən imtinası göstərir ki, bu ölkələrin əksəriyyəti öz inkişaflarının bu və ya digər sivil modelinin xeyrinə son, dəyişməz qərar qəbul etmək iqtidarında deyillər.
MƏSLƏHƏT GÖR:




560

