15 Mart 2025

Şənbə, 00:28

"SABAH MÜHARİBƏ OLARSA..."

Suriya üçün "X" saatı yaxınlaşırmı?

Müəllif:

03.09.2013

Suriya və onun ətrafında yaşanmaqda olan münaqişə, deyəsən, həlledici mərhələyə qədəm qoyur. Dünya KİV-də Suriyanın hökumət qüvvələrinin Dəməşq yaxınlığında müxalifətçilərə qarşı kimyəvi silahdan istifadə etdiyinə dair yayılmış məlumatlar hələ ki, BMT ekspertləri tərəfindən rəsmi təsdiqini tapmasa da, Birləşmiş Ştatlar və müttəfiqlərinin açıq şəkildə Suriyada hərbi əməliyyatlara hazırlaşmasına səbəb olub.

Avqustun 21-də Dəməşq yaxınlığındakı Quta qəsəbəsində Bəşər Əsəd rejimi kimyəvi silaha əl atıb və nəticədə, zərər çəkmiş insanların çoxlu sayda fotoları, videogörüntüləri yayılıb (ilkin olaraq, uşaqlar da daxil olmaqla, mindən artıq insanın həlak olduğu bildirilsə də, onların dəqiq sayı hələ də məlum deyil). İndi Suriyada kimyəvi silahdan həqiqətən də istifadə olunub-olunmadığını yalnız kimyəvi hücum ərəfəsində Dəməşqə yollanmış BMT ekspertlərindən ibarət qrup təsdiqləyə  bilər.

Yeri gəlmişkən, rəsmi Dəməşqin ehtimal olunan kimyəvi silahdan istifadəsinin ölkəyə BMT ekspertlərinin səfərinin səhəri gününə təsadüf etməsi baş verənlərin təxribat xarakteri daşıdığına dair fikirlərə yol açıb. Çünki ekspertlərin səfərində məqsəd Suriyada qarşı-qarşıya duran qüvvələrin o anadək baş vermiş döyüşlərdə kimyəvi silahdan istifadə edib-etmədiklərini müəyyənləşdirmək idi. Ekspertlər son zamanlar bütün cəbhə boyunca qələbə ardınca qələbə qazanmaqda olan Suriya hökumətinin kimyəvi silaha əl atmaq qərarını hansı məqsədlə qəbul etdiyini müəyyənləşdirməkdə çətinlik çəkir. Üstəlik, rəsmi Dəməşqin bu addımı BMT ekspertlərinin gözləri qarşısında atması vəziyyəti daha da anlaşılmaz hala gətirir.

Rəsmi Dəməşq isə kimyəvi silaha əl atmadığını bildirir, bu cinayətin arxasında müxalifət yaraqlılarının durduğunu iddia edir. Suriya hökuməti ABŞ və Avropanı yaşananları özlərinə sərf edən formada təqdim etməkdə də günahlandırır. Guya Qərb "təcaüz üçün bəhanə axtarır". Bundan başqa, Suriya rəhbərliyi ölkə ərazisində kimyəvi silahdan istifadəyə birbaşa ABŞ xüsusi xidmət orqanlarının və onun ərəb dünyasındakı ən yaxın müttəfiqi sayılan Səudiyyə Ərəbistanının aidiyyəti olduğunu iddia edir.

Qərb isə günahı Əsəd rejimində görür, Suriya hökumətinin 5 gün ərzində BMT müfəttişlərini faciə yerinə buraxmamasına diqqət çəkir. Suriyanın Xarici İşlər Nazirliyi isə öz növbəsində BMT müfəttişlərinə hökumətin zəhərli maddələrdən istifadə etmədiyinə dair sübutların verildiyini bildirir. Bundan başqa, Dəməşq BMT-dən paytaxt yaxınlığındakı qəsəbələrdə qiyamçıların kimyəvi silahdan istifadə etdiyinə dair 3 yeni faktın yoxlanılması üçün oraya dərhal ekspertlər göndərilməsini istəyib.

Amerikalılar isə öz kəşfiyyat xidmətlərinə istinadən kimyəvi silaha məhz Suriya hökumətinin əl atdığını bildirir. Doğrudur, Ağ Ev bununla bağlı konkret hansı sübutlara malik olduğunu açıqlamır. BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi də diqqəti məhz bu məqama çəkib: "Amerikalılar, ingilislər və digərləri kimyəvi silahdan istifadə olunduğunu iddia edirlər... Bizə əllərində olan sübutları təqdim edəcəklərini deyirdilər. Lakin bu, hələ də baş verməyib".

Pentaqon rəhbəri Çak Heygel isə artıq amerikalı hərbçilərin ABŞ prezidenti Barak Obamadan müvafiq əmr gözlədiklərini bəyan edib. Suriyaya hərbi müdaxiləyə hazırlıq getdiyini göstərən digər faktlar da ortadadır - ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki təyyarə gəmisi artıq Aralıq dənizinə göndərilib. Güman olunur ki, hərbi əməliyyat zamanı əsas hədəf kimi Suriya ordusunun potensial olaraq kimyəvi silahdan istifadə edə biləcək hissəsi götürüləcək. Qərargahlar, rabitə mərkəzləri, adi və ya kimyəvi raketlərin qurğuları da ilk hədəflər sırasında olacaq. ABŞ Suriyaya hərbi müdaxilə məsələsində avropalı müttəfiqlərindən də dəstək gözləyirdi. Lakin Vaşinqtonun gözləntiləri Böyük Britaniya parlamentinin gözlənilməz qərarı ilə xeyli azaldı. Birləşmiş Krallığın baş naziri Devid Kemeron Suriyaya hərbi müdaxiləni vacib saysa da, bunun "müxtəlif rejimlərin gələcəkdə kimyəvi silaha əl atması təhlükəsini önləmək üçün" lazım olduğunu bildirsə də, britaniyalı parlamentarilər Suriya rejiminə qarşı hərbi əməliyyatlara başlanılması təklifini qəbul etməyiblər.

Bundan başqa, NATO-nun ən azı, 12 ölkəsi BMT Təhlükəsizlik Şurasının müvafiq qərarı olmadan Suriyaya qarşı əməliyyatda iştirakdan imtina edib. Onlar bu mövqelərini Suriyaya mümkün hərbi müdaxilənin "tamamilə gözlənilməz nəticələr verə biləcəyi"lə, hazırkı müxalifətin qalib gəlməsinin "Suriyaya uzunmüddətli sülh gətirmə ehtimalının çox az olması ilə" əsaslandırırlar.

NATO-nun bəzi üzvlərinin Suriyaya qarşı hərbi əməliyyatlarda iştirakdan imtinası göstərir ki, Qərb bu ölkə ilə müharibəyə başlarsa belə, Şimali Atlantika Alyansı prosesə bilavasitə cəlb olunmayacaq. Odur ki, indi ABŞ məsələni təkbaşına həll etməyə hazır olduğunu bildirir.

Birləşmiş Ştatların prezidenti Barak Obama Suriyaya hərbi müdaxilə haqda qərar qəbul etdiyini açıqlayıb. Bununla yanaşı, o, bir nəfər də olsun amerika əsgərinin Suriya torpağına ayaq basmayacağını söyləyib. Ağ Evin rəhbəri əməliyyatlara nə zaman başlanılacağını da açıqlamayıb. Lakin o, bu məsələdə Konqresdəki "Amerika xalqının nümayəndələrinin" dəstəyinin alınmasını məqsədəuyğun adlandırıb. Bu məqsədlə Obama müvafiq sorğu ilə Konqresə müraciət də edib. Demək, ABŞ-ın Suriyaya hərbi müdaxiləsi istənilən halda, sentyabrın 9-dan tez baş verməyəcək. Çünki qurum Ağ Evin bu haqda müraciətinin müzakirəsi üçün məhz sentyabrın 9-da toplaşacaq.

ABŞ-ın bu əməliyyatlara BMT TŞ-nin qərarı olmadan başlayacağı da aydındır. Qeyd edək ki, Fransa Suriyaya qarşı hərbi əməliyyatlara başlanılmasının əleyhinə deyil. Bu istiqamətdə İsraildə də son dərəcə fəallıq müşahidə olunur. Yəhudi dövlətinin  prezidenti Şimon Peres Suriyadan bütün kimyəvi silahın müsadirə olunması üçün kollektiv beynəlxalq güc tətbiqinə çağırıb. O, hesab edir ki, bu, münaqişə tərəflərinin gələcəkdə bir də belə silaha əl ata bilməməsi üçün vacibdir.

Türkiyə də oxşar mövqedədir. Ankara Bəşər Əsədə qarşı istənilən koalisiyaya qoşulmağa hazır olduğunu bəyan edib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib: "Türkiyə hər zaman BMT Təhlükəsizlik Şurası vasitəsilə fəaliyətə üstünlük verir. Amma orada yekdil fikir yoxdursa, bu, bizim qollarımızı yanımıza salaraq oturmalı olduğumuz anlamına gəlmir. Gözümüz önündə faciə yaşanır".

Ümumiyyətlə, Türkiyə Suriyaya tam miqyasda müdaxiləyə çağırış edən yeganə dövlətdir. Ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ştatların "natamam" hərbi müdaxilə ilə kifayətlənmək qərarından bu üzdən narazıdır. O, Suriya ərazisinə ordu yeridilməsini daha düzgün hesab edir. Görünür, Suriya münaqişəsinin lap əvvəlindən müxalifətə açıq dəstək verən Ankara amerikalıların raket zərbələrinin Əsəd rejiminin tezliklə devrilməsinə kifayət etməyəcəyini düşünür.

Bu arada Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında Suriyaya hərbi müdaxiləyə icazə verən qətnamənin qəbuluna mane olmaqda davam edirlər. Rusiyanın XİN başçısı Sergey Lavrov hesab edir ki, Suriyaya BMT qərarı olmadan hərbi müdaxiləyə çağırış edən qüvvələr Rusiya ilə ABŞ-ın son aylarda böhranın sülh yolu ilə həllinə göstərdikləri cəhdlərin üzərindən açıq-aydın xətt çəkməyə çalışırlar. Lavrovun fikrincə, Qutadakı qaz hücumu ilə bağlı yaşanan isterika Suriya ilə bağlı Cenevrə konfransının keçirilməsinə mane ola bilər. "Bəlkə də, bu xəbərlərin müəlliflərinin məqsədlərindən biri də elə budur", - deyə rusiyalı nazir qeyd edib.

Vaşinqtonun Suriyaya hərbi müdaxiləyə hazırlaşmasına Rusiya prezidenti Vladimir Putinin münasibəti də qəti olub. Əsəd rejiminin kimyəvi silaha əl atdığına dair Vaşinqtonun iddialarını əsassız sayan Putin Nobel sülh mükafatı laureatı olan Barak Obamanı "bombardmanın nəticə verib-verməyəcəyi haqda düşünməyə" çağırıb. Putin həmkarına ABŞ və müttəfiqlərinin İraq, Əfqanıstan və Liviyada həyata keçirdikləri əməliyyatların bu ölkələrin xalqlarına "sakitlik və demokratiya gətirmədiyini" də xatırladıb: "Biz hamını beynəlxalq hüquq normalarına zidd əməllərə əl atmazdan əvvəl yaxşı düşünməyə çağırırıq".

Beləliklə,  Suriya və onun ətrafında yaşananlar sona çatmaq üzrədir. Hadisələrin gedişində həlledici rolu BMT ekspertlərinin tədqiqatları oynayacaq. Kimyəvi silaha həqiqətən əl atılıb-atılmadığını məhz onlar açıqlayacaqlar. Amma Suriya düyününün tam açılması, güman ki, qlobal qüvvələrin istəyindən asılı olacaq.



MƏSLƏHƏT GÖR:

507