15 Mart 2025

Şənbə, 00:30

TÜRK DÜNYASI LİDERLƏRİNDƏN YENİ TƏŞƏBBÜSLƏR

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası tərəfdaşlıq coğrafiyasını genişləndirmək istəyir

Müəllif:

27.08.2013

Qəbələdə yenicə tikilib istifadəyə verilmiş Konqres Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq ŞurasınınIII Zirvə toplantısı keçirilib. Tədbirdə təşkilatı yaratmış dörd dövlətin rəhbərləri - İlham Əliyev (Azərbaycan), Nursultan Nazarbayev (Qazaxıstan), Almazbek Atambayev (Qırğızıstan) və Abdullah Gül (Türkiyə), həmçinin Türkmənistan Nazirlər Kabineti rəhbərinin müavini Sapardurdu Toyliyev iştirak ediblər.

Qəbələ sammiti nəinki təşkilata üzv dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində irəliyə atılmış addım oldu, o, həm də bu struktura daxil olmayan dövlətlərə düşünmək üçün ciddi əsaslar verdi.

2009-cu ildə Naxçıvanda yaradılmış bu qurumun əsas məqsədi tarixi İpək yoluna dili, dini və mədəniyyəti bir-birinə çox yaxın olan bu ölkələr arasında humanitar əlaqələrin möhkəmləndirilməsi vasitəsilə ikinci həyatın verilməsi, yeni infrastruktur layihələrinin reallaşdırılması idi. Bu üzdən ilk iki sammitdə (Astana və Bişkəkdə), əsasən iqtisadi və humanitar əməkdaşlıq məsələlərinin müzakirə olunduğu halda, Qəbələdə diqqətin, əsasən beynəlxalq nəqliyyat əlaqələri sahəsində əməkdaşlığa və gömrük prosedurlarının sadələşdirilməsinə yönəldilməsi tamamilə məntiqlidir.

Prezident İ.Əliyevin sammitin açılışındakı çıxışı zamanı bildirdiyi kimi, təşkilata üzv ölkələr nəhəng nəqliyyat layihələri həyata keçirir, bu layihələr sözügedən ölkələrin hər biri üçün böyük əhəmiyyətə malikdir. Dövlət başçısı həmin layihələrin birlikdə regionun yeni nəqliyyat xəritəsini yaratdığını qeyd edib. İlham Əliyev onlardan biri kimi, Avropanı Asiya irə birləşdirəcək və təşkilata üzv dövlətləri tranzit ölkələrə çevirəcək Bakı-Tiflis-Qars dəmir yolunu göstərib. "Bu dəmir yolu bundan sonra 100 illiklər ərzində xalqlarımıza xidmət edəcək. Bu, böyük geosiyasi, geoiqtisadi və əməkdaşlıq layihəsidir. Əminəm ki, biz yaxın zamanlarda, gələn il bu layihənin istifadəyə verilməsini qeyd edəcəyik və beləliklə, tarixi ipək yolunu bərpa etmiş olacağıq", - deyə İlham Əliyev bildirib.

Türkiyə prezident A.Gül isə ölkəsinin təhlükəsiz dəmir yolu mar- şrutları üzərində işlədiyini, bunun Şərqlə Qərb arasındakı hazırkı xətlərə alternativ olacağını söyləyib. Gül "Müasir İpək yolu" və ya "Ümumi dəhliz" adlandırılan bu layihənin ən vacib hissəsi kimi,  məhz Bakı-Tiflis-Qars dəmir yolunu göstərib. Prezidentiin sözlərinə görə, Ankara Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası üzvləri arasında bu sürətli nəqliyyat layihəsinin iqtisadi və ticari əlaqələrin inkişafına böyük töhfə olacağına əmindir.

Ümumiyyətlə, Türkiyə bu Şurada kifayət qədər fəal rola malikdir. O, digər türkdilli dövlətləri də müxtəlif inteqrasiya layihələri vasitəsilə quruma cəlb etməyə çalışır. Abdullah Gül çıxışında diqqəti iyulun əvvəlində Bakıda imzalanmış bir sənədə də çəkib. Söhbət Bakı, Aktau və Samsun limanları arasında dəniz əlaqəsinin yaradılması haqqında anlaşma memorandumundan gedir. "Hədəfimiz Türkmənbaşı limanını da bu çərçivəyə daxil etməkdir", - deyə A. Gül qeyd edib.

Gülün sonrakı fikirləri daha konkret olub: "Gələn il Türkiyədə keçirəcəyimiz Türk Dövlətləri Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında Türk Dünyası ölkələrinin hamısının təmsil edilməsi ən böyük arzumuzdur. Bu istiqamətdə gələcək zirvədə Türkmənistan, Özbəkistanın da iştirak etməsini gözləyəcəyik".

Bütün türkdilli dövlətlərin potensial göstəriciləri Türkiyə prezidentinin "Altı dövlət - bir millət" məntiqinə qanunauyğunluq qazandırır. Ümumi ərazisi 4,8 milyon kvadrat-kilometr olan Türkiyə, Azərbaycan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan və Özbəkistan iqtisadi və demoqrafik potensialına görə dünyada 7-ci yerdədir. Onların 140 milyonluq əhalisi dünyada 9-cu, 1,5 trilyon ABŞ dollarına bərabər ümumi istehsal həcmi isə 13-dür. Bütün bunların fonunda türkdilli dünyanın iqtisadi göstəriciləri coğrafi və demoqrafik potensialı ilə müqayisədə aşağıdır. Bu, tarixi dəhliz olan Böyük İpək Yolundan tam gücülə istifadəni zəruri edir. A. Gülün də qeyd etdiyi kimi, türkdilli ölkələr əsrlər boyunca məhz bu yolun hesabına güclü və nüfuzlu dövlətlər olublar. Nəzərə alsaq ki, türk dünyası dünya iqtisadiyyatı və dünya ticarət marşrutlarından kənarda qaldıqda onun siyasi və mədəni sahələrə təsiri azalır, bunun da nə qədər əhəmiyyətli olduğu bir daha aydınlaşar. Bu mənada İpək Yolu türk dünyasının iqtisadi çiçəklənməsinin, siyasi nüfuzunun artmasının açarıdır.

Bütün bunlar o deməkdir ki, quruma yeni sədrliyə başlamış Azərbaycanın rəhbərliyi dövründə zəngin resurslara malik Türkmənistan və Özbəkistanın quruma cəlb olunması üçün ciddi cəhdlər göstəriləcək.

Bundan başqa, reallaşdırılması nəzərdə tutulmuş nəhəng layihələrdən Şuraya üzv dövlətlərin əldə edəcəkləri dividendlər digər ölkələrdə də maraq doğurur. Bu, heç də təəccüblü deyil. Qitələrarası inteqrasiya layihələrinin perspektivləri (qurum üzvlərinin potensialı və siyasi iradəsi fonunda onların uğur qazanacağı şübhə doğurmur) bu əməkdaşlıq coğrafiyasının genişləndirilməsini labüd edir.

Bu baxımdan, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin siyasi liderləri planlardan danışarkən yalnız türkdilli dövlətlər arasında inteqrasiyanın vacibliyindən yox, daha geniş məkanın, yəni, bütünlükdə türk dünyasının inteqrasiyasından bəhs edirlər. Bu, onların türkdilli olmayan dövlətlərdən də "qan qardaşları"nın inteqrasiya proseslərinə cəlb edilməsində maraqlı olduqlarını göstərir. Türkdilli dövlətlərlə əməkdaşlıq formatına maraq artıq özünü biruzə verməkdədir. Məsələn, Çin türkdilli ölkələrlə əməkdaşlıq formatına çoxdan maraq göstərir. Pekin bunu Avropaya çıxış vasitələrindən biri kimi görür. Bakı-Tiflis-Qars magistralı da məhz Mərkəzi Asiya və Çindən Avropaya yüklərin daşınmasını nəzərdə tutur. Hər halda, Çin olmadan hansı Böyük İpək Yolundan söhbət gedə bilər ki?!

Bu layihələrə heç də yalnız Çin maraq göstərmir. "Məgər Rusiyada yaşayan türkdilli xalqların (onların sayı, təxminən 15 milyondur!) ənənələri, mədəniyyətləri fərqlidir? Əlbəttə ki, yox. Bu üzdən əminəm ki, bu tədbirdə (Qəbələ sammitində - red.) müşahidəçi statusunda Rusiya da iştirak etməli idi", - deyə "Berlek-Yedinstvo" Geosiyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Radik Murzaqaleyev bildirir. Başqırd ekspert hesab edir ki, bu, Avrasiya məkanında qurum üzvləri haqqında danışdıqları inteqrasiya proseslərinə ciddi şəkildə kömək edərdi.

Düzdür, Rusiyanın Böyük İpək Yolunun bərpası ideyasına qərbpərəst layihə kimi baxması Moskvanın yaxın perspektivdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qoşulacağına ümid yeri qoymur. Lakin sabit, iqtisadi baxımdan inkişaf etmiş məkanla qonşuluq, şübhəsiz ki, Rusiyanın marağında olmalıdır. Sabitlik və inkişafa isə regional təhlükəsizliyə problem yaradan məqamların aradan qaldırılması ilə nail olunur.

Bu mənada, ən ciddi problem qonşu Ermənistanın 20 ildən artıqdır Azərbaycan ərazisinin beşdəbirini işğal altında saxlamasıdır. Ona görə də Qəbələ sammiti iştirakçılarının bu problemə xüsusi diqqət ayırmaları heç də təəccüblü deyil. Onlar bu problemi inteqrasiya proseslərinə əsas maneə adlandırıblar. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi isə prezidentlər arasında görüşün yekun bəyannaməsinə salınıb. "Azərbaycanda keçiriləcək növbəti zirvənin Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra Qarabağın gözəl şəhərlərinin birində təşkil edilməsi ən böyük arzumuzdur", - deyə Türkiyənin dövlət başçısı A. Gül prezidentlərin ümumi arzusunu dilə gətirib.

 

Bu bəyanat təbii ki, İrəvanda narazılıq yaradıb. Qəbələdə qəbul edilmiş bəyannamənin Ermənistanla birlikdə KTMT-yə üzv olan Qazaxıstan və Qırğızıstan prezidentləri tərəfindən də imzalanması İrəvanı narahat etməyə bilməzdi. Çünki Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün müharibəyə başlayacağı təqdirdə, Ermənistan məhz bu qurumun yardımına arxalanır.

Türkiyə tarixən özünə yaxın türkdilli dövlətlər və xalqlar arasında inteqrasiyaya çalışıb. Xəzər regionunun türkdilli dövlətlərinə olan böyük iqtisadi, enerji maraqları isə Ankaranın fəallığını daha da artırır. Bununla yanaşı, Azərbaycanın da regional gücü, beynəlxalq nüfuzu artır. O, Dağlıq Qarabağ münaqişəsinin həllinin kimdən asılı olduğunu yaxşı bilir və bəzi dairələrin iqtisadi təşəbbüslərin münaqişənin həllinə təsir göstərə bilməyəcəyinə dair fikirlərinin yanlış olduğunu hər kəsə sübut edir.

Lokomotiv rolunun Azərbaycanda olduğu bu inteqrasiya proseslərinin uğurla reallaşdırılması Ermənistanın təcridini daha da dərinləşdirir. Siyasi və iqtisadi tənəzzül şəraitində olan Ermənistan az sayda olan ənənəvi tərəfdaşlarını da itirir. Müstəqil, iqtisadi baxımdan güclü olan Azərbaycan isə köhnə tərəfdaşlarla əlaqələri möhkəmləndirməklə yanaşı, özünə yeni tərəfdaşlar da qazanır. Ermənistan təcavüzkar siyasətinin perspektivsizliyini anlayaraq, nəhayət, regional əməkdaşlıqdan faydalanmaq qərarına gələrsə, onun hərəkətə başlamış qatara çatmaq şansı hələ də var.



MƏSLƏHƏT GÖR:

666