24 Noyabr 2024

Bazar, 06:46

UŞAQ EVİNDƏN BÖYÜK HƏYATA

Müvəqqəti sığınacağını tərk etmiş, valideyn himayəsindən məhrum gənclər hansı çətinliklərlə qarşılaşırlar?

Müəllif:

28.01.2014

Uşaqlıq... Həyatın ən gözəl çağları. Heç nəyi anlamayan uşaq hələ onu sevən, qayğısına qalan valideynlərinin əhatəsində böyüyür, valideynləri onu nəinki hər şeylə təmin edir, həm də uşaqda onun gələcəyinə təsir göstərəcək dəyərlərin, prioritetlərin formalaşmasına köməklik göstərirlər. Bəs, bütün bunlardan məhrum olan uşaqlar necə yaşayırlar? Söhbət taleyin hökmü ilə həyatın kənarında qalan, nəinki ailəsi, həm də uğurlu gələcəyə ümidləri, planları olmayanlardan gedir.

 

Qeyri-müəyyənliyə çıxış

Uşaq evləri və internatlarda böyüyən uşaqların həyatı bizim üçün ənənəvi olan ailə modelindən köklü şəkildə fərqlənir. Söhbət heç də yalnız məişət problemlərindən, fiziki və ya maddi çətinliklərdən getmir. Söhbət ailə dəstəyindən məhrum olmuş belə uşaqların ciddi mənəvi yük altında olmalarından da getmir. Yaşadıqları uşaq evlərini - öz seçimləri olmayan müvəqqəti sığınacaqlarını məcburi şəkildə tərk etmələrindən sonra onların taleyi necə olur?

Uşaq evləri və internatların sakinləri 16 və ya 18 yaşlarına çatdıqdan sonra oranı tərk edirlər. Qanunvericiliyə əsasən, uşaq evləri və internatlarda 18 yaşına çatmış uşaqların saxlanılması qadağandır. Üstəlik, orada bu yaşa yaxınlaşan uşaqların sayı minimuma endirilməlidir. Bununla yanaşı, ailəsi olmayan, yetim uşaqların saxlanıldıqları uşaq evləri ilə internatları fərqləndirmək lazımdır. İnternatlarda, əsasən valideynlərinin maddi durumu övladlarını saxlamağa kifayət etməyəcək dərəcədə pis olan uşaqlar yaşayır.

Uşaq evlərini tərk edənlərin problemləri  ilə məşğul olan təşkilatların məlumatına görə, uşaq evlərində yaşayanlar yaxınlıqdakı orta məktəblərə gedirlər. İnternat sakinlərinə isə elə yaşadıqları internatda dərs keçirilir.

Buraxılışdan sonra onlar texniki peşə məktəblərinə yollanmalıdırlar. Amma bu tədris ocaqlarında təhsilin səviyyəsinin müasir standartlara, lazımi meyarlara cavab vermədiyi aydındır. Odur ki, uşaq evlərini tərk edən bu şəxsləri qarşıda həyat uğrunda əsl mübarizə gözləyir. Onlar paralel olaraq iki ciddi problemi həll etməli olurlar: iş və mənzil. Bu uşaqların kifayət qədər savadlı olmaması onlara əmək bazarında yüksək səviyyədə rəqabət aparmağa imkan vermir. Nəticədə, uşaq evləri və internatdan çıxan uşaqlar əksər hallarda xüsusi hazırlıq tələb etməyən işlərdə çalışırlar.

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının rəhbəri Nazir Quliyevin sözlərinə görə, hazırda hətta asan iş tapmaq da çətindir. Bu üzdən də uşaq evləri və internatları tərk edən uşaqların yaramaz insanların əhatəsinə düşəcəkləri, dilənçi olacaqları, kriminala cəlb ediləcəkləri ilə bağlı risklər kifayət qədər yüksəkdir. Bu mənada, qızlar daha tez sınırlar. "Təmiz dünya" QHT-nin rəhbəri Mehriban Zeynalova bildirir ki, belə qız uşaqları əksər hallarda fahişəliyə, insan alverinə cəlb olunurlar. Bütün bunların səbəbi isə internat məzunlarının hüquqlarının müdafiəsinə zəmanətin olmaması, həyat təminatının yoxluğudur.

Sovetlər dövründə məsələ daha asan idi: onların təhsil səviyyəsi ümumi təhsil səviyyəsinə uyğun idi, belə uşaqların təhsil alması üçün heç bir maneə yox idi, sonradan işə düzəlməkdə də çətinliklər yaşanmırdı. Üstəlik, bu gənclər mənzillə təmin olunurdular.

 

Hər şey yetimlər üçün?

Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqların qayğısına qalınması, həmçinin onların sonradan həyağa uyğunlaşması tam şəkildə dövlətin üzərinə düşür. Amma əməldə bürokratik maneələrsiz ötüşmək olmur. Müvafiq strukturlar sözügedən qanunun tələblərinə əməl etmirlər. Məsələn, "Sosial yardım haqqında" qanuna əsasən, uşaq evləri və internatı tərk etmiş uşaqlar yaşayış yeri ilə - mənzil və ya mənzil tikə biləcəkləri torpaq sahəsi ilə - təmin edilməli olsalar da, bu, faktiki olaraq, baş vermir.

Milli Məclisin deputatı, parlamentin sosial siyasət komitəsi sədrinin müavini Musa Quliyev "R+" jurnalına açıqlamasında bildirib ki, uşaq evlərini tərk etmiş şəxslərin mənzillə təmin olunması məsələsi rayon icra hakimiyyəti orqanlarına aiddir. Çünki mənzil fondu məhz bu orqanların ixtiyarındadır. Valideyn himayəsindən məhrum uşaqlar mənzil və ya torpaq sahəsi  ilə təmin olunmalı, yaxud onlar yataqxanalarda (hər hansı ali məktəbdə təhsil alan uşaqlar həmin təhsil ocağının yataqxanasında yerləşdirilməlidir - red.) məskunlaşdırılmalı və ya belə şəxslər üçün mənzil kirayələnməlidir. Bütün bunlar isə dövlətin hesabına olmalıdır. Lakin icra hakimiyyəti orqanlarında bu cür müraciətlərə ümumiyyətlə baxılmır. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən "R+" jurnalına bildiriblər ki, indiyədək mənzillə təmin olunmaq istəyi ilə meriyaya heç kəs müraciət etməyib. Bundan başqa, icra hakimiyyətində bu cür işlərlə məşğul olan şöbə də yoxdur. Beləliklə, gənclər ya mənzil kirayəməli, ya da müvəqqəti olaraq tanışların, qohumların evlərində qalmalı olurlar.

2006-cı ildə qəbul edilmiş  deinstitutlaşdırılma proqramı da özünü lazımi səviyyədə doğrultmur. Proqrama əsasən, iki istiqamətdə iş aparılmalı idi: körpələrin uşaq evləri və internatlara verilməsinin qarşısını alacaq tədbirlər və uşaqların ailələrinə qaytarılması üçün addımlar. Lakin proqramın ikinci mərhələsi ilə bağlı mexanizm hələ də mövcud deyil. Çünki belə uşaqların ailələrinə qaytarılması üçün əvvəlcə onları müvafiq kompensasiya ilə, müəyyən işlə təmin etmək lazımdır. Yeri gəlmişkən, proqramda bu məqamlar da öz əksini tapıb.

Deputat Musa Quliyev bildirir ki, uşaq evləri və internatı tərk etmiş uşaqların sonrakı həyatının təmin olunması prosesi həqiqətən də böyük problemdir. Bu sahədə struktur "nizamsızlığı"nın olması isə vəziyyəti daha da ağırlaşdırır: mənzil məsələsi ilə icra hakimiyyəti məşğul olur, işədüzəltmə Sosial Müdafiə Fonduna aiddir, təhsili isə Təhsil Nazirliyi verir. Millət vəkilinin fikrincə, belə insanların taleyinin Qadın, Ailə və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə həvalə edilməsi daha məqsədəuyğun olardı. Bu halda onlarla bağlı dövlət proqramının reallaşdırılmasına nəzarət şərtləri sadələşərdi.

 

Üstünlük

Bu cür uşaqların mükəmməl təhsil alması xüsusi diqqət tələb edən məqamlardandır. Çünki bəzi uşaqlar hələ uşaq evi və ya internatda olarkən ali təhsil almağa başlasa da, 18 yaşına çatdığı üçün bu məkanları tərk edən zaman təhsili ataraq iş axtarmalı olurlar. Şübhəsiz ki, ali təhsilin yarımçıq qalması onların özlərinə uğurlu iş tapmasına daha bir maneə yaradır. Odur ki, dövlətin təhsilə görə ödənişi də (əgər ödənişlidirsə) öz üzərinə götürməsi yaxşı olardı.

Musa Quliyevin fikrincə, uşaq evləri və internatlarda böyümüş oğlan uşaqlarının hərbi xidmət keçmələri daha məqsədəuyğundur (18 yaşa çatdıqda onlar da həqiqi hərbi xidmətə çağırılırlar). Çünki onlar hərbi xidməti başa vurduqda həmin sahədə karyeralarını davam etdirmək imkanı qazanırlar. Bu isə onların əməkhaqqı və mənzillə təmin olunacaqlarına zəmanətdir. Belə insanlar arasında müvafiq təhsil aldıqdan sonra neft sektorunda çalışanlar da az deyil.

Qeyd etmək lazımdır ki, bu istiqamətdə Heydər Əliyev Fondu da müəyyən iş aparır: Bakının Nizami rayonunda 100 nəfər üçün nəzərdə tutulmuş 50 mənzilli ev tikilərək istifadəyə verilib. Bu evdə uşaq evlərinin artıq ailə qurmuş keçmiş sakinləri, eyni zamanda, hələ ailə qurmamış qızları da yaşaya bilər. Bundan başqa, internat və uşaq evlərinin bütün məzunlarını əlaqələndirən xüsusi şəbəkə də yaradılıb; bəzi təşkilatlar xüsusi mərkəzlərdə onlar üçün treninqlər, təlimlər də keçir. Odur ki, gələcəkdə Azərbaycanda uşaq evləri və internat məzunlarının hər birinin həyata vəsiqə qazana biləcəyinə ümidlər hələ qalmaqdadır.


MƏSLƏHƏT GÖR:

691