25 Noyabr 2024

Bazar ertəsi, 04:14

"YAŞIL MARKET"

Azərbaycan kənd təsərrüfatı məhsulu istehsalçılarının satış bazarlarına çıxışını asanlaşdırır

Müəllif:

28.01.2014

Aqrar sənaye sahəsində 15 il əvvəl başlanmış islahatlar kəndlərdə işlək mexanizmlərin, müasir infrastrukturun yaradılmasına imkan verib. Nəticədə idxalı əvəzləyən istehsalın həcmini dəfələrlə artırmaq mümkün olub. İndi aqrar logistika sistemini optimallaşdırmaq və istehsalçıların satış bazarına çıxışını asanlaşdırmaq lazımdır. Bu vəzifənin öhdəsindən gəlinməsi üçün Azərbaycan Prezidenti   İlham Əliyev ölkənin kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

 

Vəzifə №1

Kənd təsərrüfatı və aqrar məhsulların emalı Azərbaycan iqtisadiyyatının inkişaf etmiş sahələrindən biridir. Cəlb edilmiş əmək resurslarının həcminə görə isə o, ölkənin qeyri-neft sektorunda birinci yerdədir. Ötən onillikdə intensiv şəkildə inkişaf etmiş aqrar-sənaye kompleksi ixrac həcminə görə, enerji sektorundan sonra ikinci pillədədir.

Amma aqrar sahədə aparılan islahatların əsas nəticəsi kimi, ölkənin ərzağa tələbatının 80%-dən çoxunun daxili imkanlar hesabına ödənilməsini göstərmək olar. Xüsusilə nəzərə alsaq ki, son illərdə dünyanın ərzaq bazarında baş vermiş bir neçə lokal böhran ərzaq məhsullarının qiymətində qlobal bahalaşmalara səbəb olub, bu, daha ciddi önəm qazanır. Ölkənin xarici ərzaq bazarlarından asılılıqla bağlı ciddi riskin qalması Azərbaycan hökumətini ərzaq inflyasiyasının və digər "qlobal" neqativlərin idxalının qarşısını almaq üçün effektli addımlar atmağa məcbur etdi.

Artıq 5-ci ildir ki, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" həyata keçirilir. Dövlət Proqramının aqrar-sənaye kompleksində həyata keçirilməsini nəzərdə tutduğu köklü islahatlar ölkədə kənd təsərrüfatı məhsulları istehsalının intensivləşdirilməsi ilə, ərzaq təhlükəsizliyinin təmininə yönəlib. Son illərdə işə salınmış stimullaşdırıcı mexanizmlər arasında müasir texnologiyalardan istifadə olunması üçün fermerlərə dotasiyaların, istehsalçılara güzəştli kreditlərin verilməsi də var. Hər il irriqasiya sistemlərinin işlək halda saxlanılması, elevatorların, soyuducu anbarların, istixana təsərrüfatlarının tikintisi, digər aqrar infrastrukturunun qurulması üçün 100 milyonlarla manat ayrılır.

Son 10 ildə birbaşa dövlət dəstəyi çərçivəsində kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiya şəklində 587 milyon manatdan artıq vəsait ayrılıb. Aqrolizinq Səhmdar Cəmiyyətinə kənd təsərrüfatı texnikalarının, müasir avadanlıqların alınması, ölkəyə cins heyvanların gətirilməsi, həmçinin müasir maddi-texniki bazanın formalaşdırılması üçün 430 milyon manatdan artıq vəsait verilib.

Aqrar sahənin sürətli inkişafı həm də Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) aktiv fəaliyyəti ilə bağlıdır. Fond 10 ildə 1,2 milyard manat güzəştli kredit verib. Ümumilikdə, ayrılan vəsaitlərin 80%-i kənd qegionlarının payına düşür. Güzəştli kreditlərin dörddəüçü isə fermer təsərrüfatçılarına və kənd təsərrüfatı məhsulları istehsalçılarına verilib. Bundan başqa, uzunmüddətli vergi tətilləri və digər növ dövlət dəstəyi fərdi fermer təsərrüfatlarında rentabelliyin 54,8%-dək artmasına səbəb olub.

Kənd təsərrüfatının dəstəklənməsi üzrə sadalanan tədbirlər özünü hər il artan istehsal həcmində göstərir. Məsələn, ötən il aqrar istehsalatda 5%-lik artım qeydə alınıb. Bitkiçilik və heyvandarlığın ayrı-ayrı istiqamətlərində göstəricilər daha da yüksəkdir. Nəticədə artıq bu gün ölkənin ümumi idxalında ərzaq məhsullarının payı 10%-dən bir qədər artıqdır (5 il əvvəl ümumi idxalın, təxminən, dörddəbiri ərzaq məhsullarının payına düşürdü). Bu, kifayət qədər yaxşı göstəricidir. İnkişaf etməkdə olan bir sıra ölkələrdə ümumi idxalda ərzaq məhsullarının həcmi əvvəlkitək 40-50% həcmində qalır. Beləliklə, yerli aqrar sənaye sahəsində əldə edilmiş nailiyyətlərin Azərbaycanı ərzaq məhsullarının qiymətindəki qlobal artımdan nə qədər qoruduğunu hesablamaq çətin deyil. 

 

Əlavə tədbirlər

Amma qlobal xarici amillər Azərbaycanın ərzaq təhlükəsizliyinin effektiv şəkildə təmininə təhlükə yaradan yeganə məsələ deyil. Bir çox hallarda nəqliyyat və anbar logistikası mexanizmlərinin təkmil olmaması, istehlak kooperasiyasının və ona xas olan kütləvi ticarət formalarının kifayət qədər inkişaf etməməsi ərzaq məhsullarının qiymətində bahalaşmaya səbəb olur. Kiçik fermer təsərrüfatlarının iri şəhərlərin satış bazarlarına çıxışına mane olan süni əngəllər də belə amillərdəndir.

Bu cür problemlərin önlənməsi, həmçinin müasir, şəffaf istehsalat və ərzaq məhsullarının satış bazarının inkişafı üçün dövlət başçısı Kənd Təsərrüfatı Nazirliyinə 3 ay ərzində aqrar-sənaye kompleksinin inkişafına dair strategiyanın hazırlanması haqda tapşırıq verib. Sənəd kənd təsərrüfatı siyasətinin əsas prinsiplərini özündə əks etdirməli, aqrar sektorun inkişafı üçün strateji hədəfləri, prioritet istiqamətləri göstərməlidir. Nazirliyə qısa müddətdə qurumun və onun yerli şöbələrinin strukturunun təkmilləşdirilməsi haqda təkliflərini də prezidentə təqdim olunması tapşırılıb.

Dövlət başçısının sərəncamında kənd təsərrüfatında kooperasiyanın inkişaf etdirilməsinə dair təkliflərin hazırlanmasına ayrıca maddə həsr olunub. Azərbaycanda kooperatik hərəkata dövlət dəstəyinin göstərilməsinə çoxdan ehtiyac var. Dünya təcrübəsi göstərir ki, kənd təsərrüfatında istehsal və istehlak kooperativlərinin, müxtəlif kredit birliklərinin, sudan istifadə edən assosiasiyaların və digər kommersiya fermer birliklərinin yaradılması bu sahəyə cəlb olunmuş torpaq və su resurslarından effektiv istifadəyə imkan yaradır, güzəştli maliyyəyə və ya satış bazarına çıxışı asanlaşdırır.

Təəssüf ki, Azərbaycanda torpaqda kollektiv təsərrüfatçılıq populyarlıq qazanmayıb. Çoxsaylı assosiasiya və kooperativlərin fəaliyyəti bir qayda olaraq, beynəlxalq maliyyə təşkilatlarının pilot layihələri çərçivəsində həyata keçirilir. Şübhəsiz ki, prezident İlham Əliyevin bu problemə diqqəti tezliklə "Kənd təsərrüfatı kooperasiyaları haqqında" qanunun qəbuluna təkan verməlidir. Bu qanun layihəsi 2011-ci ildən Milli Məclisdə müzakirə edilir.

Bununla yanaşı, prezidentin sərəncamında əsas diqqət ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsinə, nəqliyyat logistikasının qəbuluna yönəldilib. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinə Bakıda kənd təsərrüfatı yarmarkalarının daha effektiv təşkili, kiçik və orta istehsalçıların topdan və pərakəndə satış bazarlarına daha fəal çıxışının təmini üçün təxirəsalınmaz tədbirlərin görülməsi tapşırılıb. Həm əhali, həm də fermerlər üçün rahat olan bu cür kütləvi ticarət formaları üçün normal şərait yaradılmalı, bu sahədə sui-istifadə halları aradan qaldırılmalıdır. Bu cür yarmarkaların ölkənin digər şəhər və rayon mərkəzlərində də təşyili nəzərdə tutulur.

"Artıq 7-ci ildir ki, təşkil olunan kənd təsərrüfatı yarmarkalarının təkmilləşdirilməsi üçün kompleks tədbirlər görməyi planlaşdırırıq. Dünya təcrübəsində aqrar yarmarkalar logistik baza formasında təşkil olunur və biz yeni sxemin yaradılması ilə bu mexanizmi tətbiq etməyi düşünürük. İri şəhərlərdə yaradılacaq logistik bazalar ictimai qida obyektləri, anbarlar, daşıma xidmətləri və sairlə təmin olunacaq", - deyə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Prezidentin sərəncamında fermerlərin satış bazarına çıxışını asanlışdaracaq, bu yolda bürokratik əngəlləri aradan qaldıracaq digər tədbirlər də nəzərdə tutulub. Ət məhsullarının kəsilməsi və satışı üçün ixtisaslaşmış mərkəzlər yaradılmalıdır. Onların fəaliyyəti baytarlıq və sanitar-epidemioloji normalara tam şəkildə cavab verməlidir. Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyilə birlikdə kənd təsərrüfatı məhsullarının saxlanılması və satışı üçün özəl bazaların, treyder şirkətlərinin, logistik mərkəzlərin, tara və qablaşdırma təsərrüfatının, aqrar sənaye məhsullarının tədarükü üçün avtorefrijatorlar və digər nəqliyyat vasitələri parkının, həmçinin daimi "fermer mağazaları" və "yaşıl marketlər"in yaradılması məqsədilə təkliflər hazırlamalıdır.

İlham Əliyevin sərəncamında kənd təsərrüfatına aid nəqliyyat logistikası sahəsində istənilən mənfi məqamın aradan qaldırılmasının vacibliyi açıq şəkildə əks olunub. Sənədə əsasən, Nəqliyyat və Daxili İşlər nazirliklərinə fermer təsərrüfatlarının respublika ərazisində məhsullarını fasiləsiz daşımaları üçün şəraitin yaradılması tapşırılır. Kənd təsərrüfatı və ərzaq bazarlarında antiinhisar nəzarəti və qeyri-sağlam rəqabətin qarşısının alınması, aqrar və ərzaq məhsullarının daşınmasına dair rüblük hesabatların hazırlanması üçün də effektiv mexanizmlər yaradılmalıdır. Aqrar istehsalın uçotu sahəsinə də yeni tələblər irəli sürülüb. Bundan sonra ərzaq təhlükəsizliyinin statistikası və istehlak qiymətlərinin monitorinqi ilə bağlı daha dolğun hesabatlar hazırlanacaq. Nəhayət, İqtisadiyyat və Sənaye Nazirliyi ilə Dövlət Gömrük Komitəsinə kənd təsərrüfatı və ərzaq məhsullarının ixracının artırılması, bu sahədə prosedurun sadələşdirilməsi üçün təkliflərin hazırlanması tapşırılıb.

Ümid edək ki, yeni strategiyada planlaşdırılmış tədbirlərin reallaşdırılması yerli fermerlərə, emal edilmiş və qablaşdırılmış məhsulların istehsalçılarına yalnız böyük həcmdə istehsalın qorunub saxlanılması, istehsal gücünün müasirləşdirilməsi yox, həm də satış bazarında səliqə-sahman yaratmaqla, vətəndaşların ucuz və keyfiyyətli ərzaq məhsulu ilə təmin etmək imkanı verəcək.


MƏSLƏHƏT GÖR:

690