Müəllif: Nurlanə QULİYEVA Bakı
Yeni il Azərbaycanın bank sektoru üçün Mərkəzi Bankın istehlak kreditlərinin verilməsi üzərində nəzarətin gücləndirilməsinə dair bir qədər təzadlı, gözlənilməz qərarı ilə başlayıb. Nəzarətçi ölkədə fəaliyyət göstərən banklara gəlir haqda arayış olmadan fiziki şəxslərə - borc alanlara kredit verilməsinin dayandırılması göstərişi ilə məktub göndərib.
Mərkəzi Bankın əsasları mübahisə edilməzdir - son zamanlar bank sektoru, daha doğrusu, onun bəzi iştirakçıları həqiqətən də kredit portfelindən sui-istifadə etməyə başlayıblar. Məşhur adlarla və qüsursuz marketinq şirnikdirici məhsullarla - guya əhalinin istənilən təbəqəsi üçün girovsuz və arayışsız kimi kreditlər - əhalinin böyük əksəriyyətini borc çuxurunda batırıb. Lakin digər tərəfdən, əhali arasında bu məhsulların populyarlığı onların tələb olunma dərəcəsindən xəbər verir. Təəssüflər olsun ki, bütün fəaliyyətdə olan strukturların mübarizəsinə baxmayaraq, qanuni şəkildə keçən gəlirlərin həcmi, hələ də "qara" qazancdan nəzərəçarpacaq dərəcədə geri qalır. Beləliklə, gəlirlər haqda arayış - əslində, əhalinin kreditödəmə qabiliyyətli müəyyən hissəsinin bank xidmətlərindən kənarda saxlayan böyük problemdir.
Və buna əlavə olaraq, banklar birdən avtomobil kreditlərini dayandırdı - hərçənd AMB əmin edir ki, bununla bağlı göstəriş verilməyib. Avtosalonlar isə bu informasiyanı təsdiq edir və gələcək itkiləri proqnozlaşdırırlar...
Yaxşılaşma haqda qərar
AMB-nin "həmin" məktubu haqda məlumat mətbuata yeni ilin ilk günlərindən sızmağa başlasa da, nəzarətçi tərəfindən məlumat ancaq yanvarın 22-də rəsmi şəkildə təsdiq olundu.
"Mərkəzi Bankın "Banklarda kreditlərin verilməsi qaydaları"nın tələblərinə əsasən, təminatsız kreditlər borcalanın uzunmüddətli maliyyə hesabatları və kredit tarixləri əldə edilməklə verilməlidir. Fiziki şəxslər üçün tələb olunan maliyyə hesabatları qismində əməkhaqqı və ya fiziki şəxsin rəsmi qaydada təsdiq edilmiş digər mənbələrdən aldığı gəlirlər barədə arayış çıxış edir. Qeyd olunmalıdır ki, təminatsız kreditlər beynəlxalq praktikada da daha ciddi qiymətləndirmə və anderraytinq tələb edən kredit məhsulları hesab olunur", - deyə AMB-nin məlumatında bildirilib.
Bundan əlavə, istehlakçıların hüquqlarının qorunması və maliyyə savadlılığının artırılması istiqamətində də tədbirlər davam etdirilir. Bu çərçivədə Mərkəzi Bank tərəfindən banklarda istehlakçılara kredit məhsullarının şərtləri ilə bağlı düzgün və dolğun məlumatların açıqlanması üzrə tələblər sərtləşdirilir.
Bundan başqa, istehlak kreditləri sahəsinin yaxşılaşması məqsədilə 2014-cü ilin fevralın 1-dən etibarən Azərbaycanda ilk dəfə olaraq istehlak kreditlərinin təsnifatı aparılacaq.
Belə ki, kredit müqaviləsi və ya 30 günədək vaxtı ötən kreditlərə uyğun olaraq, ödənilən əsas məbləğ və faiz ödənişləri təmin olunmuş aktivlərə, 31 gündən 60 günə qədər - nəzarət olunan, 61-dən 90 günə qədər - qeyri-qənaətbəxş, 91-dən 120 günə qədər - təhlükəli, 120 gündən artıq gecikmə olduqda isə ümidsiz aktivlərə aid ediləcək.
Haqlı "müsbət" və obyektiv "mənfi" cəhətlər
Bu müraciət bank bazar iştirakçılarına necə təsir edib?
Artıq yuxarıda qeyd edildiyi kimi, ölkədə istehlak kreditlərinin ümumi artım vəziyyəti çoxdan ekspertlərin əndişəsinə səbəb olub və onlar AMB-nin bu qərarını "gecikmiş" hesab edirlər. Amma rəsmi statistika heç də "həyəcan siqnalı" çalmağı tələb etmir: ölkə bankları 2013-cü ilin yanvar-noyabr aylarında iqtisadiyyatın kreditləşməsini 24,51% artırıb, ümumi portfelində problemli (vaxtı ötmüş) kreditlərin məbləği 5,21% təşkil edib.
Bir növ elə də qorxulu deyil. Ələxüsus da, istehlak kreditləri sahəsində ən populyar məhsullar kifayət qədər davamlı, bu gün dayanıqlı maliyyə reputasiyasına malik, normativlər və requlyatorun göstərişlərinə riayət edən və s. ölkənin aparıcı kommersiya banklarının payına düşür.
Unutmaq olmaz ki, 2008-ci ildə başlanan və indiyə qədər bütün dünya iqtisadiyyatını silkələyən dünya maliyyə böhranının kökü, kredit əməliyyatları zamanı nəzərə alınmamış risklər probleminin kökünə gedib çıxır. Xatırladaq ki, həmin vaxt dünya maliyyə qalmaqalının mərkəzində, dünya bank ictimaiyyətinin son dərəcə "səs-küylü" adları dururdu. "Bu, gələcəkdə mümkün risklərin aradan qaldırılmasına yönəlmiş ilkin qabaqlayıcı tədbirdir. Əhaliyə kreditlərin verilməsi üzrə təsdiqlənmiş prosedur mövcuddur, orada iş yerindən arayışın təqdim edilməsinin vacibliyi göstərilib. Bu bənd pozulmayıb, lakin onun yerinə yetirilməsinə nəzarət requlyatorun fikrincə, kifayət qədər deyil və banklara qaydaların yerinə yetirilməsinə nəzarət etmək tapşırılıb", - deyə ölkənin bank sektorundakı mənbə bildirib.
Lakin bəzi banklar qeyd edirlər ki, AMB-nin bu qərarından əvvəl də gəlirləri haqqında arayış əsasında pərakəndə kredit alanlarla işləyirdilər. Belə ki, VTB (Azərbaycan) bankın idarə heyətinin sədri Aleksandr Yereminin sözlərinə görə, MB hansısa yeni tələb irəli sürməyib. Sadəcə, bank qanunvericiliyinin mövcud tələblərinə riayət olunmasının zəruriliyini bir daha qeyd edib. Motivlər də aydındır və bəzi bankların bu tələbdən sui-istifadə etmələri ilə bağlıdır. Bu banklarda kredit portfelində bu cür kreditlərin payı son dərəcə artıb. Həmçinin portfelin keyfiyyətinin pisləşmə risklərini də artırıb. "Mərkəzi Bankın bu göstərişi bizim bankımızın fəaliyyətinə, demək olar ki, təsir göstərmədi. Belə ki, bizim bankda kredit almaq üçün müştərinin gəlirlərini təsdiq edən sənədlərin təqdim olunması əsas şərtlərdəndir. Bu, demək olar ki, bütün girovsuz kredit məhsullarına şamil olunur", - deyə A. Yeremin bildirib.
Amma bank dairələrində digər mənbələr bu qərarın mənfi tərəflərini də qeyd edirlər. Onların fikrincə, bu, bankların müştəri bazasına birmənalı olaraq zərbə endirəcək və onlar artıq müştərilərini itirməyə başlayıblar. Digər məsələ - bu qərar - ümumilikdə bankların iş imicinə, etimadlarına ziyandır. Çünki bu göstəriş kifayət qədər aydın şəkildə göstərir ki, onlar tərəfindən risklərin idarə olunması zəif həyata keçirilib. Deməli, potensial müştərilərin digər məhsullarla bağlı da sualları yaranacaq: "Əvvəllər, məsələn, düzgün kredit məlumatları olan müştərilərə kreditlər problemsiz verilirdi. Lakin indi bu da yoxdur. Müştəri banka 10 dəfə müraciət etsə, ondan yenə də gəlirləri haqda arayış tələb edirlər. Bu isə özəl sektorda çalışan bir çoxu üçün problemdir - məlumdur ki, heç də hamının gəlirli sənədlərdə olduğu kimi qeyd edilmir. Nəticə etibarı ilə şəxs kreditini ödəmək üçün kifayət qədər gəlir əldə edir, lakin bunu rəsmi şəkildə göstərə bilmir. Sözün düzü, bu çətin ki, işçiləri işverəndən əməkhaqqını olduğu kimi göstərmək tələblərinə sövq edəcək", - deyə ölkə banklarının birindəki mənbədən bildirilib.
Bazarın digər iştirakçısının fikrincə, ümum bank təcrübəsinə görə, bank kifayət qədər keyfiyyətli müştəri bazasına dair statistikaya malikdirsə və ən az gecikmə səviyyəsi ilə müştərilərin kateqoriyasını müəyyən etmək üçün öz portfelini seqmentləşdirmək qabiliyyətinə malikdirsə, bu halda arayışsız kredit verilməsi mümkündür. "Bu və ya digər müştəri seqmentinin keyfiyyət səviyyəsinə uyğun olaraq, bank kredit resurslarının kiçik və ya böyük dəyərini təklif edə bilər. Yəni hər bir müştəri seqmenti üçün riskin düzgün hesablanmış dəyərini ödəyən resurslardan söhbət gedir. Lakin bugünkü gündə Azərbaycan banklarının belə bir statistikası demək olar ki yoxdur", - deyə o qeyd edib. Eyni zamanda, AMB qeyd edir ki, pərakəndə kreditləşmə artım tempinə görə bazarı önəmli şəkildə geridə qoyur. "2013-cü ildə bazarın ümumi kredit portfeli 30% artmışdısa, onun pərakəndə hissəsi 40%-dən artıq olub. Bununla da ölkədə pərakəndə kreditləşmə, korporativ kreditləşmə bazarından daha sürətlə artır. Sözsüz ki, MB kreditəşmənin məntiqli artım templəri haqda təsəvvürə malik olduğundan, pərakəndə seqmentin həddindən çox coşğun inkişafını məhdudlaşdırmağa çalışır. Mərkəzi Bankın göstərişi bir daha bazar iştirakçılarına lazımi nəzarətin və pozulmaların yolverilməz olduğunu xatırladıb", - deyə bazar iştirakçısı qeyd edib.
Qeyd edək ki, pərakəndə banklar və "arayışsız" potensial kredit alanlar - AMB-nin bu göstərişində "zərər çəkən" yeganə tərəflər deyil. Həmçinin məhsullarını kreditlə satan mağazalar da bundan zərərə uğrayacaq. Onlar artıq "Arayışsız kredit" reklamlarını dayandırıb və qarşıdakı itkilərini hesablayırlar. Bu, AMB-nin bankların kənar mərkəzlərinin fəaliyyətinin dayandırılması haqda qərarından sonra, onların biznesinə ikinci zərbədir. Həmin qərara görə, kredit prosesinin asan verilməsi üçün vasitəçisiz ticarət mərkəzlərində bank nümayəndələrinin işləri dayandırılıb. Amma qaydalar dəyişilməzdir - indi onlar müştəri cəlb etmək üçün başqa yollar tapmalıdırlar.
Avtomobillər, avtomobillər - həddindən çox doludur küçələr...
Həmçinin bu tale avtomobil salonlarına da qismət olub. Banklar istehlak kreditləri ilə yanaşı, avtomobil kreditlərinin verilməsini də qəfil məhdudlaşdırıblar. Hərçənd AMB bankların qərarında "iştirak"ını qəti şəkildə inkar edir. "Azərbaycan Mərkəzi Bankı (AMB) avtomobil almaq üçün verilən kreditlərin dayandırılması haqqında banklara heç bir rəsmi göstəriş verməyib. Bu, ölkənin kommersiya banklarının sərbəst həyata keçirdiyi kredit siyasəti ilə bağlıdır", - deyə AMB-dən bildiriblər.
Banklarda kreditlərin məhdudlaşdırılmasının etiraf edilməsinə baxmayaraq, eyni zamanda, əmin edirlər ki, bu tədbirlər müvəqqətidir və avtokreditlərin şərtlərində yeniliyin tətbiq edilməsinə yönəlib. Düzü, məhdudiyyətin nə vaxt qalxacağı məlum deyil. Məqsəd isə birdir - kreditlərin verilməsi prosedurunda nəzarətin gücləndirilməsi.
Ekspertlər qeyd edirlər ki, bu cür məhdudiyyətlərin tətbiqi istər bank sektoruna (ölkədə avtomobil kreditlərinin populyarlığını nəzərə alaraq), istərsə də sığorta və pərakəndə avtomobil bazarına mənfi təsir göstərə bilər. Ölkədə avtonəqliyyat vasitələrinin böyük hissəsinin kreditlər hesabına alınmasını nəzərə alsaq, sığorta şirkətləri avtonəqliyyat vasitələrinin könüllü sığorta polisləri üzrə itkilərlə üzləşə bilərlər. Bu sığorta növü üzrə polislərin həcmi satış həcmlərinin azalmasından sonra azalacaq.
Bazar ekspertinin fikrincə, hazırda avtomobillərin, təqribən, 60 faizi kredit hesabına satılır. Avtomobil almaq arzusunda olanların əksəriyyətinin avtomobili dərhal almaq imkanları yoxdur, buna görə də onlar kreditə əl atırlar. İndi bu imkan məhdudlaşdırılıb. Müvafiq olaraq, satıcılar qiyməti aşağı salmağa məcbur olacaqlar. "Bir sıra sahibkarlar artıq ciddi problemlərlə üzləşiblər. Araşdırmalar göstərir ki, satışların azalması artıq nəzərə çarpır. Bu da idxala öz təsirini göstərəcək. Avtomobil şirkətlərinin rəsmi nümayəndələri, sahibkarlar idxal olunan maşınların satılmasında maraqlıdırlar. Avtokreditləşmənin uzun müddət məhdudlaşdırılması maşın bazarına mənfi təsir göstərəcək", - deyə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin eksperti Ramil Osmanlı hesab edir.
Avtomobil kreditlərinin dayandırılmasında daha bir nüans - avtomobil bazarını silkələyən ekoloji standart "Avro-4"ə keçidə dair qərarın çıxarılması fonunda baş verməsidir.
R. Osmanlının fikrincə, təkrar avtomobil bazarı, köhnə avtomobillərin idxalına təsir edəcək: "Üç-dörd ayda "Avro-4" standartlarına cavab verən avtomobillərin qiymətində kiçik artım olacaq. Lakin bu proses davamlı olmayacaq".
Bir sözlə, populyar bank kreditləri bazarında son vəziyyət iki cürdür - bir növ qəbul edilənlər "rəhmətlə başlayıb", lakin artıq iş adamları və əhalinin bəzi qrupları "lənətlə qurtarır"lar. Hərçənd əhalinin və sahibkarların bir çox təbəqələrinə toxunan "həssas" qərarlar zamanı bu, normal hesab olunur. Əsas odur ki, baş verənləri qəbul etmək və yeni qaydalara uyğunlaşmaq lazımdır.
MƏSLƏHƏT GÖR: