25 Noyabr 2024

Bazar ertəsi, 04:18

HƏYAT ƏLAMƏTLƏRİ

Dünya iqtisadiyyatının vəziyyəti yaxşılaşır, lakin tam sağalmasına hələ çox var

Müəllif:

28.01.2014

Son beş il idi ki, dünya iqtisadiyyatı heç də xoş günlərini yaşamırdı. İqtisadi böhran dünyada ÜDM-nin artım templərinə ciddi təsir göstərmişdi və səmimi desək, durğunluq dövrü bir qədər uzandı. Beynəlxalq maliyyə institutlarının son proqnozları göstərir ki, buz əriməyə başlayıb və dünya iqtisadiyyatı tədricən özünə gəlməkdədir. Lakin tam sağalmasına hələ çox var.

 

BVF artımı qeyd edir

Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən, 2014-cü ildə dünya iqtisadiyyatının artımı 3.7 faiz təşkil edəcək, halbuki ötən il bu rəqəm 3% təşkil edib. Gələn il üçün isə fondun proqnozu daha nikbindir - dünya ÜDM-nin artımı 3.9% təşkil edəcək. Bununla belə, son illər ərzində olduğu kimi, artımın daha yüksək göstəriciləri inkişaf etmiş iqtisadiyyata sahib dövlətlərdə müşahidə olunacaq. Eyni zamanda, fondun qiymətləndirmələrinə görə, dünya iqtisadiyyatının artımının aşağı düşməsi riskləri, ilk növbədə, inkişaf etmiş ölkələrdə inflyasiyanın aşağı səviyyəsi ilə bağlıdır.

Ümumilikdə isə, iqtisadi artımın perspektivlərinə yanaşma nikbindir. Belə ki, ümumi mənzərə iqtisadi fəallığın artdığını göstərir. Lakin eyni zamanda iri dövlət və regionlar arasında ciddi fərqlər də qeyd olunur. Məsələn, inkişaf etmiş dövlətlərdə cari il üçün ÜDM-in artımı 2.2 faiz, gələn il üçün isə - 2.3 faiz səviyyəsində proqnozlaşdırılır. Buna baxmayaraq, müxtəlif ölkələrdə vəziyyət bir-birindən fərqlənir. ABŞ-da ötən il iqtisadi artım 1.9% səviyyəsində olduğu halda, bu il 2.8% səviyyəsində gözlənilir. Artım templərinin yüksəlməsi bu yaxınlarda büdcə ilə bağlı qəbul olunan razılaşma nəticəsində büdcə faktorlarının çəkindirici təsirlərinin azalması ilə qismən bağlı olacaq.  

Avrozonada isə vəziyyət bir qədər fərqlidir. 2013-cü ilin nəticələrinə əsasən, bu regionda 0.4 faiz səviyyəsində olan resessiya müşahidə olunur. 2014-2015-ci illərdə vəziyyət bir qədər yaxşılaşacaq, artım templəri müvafiq olaraq 1 və 1.4 faiz təşkil edəcək. Bununla belə, artım templərinin yüksəlməsi bu və ya digər səviyyəsində maliyyə gərginliyi yaşayan Avropa ölkələrində (Yunanıstan, İspaniya, Kipr, İtaliya və Portuqaliya) nəzərəçarpacaq olmayacaq. 

Formalaşan bazarlara malik və inkişaf edən ölkələrdə iqtisadi artım 2014-cü ildə 5.1 faiz, 2015-ci ildə isə 5.4 faiz səviyyəsində gözlənilir. Çində 2013-cü ilin ikinci yarısında artımın ciddi canlanması baş verib, bu da əsasən sərmayə yatırımının fəallığının artımı ilə bağlıdır. Güman olunur ki, bu canlanma kreditin artmasının zəifləməsi və kapitalın də-yərinin artmasına görə müvəqqəti xarakter daşıyacaq. Bununla da proqnozlaşdırılır ki, 2014-2015-ci illərdə artım 7.5 faizədək düşərək, bir qədər azalacaq.

İqtisadi inkişaf etmiş ölkələr və Çin tərəfindən xarici tələbatın artması bir çox digər inkişaf edən ölkələrin iqtisadiyyatına müsbət təsir etməyə başlayır. Lakin bir çox ölkələrdə daxili tələbat gözləntilərdən aşağı səviyyədə qalır. Bu, 2013-cü ilin ortalarından maliyyə şəraitinin və iqtisadi siyasətin sərtləşməsi və eyni zamanda iqtisadi siyasətlə bağlı qeyri-müəyyənlik, xüsusilə investisiya fəallığını dayandıran siyasi proseslər ilə bu və ya digər formada bağlıdır. Lakin sonuncu investisiya fəallığının qarşısını alır.  

Ekspertlərin qiymətləndirmələrinə əsasən, dünya iqtisadi artımının möhkəmlənməsi, dünya iqtisadiyyatının təhlükə altında olması demək deyil. Dayanıqlı iqtisadi artımın təmin edilməsi və zəiflik faktorlarının tənzimlənməsi, bütün ölkələr üçün prioritet məsələ olaraq qalır. Bundan əlavə, formalaşan bazarlara malik və inkişaf edən ölkələrə kapital axınının mümkün dəyişməsi ilə bağlı olan risklərin ehtiyatla idarə edilməsi tövsiyə olunur. Mübadilə kurslarını xarici maliyyələşmənin pisləşməsinə cavab olaraq azaltmaq olar. Çinin iqtisadiyyatında bu yaxınlarda baş verən canlanma göstərir ki, artım dinamikasının əsas aparıcı qüvvəsi sərmayələrdir  və daxili tələbatın investisiyalardan istehlaka yenidən tarazlaşdırılmasını davam etdirmək vacibdir.

 

DB həmrəydir 

Digər iri maliyyə institutu - Dünya Bankı da ümumilikdə BVF ilə həmrəydir. DB qiymətləndirmələrinə görə, dünya iqtisadiyyatı dönüş nöqtəsinə çatıb. Bankın proqnozlarına əsasən, cari ildə dünya iqtisadıyyatı möhkəmlənəcək, bundan əlavə, inkişaf edən ölkələrdə artım templəri yüksələcək. Yüksək gəlirlər səviyyəsinə malik ölkələrin iqtisadiyyatları isə çox güman ki, beşillik böhrandan sonra sağalmaya doğru gedəcək.  

İnkişaf edən ölkələrdə artım templərinin yüksəlməsi yüksək gəlirlər səviyyəsinə malik ölkələrdə olan müsbət dinamika və Çində qorunub-saxlanılan inamlı artım ilə dəstəklənir. Lakin ABŞ Federal Ehtiyat Sistemi (FES) irimiqyaslı pul-kredit stimullaşdırma proqramını bağlamasına start verməsi şəraitində, artımın perspektivləri dünya bazarlarında faiz dərəcələrinin artması və kapital axınının mümkün qeyri-stabilliyi ilə bağlı münasib olmayan faktorlar qarşısında hələ də zəif görünür.

Məsələn, dekabrda FES aktivlərin aylıq alıcılıq həcminin 10 milyard dollardan 75 milyard dollaradək azaldılması barədə bəyan edib. Bunların gələcək azalması da gözlənilir. Avropa Mərkəzi Bankı və Yaponiya Bankı yeni stimulların mümkünlüyünü istisna etmir, çünki bu ölkələrin iqtisadiyyatları hələ də zəifdir. İngiltərə bankı yeni yatırımlardan imtina edib. Bununla da işarə edib ki, siyasətin sərtləşdirilməsi, çox güman ki, aktivlərin satılması ilə deyil, faiz dərəcələrinin artması formasında olacaq. 

Dünya Bankının proqnozlarına qayıdaq. DB-nin qiymətləndirmələrinə əsasən, yaxın üç il ərzində dünya iqtisadiyyatının artımı BVF-dən fərqli olaraq bir qədər ləng olacaq. Belə ki, bankın proqnozlarına əsasən, dünya ÜDM-in artım templəri 2013-cü ildə 2.4 faizdən 2014-cü ildə 3.2 faizədək artacaq, sonradan isə 2015-ci və 2016-cı illərdə müvafiq olaraq 3.4 və 3.5 faiz səviyyəsində stabilləşəcək. 

İnkişaf edən ölkələrin ÜDM artım templəri 2013-cü ildə 4.8 faizdən cari ildə 5.3 faizədək qalxacaq və sonradan isə 2015-ci ildə 5.5 faiz və 2016-cı ildə 5.7 faizə qədər artacaq.

Yüksək gəlirlər səviyyəsinə malik ölkələrə gəlincə isə onların iqtisadiyyatının artımını ləngidən büdcə konsolidasiyasının keçirilməsi və iqtisadi siyasətin qeyri-müəyyənliyi kimi amillər zəifləyəcək. Nəticədə, bu qrupda olan ölkələrin artım templəri BVF proqnozuna uyğun olaraq, 2014-cü ildə 2.2 faiz təşkil edəcək, sonradan isə 2015-2016-cı illərdə 2.4 faiz səviyyəsində stabilləşəcək. Yüksək gəlirlər səviyyəsinə malik ölkələr arasında bərpaolunma templərinə görə ABŞ liderlik edir: bu ölkənin ÜDM-i son on kvartal ərzində dayanmadan artır. Proqnozlara əsasən, bu il ABŞ iqtisadiyyatı 2.8 faiz, 2015 və 2016-cı illərdə isə onun artım templəri müvafiq olaraq 2.9 və 3 faizə qədər artmalıdır. Avrozonada bir-birinin ardınca iki il ərzində iqtisadiyyatın ixtisar olunmasından sonra 2014-cü ildə artım 1.1 faiz, 2015 və 2016-cı illərdə isə müvafiq olaraq 1.4 və 1.5 faiz səviyyəsində gözlənilir. 

Baxmayaraq ki, son beş il ərzində dünya iqtisadiyyatını təqib edən əsas kənar risklər zəifləyib, baza problemlər hələ də qalır. Bundan əlavə, inkişaf edən ölkələr dünya maliyyə böhranına cavab olaraq keçirdikləri büdcə və monetar stimullaşdırma tədbirlərinin hazırkı anda miqyası azalıb. Bir çox hallarda dövlət büdcəsinin saldosu və hazırkı əməliyyatların hesabların balansı mənfi göstəricilər sahəsində yerləşir.  

İndi dünya maliyyə bazarlarında əhəmiyyətli dərəcə kəskinləşməyə cavab olaraq hansı tədbirlərin görülməsi barədə fikirləşmək lazımdır. Kifayət qədər ehtiyat fondlarına və sərmayəçilərin mühüm dərəcədə etimadına malik ölkələr kapital axınını azaltması ilə bağlı problemlərin yumşaldılması üçün bazar mexanizmlərinə, eyni zamanda, yeni şəraitdə makroiqtisadi siyasətinə və bank sektorunun tənzimlənmə normalarına söykənə bilər. Manevrləri məhdud olan ölkələr, çox güman ki, kapital axınını stimullaşdırmaq üçün maliyyələşdirmə tələbatının azaldılması, ya da faiz dərəcələrinin artması üçün vergi-büdcə siyasətini tətbiq məcburiyyətində olacaq. Ciddi islahatların aparılması uzunmüddətli perspektivlər sayəsində sərmayəçilər tərəfindən etimadın artmasına gətirib çıxara bilər. Bu, xarici investisiyalarla birgə sərmayələrin artmasını və eyni zamanda ortamüddətli perspektivdə istehsal həcminin artmasını stimullaşdıran əlverişli hadisələr zəncirini işə sala bilər. 

Əgər BVF və DB-nin proqnozlarına nəzər yetirilsə, o zaman görmək olar ki, ən çətin vəziyyət Avropa iqtisadiyyatına, xüsusi ilə avrozonaya xasdır. Avropa Yenidənqurma və İnkişaf Bankının qiymətləndirilmələrinə əsasən, regionda iqtisadi canlanma templəri aşağı səviyyədə qalır.

AYİB iqtisadiyyatçıların qiymətləndirilmələrinə əsasən, 2014-cü ildə keçid iqtisadiyyatına malik regionda artım templəri 2.7 faiz səviyyəsində olacaq. 2013-cü ildə bu rəqəm 2 faiz təşkil edirdi. Bununla belə, formalaşan bazar iqtisadiyyatına malik ölkələr hələ də kapital itkisindən əziyyət çəkirlər. ABŞ-ın kredit-pul siyasətinin sərtləşməsi nəticəsində bu, çox güman ki, davam edəcək.  

Vəziyyətin yaxşılaşdırılması üçün region ölkələrinə struktur islahatları yenidən başlamaq,  problemli kreditlərin payının böyük olması və dur- ğun işsizlik səviyyəsi də daxil olmaqla, böhranın yaratdığı amillərlə ciddi işləmək təklif olunur.

 

Perspektivlər ümidvericidir 

Bütövlükdə beynəlxalq sərmayəçilər ABŞ başda olmaqla, inkişaf edən ölkələrin iqtisadiyyatının bərpa olunması fonunda dünya iqtisadiyyatının perspektivlərini son beş il ərzində daha da optimistcəsinə qiymətləndirirlər. 

"Bloomberg" agentliyinin apardığı sorğuya əsasən, sərmayəçi, treyder və analitiklərin 59 faizi iqtisadi perspektivləri qeyd ediblər. Optimistlərin sayı 2009-cu ilin iyulundan aparılan sorğuların tarixində ən böyük səviyyədə olub.

Bununla yanaşı, respondentlərin 66 faizi ötən ildən fərqli olaraq daha müsbət meyllərin olduğunu bildirirlər. Bunların da üçdəiki hissəsi əlverişli amil kimi inkişaf edən ölkələrdə iqtisadiyyatın möhkəmlənməsini göstəriblər. 

ABŞ-da iqtisadi vəziyyətin yaxşılaşmasını respondentlərin 72 faizi qeyd edib, halbuki bir il əvvəl bu fikirdə respondentlərin 53 faizi olub. Avrozonada analoji qiymətləndirməni 49 faiz verib, bu da ötən ilin yanvar ayının göstəricisini üç dəfə artırıb və 2011-ci ilin sentyabr ayından bəri ən maksimal göstərici sayılır. 

Pullar iqtisadiyyatın dalınca getməyə hazırdır: Respondentlərin 46 faizi ABŞ-ı bu il sərmayələr üçün ən cəlbedici bazar adlandırıblar. Avropa Birliyini isə respondentlərin 40 faizi seçib. Bu da müvafiq sualın 2006-cı ilin oktyabr ayında araşdırmaya daxil olunandan sonra maksimal göstəricisidir. 

Daha çox perspektivli bazarlar sırasında 33 faiz Braziliyanı, 29 faiz Çini, 27 faiz isə Rusiyanı adlandırıb. 

Bununla belə, "FTİ Consulting Inc."nin keçirtdiyi top-menecerlərin sorğusuna əsasən, Türkiyə, İspaniya və Polşa dünyaboyu mərkəzi banklar tərəfindən aparılan kəmiyyət yumşaltma (QE) proqramlarının dayandırılmasından sonra xarici investorlar üçün cəlbediciliyini ən çox itirəcək ölkələr sırasına daxil olub.

Bu sorğunun nəticələrinə əsasən, sorğu aparılan 1 064 beynəlxalq şirkətlərin rəhbərlərinin 47 faizi hesab edir ki, ucuz pulların axını azalandan sonra, Türkiyə aktivləri öz cazibəsini qismən itirəcək. İspaniya və Polşa ilə bağlı bu cür mövqeyə respondentlərin 46 faizi malikdir.

Bundan əlavə, sorğuda iştirak edənlərin üçdəbir hissəsi hesab edir ki, ABŞ və Almaniya bazarlarının cəzbediciliyi artacaq. Sorğu iştirakçılarının 40 faizindən çoxu hesab edir ki, stimullaşdırıcı tədbirlərin dayandırılması ABŞ, Almaniya və Çin bazarlarının xeyrinə olacaq. 

İspaniya, İndoneziya, Braziliya, Türkiyə, Polşa və CAR, çox güman ki, pul yatırımlarının azalmasından əziyyət çəkəcəklər. Belə, respondentlərin üçdəbir hissəsindən çoxu düşünür. 

Bununla belə, çoxları əmindir ki, 2016-cı ilin əvvəlinə qədər mərkəzi banklar faiz dərəcələrini artırmağa başlamalıdır  - bu cür, təxminən, şirkətlərin üçdəbir hissəsi fikirləşir.

Dünya iqtisadiyyatı canlanmaya doğru kiçik addımlar atır. Hələlik onlar kifayət qədər dayanıqlı deyil, çünki problemlər qalmaqdadır və universal təsir vasitələri istədiyi effekti vermirlər. Amma hər halda, vəziyyət müəyyən qədər pozitiv və yaxşı nəticələrə inam verir. Ona görə də pasient hələlik sağdır...



MƏSLƏHƏT GÖR:

495