13 Mart 2025

Cümə axşamı, 15:15

"SURİYA DİLEMMASI"

Deyəsən, böhrandan çıxış yolları haqda heç kəsdə aydın təsəvvür yoxdur

Müəllif:

28.01.2014

Dünya KİV-in diqqəti bütünlükdə ötən həftə ərzində İsveçrənin Cenevrə gölü sahillərində yerləşən Montre şəhərciyinə yönəlmişdi. Orada Suriya ilə bağlı mətbuat tərəfindən "Ce- nevrə-2" adlandırılan sülh konfransı keçirilirdi. Konfrans iştirakçılarının tərkibi kifayət qədər geniş idi: Suriya hökuməti və aparıcı müxalifətin təmsilçiləri, böhranın həllində hansısa formada maraqlı olan 40-dan artıq dövlətin təmsilçiləri.

Amma konfransın ən ilkin mərhələsi - Suriya hökuməti və müxalifəti arasında danışıqların başlanmasınadək olan mərhələ – Montredə diskussiyaların son dərəcə qızğın keçəcəyini göstərirdi.

Bu məqamda məsələyə bir qədər aydınlıq gətirək. İlk baxışdan konfransın keçirilməsində məqsəd geniş diskussiyalar, rəsmi danışıqlar, görüşlər və s. vasitəsilə problemin həllinin tapılmasıdır. Reallıqda isə razılaşmanı məsləhətçilər, xüsusi elçilər və digərləri hələ forumun startınadək hazırlayırlar. Bir çox mübahisəli məsələləri məhz onlar "yoluna qoyur", müəyyən mənada "düyünləri boşaldır", müəyyən məsələlərin həllini "sonra"ya saxlayır, rahat, tez həzm oluna bilən formul hazırlayırlar...

"Cenevrə-2"də isə bu cür ilkin mərhələ olmadı, konfrans iştirakçılarının tərkibi son anda müəyyənləşdi. Suriyanın mötədil müxalifətinin təmsilçiləri toplantıya qatılmaqdan boyun qaçırırdı. Onlar danışıqların yalnız Bəşər Əsədin hakimiyyətdən gedəcəyi təqdirdə mümkün olduğunu bildirirdilər. Əsəd isə istefa verməkdən qəti şəkildə imtina edir. O, hətta növbəti seçkidə də namizədli-yini irəli sürməyi düşünür.

Müxalifətçilərin konfransda iştirakı ilə bağlı məsələni yalnız son anda həll etmək mümkün oldu. Bunun üçün İran nümayəndələrinə tədbirdə iştirak etmələri üçün göndərilmiş dəvət geri çağırıldı. İranda isə məsələyə birmənalı yanaşdılar – İran prezidenti Həsən Ruhani BMT-nin bu qərarını belə şərh edib: "Biz ilk növbədə ona əminik ki, insanlıq vəzifəmiz Suriyada qan tökülməsinin qarşısının alınması, Suriya xalqının həyat şəraitinin yaxşılaşdırılması üçün əlimizdən gələni etməkdir. Regionda sabitlik bizim üçün vacibdir. Suriyada vətəndaş müharibəsinin getməsinə sakit yanaşa bilmərik. Dəvət məsələsinə gəlincə, məqsədin Suriya xalqına yardım göstərilməsi olan istənilən görüşdə iştirak etməyə hazırıq. Bəli, mən baş verənlərdən məyusam. Bu məyusluq şəxsim və ya ölkəmlə bağlı deyil. Məni məyus edən BMT və bu təşkilatın katibliyinin əməlidir".

Amma Tehranın konfransa qatılmaması heç də dialoqun asan keçməsinə yardım etməyib. Sülh konfransının rəsmi açılışından dərhal sonra, ABŞ-ın dövlət katibi kimyəvi silahdan istifadəyə görə məsuliyyəti Suriya hökumətinin üzərinə qoyub, Suriyanın Xarici İşlər Nazirliyi isə "Cenevrə-2" konfransında iştirak edən bəzi ölkə nümayəndələrinin "əlinin Suriya xalqının qanına batdığını" bildirib.

Suriyanın xarici işlər naziri hökumətin terrorçularla mübarizəni da-  yandırmaq niyyətində olmadığını de-yib, müxalifətlə danışıqların artıq ölkə ərazisində davam etdirilməsi təklifi  ilə çıxış edib. Newsru.com xəbər verir ki, buna cavab olaraq Fransanın XİN başçısı suriyalı həmkarını "aqressiv boşboğazlıq etməkdə" günahlandırıb, Əsəd hökuməti ilə terrorçuları isə "bir medalın iki üzü" adlandırıb.

Suriyanın xarici işlər naziri Valid Muallem ölkə ərazisində terrorçularla mübarizənin davam etdiriləcəyini deməklə yanaşı, prezident Bəşər Əsədin xalqın istədiyi qədər hakimiyyətdə qalmaq hüququnun olduğunu söyləyib. "Biz bir əlimizlə terrorçularla mübarizə aparacaq, digər əlimizlə demokratik cəmiyyət quracağıq", – deyə "İnterfaks"ın məlumatına görə, o, qeyd edib: "3 ildir terrorçuluqla mübarizə aparırıq və bu mübarizəni davam etdirəcəyik".

Əksər ekspertlər onun çıxışını, ilk növbədə, BMT-nin baş katibi Pan Gi Munla söz atışması kimi xarakterizə edirlər: Valid Muallem "reqlamenti aşmasından" xəbərdar edildikdə cavabı belə olub: "Siz Nyu-Yorkda yaşayırsınız, mən isə Suriyada".

Fransalı nazirin xatırlatdığı kimi, Suriya ilə bağlı Cenevrədə keçirilmiş ilk konfrans zamanı hadisə yerində vəziyyət kökündən fərqli idi. "O zaman terrorçular yox idi. Sadəcə bir tərəfdə Bəşər Əsədin son dərəcə zəif hakimiyyəti, digər yanda isə əhalinin əksəriyyəti var idi", – deyə o, bildirib. Fabiusun fikrincə, artıq münaqişənin əsas qüvvələri "bir tərəfdə Əsəd və onun rejimi, digər tərəfdə isə mübarizə aparılmalı olan terrorçular dayanır. Mötədil müxalifət isə onların arasında qalıb. Bəziləri Bəşər Əsədin bütün rəqiblərinin terrorçu olduğunu deyir. Bu, doğru deyil. Düşünürəm ki, Bəşər Əsədlə terrorçular arasında obyektiv alyans var. Bu, bir medalın iki üzüdür". Fransanın XİN başçısı hesab edir ki, "bu tərəflərin heç birini dəstəkləmək olmaz". "Dəstək ağıllı mövqedən çıxış edənlərə, insan haqlarının, azlıqların hüquqlarının müdafiəsini vacib sayanlara verilməlidir. Bütün çətinliklərə rəğmən, bu, mötədil müxalifət adlandırdığımız qüvvələrdir", – deyə nazir qeyd edib.

ABŞ-ın dövlət katibi Con Kerri isə öz növbəsində görüşün ilk gününün aralıq nəticəsini açıqlayıb. "Konfrans Əsədin nə dərəcədə təcrid duruma düşdüyünü aydın şəkildə göstərir", – deyə o, bildirib. Kerrinin fikrincə, Əsəd təkbaşına hakimiyyəti qoruyub-saxlaya bilməyəcək. Dövlət katibi Suriya prezidentini "terrorçular üçün əsas maqnit" də adlandırıb: "Nə qədər ki, Bəşər Əsəd hakimiyyətdədir, Suriyanı xilas etmək mümkün deyil". Con Kerri Suriyaya hərbi zərbələrin endirilməsi məsələsinin yenidən aktuallıq qazana biləcəyini də söyləyib. O, bunun ölkədə kimyəvi silah probleminin yenidən gündəmə gələcəyi təqdirdə baş verəcəyini söyləyib: "Suriyada hadisələrin gələcək inkişafından da çox şey asılı olacaq".

Sülhün əldə olunmasına ümid çox deyil. Müxalifət israrla Bəşər Əsədin hakimiyyətdən getməsini, keçid hökumətinin qurulmasını tələb edir, rəsmi Dəməşq isə bu tələbləri yerinə yetirməkdən qəti şəkildə boyun qaçırır. Bu konteksdə Suriya hökumətinin rəsmisi Safi Ayuş ilə jurnalist Xayvi Buzo arasındakı söz atışması da maraqlıdır. "Dojd" telekanalının məlumatına görə, jurnalistləri rəsmi Dəməşqin Suriyada yaşananlara münasibəti maraqlandırıb. Ayuş təmsil etdiyi nümayəndə heyətinin Montreyə Suriya xalqının naminə gəldiyini, münaqişənin həlli üçün vacib olan məqamlardan birinin terrorçuluğun kökünün kəsilməsi olduğunu bildirib. Aynuş Suriyada terrorun "Qərb ölkələrinin sayəsində" yayıldığını da söyləyib. RİA "Novosti"nin məlumatına görə, suriyalı jurnalist, müxalifətin tərəfində olan Xayvi Buzo buna cavab olaraq, Safi Aynuşu yalançılıqda günahlandırıb. O, səs tonunu artıraraq, Suriya hökumətinin, əslində, qətlləri təşviq etməkdə, müxalifətlə normal danışıqlara hazır olmamaqda günahlandırıb. Ayuş da jurnalistə eyni tonla cavab verib. O, hansı müxalifətdən söhbətin getdi-yini anlamadığını deyib, həmin qüvvələri "satqın, daha çox pul verənlər üçün musiqi ifa etməkdə" ittiham edib.

Təcrübə göstərir ki, görüşöncəsi fikir ayrıqıları nə qədər dərin olsa da, bu cür nüfuzlu nümayəndələrin iştirakı ilə keçirilən görüşlər əksər zaman sürüşkən, dumanlı formulların yer aldığı birgə kommunikenin təntənəli imzalanma mərasimi ilə bitir. Ən çətin mərhələ sonra, növbə əldə edilmiş razılaşmalara əməl edilməsinə çatdıqda başlayır - bunu hərə özünə əl verən formada şərh edir.

Suriya ilə bağlı vəziyyəti daha da qəlizləşdirən heç suriyalıların özlərinə də böhrandan çıxış yollarına dair aydın təsəvvürün olmaması, heç kəsin güzəştə getmək istəməməsidir. Bəşər Əsədin güc yolu ilə devrilməsi Qərb ölkələri üçün o qədər də çətin iş deyil. Amma Liviyanın nümunəsi göstərdi ki, diktaturanın devrilməsi heç də Suriyada fəaliyyət qabiliyyətli hökumətin qurulacağına, hakimiyyətin "Əl-Qaidə" terror şəbəkəsi  ilə əlaqəli "Cebhan ən-Nusra" və ya "İraqda və Levantada İslam Dövləti" qruplaşmasının əlinə keçməyəcəyinə heç bir zəmanət yoxdur. Bəşər Əsədin siyasi yaşamını davam etdirməsi şansı son dərəcə azdır. Üstəlik, bu halda Suriyada real hakimiyyət yenə də terrorçuların, bu dəfə "Hizbullah" təmsilçilərinin əlinə keçə bilər. Bir sözlə, "Suriya dilemması" öz mürəkkəbliyini qoruyub saxlamaqdadır. Siyasətçilərin dalandan çıxış yolları axtardıqları bir vaxtda ölkədə qan tökülməsi davam edir.



MƏSLƏHƏT GÖR:

528