Müəllif: Ceyhun NƏCƏFOV Bakı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə yanvar ayının II ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Məlum olub ki, Şıxlı-2 məntəqəsində suyun tərkibində fenollar normadan 5, Ağstafaçay su anbarında və Ağstafaçayda isə 4 dəfə artıqdır.
Ermənistanla sərhəd ərazidə Araz çayında da fenolların miqdarı normadan artıqdır. Araz çayı üzrə Horadizdə fenollar normanı 4, I Şahsevən məntəqəsində 2, Bəhramtəpədə isə 3 dəfə keçir. Bunun səbəbi Ermənistan ərazisindən çaya çirkabın axıdılmasıdır.
Hər iki çay üzrə bütün məntəqələrdə mis birləşmələri norma daxilində tərəddüd edir.
Ölkənin iqtisadi, sosial, ekoloji həyatı üçün böyük əhəmiyyət daşıyan bu transsərhəd çaylarında nazirlik tərəfindən hər il aparılan monitorinqlər çirklənmənin səviyyəsilə bağlı, demək olar ki, eyni nəticələr verir. Qeyd edək ki, yalnız Bakını içməli su ilə 2 boru xətti - Kür-1 və Kür-2 təmin edir. Kənd təsərrüfatı məqsədlərilə istifadə olunan son dərəcə geniş ərazilər bu çayın suyu ilə suvarılır, ölkənin ən böyük su elektrik stansiyası Kürün suyu hesabına işləyir, ölkənin ekoloji sisteminin əhəmiyyətli bir hissəsi bu çaydan asılı vəziyyətdədir.
Monitorinqin nəticələrindən də göründüyü kimi, Kürün çirklənməsi Gürcüstan ərazisində baş verir.
"R+" jurnalı bununla əlaqədar olaraq, qonşu ölkənin bir sıra strukturlarından monitorinqin nəticələrinin şərh olunmasını istəyib.
Tiflisin su təchizatını həyata keçirən "Georgian Water and Power" (GWP) şirkətinin baş direktorunun məsləhətçisi, professor Nino Kezevadze bildirib ki, onlar artıq "Çirkabsız Kür" layihəsinin reallaşdırılmasına başlayıblar. "Kürə axan bütün suları yoxlayırıq. Çaya rəsmi olaraq çirkli sənaye suları axıdılmır. Amma hələ ki, Kürün çirkab sularından qorunması sistemi tam qaydaya salınmayıb və təmizlənməmiş kanalizasiya tullantıları, yağış suları ilə birlikdə müxtəlif kimyəvi maddələr, birləşmələr çaya axır. Layihənin reallaşdırılmasına 2013-cü ilin payızından başlanılıb. Layihə çərçivəsində çirkab suları və kanalizasiya sistemləri bir-birindən ayrılır, yeni kommunikasiyalar yaradılır, köhnə kanallar bərpa olunur və yeni kanallara birləşdirilir", - deyə o, qeyd edib.
Tiflisin çirkab sularının Qardabanidə yerləşən kollektora istiqamətləndirilməsi planlaşdırılır. Həyata keçirilən layihə çərçivəsində həmin kollektor da yenidən qurulacaq və bu, çayın maye şəklində olan məişət tullantıları ilə çirklənməsinin qarşısını xeyli alacaq.
Bu istiqamətdə aparılan bütün təmir-bərpa işləri 2018-ci ilədək başa çatdırılmalıdır.
Gürcüstanın Ətraf Mühitin Mühafizəsi Fondunun direktoru Manana Devidzenin isə Kürün gələcəyilə bağlı fikirləri o qədər də nikbin deyil. O, hesab edir ki, çayın Gürcüstan ərazisindən çirklənməsinin qarşısını almaq üçün böyük həcmdə maliyyə vəsaitinə ehtiyac var, hökumətdə isə bu maliyyə yoxdur. "Gürcüstanda suyun istər məişət, istər də sənaye tullantıları ilə çirkləndirilməsi davam edir. Ölkədə metallurgiya zavodu və bir sıra digər müəssisələr fəaliyyət göstərir. Fenollar suya həm məişətdən, həm də çirkab və sənaye suları vasitəsilə qarışa bilər. Hələlik Kürün çirklənməsinin qarşısının alınması üçün hər hansı ciddi addımlar atılmır", - deyə o, "R+" jurnalına açıqlamasında bildirib.
M. Devidzenin sözlərinə görə, Gürcüstan, bu səbəbdən, transsərhəd çayları ilə bağlı konvensiyaya qoşulmayıb: "Konvensiyanı Kürü çirkləndirən daha bir ölkə olan Türkiyə də imzalamayıb. Hələ ki, kimin çaya daha çox çirkab axıtdığını müəyyənləşdirmək çətindir. Məsələ ondadır ki, bu konvensiyanı imzalamış ölkələr çayı çirkləndirdikləri üçün nəhəng həcmdə cərimələr ödəməlidirlər. Güman ki, hökumət sənədin imzalanmasını çayın çirkləndirilməsinin minimuma enəcəyi vaxtadək uzatmağa çalışır".
Devidze bildirir ki, Kürün su resurslarının qorunması son dərəcə ciddi problemdir və bu işdə Türkiyə, Gürcüstan və Azərbaycan səylərini birləşdirməlidirlər. Onun fikrincə, çayın qorunması üçün birgə proqram və plan hazırlanmalı, yeni təmizlə- yici sistemlərin inşasına böyük həcmdə vəsait xərclənməlidir. Bununla yanaşı, gürcü ekspert bildirir ki, Azərbaycanla sərhədə çatarkən Kürdə özünütəmizləmə başlayır və bu zaman bioloji və qeyri-üzvi çirkabların bir hissəsi çayın dibinə çökür. Bu səbəbdən də, Azərbaycanla sərhəddə suyun tərkibindəki çirkab, məsələn, Tiflis və ya Rustavidə olduğu qədər deyil. "Çayın özünü təmizləmə xüsusiyyətinin olması çox yaxşıdır. Amma Kür Azərbaycan ərazisində də çirklənir və bu, əsasən, kənd təsərrüfatı məhsullarının becərilməsi nəticəsində əmələ gələn axıntılar hesabına baş verir", - deyə M.Devidze qeyd edib.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Əvəzova Kür və Arazın çirklənmə səviyyəsində son illərdə ciddi dəyişikliyin olmadığını bildirir. "Çay sabit şəkildə çirklənir və bunu bizim araşdırmalarımızın nəticələri də təsdiqləyir. Bu çayların çirklənməsini önləmək üçün nə Gürcüstanda, nə də Ermənistanda tədbirlər görülür. Çaya daim sənaye, məişət tullantıları, biogen maddələr axıdılır. Ola bilsin ki, müəyyən mexaniki təmizləmələr aparılır. Amma 5-10 il əvvəl olduğu kimi, indi də suda fosfor, azot və sair birləşmələr var. Bu, Gürcüstan və Ermənistan ərazisindən çaya maye halında tullantıların axıdıldığını, bunun bioloji və kimyəvi təmizləmələr aparılmadan baş verdiyini göstərir", - deyə M.Əvəzova "R+" jurnalına açıqlamasında bildirib.
Kürün çirklənməsilə bağlı Azərbaycanda da vəziyyət yaxşı deyil. Amma ölkədə artıq çaya çirkab sularının axıdılmasının qarşısını almaq üçün tədbirlər görülür. Bu sahədə bir sıra proqramlar həyata keçirilir. Məsələn, ölkənin qərbində Kür Mingəçevir SES-dən, Yenikənd-Şəmkir su anbarlarından keçməklə, 30-40% təmizlənir. Lakin sonra Zərdab, Yevlax, Salyan, Şirvan rayonlarında çay yenidən çirklənir. Çayda suyun səviyyəsinin azalması çirklənmənin artmasına, suyun artması isə, əksinə, çirklənmənin azalmasına səbəb olur. Amma istənilən halda, qonşu ölkələrdə çaya əvvəlkitək çirkab suları axıdılır.
Əvəzovanın sözlərinə görə, Gürcüstan tezliklə transsərhəd çayları haqda konvensiyaya qoşulacaq. Bu, Gürcüstanın Avropaya inteqrasiya siyasəti yürütməsilə bağlıdır. Avropa strukturları bu ölkəyə transsərhəd çaylarında ekologiyanın mühafizəsi işində yardım göstərir. Bu məqsədlə Gürcüstanın konvensiyaya qoşulması və onun şərtlərinə əməl etməsi üçün ciddi maliyyə vəsaitləri ayrılıb.
Yeri gəlmişkən, Ermənistanda bu istiqamətdə heç bir iş görülmür. İrəvan sözügedən beynəlxalq konvensiyaya qoşulmaq haqda, ümumiyyətlə, heç düşünmür də.
Bəzi regional layihələrdə Azərbaycanla Gürcüstan Kür suyunun ekologiyasının qorunması istiqamətində birgə tədbirlər görürlər.
Gürcüstan-Azərbaycan hökumətləri arasında "Kürün su resurslarından istifadəyə dair əməkdaşlıq haqda" razılaşmanın layihəsi praktiki olaraq hazırdır və hazırda onu Azərbaycan XİN-i nəzərdən keçirir. Əvəzovanın sözlərinə görə, razılaşma artıq bu ilin yayında imzalana bilər.
Su kəmərlərilə axıdılan Kür su-yunun təhlükəsizliyinə gəlincə, o, prinsipcə, təhlükəsizdir. Çünki həmin su təmizləmə sistemindən keçirilir. Amma keyfiyyət baxımından onun qaynadılması məsləhətdir.
Transsərhəd çaylarındakı vəziyyət əsaslı və uzunmüddətli həllini tapmalıdır. Mütəxəssislərin proqnozlarına görə, gələcəkdə ölkələr neft və qaz uğrunda deyil, şirin su uğrunda mübarizə aparacaqlar. Planetdə içməli su ehtiyatı ildən-ilə azalır.
MƏSLƏHƏT GÖR: