25 Noyabr 2024

Bazar ertəsi, 01:44

PENSİYA PLYUS

Azərbaycanda pensiyaçılar arasında qeyri-nağd hesablaşmaların populyarlaşdırılmasına yönəlmiş layihəyə start verilir

Müəllif:

04.02.2014

Bir neçə il əvvəl Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (ADSMF) pensiyaların plastik kartlarla ödənilməsi sisteminə keçildiyini bəyan etdikdə bir çoxları özündən çıxmışdı - yaşlı adamların bankomatlarla əlləşməsi nəyə gərəkdir, bu mənasız fikirdir və sair. Amma illər keçdikcə pensiyaçılar plastik kartlara öyrəşdi, sistem nəinki həyat qabiliyyətli olduğunu sübut etdi, həm də onun vacibliyi, mütərəqqiliyi təsdiqləndi. Pensiyaların verilməsi zamanı korrupsiya hallarının praktiki olaraq, aradan qalxması faktının özü bankomatlarla işləyərkən çəkilən bütün əziyyətlərə dəyər.

ADSMF isə bununla kifayətlənməyərək, ildən-ilə yeni texnologiyaların tətbiqini genişləndirir. Artıq onlar pensiyanın hesablanması və onların alınmasında da  tətbiq olunur. Hələlik onların yaşlı nəslin nümayəndələri arasında kütləvi populyarlıq qazandığını söyləmək çətin olsa da, hazırda ölkənin bütün yaş qrupuna aid əhalisi arasında kompyuter bilikləri sürətlə genişlənir və demək, yaxın gələcəkdə qurumun bu mütərəqqi təşəbbüslərinə layiqli qiymət veriləcək. Bu, həm də onun son "Pensiya+" layihəsinə aiddir.

 

Pensiyaya əlavə?

Layihənin təqdimatı zamanı Azərbaycan Beynəlxalq Bankının idarə heyəti sədrinin birinci müavini Emil Mustafayev bildirib ki, banka məxsus bütün plastik pensiya kartlarında 100 manat həcmində faizsiz kredit xətti açılacaq. Layihənin vacib məqamlarından biri bank komissiyası da daxil olmaqla, heç bir əlavə xərcin nəzərdə tutulmamasıdır. Pensiyaçı istədiyi vaxt nəzərdə tutulan kredit məbləğini ABB ilə müqaviləsi olan ticarət obyektlərində xərcləyə bilər. Onun borcu gələn ay pensiyaçının kartına köçürüləcək və pensiya hesabından ödəniləcək. Bundan sonra, kredit limiti avtomatik olaraq bərpa olunacaq.

"ABB-yə məxsus bütün pensiya kartları (yalnız Dövlət Sosial Müdafiə Fonduna məxsus olanlar) avtomatik olaraq layihəyə qoşulur", - deyə E.Mustafayev bildirib.

İlkin mərhələdə layihə Bakının 2 rayonu - Nəsimi və Səbail rayonlarını əhatə edir. Sonra bütün paytaxt və nəhayət bütünlükdə ölkə layihəyə salınacaq.

E. Mustafayevin bildirdiyi kimi, ABB pensiyaçının istəyəcəyi halda kredit limitini artıracaq. Bunun üçün pensiyaçının bankın istənilən filialına müraciət edərək, müqavilə imzalaması kifayətdir. E.Mustafayev onu da deyib ki, kredit xəttinin maksimal limiti şəxsin aldığı pensiyanın məbləğindən artıq ola bilməz.

"Pensiya+" layihəsində əsas diqqət yetirilən məqamlardan biri ayrılan kreditin bankomat vasitəsilə nağd pul kimi əldə edilməsinin mümkünsüzlüyüdür. Pensiyaçı həmin pulu yalnız tərəfdaş obyektlərdə mal və ya xidmətə görə ödəniş kimi istifadə edə bilər. Hazırda bu şəbəkəyə onlarla supermarket, aptek, tibb ocağı daxildir.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin sözlərinə görə, obyektlərin seçimi və ödəniş mexanizmi bir sıra məqamlar nəzərə alınmaqla müəyyənləşdirilib. "Pensiyaçıların gəlirlərinin əsas hissəsinin ümumi istehlak məhsullarının, dava-dərmanın alınmasına, tibbi xidmətlərə görə ödənişlərin edilməsinə xərcləndiyi sirr deyil. İlk hədəf layihəyə, məhz, bu cür obyekt və təşkilatların qoşulması idi", - deyə E.Mehdiyev qeyd edib.

Kredit üçün ayrılmış məbləğin nağd vəsait kimi bankomatdan çıxarılmasının mümkünsüzlüyü haqda da danışan sədr bildirib ki, Fond, bununla, pensiya sisteminin əsas problemlərindən birinin həlli istiqamətində fəaliyyətə başlamaq niyyətindədir. Söhbət kartların istifadəsindəki son dərəcə qısa diapazondan gedir. Hazırda Bakıda və ölkənin regionlarında geniş bankomatlar şəbəkəsi yaradılıb. Regionlarda onların sayı, hətta mövcud normaları ötür. Amma buna baxmayaraq, bankomatlar qarşısında əksər vaxtlarda növbələr yaranır, vətəndaşlar bu aparatlarda onlara lazım olan əsginazların həddindən artıq tez tükənməsindən şikayətlənir. "Səbəb əksər pensiyaçıların hələ də plastik kartından məhsul və xidmətlərə görə ödəniş vasitəsi kimi istifadə etməməsidir. Onlar kartları daha çox pensiyanın nağd şəkildə əldə edilməsi üçün istifadə edirlər", - deyə E. Mehdiyev bildirib.

İlkin təəssürata baxmayaraq, bu vəziyyət bankomatdan istifadə edən digər kateqoriyaya aid vətəndaşlara da öz təsirini göstərir. E. Mehdiyevin sözlərinə görə, sözügedən layihənin reallaşdırılması qərarı da, məhz, bu səbəbdən qəbul olunub. 

 

Qeyri-nağd ödəmələr üçün stimul

Ekspertlər və dövlət strukturlarının təmsilçiləri ölkədə plastik kartlardan istifadənin səviyyəsinin aşağı olduğunu dəfələrlə dilə gətiriblər. Onlarla əlaqəli əksər əməliyyatlar əvvəlkitək vəsaitin nağdlaşdırılmasıdır. Kartlardan istifadənin daha geniş xarakter alması, o cümlədən ümumi ödənişlərdə qeyri-nağd ödəmələrin çəkisinin artırılması üçün bir sıra tədbirlər görülüb. Söhbət həm bu ödəniş növünün stimullaşdırılmasından, həm də bir sıra digər inzibati tədbirlərdən gedir. Əhalinin qeyri-nağd ödənişlərə marağının artırılmasının mümkün yollarından biri həm də  bəzi mal və xidmətlərə görə nağd ödənişlərin məhdudlaşdırılmasıdır. Bundan başqa, ticarət obyektlərində quraşdırılmış POS-terminalların sayı artmaqdadır. Bu da, öz növbəsində plastik kartlardan istifadə imkanlarını artırır. Eyni zamanda ölkədə maarifləndirmə xarakterli tədbirlər və aksiyalar həyata keçirilir.

Əhalinin əksər hissəsinin qeyri-nağd hesablaşmalara əvvəlkitək inamsız, yaxud şübhə ilə yanaşdığı heç kəsə sirr deyil. Bu, xüsusilə yaşlı nəslin nümayəndələrinə aiddir. Cibdə istənilən an "toxunmağın", hiss etməyin mümkün olduğu nağd pul hələ də çoxları üçün "əsl" maliyyə aləti sayılır. Plastik kart istifadəçilərinin, o cümlədən pensiyaçıların da kartlardan, əsasən, vəsaitin nağdlaşdırılması üçün istifadə etməsi də bununla izah olunur. Nəticədə, oraya çıxan problemlərin - bankomatlar qarşısındakı növbələrin, lazımi əsginazların çatışmazlığının sadəcə bankomatların sayının artırılması ilə həll olunması mümkün deyil. Bankomatların qurulması və istismarı kifayət qədər baha başa gəlir. Bundan başqa, növbələrin yaranmaması üçün, məhz, hansı əsginazlara daha çox ehtiyacın olacağını müəyyənləşdirmək də mümkün deyil. Adi hesablamalar göstərir ki, bunun üçün bankomatların sayının dəfələrlə artırılmasına ehtiyac var. Bu isə birincisi, iqtisadi baxımdan məqsədəuyğun de-yil, digər yandan hansısa anlarda onların qarşısında növbələrin yaranmayacağına zəmanət vermir. Bu variantla əlaqədar, problemin həlli üçün digər məqamlar da nəzərə  alınmalıdır: bankomatların vaxtında lazımi miqdarda əsginazlarla təmin olunması və inkassasiyanın həyata keçirilməsi.

Bu baxımdan, vəziyyətin dəyişdirilməsi üçün yeganə real vasitə vətəndaşların plastik kartlardan bilavasitə təyinatı üzrə istifadəyə bu və ya digər formada stimullaşdırılmasıdır. Burada söhbət heç də yalnız pensi- yalardan getmir.

"Pensiya+" kimi layihələr bu problemin həllinə ciddi töhfə ola bilər. Vətəndaşa əlavə vəsait lazımdırsa və onu nağdlaşdırmaq mümkün deyilsə, o, müəyyən mənada qeyri-nağd hesablaşmalardan istifadə etmək məcburiyyətində qalacaq. Bu, bir neçə dəfə təkrarlandıqdan sonra isə vətəndaş mal və xidmətlərə görə bu tip ödənişlərin daha asan və təhlükəsiz olduğuna inanacaq. Beləliklə, əhalinin bu haqda düşüncəsi tədricən dəyişəcək və onlarda plastik karta inam artacaq. Nəticədə, plastik kartlarla əməliyyatların sayı yalnız stimullaşdırıcı tədbirlər çərçivəsində deyil, insanların gündəlik həyatında da artacaq.

 

BİZİM ARAYIŞ

Bu gün Azərbaycan əhalisinin 10%-ni, yəni 1,27 milyonunu pensi-yaçılar təşkil edir. Ötən il Prezident İlham Əliyevin pensiyaların indeksasiyası və artırılması haqqında 2 sərəncamı icra olunub. Nəticədə, pensiyaların baza hissəsi 100 manatadək, orta aylıq pensi-yanın həcmi 170 manatadək artıb, yaşa görə pensiya əmsalı 45% təşkil edib. Bununla, ölkədə orta pensiya pensiyaçının yaşayış minimumunu 1,7 dəfə üstələyir. Halbuki 2003-cü ildə bu, hazırkı göstəricidən 2 dəfə az idi.

Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, pensiyaçıların 99,9%-i pullarını bankomatlar vasitəsilə vaxtında alırlar.

***

2013-cü il dekabrın 1-nə olan məlumata görə, ölkədə 2411 bankomat quraşdırılıb. Onlardan 1360-ı Bakıda, 1051-i ölkənin digər şəhər və rayonlarındadır. Bankomatların ümumi sayı 1 il ərzində 171 ədəd və ya 7,6% artıb. Ölkədə fəaliyyətdə olan POS-terminalların sayı 33301 ədəddir. Onların 29101-i Bakıda, 4200-i isə ölkənin di-gər şəhər və rayonlarındadır. 

***

Azərbaycan Mərkəzi Bankının 2013-cü il noyabrın sonuna olan məlumatına görə, ölkədə ödəniş kartlarının sayı 5,515 milyon ədəddir. 2012-ci ilin analoji dövrü ilə müqayisədə bu, 8,8% çoxdur. 



MƏSLƏHƏT GÖR:

712