25 Noyabr 2024

Bazar ertəsi, 02:39

ULDUZ SAYI

Azərbaycanda hotel biznesinə nəzarət gücləndirilir

Müəllif:

04.02.2014

Azərbaycanda ilk dəfə olaraq 2014-cü ildə mehmanxanalara və mehmanxana tipli obyektlərə qarşı minimal tələblər irəli sürülüb.

Bu zərurət ölkədə mehmanxana sənayesi obyektlərinin sayının ildən-ilə artması ilə əlaqədar yaranıb. Amma bunun hotellərin qiymət siyasətinə heç bir təsiri olmayacaq. Halbuki nəinki əksər istehlakçılar, hətta ekspertlər də bu sahədə vəziyyətin daha qəbuledilən olmasının vacibliyini bildirirlər. Məhz, hotellərin baha olması Azərbaycan vətəndaşlarının daha çox digər ölkələrdə istirahətə üstünlük verməsinin səbəblərindəndir. Onlar ölkə daxilində turizm sahəsində xidmət səviyyəsinin o qədər də yüksək olmamasına rəğmən, qiymətlərin çox baha olmasından şika-yətlənirlər.

Bəzi ekspertlər hesab edirlər ki, problem sadəcə hotellərdəki xidmətlərin bahalığında yox, həm də 3 ulduzlu kateqoriyaya aid mehmanxanaların azlığındadır. Sahibkarlar nədənsə 3 ulduzlu mehmanxanalar tikməyi lazım bilmirlər. Güman ki, onlar bu cür hotellərin daha az gəlir gətirdiyini düşünürlər. Amma dünya təcrübəsi göstərir ki, 5 ulduzlu mehmanxanalarla müqayisədə, məhz, bu tipli hotellər daha çox qazanc gətirir.

 

Məqsəd kəmiyyətin və keyfiyyətin yüksəldilməsidir

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yeni AZS 755-2014 "Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər" dövlət standartını təsdiqləyib. Məqsəd turistlərə göstərilən xidmətin keyfiyyətinin artırılması, mehmanxanalarda və mehmanxana tipli obyektlərdə personalın təhlükəsizli-yinin və peşə səviyyəsinin artırılmasını təmin etməkdir. Normativ sənəddə mehmanxanaların tipləri, mehmanxana və yerləşdirmə vasitələrinin minimal tələblərə uyğunluğunun qiymətləndirmə sisteminin təşkili, mehmanxana və bərabər tutulan yerləşdirmə vasitələrində yoxlamaların keçirilmə qaydaları haqqında tələblər mövcuddur.

Bundan sonra, hotellərdə monitorinq aparılan zaman bu tələblər əsas kimi götürüləcək. Azərbaycanda fəaliyyət göstərən mehmanxanaların və bu tipli obyektlərin yeni minimal tələblərə cavab verib-vermədiyini müəyyənləşdirmək üçün ilk yoxlamalar 2019-cu ildə keçiriləcək. Bu zaman obyektlərin son 5 il ərzindəki fəaliyyəti araşdırılacaq.

Bununla yanaşı, Mədəniyyət və Turizm Nazirliyi mehmanxana fəaliyyətinin lisenziyalaşdırılmasının daha da sadələşdirilməsi üçün müəyyən addımlar atmağı düşünür. Məsələn, artıq bu sahədə elektron xidmətlərin tətbiqinə başlanılıb. "Nazirliyə lisenziyalaşmanın sadələşdirilməsinə dair təkliflər gəlməkdə davam edir. Ola bilsin ki, gələcəkdə bu sahədə fəaliyyət sadələşdirilsin", - deyə nazirlikdən bildiriblər: "Bu gün lisenziya almaq istəyən şəxslər üçün sənədlərin toplanılması səviyyəsində sadələşdirməyə ehtiyac var".

Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı statistikaya görə, hazırda ölkədə yalnız 48 hotel və mehmanxana tipli obyekt dövlət təsnifatından keçib və ulduzlarının kateqoriyasına uyğun fəaliyyət göstərir. Onların 19-u 5 ulduzlu, 22-si 4 ulduzlu, 5-i 3 ulduzlu və 2-si 2 ulduzludur.

5 ulduzlu mehmanxanaların 15-i, 4 ulduzluların 12-si və 3 ulduzluların 4-ü Bakıda yerləşir. 2 ulduzlu hotellər isə respublikanın regionlarında fəaliyyət göstərir.

Hotellər üçün "ulduz kateqoriyası" 3 il müddətində qüvvədə olur. Azərbaycanda dövlət təsnifatından keçmiş əksər mehmanxanaların "ulduz" müddəti 2013-cü ilin dekabrında başa çatır və ya bu ilin yanvarında bitəcək. Həmin hotellər təsnifatdan 2010-cu ilin dekabrında və 2011-ci ilin yanvarında keçirilib. Hazırda nazirlik həmin hotellərə yenidən "ulduz verilməsi" üçün müraciətlərə baxır.

Qeyd edək ki, ölkədə fəaliyyət göstərən hotel və hotel tipli obyektlərin sayı 500-dən çoxdur... Belə çıxır ki, yerdə qalan obyektlərin hamısı "ulduz qeydiyyatı"ndan kənar fəaliyyət göstərir.

 

Vaxt azlığı

Mədəniyyət və Turizm Nazirliyi bu ildən lisenziyasız fəaliyyət göstərən hotellərə nəzarəti gücləndirməyi, onlara qarşı sərt tədbirlər görməyi planlaşdırır. Nazir Əbülfəs Qarayevin sözlərinə görə, burada əsas məqsəd Bakıda I Avropa Oyunlarının keçirilməsinədək lisenziyasız bir hotelin belə, qalmamasıdır.

Bakı son illər çoxlu sayda xarici qonağın iştirakı ilə keçirilən vacib tədbirlərin ev sahibinə çevrilib. Bu, qarşıdakı illərdə də belə olacaq. Məlum olduğu kimi, 2015-ci ilin iyununda Bakıda Avropa Oyunları keçiriləcək. 2 il sonra - 2017-ci ildə Azərbaycan İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bundan başqa, 2015-ci ilin mayında Bakıya 3-4 min adamın gəlişi gözlənilir -Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının illik iclası bu dəfə Bakıda keçiriləcək. Tədbirə Asiya İnkişaf Bankına üzv olan 67 ölkədən qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətləri, özəl və dövlət sektorunun nümayəndələri qatılacaqlar. Onadək isə Azərbaycan paytaxtında müxtəlif konfranslar, seminarlar, biznes-forumlar keçirilə bilər.

Bu cür tərdbirlərin ölkənin turizm biznesinin inkişafı baxımından əhəmiyyəti şübhə doğurmur: 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsinin Bakıda keçirilməsi ölkənin yeni turizm istiqaməti kimi, imicinə uzunmüddətli investisiya qoyuluşu oldu. İndi beynəlxalq turizm sərgi və yarmarkalarında Azərbaycana, onun turistlər üçün nə ilə maraqlı olacağına dair izahatlara ehtiyac qalmır. Mahnı müsabiqəsinin Azərbaycanda uğurla təşkili göstərdi ki, ölkə gələcəkdə istənilən nəhəng tədbirə ev sahibliyi edə bilər.

Lisenziyalı "ulduzlu" hotellərin sayının artırılması ilə yanaşı, əsas məqsədlərdən biri turizm sənayesində keyfiyyət göstəricilərinin də yüksəlməsinə nail olmaqdır. Nazir Ə.Qarayev artıq hotel biznesi sahəsində nəzarətin sərtləşdirilməsi haqda göstəriş verib. Bu, ötən ilin may-iyun aylarında regionlardakı mehmanxanalar və mehmanxana tipli obyektlərdə aparılan monitorinqlər zamanı ciddi nöqsanların üzə çıxmasından sonra baş verib. Daxili turizmin inkişafı baxımından bu, son dərəcə vacib məqamlardan biridir. Çünki son illərdə azərbaycanlılar ölkənin regionlarında daha çox dincəlməyə başlayıblar və Ə.Qarayev sahibkarların bu tendensiyanı nəzərə alacaqlarına əmindir.

Qeyd edək ki, Azərbaycanın nadir coğrafi vəziyyəti, dünyanın 11 iqlim qurşağının 9-nu özündə birləşdirən iqlim şəraiti, qədim tarixi və mədəniyyəti ölkədə turizmin bir çox növlərinin inkişafına imkan verir.

Məsələn, Bakıya gəlmiş turist paytaxtın tarixi abidələrilə yanaşı, şübhəsiz ki, şəhərətrafı bölgədə yerləşən nadir palçıq vulkanına, Qobustan qalaları üzərindəki rəsmlərə də maraq göstərəcək. Azərbaycanın turizm şirkətləri ölkədə müalicə-sağlamlıq turizminin də inkişaf etdirilməsini mümkün sayır. Bundan başqa, son illərdə qış istirahət növləri populyarlığını xeyli artırıb, idman, ekstremal və digər növ turizmin əlamətləri yaranmağa başlayıb.

Yeri gəlmişkən, Azərbaycanın uğurlu turizm ölkəsinə çevrilməsi üçün bütün vacib elementlər var: qonaqpərvər xalq, zəngin tarixi və mədəni irs, gözəl təbiət mənzərələri, dadlı mətbəx və son dərəcə əlverişli coğrafi şərait. Vacib olanı bunu layiqli formada təqdim etməyi bacarmaqdır. Bu halda istər maddi gəlirə, istərsə də ölkənin imicinin daha da yüksələcəyinə zəmanət vermək olar.



MƏSLƏHƏT GÖR:

622