Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Əhalinin kütləvi şəkildə avtomobil alması, həmçinin nəqliyyat, aqrar, inşaat və iqtisadiyyatın digər sahələrində yanacağa olan ehtiyacın artması ölkədə neft məhsullarına tələbatı dinamik şəkildə çoxaldıb. Bu gün bazarda benzin və dizel yanacağına olan tələbat, demək olar ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müəssisələrində istehsal olunan yanacağın həcmilə bərabərləşib. İndi SOCAR yanacaq bazarında sabitli-yin qorunması üçün neft emalı zavodlarından birində kataliz kretinq qurğularının müasirləşdirilməsinə start verir. Nazirlər Kabineti isə müvəqqəti yanacaq çatışmazlığının qarşısını almaq məqsədilə 4 ay müddətinə ölkəyə gətirilən benzinə aksiz və vergi tətbiqini ləğv edib.
Çıxış yolu
Müstəqil ekspertlər, son zamanlar isə elə SOCAR təmsilçilərinin özləri də ölkənin yanacaq bazarında neft məhsullarına tələbatın ciddi şəkildə artdığını etiraf edirlər. "Ölkədə benzin istehlakının həcmi, demək olar ki, onun istehsal həcminə çatıb. Burada ölkə vətəndaşları arasında şəxsi avtomobilə sahib olanların sayının sürətlə artması da öz rolunu oynayıb. Mümkün problemlərin qarşısının alınması üçün SOCAR yanacaq bazarında vəziyyətin yaxşılaşdırılması istiqamətində işləri davam etdirmək niyyətindədir: neftayırma müəssisələrin yenidən qurulması prosesi sürətləndiriləcək, bu, yaxın bir neçə ildə ümumi yanacaq istehsalını artırmağa, Euro-3 standartına uyğun benzin istehsal etməyə imkan verəcək", - deyə bu yaxınlarda SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
Dövlət Neft Şirkəti artıq yaxın zamanlarda Heydər Əliyev adına Neft Emalı Zavodunda kataliz kretinq qurğularının yenidən qurulmasına start verəcək. Eyni zamanda zavodun ümumilikdə istehsal kompleksinin müasirləşdirilməsi də davam etdiriləcək. Nəticədə, görülən işlər emal gücünün 2 milyondan 3 milyona qaldırılmasına, benzin istehsalının isə 450 min tona çatdırılmasına imkan verəcək. NEZ-in təmiri bir neçə aya başa çatdırılmalıdır. Lakin hökumət yerli yanacaq bazarının sabitliyinə təhlükə yarada biləcək hər hansı halın yaşanmaması üçün önləyici tədbirlərə başlayıb. Məsələn, Nazirlər Kabinetinin bu yaxınlarda qəbul etdiyi qərara əsasən, 2014-cü il iyunun 12-dək ölkəyə gətirilən Aİ-92 və Aİ-95 markalı benzinin 1 tonuna görə aksiz qiyməti 250 dollardan 1 dollara endirilib. İdxala görə nəzərdə tutulan 15%-lik gömrük rüsumu isə ləğv edilib.
Maraqlıdır ki, ölkədə yanacaq balansının sabitləşdirilməsi istiqamətində səylər kifayət qədər uzun müddətdir ki, görülür. Bu, ilk növbədə, iki NEZ - "Azərneftyağ" və Heydər Əliyev adına Neft Emalı Zavodunun iş yükünün artırılması hesabına həyata keçirilir. Bu za- vodlar, ümumilikdə, ildə 16 milyon ton neft emal etmək iqtidarındadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanın daxili bazarı üçün 5,2 milyon ton neft məhsulu istehsal olunub. Bu, 2012-ci ilin göstəricisindən 9,1% çoxdur. NEZ-in iş yükünün artırılması ilə ötən il avtomobil benzini istehsalını 1,41 milyon tona çatdırmaq mümkün olub. Bu, 1 il əvvəlki göstərici illə müqayisədə 8,5% çoxdur. Dizel yanacağının istehsalında artım 9,4% olub.
Amma istehsal həcminin artırılması ilə yanaşı, avtomobil yanacağına olan tələbat da dinamik şəkildə artır. Ötən il benzinə olan daxili tələbat 10,2% çoxalıb. İlkin hesablamalara görə, ölkədə 1,4-1,6 milyon ton arasında benzin istehlakı gözlənilir. Yəni ölkədə avtomobil yanacağına olan hazırkı tələbat praktiki olaraq, yerli NEZ-lərdəki istehsal həcmilə bərabərləşib. Hazırkı istehlak tempinin davam edəcəyi təqdirdə, bu və ya gələn il daxili bazarda benzin çatışmazlığı yaşana bilər.
Daxili bazarda artmaqda olan tələbatın ödənilməsi məqsədilə SOCAR hələ 2012-ci ilin 2-ci yarısından həm yerli neftdən, həm də Qazaxıstandan idxal edilən neftdən hazırlanan benzin ixracını dayandırıb. Qazaxıstanda fəaliyyət göstərən kiçik neft istehsalçıları kiçik həcmdə məhsulun daxili bazarda satılmasında problemlə üzləşir. Çünki magistral ixrac boru kəmərlərinə yalnız nəhəng istehsalçılar çıxa bilir. Məhz, həmin kiçik istehsalçılar öz məhsullarını emal üçün SOCAR-ın NEZ-lərinə yönəldiblər. Burada emal olunan neft hazır məhsul şəklində ixrac olunur. Yaranmış vəziyyəti özündə əks etdirən faktlardan biri Gürcüstandakı çoxsaylı SOCAR Petroleum Georgia yanacaqdoldurma məntəqələrində hazırda, əsasən, Rumıniyanın RomPetrol şirkətindən alınan Euro-4 standartlı benzinin satılmasıdır.
Qiymət artımı yaxşı haldırmı?
Amma benzin ixracının azaldılması və istehsalda cüzi artım yanacaq bazarındakı vəziyyəti qaydaya salmağın yeganə mexanizmləri deyil. Daxili tələbatın balanslaşdırılmasının yollarından biri də Tarif Şurasının 2013-cü il dekabrın 3-də əsas yanacaq növlərinin qiymətinin artırılması ilə bağlı çıxardığı qərardır. Həmin qərara əsasən, Aİ-95 markalı benzinin pərakəndə satış qiyməti 0,8 manat, Aİ-92 və Aİ-80 markalı benzinlərin qiyməti 0,7 manat, dizel yanacağının qiyməti isə 0,6 manatdır.
Maraqlıdır ki, Azərbaycanda yanacağın pərakəndə satış qiymətləri son dəfə 2007-ci ilin yanvarında dəyişdirilmişdi. Hətta 2010-cu ildə ölkədə Euro-2 standartına keçiddən sonra belə, bu sahədə hər hansı tarif dəyişikliyi baş verməmişdi.
Dünya təcrübəsi göstərir ki, yanacağın qiymətində kəskin artım inflyasiya təhlükəsi yaradır. Bu təhlükə, ilk növbədə, qərarın iqtisadiyyat üçün əhəmiyyətli həssaslıq effektilə bağlıdır.
Bu ssenaridən qaçmaq istəyən Azərbaycan hökumətinin təşəbbüsü ilə yanacaq bazarında qiymət artımı, orta hesabla, 30%-i keçməyib. Və bu, dünyadakı hazırkı neft konyukturuna rəğmən belədir. Üstəlik, bu gün artımdan sonra belə, Azərbaycanda benzinin qiyməti Avrasiya məkanında ən aşağı qiymətlərdən biridir. Müqayisə üçün qeyd edək ki, neft hasil edən Norveçdə Aİ-95 markalı benzinin 1 litrinin qiyməti payızda 2,43 dolları keçib. İtaliya və Niderlandda bu, 2,29 dollardır. Hətta iqtisadi inkişaf baxımından Azərbaycana yaxın olan postsovet ölkələrində belə, benzinin qiyməti heç də Azərbaycanda olduğundan ucuz deyil.
Benzin və dizel yanacağının bahalaşmasının müsbət tərəflərinə gəlincə, bu tədbirlər nəinki bazarda tələb və təklifin balanslaşdırılmasına kömək edəcək, həm də dövlət büdcəsinin mədaxil hissəsinə aksiz vergiləri hesabına daxilolmaları xeyli artıracaq. Bu xətlə daxilolmalar isə milyonlarla manatla ölçülür.
Ölkənin yanacaq bazarındakı vəziyyətin dəyişdirilməsi üçün daha bir uzunmüddətli stimul aprelin 1-dən etibarən, Euro-4 standartına keçilməsi qərarıdır. Avropa İttifaqında hələ 2005-ci ildə hazırlanmış və həyata keçirilmiş bu standart benzin və dizel yanacağı ilə işləyən mühərriklərə malik avtomobillərin atmosferə buraxdığı qazın tərkibindəki zərərli maddələrin miqdarını tənzimləyir. Məsələn, Euro-4 texnologiyası üzrə istehsal olunmuş avtomobillər kataliz neytrallayıcısı və ya təmizləmə filtri ilə təchiz olunur. Bu, avtomobilin atmosferə buraxdığı zərərli maddələrin həcmini 50% azaldır. Amma yeni standartın əsas üstünlüyü yanacağa ciddi şəkildə qənaət edilməsidir. Bu, ölkənin yanacaq balansının optimallaşdırılması üçün kifayət qədər əhəmiyyətli məqamdır.
Bu qərar, ilk növbədə, ölkəyə sözügedən standartlara cavab verməyən köhnə avtomobillərin gətirilməsinin qarşısını alır. Lakin hazırda SOCAR-ın müəssisələri tələb olunan keyfiyyətdə yanacaq istehsal etmək iqtidarında deyil. "NEZ-lərin hazırkı imkanları yalnız Euro-2 səviyyəsində benzin və Euro-3 səviyyəsində dizel istehsalına imkan verir. Euro-3 standartına uyğun benzin istehsalına yalnız 2015-ci ildə başlanılması planlaşdırılır", - deyə SOCAR-ın emal üzrə vitse-prezidenti Davud Məmmədov bildirib. Bu səbəbdən də, bu dərəcədə yüksək səviyyəli yanacağı hələ ki, idxal etmək lazım gəlir: məsələn, hazırda Azərbaycanın yanacaqdoldurma məntəqələrində Rumıniya istehsalı olan Aİ-98 benzini əldə etmək mümkündür.
Azərbaycanın yanacaqla bağlı problemlərinin həllində son nöqtəni yeni NEZ-in istismara verilməsi qoyulacaq. Söhbət 2023-2025-ci illərdə Qaradağ rayonunda fəaliyyətə başlaması nəzərdə tutulan zavoddan gedir. Orada Euro-5 standartına uyğun benzin istehsal olunacaq. Müasir neftayırma texnologiyalarının tətbiqi xammalın 95%-dək emalına imkan verəcək, açıq neft məhsullarının istehsalı isə ən azı 85% olacaq. İldə 10 milyon ton emal gücü olan NEZ-in istifadəyə verilməsi qarşıdakı 20 ildə ölkənin strateji neft məhsullarına tələbatının ödənilməsinə imkan verəcək.
Yeni kompleksin istifadəyə verilməsindən sonra Bakıda ötən əsrin 50-60-cı illərində inşa olunmuş, texnoloji baxımdan köhnəlmiş NEZ-lərin fəaliyyəti tədricən dayandırılacaq. Avadanlıqlarının köhnəlməsilə yanaşı, paytaxtın mərkəzində yerləşən bu müəssisələrin potensial ekoloji təhlükəsi də var. Sənaye müəssisələrinin Bakıdan kənara çıxarılması proqramı çərçivəsində onların söküləcəyi də istisna deyil.
MƏSLƏHƏT GÖR: