25 Noyabr 2024

Bazar ertəsi, 01:47

MAŞINLAR SİLİNMƏYƏ?

Azərbaycanda köhnə avtomobillərin utilizasiyası təklif olunur

Müəllif:

04.02.2014

Son 2 ay Azərbaycanda avtomobil sahibləri, həvəskarlar, hətta nadir hallarda belə, nəqliyyat vasitəsindən istifadə edənlər üçün hadisə və xəbər baxımından zəngin olub. Əvvəlcə yanacaq bahalaşdı, apreldən etibarən, Avro-3 standartına keçmədən, birbaşa Avro-4 standartına keçiləcəyi elan olundu, daha sonra avtomobil kreditlərinə məhdudiyyət qoyuldu və nəhayət, köhnə avtomobillərin utilizasiyasının mümkünlüyü haqda fikirlər meydana çıxdı.

Şübhəsiz ki, hökumət, eyni zamanda bir neçə məqsədə çatmaq  fikrinə düşüb - ölkənin avtomobil parkının ciddi şəkildə yenilənməsi, küçələrdə yüklənmənin azaldılması, yanacağa tələbatın ciddi şəkildə  artması ilə əlaqədar, yanacaq çatışmazlığının önlənilməsi və köhnə avtomobillərdən istifadə nəticəsində atmosferə atılan zəhərli maddələrin həcminin azaldılması.

Bəs, hökumət, həqiqətən, köhnə avtomobil sahiblərinə, maşınların dövriyyədən çıxarılması üçün pul ödəmək fikrindədirmi? Ümumiyyətlə, avtomobili necə utilizasiya etmək olar və bundan büdcəyə xeyir varmı?

 

Hökumət deyir ki, "lazımdır!" 

Beləliklə, bu günlərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbəri Ramiz Həsənov Azərbaycanda köhnə avtomobillərin utilizasiyasının vacibliyinə dair sensasion bəyanatla çıxış edib. Onun sözlərinə görə, ölkədə avtomobillərin sayının durmadan artması fonunda onların bir hissəsi yüksək ekoloji standartlara cavab vermir. Ekoloji vəziyyətin yaxşılaşdırılması və vətəndaşların sağlamlığının təmini məqsədilə belə avtomobillərin vətəndaşlara ziyan vurmadan, tədricən, dövriyyədən çıxarılması məsələsi aktuallıq qazanır.

Hazırda bu istiqamətdə fəal iş aparılır. "Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırma qaydası" AZS 635-2012 dövlət standartına əsasən, 2012-ci il mayın 1-dən Azərbaycan Respublikasına idxal olunan və ölkədə istehsal olunan avtomobil nəqliyyat vasitələrində (tam ötürücü transmissiyalı avtomobillər istisna olmaqla) ən azı bir təhlükəsizlik yastığı, əyləc sistemində isə "ABS" olmalıdır. Beləliklə, bu elementlərdən məhrum avtomobilləri istehsalı və idxalı da-  yandırılıb.

R.Həsənov bildirib ki, onun rəhbərlik etdiyi dövlət komitəsi avtomobillərin təhlükəsizlik sistemlərinə dair tələblərlə bağlı daha sərt standartlar hazırlayacaq. Bu, ölkənin avtomobil yollarında maksimal sürət həddinin artırılması (saatda 110 kilometrədək) ilə bağlıdır. Bu səbəbdən, təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsi vacibdir. R.Həsənovun sözlərinə görə, avtomobil sürücülərinin təhlükəsizliyinin təmini üçün tələb olunan təhlükəsizlik yastıqlarının sayının artırılması da mümkündür.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev də köhnə avtomobillərin utilizasiyasının vacibliyi haqda fikirlə razıdır. O, hesab edir ki, Azərbaycanda avtomobil parkının yenilənməsinə ehtiyac var və bunun üçün Nazirlər Kabineti müvafiq qərar qəbul etməlidir. Amma hazırda Azərbaycanda atmosferin çirklənməsini və ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin sayının azaldılması üçün istismar müddəti başa çatmış avtomobillərdən istifadənin qadağan olunmasına imkan verən qanunvericilik bazası yoxdur.

"Azərbaycanda köhnə avtomobillər utilizasiya edilməlidir. Ölümlə nəticələnən yol qəzalarının əksəriyyəti, məhz, istismar müddəti başa çatmış köhnə avtomobillərin iştirakı ilə baş verir. Amma bu gün yol polisi ölkədə köhnə avtomobillərdən istifadəyə qadağa qoya bilmir. Belə avtomobillər mexaniki baxımdan saz vəziyyətdə ola bilər. Amma onlar aşınıb və belə maşınların metalı zərbəyə davamlı olmur. Nəticədə, qəza baş verən zaman ölüm halları qaçılmaz olur. Belə avtomobillərdə təhlükəsizlik elementləri son dərəcə azdır. Qanunvericiliyimizdə, məsələn, istismar müddəti 30-40 ili ötmüş avtomobillərin istifadəsinə qadağa qoyan maddə yoxdur. Bunun üçün Nazirlər Kabineti müvafiq qərar qəbul etməlidir", - deyə K.Əliyev qeyd edib.

Ölkədə köhnə avtomobillərin utilizasiyası ideyasına daha bir dəstək ekologya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovdan gəlib. O da hesab edir ki, bu istiqamətdə mərkəzləşdirilmiş proqramın hazırlanması vacibdir: "Azərbaycanda avtomobillərin utilizasiyası üçün bütün şərait yaradılıb. Ölkədəki ekoloji durumu nəzərə alaraq, bu işi reallaşdıra bilərik".

Nazir respublikada köhnə avtomobillərdən istifadənin məhdudlaşdırılması istiqamətində işlərin aparıldığını söyləyib: "Amma problem hələ də qalmaqdadır. Çünki bu gün ölkəyə gətirilən avtomobillər də köhnəlir. Odur ki, belə bir proqramın hazırlanmasına ehtiyac daha da artır".

 

Çətin olsa da, mümkündür

Beləliklə, hökumət avtomobil sahiblərində maraq oyada bilib. Bu bəyanatlar avtomobil bazarının tənzimlənməsində iştirak edən ayrı-ayrı qurumları təmsil edən rəsmi şəxslərin dilindən səslənibsə, demək, niyyət kifayət qədər ciddidir. Bəs, bu ideyanın reallaşdırılması asandırmı?

Məsələ ondadır ki, köhnə maşınların utilizasiyası və onların sahiblərinə kompensasiyaların ödənilməsi yeni mexanizm deyil və o, dünyanın bir çox ölkələrində uğurla həyata keçirilir. Proqramın məqsədi köhnə avtomobillərin yenilərilə əvəzlənməsi prosesinin fəallaşdırılması, bununla da, yol hərəkətində təhlükəsizliyin daha yaxşı təmini, ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır.

Avropanın 12 ölkəsində utilizasiya olunmuş avtomobillərə görə mükafat ödənilir. Analoji proqramlar bu yaxınlarda ABŞ və Yaponiya hökumətləri tərəfindən də reallaşdırılmağa başlayıb. Bu sahədə ən uğurlu ölkə Almaniyadır. Orada 2009-cu ilin əvvəlində yaşı 9 ildən artıq olan avtomobillərin utilizasi- yasına görə, 2,5 min avro mükafat ayrılıb. Fransada 10 ildən artıq yaşı olan avtomobilə görə əlavə ödəniş 1-5 min avro arasında dəyişir. Bu, avtomobilin atmosferə buraxdığı zərərli maddənin həcmindən asılıdır. İtaliyadakı analoji proqrama görə, 9 ildən artıq istifadə olunmuş avtomobillərə görə, atmosferə buraxdığı zərərli maddələrin həcmindən asılı olaraq, 1500-6500 avro əlavə ödəniş edilir. Böyük Britani-yada yaşı 10-u keçmiş avtomobilə görə 2 min funt-sterlinq, İspaniyada 200 avro, Lüksemburqda 1500-1750 avro, Avstriyada 1500 avro, Portuqaliyada 100-1200 avro "utilizasiya mükafatı" verilir. Bu, proqramın icra olunduğu ölkələrin tam siyahısı deyil.

MDB-yə gəlincə, Rusiyada bu sahədəki federal qanun köhnə avtomobillərin sahiblərinə maşınlarını ya utilizasiyaya vermək, yaxud onun əvəzində yerli istehsal olunan yeni avtomobilin qiymətində güzəşt əldə etmək imkanı verir. Proqramın məqsədi köhnə avtomobillərin yenilənməsinə təkan verməklə yanaşı, həm də Rusiya avtomobil sənayesi məhsullarının satışının artırılmasıdır. Oxşar proqramlar hələ ki, o qədər uğurlu olmasa da, Ukraynada da həyata keçirilir. Qazaxıstan isə analoji proqramın icrasına hazırlaşır.

Bununla yanaşı, ekspertlərin qeyd etdikləri kimi, bu proqramın yerli avtomobil sənayesinin inkişaf etdiyi ölkələrdə daha uğurlu alınması tamamilə məntiqlidir: dövlət büdcədən köhnə avtomobil sahiblərinə müəyyən kompensasiyalar ödəyir, köhnə avtomobillər utilizasiya olunur, onun metalı yenidən avtomobil sənayesinə yönəldilir, yeni avtomobillər istehsal olunur, satılır, pullar isə büdcəyə qayıdır. Bu, rentabellik və maliyyə baxımından özünü tamamilə doğruldan mexanizmdir.

Azərbaycanda isə cəmi 1 avtomobil istehsalı zavodu var - Naxçıvan Avtomobil Zavodu. İnşasına 2008-ci ildə başlanılmış zavod 2010-cu il yanvarın 11-də istifadəyə verilib. 2009-cu ilin mayında Pekində keçirilmiş Azərbaycan-Çin biznes-forumu çərçivəsində NAZ və Chongqing Lifan Industry (Group) Imp.& Exp. Co., Ltd. avtomobil korporasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə "Lifan" markalı minik avtomobillərinin yığılmasını nəzərdə tutur. Hazırda NAZ ildə 5 min avtomobil istehsal etmək gücündədir. Lakin o, hələ ki, gücünün yarısı ilə işləyir. Yəni bu gün ölkənin iqtisadiyyatında ciddi rola malik tammiqyaslı avtomobil sənayesi haqda danışmaq olmaz.

Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov bildirir ki, utilizasiya proqramı da ölkəyə Avro-4 standartlarına cavab verməyən avtomobillərin gətirilməsinə qoyulmuş məhdudiyyət kimi, onların sayına az təsir göstərəcək. Çünki köhnə avtomobillər istənilən halda yenilərilə əvəzlənəcək. Yəni bu tədbirlərlə yolların yüklənməsi və tıxac probleminin həlli tam mümkün deyil. M. Pənahovun sözlərinə görə, bu məqsədlə Nəqliyyat Nazirliyində avtomobil yollarının genişləndirilməsi, yol ötürücülərinin tikintisi və sairlə bağlı fəal iş aparılır.

Beləliklə, demək, köhnə avtomobillərin utilizasiyası ideyasının əsas məqsədi ekoloji problemlərin həllidir. Bu da son dərəcə vacib məsələdir. Lakin utilizasiya proqramının bu gün rentabelli hala gətirilməsi son dərəcə çətindir. Alınmış avtomobillərin istifadəsilə bağlı dəqiq mexanizm yaradılmalı, onların necə istifadə olunacağı müəyyənləşdirilməli (xaricə göndərmək üçün orada alıcı tapılmalıdır, ölkədə istifadə olunması halında yerli metallurgiya sənayesinin imkanları nəzərə alınmalıdır və sair), avtomobil sahiblərinə ədalətli kompensasiyanın ödənilməsi məsələsi həll olunmalı, onlar üçün avtomobil kreditlərinin əldə edilməsi yolları sadələşdirilməli, dövlət büdcəsində "artıq" vəsait axtarılmalı və sair.

Prinsipcə, hazırda dövlətin bu işin öhdəsindən gəlməsi üçün kifayət qədər vəsaiti var. Lakin ekspertlər əmindirlər ki, bu proqram yalnız rentabellik məsələsilə bağlı ciddi araşdırmalardan sonra işə salınmalıdır. Bir sözlə, ideya yaxşıdır. Amma onun həyata keçirilməsi üçün böyük həcmdə işlər görülməli, ciddi araşdırma və təhlillər aparılmalıdır. Bu təklifin reallaşdırılmasına savadlı yanaşma ortaya qo-yularsa, həm avtomobil sahibləri udacaq, həm yerli sənaye sektoru, həm də hökumət.



MƏSLƏHƏT GÖR:

803