
"SLAVYAN BAHARI" TENDENSİYASI
Kiyevdə yaşananlar ölkədəki vəziyyətə görə məsuliyyəti hərbçilərin üzərlərinə götürdükləri Misirdəki ssenari ilə inkişaf edə bilərmi?
Müəllif: İrina XALTURİNA Bakı
Ukraynada ötən həftənin əsas hadisəsi, şübhəsiz ki, baş nazir Nikolay Azarovun istefası və yanvarın 16-da qəbul olunmuş "mürtəce qanunların" ləğvi oldu.
Azarov sələflərinin - Viktor Yuşşenkonun, Viktor Yanukoviçin - ittiham olunduğu nöqsanları təkrarlamaqda günahlandırılırdı...
Yanvarın 16-da qəbul olunmuş qanunlara gəlincə, onlar, məsələn, internetdə böhtan və ekstremist xarakterli məlumatların yerləşdirilməsini, maskalarda, dəbilqədə və digər "sifəti bağlayan vasitələrdə" mitinqə çıxmağı qadağan edirdi. Bu qanun əksər müxalifətçilər tərəfindən "Ukrayna parlamentarizmi dövrünün sonu" və Yanukoviçin şəxsi diktaturasının hökmranlığı kimi qiymətləndirilirdi. Lakin Yanukoviç "istila"sından kifayət qədər asanlıqla əl çəkdi.
Ukrayna parlamentində amnistiya haqqında qanun qəbul olundu. Qeyd edək ki, hökumətlə müxalifət arasında barışığa əsas maneə, məhz, o idi. Hökumət bütün zəbt edilmiş hakimiyyət və yerli özünüidarəetmə orqanları binalarının azad olunmasını, Kiyevin Qruşevski küçəsinin açılmasını, yəni faktiki olaraq, Avromaydanın buraxılmasını tələb edirdi. Bunun üçün müxalifətə 15 gün vaxt da verilmişdi. Qarşı tərəf isə bu tələblərə əməl olunmayacağını bəyan etməklə yanaşı, etirazların davam etdiriləcəyinə, hətta yeni toqquşmaların yaşanacağına dair hədələr səsləndirirdi.
Tyaqnibok, Yasenyuk və Kliçkonun simasında müxalifət Yanukoviçin hökumətdə vəzifə təkliflərini də rədd etdilər. Bu, başadüşülən idi. Birincisi, bu təkliflərin qəbulu müxalifət arasında birliyi dağıdacaqdı. Çünki Avromaydana "döyüş qabiliyyətli" insanları daha çox gətirən Tyaqnibok bu halda "oyundankənar" vəziyyətdə qalacaqdı. Ən başlıcası isə bu, müxalifətin üzərinə yalnız hökumətlə əməkdaşlıq etmək deyil, həm də onunla məsuliyyəti bölmək məsuliyyəti qoyacaqdı. Baş nazir postunu tutacaq Yasenyuk isə Rusiya ilə bütün maliyyə və qaz razılaşmalarını yenidən təsdiqləmək məcburiyyəti qarşısında qalacaqdı. Hökumətin təklifi qəbul olunardısa, Kliçko baş nazirin sosial məsələlər üzrə müavini postunu tutacaqdı və bu halda ictimai məsələlər onu ilk raunddan sonra nokauta göndərəcəkdi.
Ukrayna müxalifətinin pərakəndə halda olduğu, dəqiq hədəfə, böhrandan çıxış yolları ilə bağlı aydın plana malik olmadığı göz qarşısındadır. Deyirlər ki, Avromaydanın məqsədi yalnız hakimiyyətin dəyişməsinə nail olmaq yox, daha çox Ukraynanın, nəhayət, "postsovet inkişaf modelindən" qurtulmasıdır. Bəs, ölkənin yeni inkişaf modeli necə olmalıdır və ən başlıcası, ona necə nail olmaq olar? Bu haqda heç kim danışmır. Problem həm də artıq müxalifətçilərin tam dinc xarakterli etirazının alınmamasındadır. Ən azı ona görə ki, artıq hüquq mühafizə orqanları əməkdaşları arasında ölənlər və yaralananlar da var. Bu arada prezident Viktor Yanukoviç xəstələndiyi üçün məzuniyyətə çıxıb. Onun siyasi rəqibləri prezidentin yüksək hərarət içərisində olduğuna inanmırlar. Müxalifət liderləri hesab edirlər ki, dövlət başçısı, sadəcə, "diktator qanunları"nın ləğvinə imza atmağı, müxalifətçilər və beynəlxalq birlik nümayəndələrilə görüşləri uzatmağa çalışır.
Müşahidəçilərin fikirlərisə, həmişə olduğu kimi, haçalanır. Bəziləri hesab edir ki, Yanukoviç ölkədəki vəziyyətə nəzarəti itirir, başqa bir versiyaya görə, o, müxalifətə qarşı əla gediş edib və onları dalana dirəyib. İstənilən halda, Ukrayna prezidenti son dərəcə çətin vəziyyətlə qarşı-qarşıyadır. Yanukoviçin, məsələn, Ukraynanın şərq hissəsinin birmənalı dəstəyinə malik olduğunu düşünmək və bununla da, vəziyyəti sadələşdirmək son dərəcə yanlış olardı. Şərqdəki bir çox şəhərlərdə elektorat prezidentə qarşıdır və onu seçicilərinin maraqlarını satmaqda ittiham edirlər. İstənilən halda, Ukraynanı son andakı dönüşədək, məhz, Yanukoviç Avropaya inteqrasiya xəttilə aparırdı və əslində, hələ heç kim bunun, əslində, nə demək olduğuna aydınlıq gətirməyib. Siyasi hesablamada yanlışlıq? Yoxsa prezidentə badalaq gəliblər? Hər halda, bu cür qərarlar bir gün içərisində qəbul olunmur.
Beləliklə, ümumilikdə Ukraynadakı vəziyyətlə bağlı proqnoz vermək çətindir. Amma artıq bəzi tendensiyaları görmək mümkündür.
Birinci tendensiya - paradoksal
Belə çıxır ki, vəziyyətin acınacaqlı olmasına, insan tələfatına və ölkənin faktiki olaraq parçalanması haqda söhbətlərin başlamasına baxmayaraq, Ukraynada baş verənlərdə romantizm əlamətləri var, yaşananlar lətifələr, istehzalı şərhlər üçün mənbəyə çevrilib.
Məsələn, məşhur amerikalı satirik siyasətçi (rusiyalı Mixail Zadornov kimi) Avromaydanda yaşananlara münasibət bildirərkən, nümayişçilərin tərəfində olduğunu açıq şəkildə ifadə edir. Lakin əslində, o, müxalifətçilərin kimlər olduğunu bilmir, hətta Ukraynanın harada yerləşdiyinə dair çox az bilgiyə malikdir. Amma artıq bu "çatışmazlığı" aradan qaldırmaq olar - "The Washington Post" qəzetinin saytında "Ukrayna haqda sizin verməyə utanacağınız 9 sual" başlıqlı məqalə coğrafi və tarixi arayışla başlayır.
Hər kəsin Ukraynanı yaxşı tanıdığı Rusiyada isə əyləncə tam fərqlidir. "Ukrinform" xəbər verir ki, moskvalılar arasında Kiyevə "inqilab turları" böyük populyarlıq qazanıb - buraya gələnlər inqilab əhvalını hiss etmək istəyirlər. Ukraynaya səfərlər fərdi şəkildə təşkil olunur. Bu zaman Maydana və Qruşevski küçəsinə mütləq şəkildə baş çəkilir. Moskvada fəaliyyət göstərən şirkətlərdən birinin meneceri sosial şəbəkələrdə yazır: "Biz 4 nəfərlik heyətlə getmişdik. Maydanı gəzdik, insanlarla söhbətləşdik, özümüzlə çoxlu foto, suvenirlər gətirdik". Sonda o, əlavə edir: "Hətta Kliçkonu da gördük".
Sonsuz zarafatlara nümayişçilərin geyimi rəvac verib: xizəkçi dəbilqələri, Ukrayna bayrağı şəklində rənglənmiş mətbəx ləvazimatları, taxtadan kustar üsulla düzəldilmiş katapulta, yanan təkərlər. "Berkut" üzvlərilə bağlı isə internetdə başqa görüntülər yayılıb. Onlar... qalxanlarının üzərinə əyləşərək hündür təpəciklərlə sürüşürlər. Narahatlıq yaradan məqamlardan biri də nümayişçilərin öz şəhərlərinin mərkəzini böyük həvəslə dağıtmasıdır. İlkin hesablamalara görə, artıq Kiyevə dəymiş iqtisadi zərər 2,5 milyon dolları ötüb: yandırılmış binalar, kömürə dönmüş ağaclar, dağıdılmış küçələr...
İkinci tendensiya - hərbi-informasiya
Xəbər lentlərində və sosial şəbəkələrdə əsl döyüş gedir. Bu informasiya axını içərisində kimin yalan, kimin həqiqət söylədiyini anlamaq çətindir. Baş verənlərlə bağlı ən müxtəlif xəbərlər yayılır. Ukraynalı yazıçı və esseçi Yuri Andruxoviç "Le Temps" qəzetində Avromaydanın öldürülmüş, itkin düşmüş tərəfdarlarından yazır, Kiyevdə "ölüm eskadronları"nın olduğunu, onların Avropaya inteqrasiya tərəfdarlarını tutaraq meşələrə apardıqlarını, şaxtada soyunduraraq, işgəncə verdiklərini bildirir. Sübut kimi Ukrayna "Avromaydan"ının liderlərindən olan Dmitri Bulatov göstərilir. Guya, ona etirazçı kütlənin kimlər tərəfindən maliyyələşdirildiyini söyləməsi üçün görünməmiş işgəncələr verilib. Vaxtaşırı evlərin damlarında snayperlərin yerləşdirildiyinə, küçələrə rus desantlarının çıxarıldığına dair də xəbərlər yayılır.
Üçüncü tendensiya - maliyyə
Maraqlı detallardan biri ölkədə baş verənlərdə Ukrayna biznesinin rolu haqda çox az fikirlərin səsləndirilməsidir. Halbuki Ukraynada siyasətin yerli sahibkarlardan nə dərəcədə asılı olduğunu hər kəs bilir. Məsələn, "Insider" yanvarın 25-də xəbər verirdi ki, Kiyevdə prezidentin iştirakı olmadan, oliqarxların görüşü keçirilməli imiş. Görüşdə Rinat Axmetov, Dmitri Firtaş, İqor Kolomoyski və Pyotr Poroşenko iştirak etməli imişlər. Bəzi müşahidəçilər hesab edirlər ki, Ukraynada 2004-cü ilin Konstitusiyası (prezidentin rolunun azaldılmasını nəzərdə tutur) geri qaytarılarsa, həlledici sözü, güman ki, məhz yerli oliqarxlar deyəcəklər. Amma əsas sual odur ki, onlardan kim sona "sağ-salamat" qalacaq? Sosial şəbəkələrdə yer alan iddialara görə, "Avropa bankları Dmitri Firtaşın Grpoup DF şirkətinin fəaliyyətini maddi sabotaj etməyə başlayıblar... və artıq onlarla müqavilə ləğv edilib". Digər tərəfdən Ukrayna Sahibkarlar Federasiyası Firtaşı Rusiya gömrüyünün də "silkələdiyini" bildirir. Başqa bir məlumata görə, Axmetov şirkətini Rusiyadan olan mülkiyyətçilərə satmağa məcbur edilə bilər. KİV yazır ki, Rusiya ilə Ukrayna arasında ticarət müharibəsi yenidən qızışır və məqsəd Ukraynadakı iri biznes adamlarına təzyiq ola bilər.
Bununla yanaşı, hamını narahat edən Rusiyanın 15 milyard dollarlıq kreditinin taleyidir. Onun 3 milyard dollarlıq ilk tranşı artıq Kiyevə verilib. Dekabrda isə Rusiya ilə Ukrayna qazın qiymətinin, təxminən, 30% ucuzlaşdırılmasına dair razılıq əldə ediblər. Hələlik görünən odur ki, Moskva bu vədlərindən imtina etməyi düşünmür. Bu yaxınlarda keçirilən Rusiya-Aİ sammitində Rusiya prezidenti Vladimir Putin hər şeyin razılaşmaya, əsasən, həyata keçiriləcəyini bildirib. Bununla yanaşı, Rusiya baş nazirinin birinci müavini İqor Şuvalov hər şeyin "Ukraynanın yeni hökumətinin mövqeyindən asılı olacağını" söyləyib. Məsələyə "Qazprom" rəhbərinin müavini Aleksandr Medvedev də münasibət bildirib. "Rossiya 24" telekanalına müsahibəsində o, deyib ki, əslində, Kiyev 2013-cü ildə aldığı qaza görə yığılmış, təxminən, 3 milyard dollarlıq borcunu yanvarın 25-dək ödəməli idi. Ukraynanın enerji sektorunun rəhbərliyini Moskvada gözləyirdilər. Amma hökumət gözlənilmədən istefaya getdi. Bundan başqa, Medvedev Ukraynada yaşananların Avropaya qaz tranziti üçün risk yaratdığını da bildirib.
Dördüncü tendensiya - xarici
Qərb Ukrayna müxalifətinə dəstəyini davam etdirir. Bu dəstək özünü, əsasən, sözdə göstərir. ABŞ prezidenti Barak Obama ənənəvi "Ölkənin durumu haqqında" müraciətində Ukraynada demokratik azadlıqların təmin olunmasının vacibliyini bir daha vurğulayıb, onu haradasa Tunislə Myanma arasında göstərib. Kanadanın XİN başçısı Con Berd "nümayişlərin dağıdılmasına aidiyyəti olan" Ukrayna siyasətçilərinin Kanadaya daxil olmalarına məhdudiyyət qoyulduğunu xatırladıb. AŞPA-da qəbul edilmiş qətnaməyə görə, Ukraynada nümayişçilərə qarşı zorakılıq halları davam edərsə, rəsmi Kiyevə qarşı sanksiyaların tətbiqi məsələsi apreldə müzakirəyə çıxarıla bilər. NATO-nun baş katibi Anders Foq Rasmussen Ukrayna ilə assosiasiyanın Avropanın təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıya biləcəyini dilə gətirib. ABŞ dövlət katibinin müavini Viktoriya Nuland isə yenidən Maydana şəxsən baş çəkmək niyyətindədir. Amma hələ məlum deyil, özü ilə hədiyyələr gətirəcək, ya yox.
Beşinci tendensiya - parçalanma
Əslində, Ukraynanın parçalanmasının heç kəsin xeyrinə olmadığını görmək mümkündür. Sənaye baxımından inkişaf etmiş şərq regionları olmazsa, Qərbi Ukrayna Aİ-nin boynunda əlavə yük olacaq. Rusiya, sanki, Şərqi Ukrayna ilə birləşməkdən yalnız udardı. Lakin bu halda o, Moldovada, Rusiyanın cənubunda və Şimali Qafqazda hər an vəziyyəti qarışdıra biləcək gərginlik mənbəyi də qazanardı. Kimsə bundan belə qənaətə gələ bilər ki, sonda yoxsul iqtisadiyyatı və çaşqın xalqı olan Ukrayna heç kimə gərək deyil. Amma məsələ ondadır ki, o, öz-özünə nə qədər lazımdır? Avropaya, Rusiyaya deyil, Ukraynanın özünə nə lazımdır? Böyük resurslara - filizə, kömürə, dünyada qara torpağın üçdə birinə, o cümlədən əlverişli mövqeyə malik ölkə nədən bu cür acınacaqlı duruma düşüb? Ukrayna iqtisadiyyatının dağıdılması ilə hansısa konkret siyasi qüvvənin deyil, hamının məşğul olduğunu, demək, məsuliyyəti hamısının daşımasının vacibliyini etiraf edəcək, bundan sonra görülməli işlər haqda düşünəcək bir siyasətçi meydana çıxacaqmı?
Həqiqətən də, nə etməli? Yanukoviç Ukraynada vəziyyətin qaydaya salınması üçün "hökumətin üzərinə götürdüyü bütün öhdəliklərə əməl etdi-yini, amma müxalifətin aranı qarışdırmağa son qoymadığını" bildirir. Hökumətin müxalifətə verdiyi bütün təkliflər "Maydanın qapadılması bəhanəsi" kimi qəbul olunur. Amma müxalifətçilər bununla razılaşmaq istəmirlər. Çünki onlar Maydanın qapadılmasından sonra nə edəcəklərini bilmirlər. Müxalifətin qələbə qazanacağı təqdirdə, Ukraynanı hakimiyyət uğrunda savaş gözləyir. Yanukoviçin hakimiyyətdə qalması isə müxalifətlə əbədi savaş deməkdir.
Bütün bunların fonunda gözlənilmədən hərbçilər dilə gəlib. "Hərbçilər və Ukrayna Silahlı Qüvvələrinin təmsilçiləri dövlət qurumlarının güc yolu ilə ələ keçirilməsini yolverilməz hesab edir. Bu, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına vəzifələrini yerinə yetirmək imkanı vermir", - deyə Ukrayna Müdafiə Nazirliyinin saytında yerləşdirilmiş bəyanatda bildirilir. Bəyanatda qeyd olunur ki, ölkədə qarışıqlığın daha da artması Ukraynanın ərazi bütövlüyünü təhlükə qarşısında qoyacaq: "Hərbçilər və müdafiə idarəsi aparatının əməkdaşları vətəndaş mövqeyini ortaya qoyaraq, ölkədə sabitliyin yaradılması, ictimaiyyətdə barışığın əldə edilməsi üçün Ali Baş Komandanı qanunda nəzərdə tutulmuş təxirəsalınmaz tədbirləri həyata keçirməyə çağırır".
Doğrudanmı, Ukraynada yaşananların "ərəb baharı" ilə müqayisə olunaraq "slavyan baharı" adlandırılması əbəs deyilmiş? Görəsən, indi Kiyevdə də Qahirədə olduğu kimi, məsuliyyəti poqonlular öz üzərlərinə götürə bilərlərmi?
MƏSLƏHƏT GÖR: