
QIŞ ŞİDDƏTİ
Danışıqların bərpa olunması fonunda Ermənistan-Azərbaycan münaqişəsində hərarət təhlükəli həddə çatmaqdadır
Müəllif: Rasim MUSABƏYOV, politoloq, Milli Məclisin deputatı Bakı
Yanvarın son ongünlüyündə Ermənistan və Azərbaycan silahlı qüvvələrinin bütün təmas xətti boyunca gərginlik son dərəcə artıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Vaqif Dərxanlı "Trend" agentliyinə açıqlamasında bildirib ki, yanvarın 21-29-u arasında erməni tərəfi atəşkəs rejimini 1380 dəfə pozub. Erməni mənbələri isə atəşkəsi Azərbaycan tərəfinin pozduğunu, təxminən, 1500 belə halın qeydə alındığını iddia edir. Məsələ o yerə çatıb ki, Azərbaycan zirehli texnika və di-gər ağır silahları təmas xəttinə çəkib, aviasiya isə cəbhə boyunca nümayişkaranə şəkildə uçuşlar həyata keçirib.
Kəşfiyyat qruplarının qarşı tərəfə keçmək cəhdləri olub, snayperlər işə düşüb. Nəticədə, Azərbaycan Silahlı Qüvvələrinin zabiti, kapitan Cəfərov Elnur Cəfər oğlu və leytenant Əzizov Səbuhi Rüstəm oğlu həlak olublar. Ölkənin müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrilə onlar döyüş postlarında göstərdikləri şücaətə görə, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medala layiq görülüblər.
Ermənilər yaşanan insidentlər zamanı 2 hərbçisinin həlak olduğunu etiraf edir. Türkiyə mənbələri isə əslində, ermənilərin ciddi itki verdiyini bildirir. Təəssüf ki, atəşkəsin pozulması nəticəsində Azərbaycan tərəfdən mülki şəxslər də yaralanıblar.
Vəziyyətin nə qədər ciddi olduğunu göstərən daha bir məqam isə Prezident İlham Əliyevin tapşırığı ilə yanvarın 28-də Müdafiə Nazirliyində baş nazir Artur Rasizadənin sədrliyilə xüsusi iclasın keçirilməsidir. "Ermənistanla Azərbaycan arasındakı hərbi münaqişə regional təhlükəsizliyə əsas problemdir. Bu problem BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır", - deyə Azərbaycanın müdafiə naziri Zakir Həsənov Bakıya səfərə gəlmiş Özbəkistan müdafiə nazirinin müavini, Özbəkistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Şövkət Normatovla görüşdə bildirib. Z.Həsənov Azərbaycan ordusunun ölkənin ərazi bütövlüyünün bərpası, Ermənistanın işğalı altındakı ərazilərin boşaldılması üçün döyüşə başlamağa hazır olduğunu da söyləyib.
Serj Sarqsyan və onun müdafiə naziri Seyran Ohanyan isə genişmiqyaslı hərbi əməliyyatların bərpa olunacağını gözləmədiklərini, amma hadisələrin istənilən formada inkişafına hazır olduqlarını, müharibədən qorxmadıqlarını deyirlər. Bununla yanaşı, S.Ohanyan hazırda canlı qüvvə və texnika baxımından qüvvələr nisbətinin Ermənistanın xeyrinə olmadığını etiraf edib. Məlum olur ki, o daha çox ordusunun "unikal döyüş ruhuna" ümid bağlayır. Amma müstəqil erməni ekspertlər bu "üstünlüyə" də açıq şəkildə şübhə ifadə edirlər. Məsələn, Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kirakosyan "Azadlıq" radiosuna açıqlamasında deyib: "Azərbaycan ordusu indiyədək görünməmiş operativ bacarıqlar, peşəkarlıq, təkmilləşdirilmiş koordinasiya və taktiki manevrlər nümayiş etdirməyə başlayıb".
Hərbi qarşıdurmanın qızışdığı bir vaxtda, yanvarın 24-də Parisdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında əvvəlcədən planlaşdırılmış görüş olub. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Jak For, İqor Popov və Ceyms Uorlik, həmçinin qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşik də iştirak ediblər. Danışıqların detalları açıqlanmasa da, müzakirələrin konkret detallar üzərində aparıldığı məlumdur. Bununla yanaşı, erməni tərəfi adəti üzrə, təmas xəttindəki insidetlərin araşdırılması, snayperlərin təmas xəttindən uzaqlaşdırılması, qarşılıqlı etimadın təmini məsələlərini ümumlikdə münaqişənin nizamlanması məsələsindən ayrılıqda müzakirə etmək istəyir. E.Məmmədyarov isə öz növbəsində bildirib ki, erməni silahlıları işğal olunmuş Azərbaycan torpaqlarından nə qədər tez çıxarlarsa, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə bir o qədər tez nail olunar.
Minsk Qrupunun həmsədrləri isə qoşunların təmas xəttində zorakılıq hallarının davam etməsindən son dərəcə məyus olduqlarını bildiriblər. Onlar tərəfləri atəşkəs razılaşmasına tam və qeyd-şərtsiz əməl etməyə çağırıb, bu günlərdə baş vermiş insidentlərin danışıqlar prosesinə ziyan vurduğunu, sülhə nail olunması perspektivlərinə kölgə saldığını söyləyiblər. Həmsədrlər yaxın həftələrdə Azərbaycan və Ermənistan prezidentlərilə danışıqların davam etdirilməsi məqsədilə regiona səfər etməyi planlaşdırırlar. Dövlət başçıları arasında görüşə gəlincə, tərəflərin mövqelərində yaxınlaşma qeydə alınarsa, onlar fevralın ilk yarısında Soçidə qış Olimpiya Oyunlarının açılış mərasimi zamanı bir araya gələ bilərlər.
Hərbi gərginliyin artmasının nə ilə bağlı olması, bu halda sülh dialoqunun perspektivinin olub-olmadığı məsələləri açıq qalır. Ermənistan adəti üzrə, baş verənlərə görə məsuliyyəti Azərbaycan tərəfinin üzərinə yıxır, Bakının bu yolla Ermənistana və Dağlıq Qarabağa təzyiq göstərməyə çalışdığını iddia edir. Ermənilərin iddiasına görə, Azərbaycan bununla regional və dünyəvi fövqəldövlətləri müharibə təhlükəsinin olması ilə şantaj edir, onların İrəvana təzyiq göstərməsinə nail olmağa çalışır.
Azərbaycanın Prezident Adminis-trasiyasının rəsmisi, qurumun İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu iddialara cavab olaraq deyib: "Ermənistan hökuməti cəbhə xəttində vəziyyəti gərginləşdirməklə əhalinin ölkə daxilindəki gərginlikdən, sosial-iqtisadi vəziyyətdən yayındırmağa çalışır".
Azərbaycan XİN-in məsələ ilə bağlı yaydığı bəyanatda isə deyilir: "Təxribatçı əməllərini davam etdirən, hədələrlə çıxış edən Ermənistanın məqsədi vəziyyətin gərginləşdirilməsidir. İndi ermənilər cəbhə xəttində baş verənlərlə bağlı beynəlxalq birliyi və Ermənistan ictimaiyyətini aldatmaq üçün "etibarın yaradılması" və "sülh" tədbirlərindən danışır".
Bəyanatda daha sonra bildirilir ki, "Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdirilməsi BMT TŞ-nin qətnamələrinə, BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Bu, vəziyyətin gərginləşməsinin əsas səbəbi olmaqla yanaşı, münaqişənin sülh yolu ilə həllinə, regionda sülhün bərqərar olmasına da imkan vermir. Azərbaycanın münaqişənin həllilə bağlı mövqeyi tam aydındır. Bu mövqe beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin BMT TŞ-nin qətnamələrinə əsaslanır. Münaqişənin həlli üçün hər şeydən əvvəl Ermənistan Silahlı Qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Bu, regionda sülh və sabitliyin yaradılmasının ən qısa və effektiv yoludur".
Baş verənlərə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin nümayəndələri də münasibət bildirib. Məsələn, ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Mari Harf keçirdiyi brifinqdə güc tətbiqinin Dağlıq Qarabağ münaqişəsinin həlli yolu olmadığını söyləyib. "Biz hesabatları gördük və hər yerdə, o cümlədən burada insan tələfatının baş verməsindən təəssüflənirik. Mövqeyimiz dəyişməz qalır - güc tətbiqi bu münaqişəni həll etməyəcək. Bütün tərəfləri güc tətbiqindən və ya güc tətbiqi hədəsindən çəkinməyə çağırırıq", - deyə Xarf bildirib.
Rusiya Xarici İşlər Nazirliyi də Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artmasından narahatlığını ifadə edib. Qurumun saytında yanvarın 30-da yerləşdirilmiş bəyanatda bildirilir ki, gərginliyin daha da artması "2013-cü il noyabrın 19-da Vyanada keçirilmiş görüşdə (Ermənistan və Azərbaycan prezidentlərinin görüşü) əldə edilmiş razılaşmaların reallaşdırılmasını ciddi şəkildə çətinləşdirə bilər". Rusiya XİN-i münaqişə tərəflərini vəziyyətin sabitləşdirilməsinə yönəlmiş əlavə tədbirlər görməyə, 1995-ci il fevralın 4-də atəşkəs rejiminə dair əldə edilmiş razılaşmanın mexanizmlərindən istifadə etməyə çağırıb.
Ermənistan hökuməti və jurnalistləri kimdənsə Azərbaycanın ünvanına tənqidi fikirlər, ermənilərə dəstək sözləri almağa nə qədər çalışsalar da, istəklərinə nail ola bilməyiblər. Hətta KTMT-nin, yəni Ermənistanın da yer aldığı hərbi-siyasi ittifaqın rəsmiləri belə, təmas xəttində yaşananlara münasibət bildirməkdən imtina ediblər. Hətta Rusiyanın Gümrüdə yerləşən 102 saylı hərbi bazasının komandanlığı da məsələyə münasibət bildirməyib.
Bununla yanaşı, bəzi yerli və əcnəbi siyasi şərhçilər Rusiyanın məsələyə reaksiyasında gizli məna görürlər. Məsələn, Azərbaycan Prezidentinin sabiq dövlət müşaviri Vəfa Quluzadə Rusiya prezidenti Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh prosesinin iflasa uğramasında maraqlı olduğunu açıq şəkildə dilə gətirib. Yerli mətbuata açıqlamasında o, deyib: "Putin Qərblə Ukraynada getdiyi siyasi mübarizədə uduzmaqda olduğunu görür. Bu səbəbdən, o, Qərbin maraqlarına digər regionlarda, məsələn, Qarabağda duz səpmək qərarına gəlib. Amma Rusiyanın bu istiqamətdə daha qəti addımlar atacağını düşünmürəm. Soçidə keçiriləcək Olimpiya Oyunları başa çatanadək, Rusiya Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatlara icazə verməyəcək".
Moskvanın ermənilər vasitəsilə Azərbaycanı nəinki Rusiyanın inteqrasiya layihələrindən uzaqda dayandığına, həm də son zamanlar Qərblə hərbi inteqrasiya istiqamətində addımlar atdığına görə cəzalandırmaq istəyində olduğu da istisna deyil. Xatırladaq ki, Prezident İlham Əliyev bu yaxınlarda Brüsselə etdiyi səfəri zamanı NATO-nun baş katibi ilə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə dair danışıqlar aparıb. Görüşdə Azərbaycan HHM və RHM sistemlərinin Türkiyənin analoji sistemlərilə birləşdiriləcəyi, Xəzər hövzəsi və hava məkanına nəzarət üçün Amerika RLS-nin işə salınacağı bəyan edilib.
Amma başqa ekspertlər vəziyyəti dramatikləşdirməyə tərəfdar deyillər. Məsələn, polkovnik-leytenant Üzeyir Cəfərov bildirir ki, qoşunların təmas xəttində fövqəladə heç nə baş verməyib. Hansısa kəşfiyyat qrupunun düşmən ərazisinə daxil olmağa cəhd göstərdiyinə dair xəbərlər heç də ilk dəfə səsləndirilmir: "Belə cəhdlər olub, var və güman ki, gələcəkdə də olacaq. Sadəcə son günlər erməni tərəfi kütləvi şəkildə dezinformasiya yaymaqla məşğuldur".
Düşünürəm ki, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki insidentlərin qış vaxtı, xüsusilə də dağlıq ərazilərdə ağır silahlardan istifadə ilə hücum əməliyyatlarına keçmə ehtimalı azdır. Həm Ermənistanda, həm də Azərbaycanda ayıq başla düşünə bilən bütün siyasətçilər münaqişənin sülh yolu ilə həllinə alternativin, həqiqətən də, olmadığını anlayır. Amma danışıqlar yerində sayır. Ermənilər tərəflərin güc tətbiqindən imtinasına, Dağlıq Qarabağın işğalının referendum yolu ilə leqallaşdırılmasına nail olmaq üçün əllərindən gələni edirlər. Bununla yanaşı, onlar Azərbaycanın işğal edilmiş bütün ərazilərinin azad olunmasındakı qeyri-müəyyənliyin uzanmasını istəyirlər. Şübhəsiz ki, bu, Bakının maraqlarına cavab vermir. Bu səbəbdən də, bir sual açıq qalır: ermənilər və onların havadarları Azərbaycanı öz şərtləri çərçivəsində sülhə sürükləmək, danışıqlar prosesini uzatmaq və status-kvonu qoruyub saxlamaq cəhdinin gec-tez müharibənin bərpasına yol aça biləcəyini dərk edirlərmi? Bu məsələyə cavab artıq bu ilin fevralında, prezidentlər İlham Əliyev ilə Serj Sarqsyanın Soçidə keçirilməsi planlaşdırılan görüşündə verilə bilər.
MƏSLƏHƏT GÖR: