
DOĞRULMAYAN ÜMİDLƏR
Azərbaycan ATƏT-in Minsk Qrupunun diplomatik formullar və fəaliyyətsizliyindən bezib
Müəllif: Fuad HÜSEYNZADƏ Bakı
Ukrayna Dağlıq Qarabağ münaqişəsinin tərəfləri olan Azərbaycan və Ermənistanla ənənəvi olaraq mehriban qonşuluq münasibətlərini qoruyub saxlayan ölkələrdəndir. Məhz, bu səbəbdən, postsovet ölkələrindəki reallıqlarla yaxşı tanış olan bu ölkənin ATƏT-ə bu il etdiyi sədrliyindən gözləntilər böyük idi.
Bu baxımdan, ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojaranın münaqişə zonasına səfərini çoxları səbirsizliklə gözləyirdilər. Lakin gözləntilərin əksinə olaraq, ATƏT sədri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlarının yekununda Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini canlandırmaq niyyətində olduğunu göstərən heç bir fikir səsləndirmədi. Azərbaycan və Ermənistan ictimaiyyətləri arasında əlaqələrin inkişafına dəstək şəklində ümumi barışdırıcı bəyanatı nəzərə almasaq, ukraynalı diplomat rəsmi Kiyevin ATƏT-ə sədrliyə başladıqdan səsləndirdiyi fikirləri təkrar etdi: dondurulmuş münaqişələrin həlli Ukrayna tərəfi üçün prioritetdir, Kiyev ATƏT-ə sədrliyi dövründə bu münaqişələrin həllində müsbət dinamika əldə etmək üçün səylər göstərəcək. Bununla yanaşı, Kojara Ukraynanın ATƏT sədri statusunda qurumun 57 üzvünün hamısının adından danışdığını, bu üzdən onların hər birinin mövqeyinin nəzərə alındığını da dərhal fikirlərinə əlavə etdi. "Bu üzdən biz "kollektiv düşüncə"ni nəzərə almalıyıq", - deyə o, bildirdi.
Amma görünən odur ki, Azərbaycan az qala 20 ildir davam edən danışıqlar prosesində Bakı ilə İrəvana münaqişəyə son qoyulmasında köməklik göstərmək missiyasını üzərinə götürmüş ATƏT-in diplomatik xülasələrindən və faktiki olaraq, fəaliyyətsizliyindən bezib. E.Məmmədyarov elə ukraynalı həmkarının yanında Bakının böyük sülh razılaşması üzərində işə başlamağa hazır olduğunu dəfələrlə bəyan etdiyini xatırladıb. O, bu bəyanatlara rəğmən Ermənistanın məsələ ilə bağlı dövlət səviyyəsində qərar qəbul etməkdən yayındığını diqqətə çatdırıb.
E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsilə bağlı "dondurulmuş" ifadəsinin işlədilməsilə razı olmadığını da söyləyib. O, hazırkı status-kvonun qoşunların təmas xəttində mütəmadi şəkildə insan tələfatına yol açdığını xatırladıb. Bundan başqa, Elmar Məmmədyarov Ermənistan ordusunun həm beynəlxalq hüquq, həm də məntiq baxımından Azərbaycan ərazilərində qalmasının yolverilməz olduğunu söyləyib: "Mən ATƏT-in fəaliyyətdə olan sədrindən Minsk Qrupunun fəallaşdırılmasını istədim. Doğrudur, Qarabağ problemilə məşğul olan həmsədrlər var. Amma ATƏT-in Minsk Qrupu nadir hallarda toplanır".
Danışıqlar prosesinin özünə gəlincə, E.Məmmədyarovun sözlərinə görə, Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın XİN başçıları ilə görüşün hansı formatda baş tutacağını yaxın günlərdə açıqlayacaqlar. Hələlik bunun birgə görüş olacağı, yoxsa danışıqların hər nazirlə ayrılıqda aparılacağı məlum deyil. Görüş bu ay, yaxın günlərdə keçirilməlidir. Amma onun baş tutacağı dəqiq tarix də hələ ki, razılaşdırılmayıb.
ATƏT rəhbərliyinin Azərbaycanın XİN başçısının çağırışına əməl edib-etməyəcəyini zaman göstərəcək. Amma istənilən halda, Bakının bu təşkilatın, vasitəçi ölkələrin qeyri-müəyyən mövqeyindən, onların işğal faktını öz adı ilə çağırmaq istəməmələrindən narazılığı ortadadır. Həmsədrlərin və onların ATƏT-in simasında rəhbərliyinin münaqişəyə "təmiz kağız" mövqeyindən baxmağa çalışması, bu zaman bir sıra beynəlxalq qurumun qəbul etdiyi çoxsaylı qətnamələri, bəyanatları və digər sənədləri nəzərə almaması anlayışla qarşılana bilməz. Dünyanın ən nüfuzlu, ən baş təşkilatı olan BMT Təhlükəsizlik Şurasının 20 il əvvəl etdiyi qətnamələrdə Ermənistan qoşunlarının Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsi tələb olunur. AŞPA, Avropa Parlamenti, İslam Konfransı Təşkilatı və sair qurumların sonradan qəbul etdiyi sənədlərdə də eyni tələb irəli sürülür. Lakin vasitəçilər işğalçı Ermənistanı bu tələblərə əməl olunmasına məcbur etmək əvəzinə, yenidən velosiped kəşf etməyə çalışır, özlərini elə aparırlar ki, sanki problemin həllilə bağlı indiyədək heç bir qətnamə qəbul edilməyib. Əgər BMT TŞ işğalçıdan qoşunlarının işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edirsə, təcavüzkarın əməllərinə göz yummaq, ən yaxşı halda bunu həyata keçirməsi üçün onu dilə tutmaq nəyə gərəkdir? Azərbaycan tərəfini narahat edən də budur.
Ermənistanın bu tələbləri qulaqardına vurması, müəyyən mənada, anlaşılan olsa da, ATƏT-in qeyri-müəyyən mövqeyi bir sıra suallar doğurur. Bu vəziyyətə təəccüblənən artıq təkcə Azərbaycan deyil. Artıq ayrı-ayrı dövlətlərin rəsmiləri Ermənistanı Azərbaycan ərazilərinin işğalına son qoymağa daha tez-tez çağırırlar. Moldova parlamentinin hüquqşünası Aureliya Qriqoriunun doğma Kişinyovda yox, İrəvanda belə çağırış səsləndirməsi xüsusilə diqqətəlayiqdir. Xatırladaq ki, o, bu günlərdə Ermənistan parlamentində keçirilən konfransda Ermənistanın Azərbaycan ərazilərinin bir hissəsini işğal etdiyini açıq şəkildə dilə gətirib, üstəlik, erməniləri Xocalıda dinc əhaliyə qarşı soyqırımı törətməkdə günahlandırıb. Məlum səbəblərdən Qriqoriunun bu bəyanatı Ermənistan rəhbərliyini stupor vəziyyətinə salıb və onlar bu durumdan hələ də çıxa bilməyib. A.Qriqoriunun bu cəsarətli addımı bir çox beynəlxalq qurumların və üçüncü ölkə nümayəndələrinin Bakıda Azərbaycanın, İrəvanda isə Ermənistanın xoşuna gələn bəyanatlar səsləndirmək ənənəsinə öldürücü zərbədir. Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov A.Qriqoriunun bəyanatını cəsarətli addım kimi qiymətləndirib və ATƏT-in Minsk Qrupu həmsədrlərini ondan nümunə götürməyə çağırıb.
Qeyd edək ki, münaqişənin həlli üzrə vasitəçi olan ATƏT avratlantik məkanda Azərbaycanın münaqişənin nizamlanması prosesində daha fəal mövqe nümayiş etdirməyə çağırdığı yeganə qurum deyil. Bakı analoji çağırışla NATO-ya da müraciət edib. Ölkənin bu blokdakı nümayəndəsi Xəzər İbrahim Şimali Atlantika Alyansının Dağlıq Qarabağ münaqişəsinin həllilə yaxından məşğul olması üçün ciddi əsaslarının olduğunu söyləyib. "Qarabağda yeni müharibə başlayarsa, bütün regional infrastruktur təhlükə altına düşəcək. Bu, nəinki regionda, ondan kənarda da ciddi böhrana səbəb olacaq", - deyə o, qeyd edib. X.İbrahim bildirib ki, Azərbaycanın, həmçinin qonşu Gürcüstanın enerji infrastrukturunun təhlükə altında qalması enerji resurslarının Qərbə nəqlinin müvəqqəti dayandırılmasına yol aça, nəticədə Avropada neft və qaz bahalaşa, ciddi böhran yarana bilər. Üstəlik, regional boru xətləri heç də erməni hücumlarından sığortalanmayıb və yeri gəlmişkən, İrəvan hər imkanda buna işarə edir.
Beləliklə, Bakı nəhəng avratlantik strukturlar olan NATO və ATƏT-i Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə hansısa dinamika gətirmək üçün "tərpətməyə" nail olacaqmı? Çətin sualdır. Çünki beynəlxalq ictimaiyyət və Ermənistan münaqişənin mümkün qədər tez çözülməsində maraqlı olduqlarını bəyan etsələr də, status-kvonun dərhal dəyişdirilməsinə həqiqətən çalışan yeganə tərəf Azərbaycandır. Yaranmış vəziyyət Ermənistanı daha çox qane edir. Vasitəçi üçlük - Rusiya, ABŞ və Fransa da daxil olmaqla, beynəlxalq ictimaiyyət isə vəziyyətə etinasız yanaşır. Daha doğrusu, o, yeni müharibənin başlamamasına çalışır. Bu, əsas mövqedir və onu Ukrayna və ya rotasiya yolu ilə ATƏT-ə 1 il müddətinə sədrlik edəcək hər hansı digər ölkə çətin ki dəyişə bilsin. Bu, dünya ictimaiyyətinin status-kvonun dəyişdirilməli olduğuna inandırılmasına edilən cəhdlərin perspektivsizliyi anlamına gəlmir. Amma bu, həm də o anlama gəlir ki, Azərbaycan iqtisadi potensialını və hərbi gücünü artırmağa davam etməlidir. Çünki dünya yalnız ədalətli olanları yox, eyni zamanda güclü olanları eşidir.
MƏSLƏHƏT GÖR: