25 Noyabr 2024

Bazar ertəsi, 09:23

QEYRİ-REAL PULLARIN REALLIĞI

Yerli biznesmenlərin mühafizəkar olmalarına rəğmən, Azərbaycanda internet biznesi fəal şəkildə inkişaf edir

Müəllif:

09.07.2013

Mahir müəlliflərin fantastik əsərlərində dünyanın inkişafı ilə bağlı ən müxtəlif variasiyalarla və gələcəklə bağlı inanılmaz proqnozlarla rastlaşırıq. Amma ən əcaib fantaziya belə, İnternet və onun imkanları kimi məhsulu ilə öyünə bilməz. Dünyamız ləng də olsa, rəqəmsal, virtual dünyaya çevrilir. Bu, getdikcə həyatımızın adi qeyri-formal ünsiyyətdən başlayaraq, daha geniş hissəsini əhatə edir. Biznes sahəsi də bu durumdan kənarda deyil. Bəzən İnternetdə onun ən gözlənilməz formaları peyda olur.

 

İnternetdə biznes nədir?

İnternetdə istehsal olunan məhsulları şərti olaraq iki kateqoriyaya ayırmaq olar. Birincisi «real şəbəkə məhsulu»dur. Bu, veb-resurslar vasitəsilə real offlayn xidmət və məhsulların təklifidir. İnternetdə banklar, virtual mağazalar, real xidmət göstərən şirkətlərin saytları buraya daxildir.

İkincisi, «virtual şəbəkə məhsulu»dur. Burada söhbət virtual xidmət və məhsulların reallaşdırılmasından gedir - axtarış sistemləri, poçt, xəbər saytları, musiqi və film saytları.

Ümumilikdə İnternetdə biznes daha çox inkişaf etmiş, yüksək gəlirləri olan və İnternetə çıxışı olan ölkələrdə irəli gedib. Ən çox inkişaf etmiş ölkələrdə - ABŞ və Qərbi Avropada məhz «real şəbəkə məhsulları» daha çox irəli gedə bilib. Azərbaycanda, Rusiyada və yaxın ətrafdakı ölkələrdə isə əksinə, virtual sahəyə təlabat daha çoxdur: filmlər, seriallar, musiqi, kitablar, yəni, yalnız İnternet provayderə pul ödəməklə pulsuz əldə oluna bilən məhsullar. Ola bilsin ki, bunun səbəbi «əl ilə toxunulması mümkün olmayan şeyi almağa imkan verməyən» ağır sovet keçmişidir.

 

Hərəyə öz kontenti daha yaxındır…

Bir çox biznesmenlər, İnternet layihəsinin müəllifləri orijinal kontentin, yəni mahiyyətin, məzmunun yoxluğundan şikayətlənir. Axı Azərbaycanda auditoriyanın əksəriyyətini pulsuz film və musiqi saytalır cəlb edir. Yəni, orada onsuz da xarici saytlarda tapılması mümkün olan başqasının kontentindən istifadə edilir. Amma İnternet istifadəçisini maraqlandıra biləcək kontent daxili, şəxsi, orijinal kontentdir.

«Azərbaycanda İnternet biznesinin öz qanunları var. Xarici şirkətlərin bizim müştərinin mentalitetinə uyğunlaşması üçün zaman lazımdır», - deyə Bakının kreativ agentliklərindən birinin direktoru Fərhad Rzayev bildirir: «Yerli layihə müəllifləri əsasən artıq məşhurluq qazanmış uğurlu xarici ideyaların tətbiqilə məşğuldurlar. Hərdən elə olur ki, biznesmendə orijinal nəsə yaratmaq ideyası meydana çıxır. Amma o, buna risk etmir». Rzayevin dediyinə görə, onun şirkətində populyar oyunların Azərbaycana uyğun, yerli kaloritdə olan versiyasını yaratmaq ideyası var imiş. Amma bu ideya mümkün sponsor və podratçılardan heç birinin xoşuna gəlməyib: onlar bu ideyanı çox riskli sayıblar, oyunların satılacağına inanmayıblar. «Amma dəgir ölkələrdən götürülmüş - məsələn, İnternet vasitəsilə üzərində orijinal şəkil və mətn yazılmış maykaların satışı - layihələr də var, - deyə o, bildirir.

Rzayevin fikrincə, İnternetdə biznesin səviyyəsinə təsir göstərən daha bir vacib amil onlayn ödənişlərin səviyyəsinin aşağı olmasıdır: «Bizdə insanlar İnternet vasitəsilə ödəniş etməyə öyrəşməyiblər. İnternetdə biznesin əsasında isə bu dayanır - insan kompyuterin qarşısından qalxmadan asanlıqla istədiyi hər şeyi ala bilir».

Amma az da olsa, müsbət məqamlar da var. Bu, ilk növbədə mobil əlavələrin bazarındakı vəziyyətdir. Buradakı irəliləyiş təxminən 2 il əvvəl Azərbaycana 3G texnologiyasının gəlməsilə bağlıdır. Nəticədə insanlar iPhone Androidüçün əlavələr bazarına çıxış əldə edib. İndi bir çox şirkətlər əlavələrin hazırlanması ilə məşğuldurlar. «Bu bazar inkişaf edir. Amma biznesmentlər burada da eksperimentlərə getməkdən qorxurlar. Bu üzdən əksər vaxtlarda hazır alyihələr götürülərək bizə uyğunlaşdırılır», - deyə Rzayev qeyd edir.

Ümumilikdə tamamilə yeni sahə olan telefon üçün əlavələr bazarında İnternet biznesinin inkişafı göz qarşısındadır. Artıq bu işlə məşğul olan çoxlu sayda şirkət yaranıb. Burada həlliedici amil məhz alıcı üçün onlayn ödənişin asanlığı ola bilər.

Azərbaycanda İnternet biznesi bahalı sahə deyil. Amma orada gəlirin də çox yüksək olduğunu söyləmək olmaz. Bu sahədə bazara ilk olaraq çıxmış şirkətlər liderdir. Burada xərclərin dərhal çıxarılması da mümkün olmur. İndi gəlir gətirəcək sayt və ya layihə hazırlamaq üçün xeyli pul tələb olunur. Amma bundan sonra özünün, milli məzmunlu saytların çatışmazlığı problemi ortaya çıxır. Bu cür orijinal saytın yaradılması biznesmenlər üçün riskli təsir bağışlayır. Odur ki, başqa ölkələrdə olduğu kimi, İnternet vasitəsilə alqı-satqı etmək əvəzinə, Azərbaycanda İnternetdən yazışma, xəbərlərin izlənilməsi, pulsuz film və musiqinin əldə edilməsi üçün istifadə olunur.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, azərbaycanlılar biznes layihələrinin investisiyalaşdırılması məsələsində çox mühafizəkardırlar. «Yerli biznesmenlər dərhal gəlir əldə etmək istəyirlər. Bu üzdən də reallaşdırılması üçün zaman tələb olunan İnternet biznesə investisiya yatırmaq əvəzinə onlar şadlıq evləri tikirlər», - deyə O.Gündüz bildirib: «Halbuki, indi ən uğurlu şirkətlər məhz layihəni İnternet vasitəsilə reallaşdırmış qurumlardır. Bu gün dünyanın ən zəngin insanlarına nəzər salsaq, onların arasında Google, Facebook, Twitter və jigər nəhəng şirkətlərin rəhbərlərini görərik».

 

Biznes sosial şəbəkələrə keçir

Məlum olduğu kimi, son illərdə sosial şəbəkələr sürətlə uğur qazanmaqdadır. Əksəriyyətimiz saytlardan çox sosial şəbəkələrdə vaxt keçiririk. Spruce Media şirkətinin proqnozuna görə, 2013-cü il Facebook və reklam verənlər üçün uğur vəd edir. Hesabatda bildirilir ki, indi əksər brendlər sosial şəbəkələrə xərcləri artırmağı düşünür. Facebook şirkətinin maliyyə hesabatı isə göstərir ki, 2013-cü ilin ilk rübündə onun mədaxili 38% artaraq, 1,06 milyard dollardan 1,46 milyard dollara çatıb. Üstəlik bu artım Facebook sosial şəbəkəsində reklamın qiymətinin ucuzlaşmasına rəğmən qeydə alınıb.

Bakıda fəaliyyət göstərən, sosial şəbəkələrdə reklamların verilməsi üzrə ixtisaslaşmış reklam agentliklərindən birinin direktoru olan Vüqar Səfərov deyir ki, «şirkətlər hansısa mərhələdə sosial şəbəkələrdə reklamın ayrı-ayrı saytlardakından, televiziyalardan daha ucuz, daha effektli olduğunu anlayıblar. Sosial şəbəkələrin auditoriyası əsasən 18-24 yaşlı gənclərdir. Onlar məhsulları istehlak etməyə hazırdırlar və dünya brendləri sosial şəbəkələr vasitəsilə məhz onlara çıxırlar».

Bu gün şirkətin saytını İnternetdə yaratmaq və inkişaf etdirmək üçün yüzlərlə, hətta minlərlə manata ehtiyac yoxdur. Siz pulsuz olaraq sosial şəbəkələrdə qruplar yarada, onun vasitəsilə məhsullarınızı sata, xidmətlər göstərə bilərsiniz.

 

Danılmaz rahatlıq

 

Azərbaycanlıların İnternet biznesi sahəsində mühafizəkarlıqlarına baxmayaraq, son zamanlar o, inkişaf etməkdədir. Bu, əsasən alqı-satqı sahəsinə aiddir. Dünənədək super marketləri gəzən evdar qadınlar belə, bu gün özünə lazım olan mal və xidmətləri klavyaturanın düyməsinə toxunmaqla seçir. İnkişafın isə əlbəttə ki, üstünlükləri var. Eyni şey biznesmenlərə də aiddir. Çünki şəbəkədə özlərinə virtual məkan yaratmaları onları real obyekt əldə etməkdən, ona görə ödənişlərdən xilas edir. Ümumilikdə belə bir virtual şirkətin personalı şəhərin müxtəlif tərəflərində əyləşməklə elə həmin şəbəkə vasitəsilə əlaqə saxlaya bilərlər. Bu, şirkəti əlavə xərclərdən də xilas edir. Onlar nə ofisə görə icarəhaqqı, nə də onun saxlanılması üçün əlavə ödənişlər ödəməli olurlar.


MƏSLƏHƏT GÖR:

479