14 Mart 2025

Cümə, 22:36

ÇİN TAPMACASI

Sintszyan-Uyğur muxtar rayonunda yenidən kütləvi iğtişaşlar baş qaldırıb

Müəllif:

09.07.2013

Son həftələrdə Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur muxtar rayonunda (SUMR) vəziyyət yenidən gərginləşib. Müstəqillik tələb edən uyğur hərəkatının fəallaşması Pekini həm milli azlıqların hüquqlarının təmini, həm də ÇXR-in ərazi bütövlüyünün müdafiəsilə bağlı bir sıra məsələlərlə qarşı-qarşıya qoyub.

Hər şey Çin məhkəməsinin 19 yaşlı uyğurlar haqqında müxtəlif müddətə azadlıqdan məhrumetmə cəzaları çıxarması ilə başlayıb. Məhkəmə onları milli ədavəti qızışdırmaqda və dini ekstremizmdə təqsirli bilib. KİV-də yer alan xəbərlərə görə, bu cəzaya səbəb həmin gənclərin «müqəddəs mübaribə»yə və «ictimai əsayişi pozmağa» çağıran saytlara girməsi olub.  Bu cür saytların təsiri altına düşənlər «dini ekstaz» halında çinlilərin evlərinə soxulur və əllərinə keçən əşyaları sıdırıb-dağıdırlar.

Məhkəmə prosesinin ardından SUMR-da kütləvi iğtişaşlar başlayıb. Toqquşmalar zamanı ən azı 35 nəfər həlak olub. Soyuq silahlarla silahlanmış insanlar polis məntəqələrinə, yerli administrasiyanın binasına və muxtariyyatın inzibati mərkəzi olan Urumçinin 200 kilometr cənub-şərqində yerləşən Lukkun (Lukszyun) şəhərindəki tikinti meydançasına hücum çəkiblər. Daha sonra bıçaqlarla silahlanmış təxminən yüz uyğur motosikletlərlə Hotan şəhərindəki polis məntəqəsinə hücum ediblər. Bundan başqa, 200-dək insan şəhərin ticarət rayonuna basqın etməyə cəhd göstərib.

Baş verənləri qiymətləndirən zaman nəzərə almaq lazımdır ki, SUMR-da milli zəmində münaqişələr nadir hadisə deyil. Muxtariyyat əhalisinin yarısını müsəlman olan türk xalqı - uyğurlar təşkil edir. Son hadisələr rayonda 4 il əvvəl baş vermiş qanlı iğtişaşların ildönümü ərəfəsində qeydə anlınıb. Xatırladaq ki, 2009-cu il iyulun 5-də Urumçidə uyğurlarla etnik çinlilər (xanlar) arasında baş vermiş şiddətli toqquşmalarda rəsmi məlumata görə, 197 nəfər ölmüş, 2 minədək insan isə yaralanmışdı.

Ümumiyyətlə, SUMR Mərkəzi Asiyanın vaxtilə Çinin («sovet» Mərkəzi Asiyasında olduğu kimi, rusların yox) müstəmləkəsi olmuş bir hissəsi sayılır. Uyğur torpaqlarının Çinin tərkibinə daxil edilməsindən, yəni, XVIII əsrin ortalarından sonra uyğurlar 400-dən çox qiyam edib. 1944-cü ildə onlar hətta Şərqi Türküstan Respublikasını elan edə bilmişdilər. Lakin Sovet İttifaqının dəstəyindən məhrum olan kimi, respublika dağıldı (İosif Stalin «uyğur məsələsi»nə görə Çin kommunistlərilə qarşıdurmaya getməmək qərarına gəldi»).

Pekin Sintszyan-Uyğur muxtar rayonunda demoqrafik vəziyyəti dəyişmək məqsədilə bu bölgəyə etnik çinlilərin köçürülməsi siyasəti yürütməklə, orada sözügedən əhalinin sayını xeyli artıra bilib. 1940-cı ildə orada əhalinin yalnız 5%-i etnik çinlilər idilərsə, indi onlar muxtariyyat əhalisinin 40%-dən artığını təşkil edirlər. Bu üzdən də uyğurlar hökuməti uyğur etnosunun kökünü kəsməyə, onun mədəniyyətini ləğv etməyə çalışmaqda günahlandırır.

Pekin isə öz növbəsində hesab edir ki, uyğur separatizmi Çinin ərazi bütövlüyünə təhlükədir. Bununla yanaşı, çinlilər əmindirlər ki, uyğur milli hərəkatı əslində dini hərəkatdır. Bu üzdən də Pekin SUMR müsəlmanlarını total nəzarətdə saxlamağa çalışır. İnanclı uyğurların həyatı demək olar ki, tam şəkildə dövlətin dini komitələrinin nəzarətindədir. Çin hökuməti müsəlmanların məscidlərdə ibadət etməsini məhtudlaşdıran tədbirlərə əl atır. Məsələn, dövlət qulluqçuları və yaşı 18-ə çatmamış şəxslərin məscidlərə getməsi qadağandır.

Pekinin iddiasına görə, mutariyyat ərazisində «Şərqi Türküstanın islam hərəkatı» adlı terrorçu təşkilat fəaliyyət göstərir, o, xaricdən, xüsusilə Pakistanın islamçı yaraqlılarından yardım alır. Millətçi və islamçı şüarlarla çıxış edən uyğur qruplaşmasının Axmat adlı liderinin həbsində də «islam amili» var. Çin hökuməti iddia edir ki, o, bu yaxınlarda hökumət obyektləri və polis məntəqələrinə edilmiş hücumların təşkilatçısıdır.

Pekin uyğurların dini ekstremist olduqlarını sübut etmək üçün SUMR-dakı iyun iğtişaşlarını Suriyadakı müharibə ilə əlaqələndirir. Çin hökumətinin məlumatına görə, uyğur separatçılar silahlı Suriya müxalifəti tərəfindən döyüşlərdə iştirak edirlər. Guya uzaq ərəb ölkəsindəki qiyamçılar uyğur ekstremistlərə təlimlər keçir və məhz həmin döyüşçülər qiyam qaldırmaq, terror aktları törətmək məqsədilə SUMR-a göndərilir.

Qərbi Avropada fəaliyyət göstərən Ümumdünya Uyğur Xalqı Konqresi Çin hökumətinin bu iddialarını reallıqdan uzaq sayır. «Uyğurların pasport almaları belə, çox çətindir. Onlar Suriyaya necə qaça bilərlər?», - deyə konqresin mətbuat katibi Dilşat Raşit sual edir. O, The Epoch Times-a müsahibəsində muxtariyyatda baş verən son hadisələrin Çinin kommunist hökumətinin uyğurların milli hərəkatını boğmaq istiqamətində aparılan uzunmüddətli siyasətinin davamı olduğunu bildirib. Dilşat Raşitin fikrincə, uyğurlar məhz başqa çıxış yolları olmadığı üçün zorakılığa əl atırlar.

Bütün bunlarla yanaşı, Qərbdəki bəzi dairələrin uyğur hərəkatından Çinin laxladılması və zəiflədilməsi üçün yararlanmaq cəhdləri də ortadadır. Bu mənada ölkədən kənarda fəaliyyət göstərən çindilli forumlarda yer alan sitatlar kifayət qədər diqqətçəkicidir. Forumlarda təxminən bu cür şərhlərə rast gəlinir: «Görünən odur ki, bu dəfə millətlərarası münaqişə yaşanmır. Bu, Çin hökumətinə qarşı xalq etirazıdır. Baş verənlər ümumçin üsyanının başlanğıcı ola bilər». Forum iştirakçısı olan bəzi çinlilər uyğurlarla həmrəylik nümayiş etdirir, bu cür fikirlər yazırlar: «Uyğurlar 60 ildir bu hakimiyyətə dözən bizlər - xanlar qədər səbrli deyillər»; «Uyğur qardaşlarımız, sizə halal olsun! Amma ehtiyatlı olun ki, adi insanlar xəsarət almasın. Xan milliyyətindən olan qardaş və bacılarınız sizə minnətdardırlar. Artıq kommunist KİV-nin yazdıqlarına heç kim inanmır. Artıq çinlilərin beyinləri normal vəziyyətinə qayıtmağa   başlayıb».

Uyğur məsələsinin tədricən dünya ictimaiyyətinin müzakirəsinə çıxarılması da diqqət çəkir. Hələ bu ilin martında BMT tarixində ilk dəfə olaraq uyğur azlığın vəziyyəti Cenevrədə Çində insan haqlarının vəziyyətinə  həsr edilmiş iclasda müzakirəyə çıxarılıb. İclasda iştirak edən Çin ərazisinə daxil olan Şərqi Türkistan, Monqolustan və Tibet diasporunun üzvləri Çin hökumətinin milli-dini azlıqların nümayəndələrini təqib etdiyini, onların hüquqlarını pozduğunu bildiriblər. Ümumdünya Uyğur Xalqı Konqresinin lideri Rebiya Kadir Pekinin uyğurları separatçılıqda günahlandırdığını xatırladıb və bildirib ki, əslində uyğurlar Pekindən yalnız haqları olanı tələb edir («İşğal olunmuş ərazilər işğalçıya məxsus deyil… Siz 1949-cu ildə bizim torpaqlarımıza soxulmusunuz», - deyə Çin rəhbərliyinə üz tutan uyğur lider bildirib»).

Bir faktı inkar etmək olmaz: Şərqi Türküstanın köklü əhalisi olan Çin qazaxları, qırğızları, özbəkləri, tatarları, monqolları tamamilə haqlı olaraq hüquqlarının təmin edilməsini istəyir, Çin hökumətinin repressiv əməllərinə etiraz edir. Əgər Pekin SUMR-dəki separatçı əhvaldan Çinin dünya siyasəti və iqtisadiyyatında artan nüfuzunu önləmək istəyən bəzi xarici qüvvələrin öz maraqlarına uyğun şəkildə istifadə etdiyini düşünür və bunu Çin dövlətçiliyinə və ərazi bütövlüyünə təhlükə sayırsa, bu, artıq başqa məsələdir.

Bir həqiqət də var ki, separatçılığın, bəzi xarici qüvvələrin planlarının qarşısının alınmasına çalışan Pekin regionda tədricən islahatlar aparır və üstünlüyü SUMR-un iqtisadi rifahının yaxşılaşdırılmasına verir. Çində «SSRİ-nin acınacaqlı təcrübəsi»nin nəzərə alındığını əbəs yerə tez-tez söyləmirlər. Onlar hesab edir ki, SSRİ-də məhz totalitar sistemin aradan qaldırılması sonda çoxmillətli dövlətin dağılmasına aparıb çıxarıb. Son illər ərzində SUMR-da həqiqətən də ciddi iqtisadi irəliləyiş qeydə alınıb. Bu üzdən bir çox uyğurlar indi sabit iqtisadi inkişafa, uğurlu biznes fəaliyyətinə üstünlük verir, nəinki repressiya ilə üzləşmək təhlükəsinin də olduğu azadlıq mübarizəsinə.

Bütün bu məsələlərə kompleks yanaşdıqda düşünmək olar ki, SUMR-dakı qədim münaqişənin həlli üçün kompromiss variant bəlkə də, yalnız uyğurların hüquqlarının təmini, xarici qüvvələrin Çinin daxili işlərinə qarışmaması halında mümkündür.


MƏSLƏHƏT GÖR:

424