15 Mart 2025

Şənbə, 00:40

“HƏYAT ÇOX ŞİRİN GƏLMƏSİN”

Braziliyadakı "sirkə inqilabı"nın geosiyasi səbəbləri haqqında

Müəllif:

09.07.2013

Braziliyanın böyük şəhərlərində artıq bir aydan artıqdır ki, kütləvi etiraz aksiyaları davam edir. Nümayişlər ölkədə ictimai nəqliyyatdan istifadə qiymətlərinin 20% artırılması üzündən başlasa da, sonradan kütləvi narazılığın daha köklü səbəbləri üzə çıxdı. Nümayişçilər hakimiyyət strukturlarındakı korrupsiyaya, nümayişlərin qəddarlıqla dağıdılmasına və sairə etiraz etməyə başladılar. İctimaiyyətin bir hissəsi hökuməti məsələn, nümayişlərlə eyni vaxta təsadüf edən futbol üzrə Konfederasiya Kubokuna, həmçinin 2014-cü ildə keçiriləcək futbol üzrə Dünya Çempionatına hazırlığa «ağına-bozuna baxmadan» pul xərcləməkdə də günahlandırır. Rəsmi məlumatda isə bildirilir ki, yalnız 2012-ci ildə hökumət braziliyalıların səhiyyə və təhsil sahəsindəki tələbatlarının ödənilməsinə futbol yarışları ilə müqayisədə dəfələrlə artıq maliyyə xərcləyib.  Ölkə prezidenti, sosialist Dilma Russeff  isə 2014-cü ildə keçiriləcək mundialın əsas xərclərinin infrastruktur layihələrinə yönəldildiyini, bu işlərin də büdcə vəsaiti yox, şəxsi kapital hesabına görüldüyünü bəyan edib.

Buna baxmayaraq, getdikcə daha çox insanın qoşulduğu etirazlar səngimək bilmir. Artıq küçələrə çıxan insanların sayı milyona çatıb. Nəticədə hökumət ölkənin iri şəhərlərinə nəzarətin təmini məqsədilə ordu yeritməli olub. Tərəflər arasında baş verən toqquşmalar hər iki tərəfdən onlarla insanın yaralanmasına səbəb olub. Yüzlərlə həbs olunan var.

Hökumət düz bir il sonra keçirilməli olan futbol üzrə dünya çempionatının da ölkədə bu cür etirazlara səbəb ola biləcəyindən ehtiyatlanır. Ekspertlər isə Braziliya üçün bu cür etirazların qətiyyən tipik olmadığını bildirir. Həqiqətən də, əsasən başqa etiraz formalarına üstünlük verən braziliyalıların nümayişlər zamanı aşkar aqressivlik nümayiş etdirmələri son dərəcə qəribə təsir bağışlayır. Qısa müddətdə dünyanın 6-cı iqtisadiyyatına çevrilmiş, hazırda da Aİ-dən daha sürətlə inkişaf etməkdə olan bir ölkədə iqtisadi motivlərlə nümayişlərin keçirilməsi də xeyli təəccüblüdür. Məsələn, Braziliya 2011-ci ildə ÜDM-in həcminə görə Böyük Britaniyanı keçib. 2016-cı ildə isə ölkə bu göstəricidə Fransanı da arxada qoymalıdır.

Bəzi ekspertlər Braziliyada iqtisadi sıçrayışın adi əhalinin həyat səviyyəsinə təsir göstərmədiyini desələr də, 10 il əvvəlki vəziyyətlə (90-cı illərin ortalarındakı vəziyyəti isə heç yada salmırıq) indiki dövrün müqayisəsi etirazların sırf iqtisadi amillərlə bağlılığının məntiqsizliyini üzə çıxarır. Növbəti «rəngli inqilab» (artıq Braziliyada baş verənləri «sirkə inqilabı» və ya ictimai nəqliyyatda qiymətlərin 20% artırılması ilə əlaqədar olaraq, «20 faiz inqilabı» adlandırırlar) haqqında deyilənlər, aksiyalarda xarici amillərin rolunun olmadığı, onların təbii surətdə baş verdiyi, dünya güclərinin bunda maraqlı olmadığı, baş verənlərə hökumətin öz xalqı ilə davranışının yol açdığı haqda deyilənləri də anlamaq olmur.

Analoji fikirlər hələ də Yuşşenko-Timoşenko tandeminin fəaliyyəti nəticəsində düşdüyü vəziyyətdən çıxmaq uğrunda çabalayan Ukrayna haqqında da səsləndirilirdi. Son iki ildə növbəti dəfə vətəndaş müharibəsinin astanasında olan Liviya, Misir haqqında, vətəndaş müharibəsinin 100 mindən artıq insanın həyatına son qoyduğu Suriya haqqında da bənzər fikirlərə rast gəlinirdi. İnformasiya agentlikləri hər dəfə insanları baş verənlərin daxili səbəblərdən törədiyinə, xalqın səmimi olaraq öz iradəsini nümayiş etdirdiyinə inandırmağa çalışır. Başqa sözlə, hər dəfə baş verənlərin qəsdən təşkil olunmadığını iddia edərək insanları «ölkədə inqilab əhvalının çoxdan yarandığına və bütün bunların gözlənilən olduğuna» inandırmağa cəhd edirlər. Amma bu zaman belə «inqilab şərait»in istənilən ölkədə mövcud olduğu yaddan çıxarılır. Çünki ölkələrin əksəriyyətinin transmilli maliyyə strukturlarından birbaşa asılı olduğu, elitanın isə xalqdan uzaqlaşaraq, transmilli strukturların «qarət siyasəti»nə dəstək verdiyi müasir dünyada çoxdan inqilabi şərait yaranıb. Sadəcə, fitilə lazımi anda od vurmaq lazımdır. Bu an isə ya milli elitanın üzüyola olmadığı, öz oyununu oynamağa çalışdığı zaman, ya da onlara verilən səlahiyyətlər məişət batareyası kimi bitdikdə yetişir.

Qeyd olunan nəzəriyyənin «sirkə inqilabı»nın nümunəsində təhlil edilməsi üçün Braziliyada baş verənlərə qayıdaq. Ölkədə təlatümlər sosial şəbəkələrdə 2014-cü ildə keçiriləcək futbol üzrə Dünya Çempionatı və 2016-cı ildə təşkil olunacaq Yay Olimpiya Oyunlarına hazırlıq məqsədilə «dövlət büdcəsindən milyardlarla vəsaitin xərcləndiyi» haqda xəbərlərin yayılmasından sonra qızışıb. Braziliyanın «İnsan haqları» cəmiyyəti Facebook sosial şəbəkəsində bu populyar şəbəkənin yaradıcısı Mark Sukerberqin şəklini yayıb. Sukerberq nümayişçilərə dəstək verir, onları inqilaba səsləyirdi. Yeri gəlmişkən, Amerika xüsusi xidmət orqanlarının qalmaqallı sabiq əməkdaşı E.Snoudenin sözlərinə görə, Sukerberq hələ biznes karyerasının başlanğıcında Mərkəzi Kəşfiyyat İdarəsilə, sonradan isə ABŞ-ın Milli Təhlükəsizlik Agentliyilə sıx şəkildə bağlı olub. Snoudenin iddiasına görə, ABŞ sosial şəbəkələr vasitəsilə xalq hərəkatlarını idarə edir. Beləliklə, birdən-birə Braziliyada ictimai nəqliyyatdan istifadə qiymətlərinin artırılmasından narahat olan Sukerberqin bu ölkədə keçirilən aksiyalara dəstək verməsi son dərəcə maraqlıdır.

Braziliyada 80 milyon İnternet istifadəçisinin olduğunu, bundan təxminən 2 dəfə artıq insanın mobil telefondan istifadə etdiyini nəzərə alsaq, burada ictimai proseslərə təsir göstərmək o qədər də çətin deyil. USAID-in (ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Agentliyi) yerli nümayəndəliyi vasitəsilə Amerika diplomatik missiyası ilə əlaqə saxlayan QHT-ni yaddan çıxarmaq olmaz. Müşahidəçilər etirazların ABŞ diplomatik miisiyasının mənzil-qərargahlarının mövcud olduğu  şəhərdərdə daha geniş vüsət almasına diqqət çəkirlər. Bununla yanaşı, ABŞ-ın Braziliyada nədən narazı olduğuna dair sualın cavabları da çoxdur.

Məsələ ondadır ki, Braziliya uzun illər ABŞ-ın «arxa qapısı» sayılan Latın Amerikasının xammal ixracatçısı olub. Amma artıq 20 ildir Braziliya, səs-küy salmadan,  sakitcə inkişaf etməyə başlayıb və nəticədə onun xarici siyasətdəki iddiaları da artıb. Son prezidentlər Lula de Silva və Dilma Russeffin rəhbərliyi dövründə Braziliya ilə ABŞ arasında əsas xarici siyasət məsələlərilə bağlı mövqelər qətiyyən üst-üstə düşməyib. ABŞ-ın İraq və Liviyaya hərbi müdaxiləsini dəstəkləməyən Braziliya rəsmi Vaşinqtonun Suriya və İranla bağlı mövqeyini də tənqid edir. Üstəlik o, Tehrana 2010-cu ildə nümayişkarcasına az zənginləşdirilmiş uran da verib.

İki ölkə arasında ən dərin ziddiyyətlərdən biri Braziliyanın öz nüvə arsenalını yaratmaq istəməsilə bağlıdır. Ölkə rəhbərliyi bu istəyini böyük ərazisi, zəngin təbii sərvətləri və digər resursları olan dövlətin özünümüdafiə üçün nüvə silahına ehtiyac hiss etməsilə əsaslandırır. Amerika materikində nüvə silahının istehsalı və istifadəsində monopoliyanın NATO ölkələrində (ABŞ və Kanada) olduğunu nəzərə alsaq, Vaşinqtonun Braziliyanın bu istəyinə hansı reaksiyanı verəcəyini əvvəlcədən təxmin etmək çətin deyildi. Bunun üçün çox gözləmək də lazm gəlmədi: Birləşmiş Ştatların sabiq müdafiə naziri Leon Panetta Amerikanın Pi-Bi-Es ictimai radiosuna müsahibəsində Braziliyanı Çin və Hindistanla yanaşı, ABŞ üçün təhlükə yaradan dövlət adlandırdı, onların dünyadakı sabitliyi pozmasını önləmək üçün tədbirlər görülməli olduğunu bildirdi. Nəzərə alsaq ki, ABŞ üçün «dünyada sabitlik» öz hegemonluğu deməkdir, Braziliyanın hərbi və strateji qüdrətinin artması perspektivi Vaşinqtonun maraqlarına cavab vermir və onu cavab addımları atmaq məcburiyyətində qoyur. Bu addımlardan biri ABŞ-ın hamiliyi ilə Çili, Kolumbiya, Meksika və Perunu özündə birləşdirən Sakit okean alyansının yaradılması ola bilər. Vaşinqtonun planına əsasən, bu alyans Braziliyanın başçılıq etdiyi, ABŞ-ın siyasətinə müxalif olan digər dövlətlər qrupuna qarşı çıxa bilər. Onların arasında Venesuela, Kuba və Nikaraquanın adını çəkmək olar. ABŞ-ın Latın Amerikasında «özbaşına ölkələr»ə qarşı görmək istədiyi digər tədbirlər Atlantik okeanda patrul xidməti aparan, Braziliyanın neft yataqlarına bilavasitə yaxın yerləşən HDQ Dördüncü donanmasının bərpası, Braziliya XİN-in etirazlarına rəğmən, Kolumbiyada hərbi bazanın yaradılması, qonşu Paraqvayda prezident Fernando Luqonun devrilməsindən sonra hərbi bazanın tikintisi ola bilər.

İki ölkənin mövqeləri iqtisadi sahədə də bir-birinə ziddir. Braziliyanın ABŞ-ın təşəbbüsü ilə irəli sürülmüş Ümumamerika azad ticarət zonası haqda müqaviləni (ALCA) imzalamaqdan imtinasından sonra layihə effektivliyini itirib.

İki ölkə rəhbərliyinin bir-birinin iqtisadi siyasətilə bağlı tənqidi fikirlərinə də tez-tez rast gəlmək mümkündür. ABŞ-ın Braziliyanı öz bazarlarına Amerika məhsullarını buraxmamaqda ittiham etməsinə qarşı tərəfin cavabı dərhal gəlir: braziliyalılar Birləşmiş Ştatların pul siyasətini də tənqid edir, Federal Ehtiyat Sisteminin inkişaf etməkdə olan bazarlara qarşı «valyuta müharibəsi» apardığını bildirirlər.

Qeyd olunanları nəzərə aldıqda, geosiyasi rəqiblərin Braziliyada «təbii» etiraz aksiyalarının təşkilində maraqlı olması tamamilə mümkün görünür. Ölkənin «idarə olunan xaos»a sürüklənməsi, strateji proqramların inkişaf tempinin pozulması, idarəetmə strukturlarının iflic edilməsi, əlbəttə ki, Braziliyanın geosiyasi rəqibinin xeyrinədir.

Kütləvi etiraz aksiyaları davam edir. Baş verənlərin Qərb KİV-də detalları ilə, bəzən isə şişirdilərək verilməsini də Braziliyanın nüfuzdan salınması üçün əvvəlcədən hazırlanmış əməldiyyatın tərkib hissəsi kimi qiymətləndirmək mümkündür. Bu gün artıq 2014-cü ildə təşkil olunması planlaşdırılan beynəlxalq idman turnirlərinin aqibətinin necə olacağı qeyri-müəyyəndir. Bunu ölkəyə idmandan tam uzaq məsələlərlə bağlı təzyiq kimi də qiymətləndirmək olar.

2014-cü il ölkədə həm də prezident seçkisinin keçiriləcəyi ildir. Maraqlıdır, görəsən Latın Amerikasının «arzu edilməyən» liderləri arasında son zamanlar «populyarlıq qazanmış» xərçəng xəstəliyindən sağalmağa nail olmuş Russeff ölkəsində kök salmış «xəstəlik»lə də bacara biləcəkmi?



MƏSLƏHƏT GÖR:

512