24 Noyabr 2024

Bazar, 06:40

LANDAU "TRİUMVİRAT"ı

Sevimli dostları, işi və xanımı dahi fiziki, həqiqətən, xoşbəxt etmişdi

Müəllif:

11.02.2014

Dahi fizik Lev Davidoviç Landaunun çoxsaylı fərziyyələri, fiziki modelləri, nəzəriyyələri arasında hamının başa düşdüyü bir sadəsi var idi. Və o, bu nəzəriyyəyə bütün həyatını həsr etmişdi. Landau deyirdi ki, hər bir insan xoşbəxtliyə la-yiqdir və bu xoşbəxtlik sadə triumvirata bağlıdır - iş, sevgi və dostlar. Hələ uşaq yaşlarından bu prinsipi əsas götürən Landau ömrünün sonunadək ona sadiq qaldı.

 

İş

Nobel mükafatçısı, akademik Landau dünya elmində, həqiqətən, də əfsanəvi fiqurdur. Onun zəkası fizikada, eyni zamanda bir neçə istiqaməti əhatə edirdi. Kvant mexanikası, bərk maddələr fizikası, maqnetizm, aşağı temperaturlar fizikası, keçicilik və axıcılıq, kosmik şüalar fizikası, astrofizika, hidrodinamika, kvant elektrodinamikası, kvant nəzəriyyəsi, atom nüvəsinin və zərrəciklərinin fizikası, kimyəvi reaksiyalar nəzəriyyəsi, plazma fizikası - bütün bu sahələr həmyerlimizin töhfə verdiyi sahələrin heç də hamısı deyil.

Landau varlı bakılı ailəsində doğulmuşdu. Bu səbəbdən də, valideynləri onun evdə və özəl müəllimlərin yanında təhsil almasına şərait yarada bilmişdilər. Ailədə fransız mürəbbiyə var idi. O, uşaqlara musiqi, dil və rəssamlıq dərsi keçirdi. Hələ uşaq yaşlarında olarkən Landau özünü dərrakəli, zəhmətkeş oğlan kimi göstərə bilmişdi. Amma onun bütün əməyi ilk dövrlərdən dəqiq elmlərə yönəlmişdi. Valideynləri onu musiqiçi kimi görmək istəsələr də, onun istedadı onun taleyini fərqli istiqamətə yönəltdi.

Landaunun anası Lyubov Veniaminova gimnaziyada təbiətşünaslıq dərsi deyirdi. Gələcəyin dahi fiziki 8 yaşında gimnaziyaya qəbul olunduqda, artıq yaşına görə dəqiq elmlərdən kifayət qədər baş çıxarırdı. 12 yaşında o, Bakı İqtisadi Texnikumuna, 14 yaşında isə Azərbaycan Dövlət Universitetinə, üstəlik, eyni zamanda 2 fakültəyə - fizika-riyaziyyat və kimya fakültələrinə qəbul olub.

Gənc Lev Davidoviç çalışqanlığı ilə fərqlənirdi. Gənc olmasına rəğmən, Lev eyni vaxtda 2 sahədə hamıdan yaxşı oxuyurdu. Nəticədə, o, böyük potensialını görən müəllimlərinin təkidi ilə Leninqrad Universitetinə köçürüldü.

21 yaşında Landau diamaqnetizm üzrə fundamental işini dərc etdirdi və bu iş onu dünyanın ən məşhur fiziklərilə bir sıraya yüksəltdi. Nəticədə, dövlət onu təhsilini davam etdirməsi üçün Berlin, Gettingen, Leypsiq, Kopenhagen, Kembric və Sürix kimi şəhərlərə 1,5 illik elmi ezamiyyətə göndərdi. Həmin illəri Landau çox səfərlər etdi, dövrün digər görkəmli alimlərilə görüşlər keçirdi.

Amma tezliklə faciəli 30-cu illər başladı. Sovet İttifaqı müharibəyə, dünyəvi inqilaba hazırlaşırdı. O, artıq alimlərinə, demək olar ki, ölkədən çıxmağa imkan vermirdi. Amma həmkarları Landau üçün bir istisna edə bildilər və o, Kopenha-  gendə Nils Borun məruzəsində iştirak etdi. Əsasən isə o, həmin dövrdə Moskva və Xarkovda işləyir, orada dərs deyirdi. 30-cu illərin sonlarında ikinci növ faza keçidləri nəzəriyyəsi və ifrat keçiricilərin aralıq hal nəzəriyyələrini yaratdı. Bununla yanaşı, Landau astrofizika ilə də məşğul olurdu. O, həmin vaxt neytron ulduzların mövcudluğunu bildirmiş, amma bu, rəsmi təsdiqini bir neçə onillik sonra tapmışdı.

Məşhur fizik Stiven Hokinq özünün məşhur "Zamanın qısa tarixi" bestsellerində 30-cu illərdə sovet elminin təcrid durumda olduğunu, "dəmir pərdə"nin hər iki tərəfində kəşflərin, adətən, eyni vaxtda baş verdiyini yazır. Qərbdə Subramanyan Çandrasekar tərəfindən ortaya çıxarılmış soyuq ulduzlar modelindən bəhs edən fizik yazır: "Təxminən, eyni vaxtda analoji kəşfi sovet fiziki L.D.Landau da etmişdi. Çandrasekar ilə Landaunun qənaətləri böyük kütləyə malik ulduzların taleyilə bağlı vacib nəticələr vermişdi".

Landaunun sonrakı işlərinə maye heliumun ifrat axıcılığı, kvant mayesi, elektron plazmasının rəqsləri, ifrat keçiricilik, fermi-maye  nəzəriyyələri daxildir.

1962-ci ildə Lev Davidoviç Landau 2 alim tərəfindən fizika sahəsində Nobel mükafatına namizəd göstərildi. Bunlar Landaunu hələ 1959 və 1960-cı illərdə bu mükafata namizəd göstərmiş Verner Geyzeberq və Kaliforniya Texnologiya Universitetindən Con Pellam idi.

 

Sevgi

Lev Landau və xanımı Kora Bakı, daha sonra isə sovet ziyalıları arasında nümunəvi, məşhur cütlük idi. Onlar o dərəcədə məşhur idilər ki, bəzən müxtəlif dedi-qoduların obyektinə belə, çevrilirdilər. Konkordiya (Kora) Terentevna Drobanseva kimya fakültəsini bitirmişdi. Lev onunla 30-cu illərin əvvəllərində rastlaşmışdı. 1934-cü ildən onlar birgə yaşamağa başlamışdılar. Landau hesab edirdi ki, nikahı pozan əsas səbəb yalan və qısqanclıqdır. Bu səbəbdən də, o, Koraya heç bir rəsmi sənədə imza atılmamasını, heç bir ziyafətin qurulmamasını təklif etmişdi. Nomenklatura dairələri, sovet puritanlığının riyakar tərəfdarları kommunistin, dünyaca məşhur alimin bu yolu seçməsini qətiyyən bəyənmirdilər.

Lev və Kora uzun müddət bu cür yad həyat tərzinin tənqidçilərinə qarşı müqavimət göstərsələr də, 1946-cı il iyulun 5-də rəsmi nikaha girdilər. Bu, onların oğlu İqorun dünyaya gəlməsindən bir neçə gün əvvəl baş verdi.

 

Dostlar

Lev Davidoviç, adətən, kinoda təsvir edilən alimlər kimi qaş-qabaqlı, qəzəbli, qapalı alim deyildi. Əksinə, ünsiyyətcil, hamı ilə münasibətlər qurmağa açıq, zarafat etməyi çox sevən bir şəxs idi. Alimin qohumu Mayya Bessarab "Landau belə deyirdi" kitabında yazır: "Dau (Landau) əxlaqi söhbətlərdən, ümumiyyətlə, qaçır, nəsə deyirdisə belə, bunu çox yüngül formada, zarafat, lətifə, məsəl kimi dilə gətirirdi. Çünki dediklərinin öyüd-nəsihətə bənzəməsini istəmirdi. Landau deyirdi ki, "oğlum heç zaman mənim zəhlətökən olduğumu söyləməyəcək"".

Landaunun dostları çox idi və hətta bu, bir dəfə onun həyatını xilas etmişdi. Hadisə, əlbəttə ki, ən yaxşı insanların repressiyalara qurban getdiyi 30-cu illərdə baş vermişdi.

Mayya Bessarab yazır ki, 1938-ci il aprelin 28-nə keçən gecə Landau həbs olunub. Əsəbdən onun ayaqları tutulub və 2 çekist onu əlləri üstündə aparmalı olublar. Bu, elə bir dövrə təsadüf edir ki, Landau maye heliumun ifrat axıcılığının nəzəri əsaslandırılması ilə məşğul olur və demək olar ki, yeni kəşvin bir addımlığında idi. Sonralar alim məhz bu işinə görə Nobel mükafatına layiq görülüb. Heliumun belə davranışını Pyotr Kapitsa üzə çıxarıb.  Halbuki Landau 1937-ci ildən onun üzərində çalışırdı. Landaunun həm SSRİ-də, həm də ondan kənarda dostları çox idi. Onlar təmiz, təmənnasız insanlar, fiziklər idilər. Dostları Dauya hər zaman köməklik göstərirdilər. Və onlardan biri, dahi fizik Pyotr Kapitsa, şübhəsiz ki, Stalinə və Beriyaya gənc, istedadlı dostunun azadlığa buraxılması xahişi ilə məktub yazarkən böyük risk edirdi. Üstəlik, o, gələcəkdə baş verə biləcək hadisələrə görə məsuliyyəti də üzərinə götürürdü. O zaman yaxşı məlum idi ki, belə vəziyyətlərdə yalnız 2 yol var: ya məhbus azad olunacaq, ya da onun azadlığını istəyən də barmaqlıqlar arxasına atılacaq.

Kapitsa Landaunun azadlığa buraxılması üçün uzun və təhlükəli kampaniyaya başladı. Müasir fizikanın patriarxı sayılan, faktiki olaraq, həmin dövrün baş fiziki olan Nils Bor da sevimli tələbəsi və dostunun müdafiəsinə qalxdı. Proses hakimiyyət üçün arzuolunmaz məcraya yönəlməyə başladı və 1 il sonra Landau azadlığa buraxıldı.

Sevimli dostları, işi və xanımı dahi fizik Lev Landaunu, həqiqətən, xoşbəxt etmişdi. O, ömrü bo- yunca heç zaman bu "triumvariat"dan imtina etmədi və hər yerdə onun təbliğilə məşğul oldu. 

Bu gün bu qeyri-adi insan haqqında sənədli və bədii filmlər var. Onun nə xanımı yaşayır, nə də alimi şəxsən tanımış başqa insanlar. Lev Davidoviçin axırıncı dostu, Nobel mükafatçısı olan fizik Vitali Qinzburq da 5 il əvvəl vəfat edib. Amma Landaunun ömrü boyunca məşğul olduğu iş yaşamaqdadır. 

Çünki, yəqin ki, Kainatı dərk etməkdən dəyərli və vacib iş ola bilməz...



MƏSLƏHƏT GÖR:

531