Müəllif: İlhamə MÖNSÜMOVA Bakı
XX əsrə gənclər əsri adı təsadüfən verilməmişdi. Bu əsrdə nəinki planetin ümumi əhalisi arasında gənclərin sayı artdı, dünyanın yenidən formalaşdırılmasında gənclərin rolu görünməmiş həddə çatdı. Bu gün də gənc nəsil özünü sosial dəyişikliklərə nail olan fəal güc kimi göstərir. Bununla yanaşı, gənclərin fəallığı özünü müxtəlif formalarda göstərir, o özünün şəxsi təcrübəsini formalaşdırır.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra həyatın bir çox sahələrində köklü islahatlar aparılmalı idi. Bu mənada cəmiyyətin və dövlətin inkişafı üçün əsas hərəkətverici qüvvə sayılan gənclərin birləşməsi və fəaliyyətlərinin koordinasiyası vacib vəzifələrdən biri idi. Bir məqam xüsusi qeyd olunmalıdır ki, milli azadlıq hərəkatının ön sıralarında olan gənclik sonradan ölkənin inkişafı ilə bağlı proseslərdə də fəal rol oynayıb.
Güclü bənd
Gənclər günü başlanğıcını 1996-cı il 2 fevral tarixindən götürür. O vaxt Azərbaycan prezidenti Heydər Əliyevin imzaladığı sərəncamla, ilk dəfə Azərbaycan Gənclər Forumu keçirilmişdi. Bununla da, ilk dəfə olaraq, ölkədə gənclərə gənclərlə bağlı işin aparılmasında iştirak etmək imkanı verildi. Artıq növbəti ildə dövlət başçısı daha bir sərəncam imzalayaraq, forumun keçirildiyi günü - fevralın 2-ni Azərbaycanda Gənclər günü elan etdi.
Ötən illərdə olduğu kimi, Azərbaycanda bu il də gənclər günü Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunmuş bir sıra tədbirlərlə yadda qalıb. Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycanda dövlətin gənclər siyasəti yeni həyata qədəm qoyan böyüməkdə olan nəslin özünü reallaşdırması, gənclər birliklərinin inkişafı, onların təşəbbüslərinin dəstəklənməsi üçün hüquqi, iqtisadi və təşkilati şəraitin yaradılmasına, buna zəmanətin verilməsinə yönəlib.
"Son 10 ildə Azərbaycan ciddi irəliləyişlərə nail olub. O, insan inkişafına görə orta indeksli ölkələr sırasından yüksək indeksli ölkələr sırasına yüksəlib. Bu, yeni iqtisadi münasibətlərin qurulması, hüquq və imkanların genişləndirilməsi, maliyə təhlükəsizliyi sisteminin güclənməsi deməkdir", - deyə nazir Gənclər gününə həsr olunmuş çıxışında bildirib.
Bu gün Azərbaycanda ölkə əhalisinin 66%-ni gənclər təşkil edir. Gənclər siyasəti dövlət siyasətinin vacib hissələrindən birinə çevrilib. Azərbaycan gəncləri həyatın bütün sahələrində fəallığı ilə seçilir, sosial, humanitar, iqtisadi və siyasi tədbirlərin həyata keçirilməsində vacib rol oynayır.
Dövlətin gənclər siyasəti müvafiq hüquqi sənədlərdə əksini tapıb və əsasən hökumət qurumları tərəfindən həyata keçirilir. Dövlətin gənclər siyasətində əsas istiqamətlər Azərbaycanın "Dövlət gənclər siyasəti haqqında" qanunu ilə müəyyənləşdirilib. Bu qanun postsovet məkanında gənclər siyasətilə bağlı qəbul olunmuş ilk qanunvericilik sənədlərindən biridir. Bundan başqa, gənclərə dövlət qayğısının artırılmasına xidmət edən bir çox dövlət qərarı, proqramlar, sərəncamlar var. Müstəqillik illərində Azərbaycanda bu və ya digər dərəcədə gənclər probleminə aid 20 proqram qəbul olunub.
Rəqəmlərin dili ilə
Dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes srukturlarında və digər sahələrdə təmsil olunan Azərbaycan gəncliyi cəmiyyətin inkişafına öz töhfəsini verir. 2008-2011-ci illərdə dövlət orqanlarında işə qəbul olunan şəxslərin 60%-dən çoxunu gənc kadrlar təşkil edib. Bələdyyələrin 28%-i - 4303 üzvü gəncdir. Onların 326-sı bələdiyyə sədri postunu tutur. 2008-2011-ci illərdə Azərbaycanın gənclər təşkilatları 11 beynəlxalq quruma üzv olublar. Təhsil Nazirliyinin məlumatına görə, hazırda ölkədə 1,5 milyondan artıq gənc oğlan və qız təhsil alır. Azərbaycan gənclərinin 2007-2015-ci illərdə xarici ölkələrdə təhsil almalarına dair dövlət proqramı çərçivəsində 5000-dən artıq abituriyentin xarici ölkələrə göndərilməsi nəzərdə tutulur. Bu təhsil proqramı çərçivəsində yaradılan şərait gənclərə dünyanın aparıcı ölkələrinin nüfuzlu universitetlərində təhsil almaq imkanı verir. Bu vacib dövlət proqramları ölkənin kadr potensialının formalaşdırılmasına, Azərbaycan gəncinin intellektual səviyyəsinin yüksəldilməsinə, gənclərin yeni texnologiyalara yiyələnmələrinə töhfədir.
Azərbaycanda təxminən 215 gənclər təşkilatı fəaliyyət göstərir. 2013-cü ildə yalnız Gənclər və İdman Nazirliyinin dəstəyilə ümumi dəyəri 5 milyon 500 min manat olan 137 layihə dəstəklənib. Gənclərə aid QHT-lərin qarşılarına qoyduqları aktual vəzifələrin spektiri kifayət qədər genişdir: gənclərin vətənpərvər ruhda tərbiyələndirilməsi, işsizliyin aradan qaldırılması, məlumatlandırma, sağlamlıq, təhsil, fəal vətəndaş möqeyi və s. Bu gün ölkənin 23 şəhərində gənclər evi-mərkəzi tikilib, 14 regionda isə onların inşasına başlanılıb.
Gələcəyə sərmayə
3 il əvvəl prezident İlham Əli-yev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbulu haqqında fərman imzalayıb. Əgər 2005-2009-cu illər üçün anoloji proqramma dövlət büdcəsindən 8,4 milyon manat vəsait ayrılmışdısa, növbəti proqrama ayrılan vəsaitin həcmi bundan 10 dəfə artıq - 80 milyon manat təşkil edib. Dövlət proqramının əsas məqsədi Azərbaycanda gənclər siyasətinin daha da inkişafı, gənclərin menecment sahəsində fəal iştiirakına şəraitin yaradılması, gənc mütəxəssislərin işlə təmini və gəncliyin digər sosial-iqtisadi problemlərinin həllidir.
Gənclər siyasətinin, elm, təhsil, mədəniyyət və digər sahələrdə onların fəaliyyətinin stimullaşdırılması üçün Gənclər Fondu da yaradılıb. Bu strukturun məqsədi gənclərin sosial vəziyyətinin öyrənilməsi, müvafiq statistikaların hazırlanması, gənclər siyasətinin tam şəkildə həyata keçirilməsi üçün maddi-texniki bazanın gücləndirilməsinə dəsdək verilməsidir. Fondun fəaliyyətində əsas diqqət gənclərin sosial-iqtisadi problemlərinin həllinə, gənc mütəxəssislərin işlə təmininə, onların sosial müdafiəsinə və sosial zəmanətə, gənc ailələrin möhkəmlənməsinə, sahibkarlığın inkişafına və s. yönəldilib.
Daha bir önəmli fakt: Azərbaycanda həyata keçirilən gənclər siyasəti artıq dünya tərəfindən də tanınmaqdadır. Bunun sübutu kimi, Gəncə şəhərinin 2016-cı il üçün Avropanın gənclər şəhəri elan edilməsini xatırlatmaq kifayətdir. Bu hadisə şübhəsiz ki, Azərbaycanda yeni beynəlxalq layihələrin reallaşdırılmasına təkan verir, gənclərin imkanlarını genişləndirir.
Problemlər
Bütün bunlarla yanaşı, Azərbaycan gənclərinin problemləri də var. Dünyanın əksər ölkəsində olduğu kimi, Azərbaycanda da əmək bazarında gənclər ən zəif qruplardandır və son dərəcə spesifik kontingentdir. Ölkədə işsizliyin ümumi səviyyəsi yüksək olmasa da, bu problem ilk növbədə gənclərə aiddir. Bir tərəfdən gənclərin iş, işə düzəlmə təcrübələri yoxdur və bu, işə götürənlərin onlara diqqət göstərməməsinə səbəb olur. Digər yandan, ümumilikdə gənclər yaşlı nəsillə müqayisədə daha müasir, müxtəlif və yüksək səviyyəli təhsilə malikdirlər. Bundan başqa, gənclər bir qayda olaraq, daha hərəkətlidirlər, həm territorial, həm peşəkarlıq baxımından yeni şəraitə, texnologiyalara daha tez adaptasiya olunurlar. Bu mənada yeni istehsalat sahələri, yeni bazarlar üçün onlar daha perspektivlidirlər.
Gənc ailələrin ən ciddi problemlərindən biri də mənzil problemidir. Amma Azərbaycanda bu istiqamətdə də məqsədyönlü dövlət siyasəti aparılır - gənclərin sosial ipoteka alması imkanları genişləndirilir. İpoteka kreditləşməsinə dair yeni konsepsiya hazırlanıb. Onun "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının tələblərinə maksimum adaptasiya edilməsi nəzərdə tutulur. İpoteka kreditlərində güzəştlərin gənc ailələr üçün daha uyğun olması, onun əhatəsinin daha da genişlənməsi məqsədilə tədbirlər görülür.
Şübhəsiz ki, bu istiqamətdə hələ çox işlər görülməlidir. Amma Azərbaycan Prezidenti İlham Əli- yevin də çıxışlarında dəfələrlə vurğuladığı kimi, ölkənin və xalqın gələcəyi hazırkı gənclərdən asılıdır. Bu üzdən də dövlət gənclərin problemini mümkün qədər tez həll etməyə borcludur. Ümummilli lider Heydər Əliyevin gənclərin XXI əsrin müstəqil Azərbaycanının qurucuları adlandırması da təsadüfi deyildi.
MƏSLƏHƏT GÖR: