15 Mart 2025

Şənbə, 00:42

STRATEJİ MƏYUSLUQ

Müttəfiqlərin Ermənistana marağı itir

Müəllif:

09.07.2013

Ermənistan Rusiyadan incik olduğunu açıq şəkildə nümayiş etdirir. Bu dəfə incikliyə və məyusluğa səbəb Azərbaycan Silahlı Qüvvələrinin yaradılması məqsədilə Bakının «Azadlıq» meydanında təşkil edilmiş hərbi parad olub. Daha doğrusu, erməniləri məyus edən paradın keçirilməsi yox, orada Azərbaycanın Rusiyadan aldığı yeni silahların nümayişidir. Xatırladaq ki, hələ parad ərəfəsində Azərbaycanın Rusiya ilə 2011-2012-ci illərdə imzaladığı müqavilələrə əsasən, yeni hərbi texnikaların ölkəyə gətirilməyə başlandığı məlum olmuşdu. Müqavilələr 3 T-90S tank batalyonunun (94 ədəd), təxminən, 3 batalyonluq BMP-3 markalı piyadaların döyüş maşınının (təxminən, 100 ədəd), «Msta-S» özü hərəkət edən artilleriya qurğuları divizionunun (18 ədəd), «Smerç» reaktiv yaylım atəşi sistemi (RYAS) divizionunun (18 buraxıcı qurğu), «Vena» özü hərəkət edən artileriya topu divizionunun (18 ədəd) və «Solnsepek» («Buratino» sisteminin yeni modifikasiyası) TOS-1A ağır odsaçan sisteminin batereyalarının (6 ədəd) alınmasını nəzərdə tuturdu.

Rəsmi İrəvan əvvəlcə bu haqda danışmamağa üstünlük verirdi. İndi  isə Ermənistanın müdafiə naziri Seyran Ohanyan etiraf edir ki, Rusiya silahlarının Azərbaycana satışı İrəvanı narahat etməyə bilməz. Ermənistanın «çərənləyənlər sinfi» - jurnalistlər, politoloqlar və digərlərisə Rusiyadan incikliklərini nümayiş etdirirlər. Üstəlik, Azərbaycanla Rusiya arasında silah alverinə dair razılaşmanın detalları mətbuata Ermənistanda Rusiya qazının qiymətinin artımı ilə bağlı ehtirasların coşduğu bir vaxtda çıxıb. Ermənistan yenə də Rusiya qazını «Qazprom»un bütün digər müştərilərindən ucuz alır. Amma istənilən halda, bu, Ermənistan iqtisadiyyatı üçün «ağır sürpriz»dir.

Bütün bunların fonunda Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistana səfəri İrəvana bütün məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdı. Amma KİV İrəvanın narahatlıqları haqda yazmağı lazım bilmədi. Məlumata görə, Ermənistan prezidenti Serj Sarqsyan Nikolay Patruşevlə «strateji müttəfiq olan iki ölkənin münasibətlərinə dair geniş əhatəli məsələləri», regiondakı vəziyyəti və çağırışları, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinin hazırkı vəziyyətini müzakirə edib. Sarqsyanla Patruşev Ermənistanın Türkiyə və İranla sərhədi boyunca təhlükəsizliyin gücləndirilməsi istiqamətində görülən işlərin gedişi haqda da danışıblar. Qeyd edək ki, bu sərhəd rusiyalı sərhədçilər tərəfindən qorunur.

Görüşdə sərhəd buraxılış məntəqələrinin müasirləşdirilməsi və yenidən təchizatına dair də fikir mübadiləsi aparılıb.

Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan isə Patruşevlə Ermənistan-Rusiya regional dövlət ehtiyaların agentliyinin yaradılmasını müzakirə edib.

Nikolay Potruşev İrəvana səfəri zamanı Azərbaycanla Rusiya arasında silah alverinə dair razılaşmanı özü şərh edib. O, Gümrüdə jurnalistlərə verdiyi açıqlamada bildirib ki, istənilən ölkə Rusiyadan qanuni yolla silah ala bilər. «Bilirsiniz ki, Rusiya ondan silah almaq istəyən, bunu qanuni yolla həyata keçirmək imkanı olan istənilən ölkə ilə alver edir», - deyə Patruşev qeyd edib.

Rusiya Təhlükəsizlik Şurası katibinin bu sözləri,əlbəttə ki, Moskvanın siyasətində ciddi dəyişikliyin olduğunu göstərir. Bu, İrəvan və Bakı ilə münasibətlərdə balansa yenidən baxılacağını da ortaya çıxarır. Bundan başqa, Ermənistan KTMT-nin üzvüdür və bu üzdən hələ də Rusiyadan silah və sair alarkən müəyyən imtiyazlara malikdir. Amma o da tamamilə aydındır ki, Moskva ilə Bakı arasında silah-sursat satışı sahəsində əlaqələr Rusiyanın bütün qərarlarını yalnız İrəvanın maraqlarını düşünərək qəbul etmədiyinin göstəricisidir.

Bu arada hadisələr elə cərəyan edir ki, Ermənistan «Rusiya məyusluğu» ilə eyni zamanda «İran məyusluğu» da yaşayır. Bu, Tehranın Ermənistana təbii qazı Yerevanın əvvəllər Rusiyadan aldığı qiymətlərlə satmaqdan imtina etməsindən sonra baş qaldırıb. Görəsən, bu qərarın verilməsində İranın münasibətlərini kormalaq istəmədiyi Moskvadan hər hansı «tapşırıq» olubmu? Yoxsa Tehran sadəcə məşhur «bu, adi biznesdir» deyimini əsas tutub və Ermənistana ucuz, daha doğrusu havayı qaz vəd etməyib.

Bundan başqa, İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi bu yaxınlarda keçirdiyi mətbuat konfransında digər İran-Ermənistan birgə layihələri, məsələn, İran-Ermənistan dəmir yolunun və elektrik xəttinin çəkilişi haqqında son dərəcə soyuq danışıb. Onun sözlərindən məlum olub ki, İran bu layihələri dəstəkləyir və öz işini görməyə hazırdır, amma qoy Ermənistan da öz üzərinə düşən işləri həyata keçirsin.

Buna Ermənistanın siyasi dairələrinin reaksiyası özünü çox gözlətməyib. Onlar İran təmsilçilərinin Ermənistanla heç də İvanın gözlədiyi tərzdə danışmadığını hiss ediblər. Ölkələr yenə də müttəfiq olaraq qalırlar. Amma İran Ermənistanın bütün ağlabatan və batmayan problemlərinin həllini öz üzərinə götürmək niyyətində deyil.

Bütün bunlar göstərir ki, söhbət heç də Ermənistanın Rusiya və İranla münasibətlərində hansısa anlaşmazlıqlardan getmir. Problemin kökü daha dərindir. Bu, artıq «strateji məyusluqdur». Özə də əsas məsələ odur ki, məyus olan yalnız Ermənistan deyil - müttəfiqlər də İrəvana olan maraqlarını itirirlər. Bu isə kifayət qədər qanunauyğun vəziyyətdir. Sürətlə yoxsullaşan, kütləvi miqrasiyanın yaşandığı Ermənistan «dotasiyalı» iqtisadiyyatı ilə çətin ki, böyük marağa səbəb olsun. Üstəlik, onun Azərbaycanla «dondurulmuş», Gürcüstanla potensial, Türkiyə ilə isə «közərməkdə olan» münaqişəsi qalmaqdadır. Xatırladaq ki, bu, ölkənin həmsərhəd olduğu 4 ölkədən 3-dür. Buraya yoxsulluğun sürətlə artdığını, kriminalın gücləndiyini də əlavə etsək… Bu gün əksər ekspert və analitiklərin etiraf etdikləri kimi, Ermənistanla ittifaq yalnız bir halda maraqlı ola bilər ki, o, Azərbaycan və Türkiyəyə qarşı yönəlsin. «Erməni lobbisi»nin qalmaqallı aksiyalarını nəzərə almasaq, Ermənistanın başqa rçaqı, sadəcə yoxdur. Bu aksiyalardan da sonda bacaran hər kəs qaçıb yaxasını qurtarmağa çalışır.

Bu gün belə taktikaya tələbat itir. Bu, yalnız Vaşinqton müqaviləsinin 5-ci maddəsi  ilə qorunan Türkiyəyə münasibətdə belə deyil. Azərbaycanın dünya arenasında nüfuzu və hörmətinin artması da ortadadır. Ermənistanla ittifaqın verdiyi primitiv üsullarla Azərbayxana təzyiq göstərmək cəhdləri son dərəcə riskli addımdır. Ermənistanın müttəfiqlər artıq bunu başa düşüblər.İndi qalır, İvanın da bunu başa düşməsi.



MƏSLƏHƏT GÖR:

495