25 Noyabr 2024

Bazar ertəsi, 03:11

"MOBİL KÖLƏLİYƏ SON!"

Azərbaycanın mobil rabitə bazarı yeni rəqabət mərhələsinə qədəm qoyur

Müəllif:

11.02.2014

"Mobil əsarətə son!". KİV və abonentlər bu ilin fevralın 1-dən çoxdan gözlənilən nömrələrin daşınması xidmətinin (MNP) buraxılmasını məhz belə qəbul etdilər. Bu xidmət təkcə ona görə çoxdan gözlənilən idi ki, indi mobil operator müştəriləri şəxsi və iş maraqlarına görə öz operatorlarını daha münasib və keyfiyyətlisinə dəyişə bilərlər, həm də bu xidmətin tətbiqi  dəfələrlə təxirə salınmışdı, hətta bəzən bunun baş tutacağına ümid də itmişdi. Bəlkə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mobil operatorlara qarşı durması, kosmosa peyk buraxmaqdan daha asan olub.... 

Mobil rabitə  Azərbaycanın telekommunikasiya sahəsində ən sürətlə inkişaf edən və gəlirli sferalardan biridir - sektordan əldə olunan gəlirin 60%-i məhz bu sahənin payına düşür.  Proqnozlara görə, 2017-ci ilin sonuna qədər Azərbaycanda mobil rabitə abonentlərinin sayı 17,3% artacaq, mobil rabitənin yayılması səviyyəsi 110,1%-dən 129,2%-ə yüksələcək.

Dolmuş bazar şərtlərində gəlirlərin həcmini artırmaq operatorlar üçün daha da çətindir, onlara qarşı olan tələblər isə daim sərtləşdirilir. Mobil rabitənin inkişafı spektrin daim genişləndirilməsini və uyğun olaraq göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasını nəzərdə tutur. Abonentlərin operatorları dəyişməsinin əsas səbəbi, ən yaxşı təklifin axtarışlarından ibarətdir.  

2007-ci ilə qədər mobil rabitə bazarı iri operator - "Bakcell" və "Azercell" şirkətləri tərəfindən idarə olunurdu. Bazarda yeni oyunçu “Azerfon”nun ("NarMobile" ticarət markası) peyda olması, böyük dəyişikliklərə gətirib çıxardı və "abonent uğrunda yarışma"nı sərtləşdirdi. 

İndi növbəti addım üçün zaman yetişdi - nömrələrin daşınması (MNP - Mobile Number Portability) xidmətinin tətbiqi. Bu sistemin tətbiqinin əsas məqsədi xüsusən keyfiyyətin yüksəldilməsi və operatorların göstərdikləri xidmətlərin əlçatarlılığı sahəsində rəqabətin yeni dalğasının yaradılmasıdır.  Nömrənin daşınması abonent nömrəsinin operatora ayrılan prefiks (050, 051, 055, 070 və 077) ilə birgə tam köçürülməsini nəzərdə tutur. 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüskarı olduğu layihə, Azərbaycanın mobil rabitə bazarında qüvvələrin sonrakı yerləşməsinə əhəmiyyətli təsir edə bilər. Bununla belə, yerli rabitə bazarı artıq kifayət qədər dolub və elə inkişaf mərhələsindədir ki, MNP-nin tətbiqinin vaxtının yetişdiyini hesab etmək olar. 

Məhz bu xidmət mövcud olan abonentlərin saxlanılması və yenilərinin cəlb olunması üçün operatorları əlavə səylərə təşəbbüs göstərməyə vadar etməlidir. Öz mahiyyətinə görə MNP xidmətləri operatorların billinq sisteminin əsas hissəsini təşkil edir və onun tətbiqi üçün daha sonra bir-biri ilə inteqrasiya olunacaq əlavə aparat həllərinin qurulması zəruri idi. Müvafiq qərarların hazırlanması və qanunvericilik tədbirlərinin qəbulu heç də az əhəmiyyət kəsb etmirdi. Bu tədbirlər olmadan xidmətin tətbiqini ancaq potensial ideya kimi nəzərdən keçirmək olardı. 

Qeyd edək ki, Azərbaycanın mobil şəbəkələrində MNP xidmətinin tətbiqi məsələsi 2008-ci ildən nəzərdən keçirilirdi. Lakin təxminən, bir il əvvəl onun tətbiqi üçün işçi qrupu yaradıldı.  Onun tərkibinə Azərbaycanın telekommunikasiya xidmətləri bazarında fəaliyyət göstərən fiksasiya edilmiş və mobil rabitə operatorlarının nümayəndələri daxil idi. Amma nəzarətçi dəfələrlə MNP xidmətinin başlanması tarixini bir neçə dəfə açıqlasa da, "əlamətdar an" hər dəfə dəyişdirilirdi. 

Operatorların özləri yeni xidmətin qəbuluna bazarın hazırlığını əvvəlcə fərqli şəkildə qiymətləndirirdilər. Belə ki, bazarın böyük payına malik olan şirkətlər onun tətbiqinə maraqlı deyildilər. Çünki öz nömrələrinin saxlanılması vacib olan abonentlər üçün, MNP rəqibin təklifi daha cəlbedici olacağı təqdirdə, operatorun dəyişməsinə səbəb ola bilərdi. Bir sözlə, bu an MNP üzrə danışıqlarda maneə idi və onun tətbiqi prosesini ləngidirdi. Lakin nəticədə, görünür, nəzarətçi maraqlı tərəfi inandıra və çoxdan gözlənilən layihəni tətbiq edə bildi. 

Buna  baxmayaraq, dünya praktikası göstərir ki, MNP-nin tətbiqindən sonra, abonentlərin kütləvi şəkildə axını müşahidə edilmir və orta hesabla, xidmətdən müştərilərin cəmi 20%-i istifadə edir. Rəqəm, əlbəttə ki, böyük deyil. Lakin nəzərə alsaq ki, bütün bu abonentlər hansısa bir operatora keçəcəklər, bu, bazarın sabitliyini pozmağa bəs edəcək. 

MNP-nin tətbiqi ilə mobil rabitə operatorları abonentlər uğrunda ancaq marketinq təşəbbüslərinin köməyi ilə mübarizə aparacaq. Bu da ki bazarda rəqabətin sağlamlaşmasına səbəb olmalıdır. Təcrübədə bu sutkanın müəyyən vaxtında şəbəkədaxili zənglərin tariflərinin sıfırlanması və ya səs-internet-trafikin istifadəsinin daha sərfəli şərtlərinin təqdim olunması ola bilər.  

Xidmətin bu növünün tətbiqinin əsas məsələsi texniki aspektlərlə bağlı idi. Çünki sonuncu istehlakçı üçün xidmətin rahatlığı bundan asılı idi. Burada söhbət köçürmə prosesinin qısa zaman kəsiyində baş verməsindən gedir. Bu da müvafiq olaraq operatorların razılığı və bazarda təyin olunmuş qaydalardan asılı idi. Dünyada MNP, nörmələrin köçürmə müddəti ən az olan yerlərdə böyük populyarlığa malikdir.  

Həmçinin dünya təcrübəsində bəzi operatorlar onların şəbəkəsinə daşınan abonentin nömrəsinin köçürülmə qiymətini ödəyir. Bu, əlavə danışıq dəqiqələri qismində də ola bilər. Bəzi ölkələrdə bu xidmətdən istifadə üçün qiymət müəyyən edilib, bəzilərində isə o, tamamilə pulsuzdur.  Həmçinin məlumdur ki, digər ölkələrdə MNP-nin tətbiqinin elə ilk vaxtlarından sonra, istifadəçilər mobil operatorlarını fəal şəkildə dəyişirlər. Zaman keçdikcə isə şirkətlər müştərilərini saxlamaq üçün böyük səy sərf edirlər. 

Bununla da abonentlər uğrunda mübarizənin yeni mərhələsi qaçılmazdır və korporativ sektorda daha kəskin mübarizə gözlənilir. Hərçənd operatorların gəlirliliyinin göstəriciləri yüksək olaraq qalır. Bununla bağlı olaraq müştərilərə görə yeni mübarizə üçün onların gücü və ehtiyatları kifayət etməlidir.

 

 

BIZIM ARAYIŞ

MNP xidməti ilk dəfə 1997-ci ildə Cənub-Şərqi Asiyanın telekommunikasiya bazarında buraxılıb. Daha sonra bu sistemi Hollandiya, Böyük Britaniya və digər ölkələr  tətbiq ediblər. 2003-cü ildən Avropa Birliyinə (AB) daxil olan dövlətlərin hər birinin qanunvericiliyi MNP dəstəklənməsini vəzifə olaraq qarşıya qoyub. 2008-ci ildə Pakistan, Misir və Meksika operatorları da MNP xidmətini tətbiq ediblər.

 

 

BU NECƏ İŞLƏYİR 

Digər operatorların abonentləri sim-kart və şəxsiyyət vəsiqələrini təqdim edərək, müştəri xidmətləri ofislərinə müraciət edə bilərlər. Operatorun şəbəkəsinə köçürülmə zamanı SİM-kartın dəyişdirilməsi tələb olunur. Kartların "Bakcell", "Azercell" və "Azerfon" mərkəzlərində dəyişdirilməsi pulsuz həyata keçirilir. 

Bir şəbəkədən digərinə keçmək 6 gün çəkir. Köçürülmənin sonuncu günü nömrə 3 saatlıq sönür, daha sonra əvvəllər abonentdə olan sim-kart ləvğ olunur və yeni kart aktivləşir. 

Abonentlər xidmətdən ilk dörd gün ərzində imtina edə bilərlər. Nömrə operator şəbəkələrində, ən az, üç ay istifadə olunmalı və borcu olmamalıdır. Daha bir mühüm məqam isə ondan ibarətdir ki, digər operatorun şəbəkəsinə köçürəcəyi sim-kartdakı mövcud danışıq balansı sıfırlanacaq.  Data-kartlarda istifadə olunan sim-kartlar üçün bu xidmət əlçatarlı deyil. Qaydalara əsasən, xidmətdən təkrar olaraq üç ay müddətində istifadə etmək mümkün olacaq.  


MƏSLƏHƏT GÖR:

682