25 Noyabr 2024

Bazar ertəsi, 01:58

BANKADAN-BANKA

Əhali ölkə banklarında depozitlərinin həcmini daha fəal artırır

Müəllif:

11.02.2014

Son bir neçə il ərzində Azərbaycanda istehlak krediti bumu müşahidə olunur. Azərbaycan əhalisi kredit vəsaitləri almaq üçün bankları fəal şəkildə "mühasirəyə alır". Nəticədə, istehlak kreditləşməsi sektorunu aktiv şəkildə inkişaf etdirən banklar böyük gəlir əldə etməyə başladılar. İş o vəziyyətə çatdı ki, Mərkəzi Bank 2014-cü ilin əvvəlində "bazarın yüklənməməsi" üçün istehlak kreditlərinin verilmə şərtlərinin sərtləşməsi ilə bağlı banklara göstəriş verməyə məcbur oldu. 

2013-cü ilin nəticələrinə əsasən, bankların kredit qoyuluşları 26% artıb və 15,4 mlrd. manatı ötüb. Bundan əlavə, il ərzində fiziki şəxslərin kreditləşməsi 44% artıb və 6, 2 mlrd. dollar səviyyəsinə çatıb. Bunun 80%-i elə istehlak kreditləşməsi sektorunun payına düşür. 2010-2013-cü illər ərzində fiziki şəxslərin kreditləşmə həcmi 2,3 dəfə artıb.

Kreditlərə bu cür yüksək tələbat, təbii ki, istehlak kreditləri üzrə kifayət qədər yüksək olan dərəcələrin aşağı düşməsinə şərait yaratmır. Halbuki ötən il bununla bağlı çoxlu söz-söhbət olub. Ötən il bu cür kreditlər üzrə orta dərəcə 30% həddində dəyişilirdi. Amma bu, potensial kredit alanları qorxutmurdu və onlar tələb olunan vəsaiti almaq üçün saatlarla banklarda növbədə dayanmağa hazır idilər. Bazar şəraitində isə tələbat elə təklif yaradır və banklar dərəcələrin aşağı salınmasına lüzum görmür.

Banklar "cəlbedici" reklam kampaniyaları vasitəsilə vətəndaşların kredit alması üçün maraq oyadırdılar. Nəticədə, əhali "kredit iynəsi"nə oturduldu. Bununla yanaşı, əhalinin maliyyə savadı hələ də orta səviyyədən aşağıdır və heç də hər bir vətəndaş onun üçün kreditin neçəyə başa gəlməsini hesablaya bilmir. Kredit almaq istəyi bəzən bəsit riyazi hesablamaları və vətəndaşların imkanlarını kölgədə qoyur.

2013-cü ildə ipoteka kreditləri də populyar idi. 2012-ci ildəki  durğunluq fonunda ipoteka kreditinin həcmi 75,2 mln. manat (30 milyon manat həcmində olan kreditlər yalnız dördüncü rübdə verilib) təşkil edib. 2013-cü ildə ipoteka kreditləşməsi daha sabit xarakter daşıyırdı. Ötən il 113 mln. manat həcmində ipoteka krediti verilib.

Beynəlxalq reytinq agentlikləri də daxil olmaqla, müxtəlif ekspertlərin qiymətləndirməsinə əsasən, gələcək bir neçə il ərzində Azərbaycanda istehlak kreditləşməsinin həcmi artacaq. Əhali, demək olar ki, "pulların qoxusu"nu hiss edib və iştahası qalxıb. Bu gün banklar kifayət qədər maliyyə resurslarına malikdir ki, yaxşı gəlir gətirən bu tələbatı ödəyə bilsinlər.

Əhali banklara təkcə kredit almaq üçün üz tutmur, eyni zamanda, aktiv olaraq depozitlərinin həcmini də artırır. 2014-cü ilin əvvəlinə əsasən, əhalinin banklarda əmanətlərinin həcmi, təxminən, 6,4 mlrd. manat təşkil edib və ötən illə müqayisədə 25,1% və ya təxminən, 1,3 mlrd. manat artıb. Bu gün əhalinin əmanətlərinin həcmi istehlak kreditləşməsinin həcmini, təxminən, 30% üstələyir. Beləliklə, yalnız əhalinin əmanətlərinin hesabına, banklar istehlak kreditləşməsinin həcmini tam bağlaya bilərlər.

Amma qeyd edək ki, ötən ilin ikinci yarısında əhalinin vəsaitlərinin cəlb edilməsi templəri aşağı düşüb. Xüsusiilə, 2013-cü ilin yanvar-iyul aylarında 900 mln. manat, avqust-dekabr aylarında isə cəmi 400 mln. manat cəlb olunub. Bu, 1 avqust 2013-cü ildən depozit dərəcəsinin azalması ilə bağlıdır. Belə ki, Əmanətlərin Sığortalaması Fondu depozitin qorunmasına zəmanət verməyə hazırdır: əvvəl bu, illik 12%-ə qədər idisə, indi bu göstərici 10% təşkil edir. 

Mərkəzi Bankın məlumatlarına əsasən, 2013-cü ildə əhali əmanətlərini milli valyutada qoymağa üstünlük verib. Xüsusən, onların həcmi müvafiq dövr ərzində 31,2% artaraq, 3 mlrd. 888, 3 mln. dollar səviyyəsinə çatıb. Bu da bütün əmanətlərin 60,8%-ni təşkil edir. Bununla bərabər, əmanətlərin xarici valyutada qoyuluşu iki dəfə az olub: 16,6% və ya 2 mlrd. 507,5 mln. manat təşkil edib. 

Yerli banklara təkcə Azərbaycan vətəndaşları deyil, həmçinin xaricilər də etibar edirlər. Belə ki, 2014-cü ilin 1 yanvar məlumatlarına əsasən, ölkə vətəndaşlarının bank əmanətlərinin həcmi 5 mlrd. 620,3 mln. manat, xarici vətəndaşların isə 775,5 mln. manat  təşkil edib. Müqayisə üçün 2013-cü ildə rezidentlərin əmanətləri 24,2%, əcnəbilərin isə 31,8% artıb. 

Ötən ilin sonlarında banklarda əmanətlərə sahib olan vətəndaşları xoş sürpriz gözləyirdi. Parlament tərəfindən qəbul olunan və Prezident İlham Əliyevin imzaladığı qanuna əsasən, Azərbaycan vətəndaşlarının banklarda və digər kredit təşkilatlarında əmanətlər üzrə ödənilən faizlər 2014-cü ildə gəlir vergisindən azad olunub.

Banklardakı əmanətlər üzrə əhaliyə ödənilən faizlər üzrə vergitutmalar ilə bağlı imtiyazlar 1999-cu ilin yanvarından tətbiq olunur. Əhalinin əmanətlərinin ümumi həcmi, faiz gəliri və verginin məcmusunu nəzərə almaqla, əhali dövlət büdcəsinə 50 mln. manat ödəməkdən qurtulur. 

Hazırkı vəziyyət 2014-cü ildə əhalinin əmanətlərinin artımını proqnozlaşdırmağa imkan verir. Ola bilər ki, artım templəri 2013-cü ildəki kimi olmayacaq. Amma Azərbaycanın bugünkü maliyyə bazarının müəyyən qədər məhdud olması və vətəndaşlara gəlir gətirən vasitələrin azlığı şəraitində, banklar sınaqdan keçmiş və etibarlı gəlir mənbəyi olaraq qalır.



MƏSLƏHƏT GÖR:

698