
İMPROVİZƏ və AZADLIQ
Azərbaycanın Əməkdar artisti Şahin Növrəsli hesab edir ki, yaradıcılıqda sərhəd yoxdur
Müəllif: Nərminə VƏLİYEVA Bakı
Suriyadakı müharibə, Braziliya və Türkiyədə davam edən nümayişlər fonunda misirlilər Məhəmməd əl-Baradeyinin sözü ilə desək, 2011-ci il inqilabını «yeniləmək» qərarına gəldilər. Əslində bu, heç kimi təəccübləndirmədi. Məhəmməd Musriyə qarşı kütləvi etirazlar hələ bu ilin yanvarında başlamışdı. İyunun sonlarında isə «ərəb baharı»nın davamı sərt xarakter aldı - bir neçə gün ərzində onlarla insan həlak oldu, yüzlərlə insan yaralandı. Artıq bütün dünyada məşhurlaşmış Təhrir meydanına toplaşmış kütlə növbəti dəfə «İrhal!» («Get!») və «Tammurd» («Qiyam») şüarları ilə ölməyə hazır olduqlarını nümayiş etdirdilər. Qahirə küçələrində yenə atəş, «Molotov kokteyli»nin partlayış səsləri eşidilməyə başladı. Amma xoşbəxtlikdən 30 iyun inqilabı tez sovuşdu - artıq iyulun 4-nə keçən gecə Misir paytaxtının səmasında fişənglər parlayırdı - general Abdel-Fəttah əl-Sisi ordunun prezident Məhəmməd Musrini hakimiyyətdən kənarlaşdırdığını bəyan etmişdi.
Sonradan məlum oldu ki, Musri nəzarət altına alınıb. «Müsəlman qardaşlar» hərəkatının digər yüksək rütbəli nümayəndələrinin də (300 nəfərədək) həbs olunduqları bildirilir. Onların arasında hərəkatın siyasi qanadı olan Azadlıq və Ədalət Partiyasının sədri, parlamentin spikeri postunu tutan Saad əl-Katatni, «Müsəlman qardaşlar» hərəkatı rəhbərinin müavini Rəşad Bayyumi də var. Mətbuat hərəkatın dini lideri Məhəmməd Badianın da saxlanıldığını yazır. Bundan başqa, ölkədə bir sıra islampərəst telekanalın yayımı dayandırılıb. Söhbət Al Hafez, Al Nas və Misr 25 telekanallarından gedir.
Müvəqqəti olaraq ölkəyə rəhbərlik Ali Konstitusiya Məhkəməsinin 68 yaşlı sədri Adli Mənsura həvalə olunub. Konstitusiyanın fəaliyyəti dayandırılıb. Ona yenidən baxılacaq və guman ki, əsas qanunun bəzi maddələrinə dəyişiklik edilməsi məqsədilə referendum keçiriləcək. Mənsurun ilk işi texniki hökumətin formalaşdırılması və növbədənkənar seçkiyə hazırlıqdır. Milli Birlik Komitəsinin yaradılması və Misirin əsas siyasi və ictimai qüvvələrinin orada cəmləşməsi də gözlənilir.
«Yeni firon» ləqəbli Məhəmməd Musri ölkəyə 2012-ci il iyunun 17-dən rəhbərlik edirdi. O, Misirin tarixində «ilk azad, demokratik seçki» adlandırılan səsvermə nəticəsində general Əhməd Şafikə 51% səslə qalib gəlmişdi. Amma Musrini əlbəttə ki, parlaq siyasətçi adlandırmaq olmaz. Sadəcə o, hansısa müddətə hər kəsi qane edən şəxs idi.
Prezident kürsüsünə yiyələnən Musri ciddi cəhdlə işə girişdi, Misir məhkəmələrini parlamentin yuxarı palatasını və Konstitusiya Assambleyasını buraxmaq hüququndan məhrum etdi, «inqilabın müdafiəsinə yönəlmiş istənilən dekret»i imzalamaq səlahiyyətini yalnız öz əlində cəmləşdirdi, senzuranı gücləndirdi, bir çox yüksək rütbəli hərbçini istefaya göndərdi, vacib dövlət vəzifələrinə «Müsəlman qardaşlar»ı təmsil edən öz adamlarını gətirdi. Amma o, ölkə iqtisadiyyatını acınacaqlı vəziyyətdən çıxarmaq üçün elə bir ciddi iş görmədi. 85 milyon əhalisi olan Misirdə işsizlik baş alıb gedir, ölkənin qızıl valyuta ehtiyatları sürətlə azalır, taxıl, yanacaq və elektrik enerjisi çatışmır. Ekspertlərin hesablamalarına görə, 2010-cu ilədək Misir iqtisadiyyatının hər il 5-7% artırdısa, indi o, hər ay 7% geri gedir. Hər halda, Business FM belə deyir.
Mursi kredit almaq üçün danışıqlar aparırdı. Amma onu əldə etməyə macal tapmadı. Bundan başqa, indi Misirin dövlət büdcəsinin sarsılmaz gəlir mənbəyi olan turizm biznesinə də ciddi zərbə dəyir.
Amma bütün bunlara baxmayaraq, Musri istefa tələbilə dərhal razılaşmadı. Hərbçilərin hakimiyyətə qarşı çıxmasını «çevriliş» kimi qiymətlənldirən Musri onlara müqavimət göstərəcəyini bəyan etmişdi. Koalision hökumət formalaşdırmağa çalışan Musri konstitusiyaya dəyişikliklər edilməsi üçün müstəqil komissiyanın yaradılmasını da istəyirdi. Onun əsas arqumenti isə hakimiyyətə demokratik prosedurla gəlməsi idi. Amma bu, Musriyə kömək etmədi. Mətbuata inansaq, milyonlarla misirli artıq sabiq prezidentə qarşı çıxıb. O, xaricdən də dəstək ala bilməyib. ABŞ prezidenti Barak Obama Musrini nümayişçilərin tələblərinə əməl etməyə hazır olmağa çağırıb. Nümayişçilər isə «Müsəlman qardaşlar»ın ofislərinə, evlərinə hücumlar edirdilər, hərəkatın Mukattam rayonunda yerləşən əsas ofisinin qarşısı isə əsl döyüş meydanına çevrilmişdi. Tələb prezidentin istefası idi.
Avtoritar idarəçilikdə və ölkənin islamlaşdırılmasında ittiham olunan Musriyə eyni zamanda həm müxalifət, həm də hərbi komandanlıq ultimatum vermişdi. Generallar Misir xalqının «terrorçulardan, radikallardan və səfehlərdən» qorunmasında qan axıdılmasından belə, çəkinməyəcəklərini açıq şəkildə bildirirdilər. Nəticədə Musri 2011-ci il fevralın 12-də devrilmiş sabiq prezident Hüsnü Mübarəkin taleyini yaşamalı oldu. Amma Musrinin devrilməsini yalnız Mübarəkin gedişilə müqayisə etmək düz olmazdı. Misir öz müasir tarixində çox sayda çevriliş və küçə döyüşləri görüb.
Bu arada Aİ, BMT və beynəldxalq ictimaiyyətin digər üzvləri və təşkilatları misirliləri «demokratik proseslərə mümkün qədər tez qayıtmağa» çağırır. «Hadisələrin nəticəsi demokratiya olmalıdır. Əks təqdirdə bu, «ərəb baharı»na xəyanət olardı», - deyə nüfuzlu The Times yazır. Musri hakimiyyətə demokratik prosedur nəticəsində gəldiyini dediksə heç də yalan danışmır. Odur ki, azad seçkinin radikalların qələbəsilə nəticələndiyi halda nə etməyin lazım olduğu tam aydın deyil (Misir bu məsələdə heç də yeganə nümunə deyil. Ən azı Fələstinə nəzər salmaq olar). Radikalların yeniliklərilə barışmaq mümkün deyil. Hər dəfə güc tətbiq etmək isə qeyri-demokratikdir…
Misirin ABŞ-dakı səfiri Məhəmməd Taufik Foreign Policy-yə müsahibəsində ölkəsində çevrilişin baş vermədiyini deyib və bu fikrini hərbçilərin hakimiyyəti ələ keçirmədiklərilə əsaslandırıb. «Bu hadisələrin təşəbbüskarı hərbçilər deyil. Bu, xalq üsyanı idi. Hərbçilər isə zorakılığın qarşısını almaq üçün məsələyə müdaxilə ediblər», - deyə diplomat qeyd edib.
Çoxları hesab edir ki, Misir ordusu müstəqilliyini qoruyub saxlamağa çalışır, siyasətə qarışmır, bu üzdən də o, müxalifəti irəli verəcək. Beləliklə, Misir hərbçiləri ölkədə sabitliyin qorunmasını öz vəzifələri hesab edirlər. Amma sabitlik dəmir əl ilə uzun müddət qorunub saxlana bilməz. Sabitlik yalnız sosial və iqtisadi dəyişikliklərlə təmin olunur. Bu dəyişikliklərin necə reallaşdırılmalı olması haqda isə hələ ki, heç kim danışmır.
Digər məsələ Mübarək dönəmində və digər dövrlərdə necə sıxışdırdığını yaxşı xatırlayan «Müsəlman qardaşlar»ın belə tezliklə təslim olub-olmayağıdır. Suriya prezidenti Bəşər Əsəd misirli həmkarının hakimiyyəidən uzaqlaşdırılması cəhdlərini «siyasi islam ideyasının iflası» adlandırıb. Bu, həqiqətən belədirmi? «Müsəlman qardaşlar»ın yaşı az deyil və o, onun tarixində kommunistlərlə mübarizə, modernist və millətçilərlə qarşıdurma, əcnəbilərlə əməkdaşlıq, yaxşı planlaşdırılmış terror kampaniyası və s var. Yəni, «Qardaşlar» mübarizədə möhkəmlənmiş, intriqalarda mahir olan döyüşçülərdir. «Misirin islam alyansı» artıq ordunu qanuni hakimiyyətə hücum etməkdə təqsirləndirərək tərəfdarlarını küçələrə səsləyib. Artıq prezidentin tərəfdarlarının polis və müxalifətçilərlə toqquşmaları da qeydə alınır. Qahirədə, İskəndəriyyədə, Mersa-Matruxda və Əl-Minyada baş verən toqquşmalarda ən azı 32 nəfərin həlak olduğu bildirilir.
Bütün bunların fonunda, hərbçilərdən və «Müsəlman-qardaşlar»dan daha real qüvvə təsiri bağışlayan nümayişçilər, nədənsə, ətraflı analiz edilmir. Sosial şəbəkələrdə və xəbərlərdə yayılan fotolara nəzər salanda biz qətiyyətli simalar, işıldayan gözlər görürük. Çoxları üçün inqilab romantika, ideallar uğrunda mübarizə və parlaq gələcək naminə qardaşlıq deməkdir. Amma bu, əslində də belədirmi? Məsələn, Misir paytaxtınakı milyonlarla nümayişçi kimlərdir? Ziyalılar? Həmkarlar ittifaqı təşkilatlarının əməkdaşları, fəhlələr? İşsizlər? Liberallar? Evdar qadınlar? Sosialistlər? Siyasi fəallar, hüquqşünaslar? Jurnalistlər? Onları bir-birilə bağlayan nədir? Yoxsa ciddi iqtisadi böhran üzündən kiminsə bu ölkə ilə bağlı planı var? Əvvəlcə bu insanlar Mübarəkə nifrət edirdilər, indi islamçıları qovdular. Bəs onlar hərbçilərə etibar edirlərmi?
Beləliklə, inqilabların yaşandığı Misirdə ən əsas və ən qeyri-müəyyən oyunçu elə küçələrdəki kütlədir. Milyonlarla (17 milyonadək!) vətəndaşın bir nəfər kimi eyni ideyaya ilə alışıb-yandığına inanmaq çətindir. Ən azı ona görə ki, Misirdə güclü, bütün müxalifəti birləşdirən lider yoxdur. Onların bütün əməllərinin İnternet və sosial şəbəkələr vasitəsilə idarə olunmasına da inanmaq asan deyil. Guman ki, nümayiş iştirakçılarının əksəriyyəti başqa işi olmadığı üçün qoşulub. Artıq qeyd etdiyimiz kimi, Misirdə işsizlik baş alıb gedir və çoxlu sayda gənc işsiz-gücsüz dolaşmaqdadır. Evdə nə edəcəklər? Evdə istidir. Evdə yemək yoxdur. Evdə darıxdırıcıdır. Küçədə isə maraqlıdır. Sanki küçədə şans var. Belə olan təqdirdə idarə olunmayan bu kütləni istənilən tərəfə istiqamətləndirmək olar. Kütlə üçün kimə etiraz etmək, kimin istefasını tələb etməyin heç bir fərqi yoxdur.
Misirdə hakimiyyətə kimin gələcəyindən asılı olmayaraq, o, ciddi çətinliklərlə üzləşəcək. Sonda yenə də çoxlu sayda narazı olacaq. Mübarəkin hakimiyyəti dövründə uzun illər süni komada qalmış qüvvələr oyanıb və indi hərisliklə öz tələblərini irəli sürürlər.
MƏSLƏHƏT GÖR: