
QƏNAƏT KURSU
Energetika Nazirliyi enerji resurslarının səmərəli istifadəsi üzrə milli proqram hazırlayır
Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Son on il ərzində Azərbaycan elektrik enerji sisteminin gücünü üçdəbirdən çox artıraraq, bu sahəni köklü şəkildə təkmilləşdirə bilib. Yalnız son yeddi il ərzində ölkədə 17 müxtəlif tipli elektrik stansiyası istismara verilib, enerji sisteminin əsas gücü 7 min meqavatı ötüb. Bu proseslə bərabər, xüsusilə enerjiyə qənaət edən sistemlərin hər yerdə tətbiqini nəzərdə tutan enerji sektorunun hərtərəfli və kompleks inkişafı strategiyası hazırlanır.
İndiki zaman və planlar
Bu gün Azərbaycanın enerji sistemi Cənubi Qafqazda ən güclüdür və Xəzəryanı region ölkələri arasında ön yerlərdən birini tutur. Ölkənin enerji sisteminin əsasını 13 iri istilik və 8 su-elektrik stansiyası təşkil edir. Bundan əlavə, "Azərenerji" ASC-nin balansında 500, 330, 220 və 110 kilovolt-amper gücündə işləyən 200 yarımstansiya var.
"Son on il ərzində ölkənin müxtəlif regionlarında 17 yeni elektrik stansiyası tikilib, bu da ölkənin generasiya gücünü əlavə 2300 meqavat artırıb. Yalnız ötən bir il ərzində Azərbaycanın enerji sisteminin generasiya gücü 830 meqavat artıb", - deyə "Azərenerji" SC-nin prezidenti Etibar Pirverdiyev Regionların Sosial-İqtisadi İnkişafı üzrə Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə əsasən, 2006-ci ildən başlayaraq, ölkədə hər il, ən azı, iki yeni elektrik stansiyası istismara verilirdi. Müvafiq dövr ərzində 10 min kilometr elektrik naqilləri təmir olunub və qurulub, 1500-dən artıq paylayıcı yarımstansiya modernləşdirib və ya sıfırdan tikilib.
Ümumilikdə, son illər ərzində Azərbaycanın enerji sisteminin gücü 30% artıb: "Şimal" İES-də 400 meqavat gücündə ilk qaz-buxar turbini istismara verilib, ölkənin müxtəlif regionlarında ümumi gücü 850 meqavat 7 modul tipli elektrik stansiyası təmir olunub, 525 meqavat gücə malik Sumqayıt qaz-buxar elektrik stansiyası istismara verilib. Bu yaxınlarda isə 780 meqavat gücündə olan "Cənub" elektrik stansiyası işə başlayıb. Ölkənin şimal və qərb bölgələrində, eləcə də Naxçıvan Muxtar Respublikasında istismara verilən kiçik derivativ və bəndyanı su-elektrik stansiyaları da öz rolunu oynayıb. Nəzərəçarpacaq artıma, təxminən, 600 meqavata, on il bundan əvvəl tikilən elektrik stansiyalarının yenidən qurulması sayəsində nail olmaq mümkün olub. Eyni zamanda, müasir və yüksək texnologiyalı elektrik stansiyalarının tikintisi şərti yanacağın sərfiyyatını azaltmağa da imkan verib. Belə ki, 1 kilovat/saat elektrik enerjisinin istehsalı zamanı sərfiyyat 25% azalıb, bu da ildə, təxminən, 2 mln. ton şərti yanacağa qənaət deməkdir.
"Azərenerji" bununla kifayətlənmək niyyətində deyil və yaxın bir neçə il ərzində gücünü, ən azı, 15% artırmağı planlaşdırır. Qurum bu ilin sonuna qədər "Şimal" İES-də 409 meqavat gücündə olan ikinci qaz-buxar turbinini istismara verməyi planlaşdırır. Bu obyektlə bərabər, "Zabrat" yarımstansiyası istismara veriləcək və yeni elektrik naqili çəkiləcək. Bu da Abşeron yarımadasının elektrik təchizatını nəzərəçarpacaq dərəcədə yaxşılaşdıracaq. Bundan əlavə, Mingəçevir və Varvara SES-lərin yenidənqurulması nərərdə tutulub. Həmçinin Tovuz rayonunda Kür çayı üzərində 400 meqavat gücündə olan su-elektrik stansiyasının və 40 kiçik su-elektrik stansiyasıının modernləşdirilməsi və tikintisi nəzərdə tutulub. 2014-cü ilin sonunadək Balakən, Oğuz, İsmayıllı və Astara rayonlarında beş kiçik su-elektrik stansiyasının tikintisinin başa çatdırılması planlaşdırılır.
Mütəxəssislərin proqnozlarına əsasən, artıq yaxın illərdə ölkənin enerji sisteminin ümumi gücü 8 min meqavata qədər çatdırılacaq. Bundan əlavə, orta müddətli perspektivdə (2020-ci il) elektrik enerjisi istehsalatının 10%-nı kiçik energetika təmin edəcək.
Vatt kilovatı qoruyur
Enerji sisteminin gücününün artırılması hansı məqsədləri güdür? İlk növbədə, yeni elektrik stansiyalarının tikintisi Azərbaycanı və ilk öncə onun bütün regionlarını elektrik enerjisinin çatışmazlığından qurtarmağa imkan verib. Son illərin statistikasının məlumatlarına əsasən, orta hesabla, ölkə elektrik stansiyaları ildə 19-21 mlrd. kvt/s elektrik enerjisi istehsal edir. Qeyd etmək lazımdır ki, son illər mülki sektor elektrik enerjisinə tələbatını nəzərəçarpacaq dərəcədə tənzimləyib - bu, daha çox paylayıcı şəbəkələrin miqyaslı modernləşdirilməsi, sərfiyyatın müasir elektron uçotu sisteminin hərtərəfli tətbiq edilməsi ilə əsaslandırılır.
Bu arada, son illər sənaye, aqrar və telekommunikasiya sektorları, tikinti, xidmət sahələri, eləcə də qeyri-neft iqtisadiyyatının digər fəal şəkildə inkişaf edən istiqamətləri elektrik enerjisinə tələbatın əsas faktoru olaraq qalır.
Artıq altı ildir Azərbaycan xaricdən elektrik enerjisinin alınması üçün vəsait sərf etmir və 2008-ci ildən onun əsl ixracatçısına çevrilib. Qərb və cənub istiqamətlərində elektrik naqillərinin və yarımstansiyaların miqyaslı modernləşdirilməsini və artıq qalan elektrik enerjisinin Türkiyə və İrana nəqlini nəzərə alaraq, bu ixrac potensialı gələcəkdə yalnız artacaq.
Generasiya və nəql edən gücləri artırmaqla, energetika qurumunun mütəxəssisləri çox tez-tez sahənin kompleks şəkildə inkişafı, istilik və elektrik enerjisinin kommunal, dövlət və kommersiya sektorlarında daha səmərəli istifadəsi üçün mexanizmlərin tətdiq edilməsi barədə düşünür. "Azərbaycan Energetika Nazirliyi 2014-2020-ci illəri əhatə edəcək enerji resurslarının səmərəli istifadəsi üzrə Milli Proqramın hazırlanmasına başlayıb", - deyə energetika naziri Natiq Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan da daxil olmaqla, MDB ölkələri üzrə ümumilikdə enerji effektivliyinin istifadə olunmayan potensialı, şərti yanacağın 450 mln. ton səviyyəsində dəyərləndirilir. Bu həcmdən 10 mln. ton bizim ölkənin payına düşür. "Mütəxəssislərin fikrincə, enerji effektivliyinin göstəricilərinin artım potensialı, ilk öncə, mənzil sektorunda, elektrik enerjisinin istehsalı sahəsində və sənaye obyektlərində mövcuddur", - deyə Energetika Nazirliyinin rəhbəri vurğulayıb. O, əlavə edib ki, enerjidaşıyıcılarına qlobal tələbatın artması ilə bərabər, enerjidaşıyıcılarının dünyada qiymətlərinin nəzərəçarpacaq artımı da müşahidə olunur: "Bu da onların qənaətli və səmərəli istifadəsinə gətirib çıxaracaq".
Energetika Nazirliyinin və hökumətin uzunmüddətli tapşırığı özəl tikinti sektorunda enerjiyə qənaət edən texnologiyaların kütləvi tətbiqi məqsədilə stimullaşdırıcı mexanizmlərin yaradılmasına və qanunverici normativlərin yenilənməsinə yönəlib. Mənzil-kommunal sektorda müasir texnologiyaların tətbiqi, istilik izolyasiyasının yaxşılaşdırılması və kompozit materialların istifadəsi əhəmiyyətli dərəcədə effektə nail olmağa imkan verəcək. Azərbaycanda, mülayim iqlimi ilə mərkəzləşdirilmiş istilik sisteminə çəkilən xərclər, Avropadan və ya bir çox digər postsovet ölkələri ilə müqayisədə kifayət qədər aşağıdır. Lakin məsafənin kiçik olması və istilik şəbəkəsinin köhnəlməsi çox vaxt 35-40%-dək istehsal olunan istiliyin itkisinə səbəb olur.
2009-cu ildən başlayaraq Bakı, Gəncə və Sumqayıtda Avropa Birliyinin Tikinti Sektorunda Enerjiyə Qənaət üzrə qurumun (ESİB) və Norveç şirkətinin dəstəyi ilə binaların, məktəblərin, uşaq bağçalarının və s. istilik izolyasiya parametrlərinin ölçmə işləri aparılıb. Nəticələr göstərib ki, istilik izolyasiyası ilə bağlı müasir texnologiyaların istifadəsi və bu cür binaların yenidənqurulması ilə istehsal olunan enerjinin 70%-nə qənaət etmək olardı. Bununla da 1 kvadratmetrin isidilməsinə ildə sərf olunan enerjini 102-105 kvt/s səviyyəyədək azaltmaq mümkündür.
İstilik məsələlərindən başqa, Azərbaycan üçün heç də az aktual olmayan problemlərdən biri işıqlandırma üçün sərf olunan elektrik enerjisinin qənaətidir. Statistikaya əsasən, bu ehtiyaclara yaşayış binalarında ümumi elektrik sərfiyyatının 30 faizi sərf olunur. Bu məsələdə müəyyən qədər irəliləyiş əldə olunub: belə ki, Şəki şəhərinin mərkəzində işıqlandırma üçün işıq diodlarının istifadəsi ilə bağlı pilot layihə reallaşdırılıb. LED texnologiyaları küçələrin işıqlandırılmasında istifadənin səmərəliliyinin qiymətləndirilməsi üçün elektrik sayğacları quraşdırılıb. Onlar aydın şəkildə elektrik enerjisinə qənaət olunduğunu göstərib. Bununla da Sumqayıt texnoparkında ildə 12 mln. LED lampalarının istehal olunması nəzərdə tutulub. Bu lampalar yaşayış binalarının, küçələrin, körpülərin, meydanların, ticarət, iaşə, eləcə də sosial obyektlərin və ölkənin digər şəhərlərinin daha səmərəli şəkildə işıqlandırılması üçün istifadə olunacaq.
Enerji resurslarının səmərəli istifadəsi ilə bağlı milli proqramın tezliklə qəbulu və həyata keçirilməsi, elektrik enerjisinin və istiliyin hərtərəfli rejiminin tətbiq edilməsinə şərait yaradacağına ümid etmək qalır. Bu istiqamətdə işə artıq başlanılıb. Energetika Nazirliyi mütəxəssisləri "Elektrik enerjisi haqqında", "Qaz təchizatı haqqında" qanun la-yihələrinin, eləcə də elektrik və qaz xətləri üzrə məcəllənin hazırlanması işini tamamlayıblar.
MƏSLƏHƏT GÖR: