13 Mart 2025

Cümə axşamı, 14:50

YENİ BURUM

Ukrayna "soyuq müharibə"nin katalizatoruna çevriləcəkmi?

Müəllif:

11.02.2014

Artıq yarım əsrdir ki, hər il Münhendə keçirilən təhlükəsizlik məsələləri üzrə beynəlxalq konfrans ənənəvi olaraq, siyasətçilərin və politoloqların diqqətini özünə cəlb edir. Bu, tamamilə qanunauyğundur. Çünki aparıcı ölkələrin birinci şəxslərinin iştirak etdiyi belə tədbirlərdə beynəlxalq təhlükəsizliklə bağlı ən ciddi problemlər, çağırışlar müzakirə olunur. Konfransda iştirak edən nümayəndə heyətlərinin tərkibində nüfuzlu şəxslərin yer aldığını düşünsək, dünya liderlərinin Münhendə dünyanın bu və digər təhlükəsizlik problemlə bağlı mövqelərini açıq şəkildə ortaya qoymaları qəribə deyil. Təkcə Rusiya prezidenti Vladimir Putinin 2007-ci ildə keçirilmiş 43-cü Münhen konfransındakı çıxışı nəyə desən dəyər. Sonradan dünyada "Münhen çıxışı" kimi məşhurluq qazanmış məruzədə Putin ABŞ-ı birqütblü dünya yaratmaq, amerikalıları son dərəcə narahat edən məsələlərin öhdəsindən təkbaşına gəlməyə cəhddə günahlandırmışdı. Bu, ictimaiyyətdə böyük rezonansa səbəb olmuşdu. Bəzi politoloqlar, hətta həmin çıxışı yeni "soyuq müharibə" kimi xarakterizə edirdilər.

Bavariyanın paytaxtında sayca 50-ci - yubiley konfransı - 31 yanvar-2 fevral tarixlərində keçirilib. Tədbirə 20-dən artıq dövlət və hökumət başçısı, 60-dan çox xarici işlər və müdafiə nazirləri qatılmışdılar. Konfrans iştirakçıları arasında BMT-nin Baş katibi Pan Gi Mun, Avropa İttifaqı Şurasının rəhbəri Herman van Rompey, NATO-nun Baş katibi Anders Foq Rasmussen, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Con Kerri, bir sözlə, demək olar ki, dünya diplomatiyasının bütün elitası var idi. 

Amma yubiley konfransının əksər iştirakçıları bayram əhval-ruhiyyəsində deyildilər: gündəlikdə kifayət qədər ciddi məsələlər dururdu. Forum zamanı 15 plenar diskussiya, 250-dək ikitərəfli görüş keçirildi. Diskussiyalarda əsas diqqət Avro-Atlantik regionda təhlükəsizliyin möhkəmləndirilməsi, Rusiyanın Aİ və NATO ilə münasibətləri, Ukraynadakı böhran, kiberməkanın tənzimlənməsi, Suriya və Yaxın Şərqdəki vəziyyət, İranın nüvə proqramı, maliyyə böhranının qlobal təhlükəsizlik və sabitliyə təsiri kimi məsələlərə yönəldilmişdi.

Əvvəlcə gündəmdə əsas Suriya məsələsinin olacağı düşünülürdü. Lakin bu ölkədə böhranın aradan qaldırılması istiqamətində müəyyən irəliləyiş müşahidə olunmaqdadır. Eyni sözləri daha bir köhnə problem - İranın nüvə proqramı ilə bağlı vəziyyət haqda da söyləmək olar. İslam respublikasının yeni rəhbərliyi gərginliyin aradan qaldırılmasında qərarlı olduğunu göstərir, beynəlxalq sanksiyaların zəiflədilməsi məqsədilə Qərblə dialoq yolunda praktiki addımlar atır.

Fələstin-İsrail münaqişəsi haqda diskussiya bir qədər gərgin keçib. Konfransda çıxış edən ABŞ-ın dövlət katibi Con Kerri bildirib ki, İsrail fələstinlilərlə sülh razılaşması imzalamasa, iqtisadi boykotla üzləşə bilər. Bu sözlər İsrailin iqtisadiyyat naziri Naftali Bennetin tənqidi ilə üzləşib. "Biz dostlarımızdan antisemit boykot çağırışlarının ruporuna çevrilmələrini deyil, bu məsələdə bizim yanımızda olmalarını gözləyirik", - deyə nazir qeyd edib. Ondan əvvəl isə İsrailin müdafiə naziri Moşe Yaalon Kerrinin İordan vadisində təzlükəsizliyin təmini mexanizmi ilə bağlı təklifini tənqid atəşinə tutub. "Amerikanın bizə təqdim olunmuş təhlükəsizlik planı əslində nə təhlükəsizliyə, nə də sülhə zəmanət verir", - deyə o, bildirib. Yaalon deyib ki, Con Kerrinin planı "heç yazıldığı kağıza belə dəymir". Amma bir qədər sonra o, sözlərinə görə üzr istəyib.

Bununla yanaşı, forum iştirakçıları, təbii ki, Ukraynada getdikcə qızışmaqda olan hadisələri diqqətdənkənar qoya bilməzdilər. Onlar bu mövzunu nəinki müzakirə etdilər, hətta Ukrayna nümayəndələrinin qatılmadığı diskussiya sonda, az qala, konfransın əsas müzakirə mövzusuna çevrildi.

Ümumilikdə, Münhen konfransı Qərblə Rusiya arasında gündəmdəki əksər məsələlərlə bağlı ciddi fikir ayrılıqlarının olduğunu göstərib. Bununla yanaşı, maraqlı tərəflərin uzun müddətdir davam edən böhranlarla - Fələstin-İsrail münaqişəsi, Suriya və İran problemləri - bağlı mövqeləri əvvəlcədən məlum idi və bu mövzularda diskussiyaların nəticəsi proqnozlaşdırılan idisə, Ukraynada yaşananlarla bağlı fikir ayrılıqları Qərblə Rusiya arasında "soyuq müharibə"nin bitdiyi haqda danışmağın tez olduğunu göstərib. Konfransın gündəliyinin kifayət qədər geniş olmasına rəğmən, Qərblə Rusiyanın fərqli yanaşdıqları mövzulardakı diskussiyaların qızğın keçəcəyi bəlli idi. Qeyd edək ki, forumda Rusiya nümayəndə heyətinə ölkənin XİN başçısı Sergey Lavrov rəhbərlik edirdi. Diskussiya iştirakçıları böyük qruplara bölünmüşdülər. Qərb nümayəndələrindən ibarət bir qrup Moskvanı Ukrayna xalqının Avropa istəyini boğmaqda ittiham edirdi. Qarşı tərəf isə Qərbi və onun ayrı-ayrı siyaçətçilərini Ukraynanın daxili işlərinə qarışmaqda, hökumət əleyhinə zorakı aksiyaları açıq-aydın təşviq etməkdə günahlandırır. Sərt keçən diskussiya konfrans iştirakçılarını Putinin yuxarıda qeyd etdiyimiz 7 il əvvəlki çıxışına qaytardı. Məlum oldu ki, keçən dövr ərzində Qərblə Rusiya arasında qarşıdurma nəinki azalmayıb, əksinə, bu qarşıdurma açıq şəkildə üzə çıxmaq üçün sadəcə imkan gözləyirmiş. Kreml nümayəndələri açıq şəkildə göstərirlər ki, onlar Qərbin Ukraynada baş verənlərdən ölkənin xarici siyasət kursunun müəyyənləşdirilməsi üçün istifadəsinə heç bir halda imkan verməyəcəklər. Burada söhbət Rusiyanın şərq sərhədlərində yerləşən, Moskvanın maraqları dairəsinə birbaşa aid olan ölkədən gedir.

Münhen konfransının daha bir aspektini simptomatik saymaq olar. Bu cür nüfuzlu forumda iştirak edən birinci şəxslərin çıxışları göstərdi ki, V.Putinin hələ 2007-ci ildə bə-yan etdiyi "birqütblü dünya" artıq ABŞ-ın Avropadakı bəzi müttəfiqlərini də qane etmir. Məsələn, Almaniya prezidenti Yoahim Qauk konfransın açılışında "Almaniyanın dünyadakı yeni rolu" haqda danışıb. "ABŞ-ın daha çox şey verə bilmədiyi dövrdə Almaniya və onun avropalı tərəfdaşları öz təhlükəsizliklərinə görə məsuliyyəti üzərlərinə götürməlidirlər", - deyə o, bildirib. Avropa İttifaqı ölkələrində ABŞ-ın Avropa qitəsindəki bu və ya digər problemi öz istəyinə uyğun çözmək cəhdlərindən narazılığın getdikcə artdığı bəllidir. Bu baxımdan, Almaniya prezidentinin Vaşinqtona ünvanladığı üstüörtülü tənqidində daha çox öz ölkəsi adından deyil, bütünlükdə Avropanın adından danışdığını düşünmək olar.

Bu günlərdə iki nəfər arasında baş tutmuş telefon danışığının İnternetdə yerləşdirilməsi, şübhəsiz ki, bu əhvalı daha da artıracaq. Telefonda müzakirənin Amerikanın 2 yüksək rütbəli diplomatı arasında getdiyi bildirilir. Bunlar dövlət katibinin köməkçisi Viktoriya Nuland və ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payettadır. Diskussiya zamanı səsi Nulandın səsinə bənzəyən qadın Aİ-nin Ukraynadakı siyasi böhranın həlli istiqamətindəki fəaliyyətinə (daha doğrusu, onların özlərinin dedikləri kimi, fəaliyyətsizliyinə) münasibətini açıq şəkildə ifadə edib: "Aİ cəhənnəm olsun!". Həmsöhbətlər Ukrayna müxalifətinin liderləri, xüsusilə Vitali Kliçko haqqında da yaxşı fikirlər söyləməyiblər. Kişi səsi məşhur boksçunun yüksək dövlət vəzifəsi tutmaq üçün təcrübəsiz olduğunu deyir. Nuland isə Kliçkonun hökumətdə post tutmalı olmadığını bildirir. Sonradan Nuland Aİ-nin ünvanına səsləndirdiyi mənfi fikirlərə görə üzr istəyib.

Bu gizli danışığın yazılmasına və yayılmasına aidiyyəti olan şəxslərin üzə çıxarılmasının mümkün olub-olmayacağı bəlli deyil. ABŞ Dövlət Departamentinin spikeri Cen Psaki isə bu yazının ilk dəfə Rusiya baş nazirinin müavini Dmitri Roqozinin köməkçisi Dmitri Loskutovun Twitter səhifəsində yayımlandığını bildirir. İstənilən halda, bu hadisənin ABŞ-ın Avropa İttifaqında və Ukraynadakı nüfuzunu artıran hal olmadığı bəllidir. Bu, həm də Şərqi Avropada Amerikanın hökmranlığına qarşı koalisiya yaratmaq istəyən Rusiyanın mövqelərini gücləndirəcək. Hər bir halda, dünyanın "so-yuq müharibə"nin yeni mərhələsinin başlanğıcında olduğu ortadadır. Qərb, xüsusilə də ABŞ mətbuatında Soçidə start götürmüş Qış Olimpiya Oyunlarına qarşı güclü qara piarın başlaması müharibənin qızışmaqda olduğunu göstərir.

 

 

BİZİM ARAYIŞ

Münhen Təhlükəsizlik Konfransı 1962-ci ildən etibarən, hər il keçirilən konfransdır. 1993-cü ilədək o, Hərbi Məsələlər üzrə Konfrans adlanır və Xristian-Sosialist İttifaqının himayəsi ilə keçirilirdi. 1998-ci ildən mərasimi Almaniya hökuməti maliyyələşdirir.

Toplantının əsasını qoyan, 1998-ci ilədək onun dəyişməz təşkilatçısı və rəhbəri alman naşir Evald-Henrix fon Kleyst-Şmentsin olub. 1999-cu ildən bu rolu Almaniyanın sabiq kansleri Helmut Kolun xarici və müdafiə məsələləri üzrə məsləhətçisi Horst Telçik, 2009-cu ildən isə Volfqanq İşinger icra edir.

İlk 30 ildə forumda NATO ölkələrinin hərbçi və siyasi liderləri, politoloqlar və KİV təmsilçiləri iştirak ediblər. 1990-cı ildən konfransda Rusiya və digər Şərqi Avropa ölkələrinin (1995-ci il), Çin, Hindistan və Yaponiya nümayəndələri də iştirak edirlər.



MƏSLƏHƏT GÖR:

535