25 Noyabr 2024

Bazar ertəsi, 09:28

BÖLÜŞDÜR VƏ İDARƏ ET

Beynəlxalq maliyyə institutları Azərbaycanın neft amilindən asılılığın aradan qaldırılmasındakı təcrübəsini digər ölkələr üçün yaxşı nümunə sayır

Müəllif:

02.07.2013

Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi məsələsində xeyli irəliləyib və artıq ölkənin neft sektorundan asılılığı nəzərəçarpacaq dərəcədə azalıb. Hökumətin yaxın 7 il üçün nəzərdə tutulmuş planına əsasən, 2020-ci ildə Azərbaycanın qeyri-neft sektorunda məhsul ixracı 5 dəfə artmalıdır. Bu, ölkənin özünü dünya bazarlarında neftin qiymətində baş verəcək tərəddüdlərdən qoruya biləcəyi, "Holland sindromu" təhlükəsindən birdəfəlik xilas olacağı anlamına gəlir. Halbuki bu yaxınlaradək beynəlxalq təşkilatlar və maliyyə institutları Azərbaycanın bu sindromla üzləşə biləcəyinə dair xəbərdarlıq edirdilər. Yeri gəlmişkən, artıq həmin təşkilatlar Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi sahəsində qazandığı uğurları nəinki etiraf edir, hətta başqa ölkələrə də bu təcrübədən yararlanmağı məsləhət görür.

 

Hədəf  ÜDM-in 80%-i

Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı son 10 ildə rekord inkişaf tempi nümayiş etdirib. Qlobal iqtisadi böhranın fəsadlarını uğurla geridə qoyan Azərbaycan regionda ciddi oyunçuya çevrilib. "Bu gün Azərbaycanda ÜDM-in 80%-i özəl sektorun payına düşür. Son 10 ildə ölkədə qeyri-neft ÜDM-in artımı ildə orta hesabla 8% olub, makroiqtisadi sabitlik təmin edilib, iqtisadiyyata milyardlarla investisiya yatırılıb", - deyə S.Şərifov Azərbaycan hökuməti və Qara dəniz Ticarət və İnkişaf Bankı tərəfindən təşkil edilmiş biznes-forumda bildirib.

Bununla yanaşı, nazir son illərdə qarşıya yeni vəzifələrin qoyulduğunu da söyləyib. Söhbət iqtisadiyyatın şaxələndirilməsindən, 2020-ci ilədək ÜDM-in ikiqat artırılmasından, nəqliyyat, logistika, tranzit infrastrukturunun, İT-texnologiyaların inkişafından gedir.

İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova isə 2021-ci ildə Azərbaycanın ÜDM-də qeyri-neft sektorunun payının 80%-ə çatacağını bildirib: "Azərbaycan-2020: gələcəyə baxış" strategiyasına əsasən, 2021-ci ildə ölkə rəqabət qabiliyyətli tərəfdaşa çevrilməlidir. Strategiya ümumi daxili məhsulun ikiqat artırılmasını, bunun, ilk növbədə, qeyri-neft sektoru hesabına gerçəkləşdirilməsini, iqtisadiyyatın diversifikasiyasını nəzərdə tutur. 2021-ci ilə qeyri-neft sektorunun respublikanın ümumi daxili məhsulundakı xüsusi çəkisi 80% təşkil edəcək".

Xatırladaq ki, 2012-ci ilin yekunlarına görə, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 52,7% olub.

Nazir müavininin sözlərinə görə, bu hədəfə çatmaq üçün hər il Azərbaycanın qeyri-neft sektorunda ən azı 7%-lik artım qeydə alınmalıdır. Hökumət bu məqsəd çərçivəsində əlverişli biznes-mühitin yaradılması məqsədilə institusional islahatların davam etdirilməsini, sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərilməsini, inkişaf klasterləri qurmağı (müxtəlif texnoparklar, sənaye parkları), tranzit daşımalarının sadələşdirilməsini planlaşdırır. Nəzərdə tutulmuş işlərin hamısı reallaşdırılarsa, 2021-ci ildə Azərbaycanın qeyri-neft məhsullarının ixracı 5 dəfə artacaq.

 

Etiraf və dəstək

Statistika isə artıq, əvvəllər Azərbaycan iqtisadiyyatının neft satışından gələcək gəlirlərə qarşı dayanıqlı olacağına şübhə ilə yanaşanların yanıldığını göstərir. Bu gün, demək olar ki, bütün məşhur beynəlxalq maliyyə institutları Azərbaycan hökumətinin iqtisadiyyatın şaxələndirilməsi istiqamətindəki səylərini etiraf edir, bu planların reallaşdırılmasına yardım göstərməyə hazır olduqlarını bildirirlər.

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakı ofisinin rəhbəri Nila Makkeynin sözlərinə görə, onun təmsil etdiyi qurum Azərbaycan hökumətilə maliyyə sektorunun, kapital bazarının və qeyri-bank kredit təşkilatlarının inkişafına hesablanmış məsləhətləşmələr aparır və birgə layihələr reallaşdırır. "Azərbaycan hökuməti infrastrukturun bərpası və inkişafında, e-hökumətin yaradılmasında düzgün investisiya siyasəti yürüdür. Bütün bunlar özəl sektorun inkişafına yardım edir",-deyə o, bildirib: "Bizim bu istiqamətlərdə fəaliyyət planımız var. Məsələ ilə bağlı Maliyyə, İqtisadi İnkişaf nazirliklərilə, Mərkəzi Bankla siyasi dialoq aparırıq".

Dünya Bankının Bakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenko da Azərbaycanın Doing Bussines hesabatında irəlilədiyini xatırladıb, DB-nin qeyri-neft sektorunun inkişafı, insan kapitalının gücləndirilməsi üçün təhsil sahəsində islahatların aparılması işlərində Azərbaycan hökumətinə dəstək göstərdiyini bildirib: "Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi işində əldə olunan bütün uğurların arxasında neft gəlirlərinin düzgün bölüşdürülməsi siyasəti dayanır. Azərbaycanın bu təcrübəsi digər dövlətlər üçün də yaxşı nümunə ola bilər. Biz bundan sonra da respublikanın bu və digər sektorlarının inkişafına dəstək vermək niyyətindəyik".

Beynəlxalq Maliyyə Korporasiyasının (İFC - DB-nin alt strukturu) Cənubi Qafqaz ölkələri üzrə regional meneceri Tomas Lyubek isə təmsil etdiyi qurumun artıq Azərbaycanda özəl sektorun inkişafına 350 milyon dollar ayırdığını bildirib. Qurum Azərbaycanda üç istiqamətdə layihələrin reallaşdırılmasını davam etdirmək niyyətindədir: biznes mühitinin yaxşılaşdırılması və qanunvericiliyin təkmilləşdirilməsi, icazələrin verilməsi sisteminin təkmilləşdirilməsi, biznes strukturlarında yoxlamaların sayının azaldılması. 

 

Regional  zəmanət

Qeyd etmək lazımdır ki, qlobal iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsiri ümumilikdə hiss edilməsə də, iqtisadiyyatın sabitliyini qorumaq üçün, bu çətin anda regional və qlobal miqyasda əməkdaşlıq və qarşılıqlı yardım son dərəcə vacibdir. Böhrandan ən çox zərərçəkmiş bölgələrdən biri Qara dəniz regionudur. Böhran bu regionda 2012-ci ildə iqtisadi inkişafın 2,1%-ə düşməsinə səbəb olub. Bundan başqa, regionda ixrac templəri ciddi şəkildə azalıb. 2010-cu ildə regionda ixrac 26% idisə, 2011-ci ildə 28%, 2012-ci ilin yekunlarına görə isə cəmi 2,3% olub. Belə bir vəziyyətdə Qara dəniz Ticarət və İnkişaf Bankı kimi beynəlxalq maliyyə strukturunun rolu artır. Qeyd edək ki, bu qurumun səhmdarları arasında Azərbaycan da var.

"Yalnız ötən il dəyəri 168 milyon avro olan 15 əməliyyat imzalanıb. Qara dəniz Ticarət və İnkişaf Bankının regionun inkişafına töhfəsi nəzərə çarpmaya bilməz", - deyə Samir Şərifov bildirib.

Bununla yanaşı, o, bankın kredit portfelini böyütməsinin vacibliyini də söyləyib. "Açığı, həcmi, təxminən, 1 milyard dollar olan kredit portfeli 11 ölkənin üzv olduğu, ciddi siyasi dəstəyə malik bankın potensialına qətiyyən uyğun gəlmir",- deyə nazir qeyd edib.

Bankın prezidenti Andrey Kondakov isə jurnalistlərə açıqlamasında 2013-cü ildə kredit portfelinin 8-9% artırılmasını nəzərdə tutduqlarını söyləyib. Bundan başqa, bankın rəhbərliyi qarşısında kredit portfelinin şaxələndirilməsi vəzifəsi də durur.

Bankın Azərbaycanla işləməyə necə əhəmiyyət verdiyini 2011-2014-cü illər üçün əməkdaşlıq strategiyası açıq şəkildə göstərir. Strategiyaya əsasən, Qara dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda 8 layihənin reallaşdırılmasına 90 milyon avro ayırmağı planlaşdırır. Bu günə isə 10 layihə üçün 70 milyon avronun ayrılması planı təsdiqlənib. Hazırda Azərbaycandakı layihələr üçün bankın aktiv portfeli ümumi kredit portfelinin 10%-ni təşkil edir.

Beynəlxalq təşkilatların Azərbaycanın qeyri-neft sektorunun gücləndirilməsində iştirak etmək arzusu və cəhdləri bu sahədə aparılan işlərin etirafıdır. Bundan başqa, bu, gələcək planların, iqtisadiyyatda paritetin qorunub saxlanılması üçün yeni layihələrin reallaşdırılması üçün də yaxşı stimuldur. 


MƏSLƏHƏT GÖR:

467