25 Noyabr 2024

Bazar ertəsi, 09:43

"İTALYAN ÇƏKMƏSİNİN DABANI"na GEDƏN YOL

TAP Azərbaycan qazının Avropaya nəql olunması marşrutu kimi seçildi

Müəllif:

02.07.2013

Xəzərin Azərbaycan sektorunda qaz yataqlarının hasilatı üzrə "Şahdəniz" konsorsiumu keçən həftə elan etdi ki, Avropaya qazın nəql olunması üzrə əsas marşrut qismində Transadriatik qaz boru kəmərini (Transadriatik Pipeline - TAP) seçdi. Uzun illər aparılan danışıqlar, tədqiqatlar, nəhayət ki, Azərbaycan qazının Avropaya nəql olunması marşrutunu müəyyənləşdirdi. Bununla da,  Xəzər regionundan qaz Türkiyə, Yunanıstan, Albaniyadan keçərək İtaliyaya, daha sonra isə tələbatdan asılı olaraq Qərbi Avropaya nəql olunacaq. 

Layihə, qazın Avropaya nəqlinin diversifikasiyası üçün mübarizə aparan və əsas istiqamət kimi Cənub qaz dəhlizini görən Avropa Birliyi və ABŞ tərəfindən də birmənalı  şəkildə dəstək alıb. 

 

TAP-ın  üstünlükləri 

Son seçim yolunda TAP "ITGI" layihəsi (İnterkonnektor Türkiyə-Yunanıstan-İtaliya), SEEP (BP şirkətinin Avstriyaya qaz nəqli üçün təklif etdiyi layihə) və nəhayət, ən güclü rəqib - "Nabucco West" layihəsini kənarda saxladı. Yeri gəlmişkən, demək olar ki, bütün bu illər ərzində kölgədə saxlanılan TAP layihəsi ətrafında aparılan səbirli və müfəssəl işlər onun müvəffəqiyyətli finalını təmin etdi. Layihənin icraçı direktoru Kjetil Tunqlandın sözlərinə görə, hələ 2010-cu ildə bu marşruta praktiki olaraq heç bir maraq yox idi. "Mən Bakıda keçirilən konfransların birində TAP layihəsi ilə bağlı çıxış etdim, lakin mənim çıxışıma az diqqət yetirildi",- deyə qalib gələn layihənin rəhbəri qeyd edib.  

"Mavi yanacaq"ın Avropaya nəql olunması mənbələrinin diversifikasiyasını təmin etmək üçün Avropa Birliyi və ABŞ tərəfindən dəstəklənən Cənub qaz dəhlizinin özülü qismində uzun illər məhz "Nabucco" layihəsi nəzərdən keçirilirdi. Lakin dünya maliyyə böhranı, hər yerdə qiymətlərin qalxması "Nabucco"nun dəfələrlə bahalaşmasına gətirib çıxardı. Xəzər regionundan Avropaya magistral kimi planlaşdırılmış 4 min km uzunluğu olan və Türkmənistan, İraq və hətta İranın da qaz nəqlinə qoşulmasını nəzərdə tutan layihə, son nəticədə, təkcə Türkiyə-Bolqarıstan sərhədlərindən Avstriyaya qədər 1,3 min km qısaldılmış versiya ilə məhdudlaşdı.  Prinsipcə, "Nabucco West" adlandırılan bu versiya Türki- yənin şərq hissəsindən qərbinə qaz nəql edəcək - TransAnadolu (TANAP) qaz boru kəməri layihəsinin Azərbaycanın elan etməsindən sonra mövcud olmaq hüququnu qazandı. Lakin böyük siyasi dəstək almasına baxma-yaraq, "Nabucco West", heç olmazsa, yaxın perspektivdə də həyata vəsiqə əldə edə bilmədi. 

"Şahdəniz" konsorsiumunun əsas seçimi TAP marşrutu üzrə daha cəlb- edici kommersiya şərtləri ilə bağlıdır. Bu boru kəmərinin uzunluğu, təxminən, 900 km təşkil edir,  "Nabucco West" isə ondan 400 km uzun idi. Deməli, boru kəmərinin tikintisinə xərclər də çox idi. Bundan başqa, TAP üç ölkənin ərazisindən keçəcək-Yunanıstan, Albaniya və İtaliya, "Nabucco West" isə dörd: Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya. Bu iki faktor, şübhəsiz ki, qazın nəql tariflərində əks olunur və TAP-a üstünlük gətirir. Lakin qaz kəmərinin tikintisi məsələlərində satış bazarları müəyyənedici faktor sayılır. Burda da TAP bəlli  üstünlüklər verir. Qaz kəmərinin son nöqtəsi "İtaliya çəkməsinin dabanı"ndakı San-Foka limanı olacaq. 

Son illər İtaliya zəruri qaz həcmlərini təmin etməkdə problemlərlə üzləşir. 80 mlrd. kubmetr tələbatı olan ölkə ildə, təxminən, 70 mlrd. qaz idxal edir. İtaliyaya qaz nəql edən əsas ölkələr Rusiya, Əlcəzair, Liviya, Norveç və Qətərdir. Həm də qaz istər qaz boru kəməri sistemi, istərsə də maye halda gəlir. Lakin Əlcəzair və Liviyada hökm sürən qeyri-sabitlik qazın nəqlində fasilələrə gətirib çıxardı. İtaliya bütün idxalın onsuz da dörddə birini aldığı Rusiyadan asılılığı artırmamaq üçün fəal şəkildə mənbələr axtarır. Azərbaycan qazı idxal mənbələrinin diversifikasiyası üzrə, məhz, o xilasedici xətt rolunu oynaya bilər. Ərazisindən TAP keçəcək Yunanıstan isə Azərbaycan qazının idxalında çoxdan maraqlıdır. Yunanıstan qazı, hətta Türkiyənin “Botas” şirkətinin geri ixrac üzrə keçirdiyi layihələr çərçivəsində  alırdı. Hərçənd ölkənin tələbatı İtaliya ilə qətiyyən müqayisə edilə bilməz, lakin burada da bəzi üstünlüklər mövcuddur. Avropanın məhz bu iki ölkəsində qazın qiymətləri daha bahadır. Bu, ilk növbədə, həmin ölkələrin qitənin şimalında əsas ehtiyat yataqlarından uzaqda olması ilə bağlıdır. Rusiya qazı isə satış bazarlarına çıxmazdan öncə bir neçə dövlətin ərazisi ilə bir neçə min kilometr qət edir ki, bu da, əlbəttə ki, yüksək tranzit xərclərinə səbəb olur. Əbəs yerə Rusiyanın "Qazprom" şirkəti yeni "Cənub axını" qaz kəmərinin son nöqtəsini İtaliyanın şimalındakı Tarvizio şəhərini seçməzdi, halbuki bundan öncə marşrutu "Nabucco West"in də yönəldiyi Avstriyanın Baumqarten ərazisinə qədər uzadılması nəzərdə tutulurdu.

"RİA-Reytinq"in mütəxəssislərinin hesablamalarına görə, Yunanıstan və İtaliyanın əhalisi Avropada qaza görə daha çox pul ödəyir-Yunanıstanda hər 1000 kubmetrə görə 1350 dollar, İtaliyada isə 1300 dollar. İsveç və Danimarkanın liderlik etdiyi qiymət reytinqində İtaliya və Yunanıstanın əhalisi üçüncü və dördüncü sıralarda yerləşir.  Bu ölkələrdə qazın idxalının topdansatış qiyməti də orta Avropa göstəricilərinə görə 15-20% yüksəkdir. Əgər Avropada orta hesabla  qazın 1000 kubmetrinin qiyməti 400 dollar təşkil edirsə, Yunanıstan və İtaliyada 470-500 dollara çatır.  

BP şirkətinin "Şahdəniz" layihəsinin işlənməsi üzrə vitse-prezidenti Al Kukun sözlərinə görə, TAP 10 perspektivli marşrut arasından seçilib. Seçim 8 kriteri üzərində aparılıb ki, onlardan da əsası qazın nəqlinin kommersiya şərtləri və onun regionda satış qiymətidir. O, qeyd edib ki, "Nabucco West" layihəsi ilə müqayisədə, TAP bu kriterilərə görə əhəmiyyətli dərəcədə böyük imkanlar verir. 

 

"Nabucco West" gündəmdə qalır

"Nabucco West"in üstündən xətt çəkməyə dəyməz. SOCAR-ın prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, TAP boru kəmərinin seçilməsi Azərbaycanın Avropaya qaz nəqlinin diversifikasiyasının təmin edilməsi üzrə planları sırasında hələ ilk addımıdır. "Bu addım 2011-ci ilin yanvar ayında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsüylə  Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu ilə Cənub qaz dəhlizi haqda imzaladıqları razılaşma ilə atıldı.  Azərbaycanın bu mənada rolu prezidentin bu yaxınlarda Brüsselə səfəri zamanı bir daha təsdiq olundu",- deyə R. Abdullayev bildirib.

O, qeyd edib ki, gələcəkdə Azərbaycan daha bir neçə perspektivli qaz yataqlarını tədqiq etməyi planlaşdırır. Onlar arasında "Abşeron", "Asiman-Şəfəq", "Ümid", "Azəri-Çıraq-Günəşli" yataqlarının dərində yatan qaz layları var. "Bütün bunlar qazın Avstriya istiqamətinə nəql olunmasına dair planlarımız çərçivəsində ikinci dalğadır. Bu isə TAP layihəsini də genişləndirməklə, "Nabucco" qaz kəmərini də, bəlkə, digərlərini də aktuallaşdıracaq",- deyə R. Abdullayev bildirib. 

 

İxracın coğrafiyası 

Yeri gəlmişkən, ixrac marşrutu seçilməsi ilə bərabər Azərbaycan qazının alıcıları da müəyyənləşdi. İl ərzində "Şahdəniz" yatağından Avropaya nəql olunacaq 10 mlrd. kubmetr həcmində qaz İtaliya, Yunanıstan və Bolqarıstan alıcıları arasında bölüşdürüləcək.  Bu ölkələrdə qaz alıcıları ilə danışıqlar praktiki olaraq yekunlaşıb, uzunmüddətli sazişlər isə (25 illik) yaxın həftələrdə artıq imzalanacaq. Bu barədə SOCAR-ın vitse prezidenti Elşad Nəsirov məlumat verib. Bununla yanaşı, bu ölkədəki qaz alıcıları qazın sonrakı nəqli ilə bağlı heç bir limitlə məhdudlaşmırlar. 

İtaliyada qaz alan istehlakçılar onu İsveçrəyə də nəql edə bilərlər, xüsusən də 2016-cı ildə İtaliya ilə İsveçrə arasında boru kəməri xətti tikiləcək. Sonra isə Azərbaycan qazı Fransaya, Avstriyaya ya da qiymət xüsusiyyətləri və tələbatdan asılı olaraq, Almaniyaya da gələ bilər.  Bolqarıstana isə qaz Yunanıstandan gedəcək, belə ki, ölkələr arasında qaz "bənd"i var. Daha iri həcmdə qazın nəqli şərti ilə ikinci boru kəməri qurmaq mümkün olacaq. Qaz nəqlinin sonrakı mərhələlərində hədəfi Balkan yarımadası olacaq. "İon-Adriatik boru kəməri - TAP layihəsinin Balkan yarımadasını qazla təmin etməyi nəzərdə tutan ikinci hissəsidir. Bu boru kəməri ilə qaz Albaniya, Çernoqoriya və daha sonra Bosniya-Herseqovina, Xorvatiya və Sloveniyaya daxil olacaq. Bu artıq ilkin nəzərdə tutulan 10 mlrd. kubmetrdən əlavə qaz olacaq", - deyə E.  Nəsirov bildirib. Yeri gəlmişkən, Balkan ölkələrini birləşdirən Adriatik və İon dənizlərinin Təşəbbüs Şurası TAP layihəsinə siyasi dəstək verib. 

Əlavə olaraq TAP marşrutunun seçimi bu vaxta qədər heç qazlaşdırılmamış Albaniya və Çernoqoriyanın qaz bazarlarında SOCAR üçün perspektivlər açır.   

"SOCAR-ı, ilk növbədə, Albaniya maraqlandırır və şirkət qaz infrastrukturları və yeraltı qaz saxlama anbarlarının yaradılması üzrə ölkə rəhbərliyi ilə razılıq əldə edib.  Albaniyada qaz sistemini qurmaq istəyən bir sıra başqa şirkətlər də var. Yeri gəlmişkən, bu, bizim üçün sərfəli layihədir, belə ki, biz öz qazımızı aralıq nöqtədə satacağıq və bununla da, böyük gəlir əldə edəcəyik",- deyə E. Nəsirov bildirib. Bununla birgə, SOCAR TAP marşrutunun seçilməsi və Azərbaycan şirkətinin yeganə iddiaçı olduğu Yunanıstanın DESFA qaz nəql edən şirkətinin alınması arasında qarşılıqlı əlaqəyə dair mülahizələri qəti şəkildə rədd edir. "TAP və DESFA - fərqli layihələrdir və heç bir qarşılıqlı əlaqələri yoxdur. Lakin bununla yanaşı, qazın Bolqarıstana nəql olunması üçün biz DESFA-nın imkanlarını nəzərdən keçirə bilərik", - deyə E. Nəsirov məlumat verib.

İlin sonuna kimi "Şahdəniz" yatağının hasilat işlərinin səhmdarlarının TAP layihəsində paylarının əldə olunması məsələləri öz həllini tapmalıdır. Hazırda "Şahdəniz"in səhmdarları arasında ancaq Statoil şirkətinin TAP-da payı var. Bununla yanaşı, payların alınmasında maraqlarını BP, Total və SOCAR şirkətləri də ifadə ediblər. "Tikinti prosesinə nəzarət etmək və öz qazımızın nəqlindən dividendlər almaq və nəhayət, layihənin etibarlı olması məqsədilə Azərbaycana TAP layihəsinin bir hissəsini əldə etmək mühümdür",- deyə Elşad Nəsirov bildirib. 

 

Sərmayə qərarı

Yuxarıda qeyd edilən məsələlərin nizamlanması, nəhayət ki, "Şahdəniz" yatağının hasilatının Mərhələ-2 çərçivəsində investisiya qərarlarının qəbul olunmasına yol açacaq. "İlin sonuna kimi Mərhələ-2 layihəsi üzrə investisiya qərarının qəbul olunmasını gözləyirik.  Bu, 40 milyard dollar sərmayə nəzərdə tutan dünyanın ən iri layihələrindən biridir. Layihəyə istər  ildə 16 mlrd. kubmetr qaz hasil etmək üçün yataqların işlənməsi üzrə dəniz işləri, istərsə də Səngəçal terminalı və qazı Türkiyə-Gürcüstan sərhədinə qədər çatdıran Cənub-Qafqaz boru kəməri magistralında mövcud infrastrukturun genişlənməsi və Türkiyənin şərqindən qərbinə qədər TAP marşrutu ilə birləşdirəcək TANAP boru kəmərinin tikintisi daxildir",- deyə BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrell bildirib. Plana görə, hasilat və nəql üzrə layihələr elə yekunlaşmalıdır ki, 2019-cu ildə Avropa Azərbaycan qazını ala bilsin. Bu arada, bizim qazımız bu regionda qətiyyən rəqabət aparmağa can atmır, əksinə əməkdaşlıq üçün ilkin şərtlər yarada bilər. 

"Biz Avropa qaz bazarında heç kimlə rəqabət aparmırıq. Biz hazırda nəql olunduğundan daha çox qaza ehtiyac duyulan bazarlara çıxırıq. Avropada maliyyə böhranı gec və ya tez bitəcək və qaza olan tələbat artacaq. Bizim qazımız bu gün bazarlarda olan istehsalçılara kömək edəcək, onların öhdəliklərini yerinə yetirəcək. Hesab edirik ki, bizim qazımız- qarşılıqlı tamamlayıcı həcmlərdir. Bu, hamının marağındadır",- deyə Elşad Nəsirov vurğulayıb. 



MƏSLƏHƏT GÖR:

576