28 Noyabr 2024

Cümə axşamı, 02:44

İNTİHAR VİRUSU

Azərbaycanda yeniyetmələr arasında intihar hallarının sayı nədən artıb?!

Müəllif:

25.06.2013

Sürətlə inkişaf edən dünya bizə inkişafın əksini də diktə edir. İlin əvvəlindən Azərbaycanda 60 intihar hadisəsi qeydə alınıb. Onların yarısı gənclər və yeniyetmələrin payına düşür. Görəsən, gənc insanları bu addımı atmağa nə vadar edir?

 

Talelər...

Texniki Universitetin gənc tələbəsi Məmmədəmin Həsənli nahar vaxtı atasından pul istəyib. Pul ona buraxılış imtahanının nəticələrini öyrənmək üçün lazım imiş. Amma cəmi 20 dəqiqə sonra gənc artıq həyatda yox idi...

Ana olmağa hazırlaşan 22 yaşlı gənc xanım valideynlərinin ondan imtinası üzündən 30 psixotrop həb qəbul edib. Valideynlərinin imtinasının səbəbi isə bir il əvvəl qızın sevdiyi oğlana qoşularaq qaçması imiş...

Yeniyetmə abitiuriyent yaşadığı evin damında özünü asıb. İntihardan əvvəl yazdığı məktubdan məlum olur ki, onu bu addımı atmağa ali məktəbə qəbul imtahanlarını uğurla verə bilməməsi məcbur edib...

Bunlar hələ hamısı deyil. Acınacaqlı statistika, demək olar ki, hər gün yeni adlarla genişlənir. Yaranmış vəziyyətin və ya öz seçimlərinin qurbanı olanların əksəriyyəti heç bir məktub, kağız qoymadan gedirlər. Doğma övladını itirdikdən sonra tək qalmış məzlum valideynlər isə uşağı bu addımı atmağa nəyin vadar etməsi üzərində baş sındırmalı olur. Digər tərəfdən, axı kim keçmişi araşdırmaq istəyir ki? Ailədə münasibətlər müqəddəsdir. Üstəlik, dünyadan köçən övladları artıq geri qaytarmaq mümkün deyil.

Rəsmi orqanların apardığı tədqiqatlar da nadir hallarda nəticə verir. Belə hallar əksər vaxtlarda Cinayət Məcəlləsinin müvafiq - 125-ci maddəsi  ilə (intihar həddinə çatdırılma) araşdırılır. Müvafiq kağız (məktub və sair - red.) olmadığından, insanı intihara kimin sövq etdiyini axtarmaq səmərəsiz işdir. Belə olan təqdirdə intiharın səbəbi kimi psixi pozğunluq göstərilir.

Daxili İşlər Nazirliyinin ölkədə baş verən intiharlarla bağlı statistikasına inanmaq olmaz. Ekspertlər bildirir ki, valideynlər əksər hallarda övladlarının intihar etdiyini gizlədirlər. Bunu "R+" jurnalına açıqlamasında həkim-psixoterapevt Azad İsazadə də təsdiqləyib: "Bizdə intiharı bədbəxt hadisə kimi təqdim etməyə meyillidirlər. İntiharlarla bağlı statistikamızda isə ciddi problemlər var".

 

İntihar epidemiyası

İntihar nədən bu dərəcədə qorxunc miqyas alıb? Azərbaycanın baş psixiatrı, Tibb Universitetinin psixiatriya kafedrasının müdiri Gəray Gəraybəyli "R+" jurnalına açıqlamasında, statistikanın artması faktorlarından biri kimi, Sovetlər dönəmində intiharlar haqda yazmağın qadağan olunduğunu göstərib. O zaman statistika gizlin saxlanılırdı. İndi isə intihar halları ilə yanaşı, bu haqda informasiyalar da artıb. G.Gəraybəylinin sözlərinə görə, bu ağrılı epidemiyanın bir neçə səbəbi ola bilər. Onlar bir sıra amillərlə bağlıdır. Yaş həddi bu baxımdan az əhəmiyyət daşımır. Gənclər emosional problemlər, hisslər üzündən intihara əl atmağa daha meyillidirlər. Yaşlı nəsil isə bu yolla tənhalıqdan, xəstəlikdən, ağır maddi durumdan xilas olmaq istəyirlər.

Maraqlıdır ki, sosial-iqtisadi vəziyyət praktiki olaraq, intiharların səbəbləri arasında yoxdur. Halbuki, inkişaf etmiş regionlarda - Qərbi Avropada və Skandinaviyada məhz bu səbəb daha çox üstünlük təşkil edir. Azərbaycanın baş psixiatrı bildirir ki, rəsmi statistikaya görə, Azərbaycan bu siyahıda heç də sonuncu yerlərdə deyil. Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir ki, Azərbaycanda vətəndaşların yalnız 0,01%-i intihar edir. Amma yuxarıda qeyd etdiyimiz kimi, rəqəmlərin real statistikadan uzaq olduğunu nəzərə alsaq, bu informasiya, yumşaq desək, aktuallığını itirir.

Psixoloqlar hesab edirlər ki, Azərbaycanda intihar problemləri  ilə məşğul olan xüsusi mərkəz yaradılmalıdır, intihar faktları isə gizlədilməməlidir. Çünki barəsində tam təsəvvürün olmadığı hallardan xilas olmaq mümkün deyil.

Gəray Gəraybəyli qəribə əlaqə haqda da danışıb. Məsələn, cəmiyyətin çətinlik yaşadığı dövrlərdə - müharibələr, iqtisadi böhranlar, kataklizmlər - intiharların sayı kəskin şəkildə azalır. Bu, cəmiyyətin səfərbər olması nəticəsində baş verir. Böhrandan sonrakı dövrdə isə cəmiyyətdə bir taqətdəndüşmə baş verir. İnsanlarda baş verənlərə gecikmiş reaksiyalar meydana çıxır, depressiyalar başlayır və bu, intiharların sayının artmasına yol açır.

 

Risk qrupları

Qocalar, qadınlar və uşaqlar həmişə cəmiyyətin ən zəif təbəqəsi sayılıblar. Bu, intihar məsələsində də belədir. Çünki qadınlar, uşaqlar və yeniyetmələr mürəkkəb, tez sınan psixikaya malikdirlər. Reallıqda gənc insanın intiharı ilə üzləşdikdə ağıla gələn ilk sual bu olur: "Necə?!". Hər şeyin hələ qarşıda olduğu dəyərli ömürə, əslində, həlli tamamilə mümkün problemlər üzündən necə son qoymaq olar - imtahanda uğursuzluq, qarşılıqsız sevgi, yaxın şəxslərlə münasibətlərdə problem və sair. Bu problemləri bölüşəcək bir nəfər necə tapılmır? Həmin şəxsi dinləyəcək, dəstəkləyəcək, ona kömək edəcək heç kim yoxdurmu?

Azərbaycanda çox güclü milli və ailə ənənələri var. Onlar ümumən insanların yaxınlaşmasına, övladların ailələrindən, valideynlərindən uzaqlaşmamasına yönəlib. Amma bu ənənələrin əks tərəfi da var. Birincisi, istənilən halda müasir reallıqlar insanlar arasında canlı təmasları məhdudlaşdırır, onun daha çox "virtual" olmasına yol açır; ailədə diqqətin maddi məsələlərə yönəldilməsi valideynlərlə uşaqlar arasındakı ünsiyyətdə sərinlik yaradır, onu minimuma endirir. Gəray Gəraybəylinin fikrincə, tənhalıq hər zaman riskdir. Geniş ünsiyyət imkanları, əlaqələri, cəmiyyətlə, dünya ilə təmasları olan insanlar intihara meyilli olmurlar. Yeniyetmələrin problemləri ailədə "sevilməməkdən", valideynlərin başının pul qazanmağa qarışdığından dərdlərini bölüşmə bilməmələrindən, valideynlərin uşaqlarla maraqlanmamasından başlayır. "Müasir psixologiya mərkəzi"nin eksperti Zamin Ramilov bildirir ki, yeniyetmələrin intihar etməsinə əyyaşlıq və narkomanlıq da səbəb olur.

Digər zəiflər qrupuna - qadınlara gəlincə, burada problem əsasən uğursuz sevgi, məişət zorakılığı üzündən meydana çıxır, qadınlar belə hallara sinə gərməyə çətinlik çəkirlər.

Yerli ənənələrin digər bir tərəfi də var. İnsanlar yardım və müdafiə məqsədilə müvafiq orqanlara, yaxud sadəcə psixoloqa müraciət etdikdə bu, evin sirrini vermək sayılır. İnsanlar hesab edir ki, evin problemləri elə evdə çözülməlidir. Cəmiyyətin yazılmamış qanunları güclü olduğundan, peşəkar psixoloqa, ailə zorakılığı ilə bağlı böhran mərkəzinə, hüquq-mühafizə orqanlarına yardım üçün müraciət edilməsi ayıb sayılır, cəmiyyətin qınağına yol açır.

Artıq qeyd edildiyi kimi, depressiya cəmiyyətin sağlamlığının əsl bəlasıdır və intiharların az qala başlıca səbəbidir. Bu yerdə artıq dünyadakı real tendensiyadan danışmaq mümkündür və təəssüf ki, o, bizdən də yan keçmir.

 

Dünya tendensiyası

Gəray Gəraybəyli bildirir ki, texnologiyaların və urbanizasiyanın inkişafı ilə nə qədər paradoksal olsa da, insanın desosiallaşması dövrü də başlayır. Bəzən "həzmi" mümkün olmayan nəhəng informasiya axını, sosial şəbəkələrin yayılması fonunda normal canlı ünsiyyətin kəskin şəkildə məhdudlaşması depressiyaya aparan səbəblərdən olur. Bu isə sonda intihar hallarına yol açır. "İnsanın beynində həddindən artıq çoxlu informasiya yığılıb qalır. Onu boşaltmadıqda aqressiya yaranır", - deyə psixiatr bildirir. G. Gəraybəylinin sözlərinə görə, cəmiyyətdə aqressiyanın pik həddə çatması da intihar tendensiyalarına öz təsirini göstərə bilər.

İqtisadi böhranın yaşandığı ölkələrdə intiharların sayı kəskin şəkildə azalır. İnkişaf etmiş ölkələrdə isə vəziyyət daha pisdir - orada intiharların sayı yüksəkdir. Bu qəribə liderlik hazırdı  Litva və Cənubi Koreyaya məxsusdur.


MƏSLƏHƏT GÖR:

628