Müəllif: Nurlanə QULİYEVA Bakı
Statistik rəqəmlər göstərir ki, Azərbaycanın sığorta bazarı, nəhayət, sabit inkişaf yoluna qədəm qoyub. Doğrudur, problemlər hələ də çoxdur və maliyyə sektorunun bu seqmentinin populyarlığı hələ ki, lazımi səviyyəyədək yüksəlməyib. Lakin məcburi sığorta növlərinin tətbiqi, mümkün reklam vasitələri və ən başlıcası, aparıcı oyunçuların bazarda mövqelərini möhkəmləndirməsi fonunda o, inkişaf etməkdədir.
Maliyyə Nazirliyi müsbət tendensiyaları inkişaf etdirmək üçün sığora şirkətləri üzərində nəzarət həyata keçirir, daha bir neçə sərt, lakin ekspertlərin fikrincə, effektiv olacaq addımlar atmağa hazırlaşır; məsələn, maliyyə naziri Samir Şərifovun da bildirdiyi kimi, Azərbaycanda sığorta şirkətlərinin minimum kapitalı ilə bağlı tələb 2 dəfə artırıla bilər. Çünki onlar əhaliyə keyfiyyətli xidmət göstərmək üçün yüksək maliyyə imkanlarına malik olmalıdırlar.
İyunun 20-21-də keçirilən IV Beynəlxalq Sığorta Forumunda yaxın zamanlarda bu bazarı gözləyən bir sıra digər maraqlı yeniliklər də açıqlanıb.
Məqsəd inkişafdır
Statistika göstərir ki, son 10 ildə Azərbaycanın sığorta bazarının kapitallaşması 18 dəfə, şirkətlərin təmiz mənfəəti 17,5 dəfə artıb. Sığorta bazarı iştirakçılarının birgə kapitalı ötən ilin sonuna 343,44 milyon manat təşkil edib. Bazarın ödənilmiş nizamnamə kapitalı 294,06 milyon manat, digər kapital ehtiyatları 49,39 milyon manat təşkil edib. Bununla yanaşı, əhalinin adambaşına düşən sığorta pulu 7 manatdan 47 manata yüksəlib.
S. Şərifovun fikrincə, bazar yaxşı templərlə (ildə təxminən 20%) inkişaf edir. İnkişaf tendensiyasının aparıcı qüvvəsi isə ölkədəki ümumi iqtisadi vəziyyət, sosial proqramlarının reallaşdırılması və əhalinin rifah halının yaxşılaşdırılması, institusional təkmilləşdirmə və sairdir. "Son 10 ildə Azərbaycanda ümumdaxili məhsul 3 dəfə artıb, yoxsulluq 6 dəfə azalıb. Ölkənin valyuta ehtiyatlarında ciddi artım var. Ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi də xeyli artıb", - deyə nazir qeyd edib.
Parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə Azərbaycanın sığorta sektorunda inkişaf tempinin ölkənin iqtisadi inkişaf tempini xeyli üstələdiyini bildirib. "Bazarın 2020-ci ilə 1 milyard manatadək artmaq potensialı var", - deyə deputat qeyd edib. O, ölkənin qanunvericilik bazasının sığorta şirkətlərini uğurla işləmək imkanı verdiyini söyləyib. Bununla yanaşı, Z. Səmədzadə sığorta bazarında mexanizmlərin, onun strukturunun təkmilləşdirilməsinə ehtiyacın qaldığını bildirib, bunun xüsusilə kənd təsərrüfatı sığortasına aid olduğunu vurğulayıb.
Maliyyə naziri sığorta sektorunun inkişafı üçün qanunverici və institusional bazanın gücləndirilməsinə hazırlaşdıqlarını da bəyan edib: "Artıq qeyd olunduğu kimi, uğurlarımız çoxdur. Sığorta bazarının inkişafında stimullaşdırıcı rol oynayan Məcburi sığortalama bürosunun yaradılması bu nailiyyətlərdəndir. Lakin bu, bütün problemləri həll etməmiz anlamına gəlmir. Yaxın vaxtlarda diqqət tələb edən bir sıra məsələlər var".
Bazarın möhkəmlənməsi və əhalinin ona inamının artırılması üçün Maliyyə Nazirliyi sığorta bazarı iştirakçılarına qarşı yeni tələb irəli sürməyə hazırlaşır. Sığorta və təkrar sığora şirkətlərindən ümumi kapitalların həcmini iki dəfə artıraraq 10 milyon manata çatdırmaları tələb olunacaq. "Bildiyiniz kimi, Mərkəzi Bank banklardan kapitallarını 5 dəfə artırmalarını tələb edib. Düşünürəm ki, sığorta şirkətlərindən də minimum kapitalın artırılmasını tələb etməyin zamanıdır. Onlar bu məbləği 5 milyondan 10 milyona qaldırmalıdırlar", - deyə Samir Şərifov qeyd edib. Nazir hesab edir ki, sığorta şirkətləri əhaliyə keyfiyyətli xidmət göstərmək üçün geniş maliyyə imkanlarına malik olmalıdırlar. 2002-2013-cü illərdə sığortaçıların kapitalına minimal tələbatın 1 milyon manatdan 5 milyon manata qaldırıldığını xatırladan nazir nəticədə sektorun maliyyə sabitliyinin möhkəmləndiyini, şirkətlərin mənfəətinin isə 48 milyon manatadək artdığını bildirib. S. Şərifov növbəti artımın tədricən həyata keçiriləcəyini də qeyd edib: "Düşünürəm ki, bu, bazar iştirakçıları üçün ciddi problem yaratmayacaq. Çünki onların bəzilərinin kapitalı artıq 10 milyon manatdan artıqdır".
Dövlətlə əməkdaşlıq edərək
Beləliklə, yaxın illər üçün bazar iştirakçılarının əsas hədəfləri müəyyənləşdirilib. Amma bütünlükdə sığorta sisteminin və ayrı-ayrı məhsulların inkişafı üçün qlobal hədəflər də var. Məsələn, bu gün sığorta bazarının kənd təsərrüfatı və tibbi sığorta seqmentləri aktualdır. Onları yalnız dövlətin dəstəyi ilə aktiv şəkildə inkişaf etdirmək olar. Hazırda sanki bazarda bu seqmentlərin hər ikisi mövcuddur və dünyada kifayət qədər populyarlığa malikdir. Azərbaycanda isə onlara tələbat praktiki olaraq, minimum həddədir.
Maliyyə naziri Samir Şərifov ölkədə çoxlarının, hətta bizdə kənd təsərrüfatı sığortasının mövcudluğundan bixəbər olduğunu bildirib. "Məsələ ondadır ki, bu bazar çox məduddur. Əhali bu məhsul haqda çox az məlumatlıdır. Bundan başqa, mövcud mexanizmlər o qədər də təkmil deyil", - deyə o, qeyd edib. Bazarın bu seqmenti ilə bağlı statistikanın acınacaqlı durumu da bütün bunlarla izah olunur. Maliyyə Nazirliyinin məlumatlarına görə, 2013-cü ilin yanvar-may aylarında Azərbaycanda Aqrar-Sənaye Kompleksindəki risklərin sığortalanması üzrə sığortaçıların sığorta pulu 400 min 776,23 manat təşkil edib. Bu, eyni dövr üçün bütün sığorta pulunun cəmi 0,24%-i deməkdir.
S. Şərifovun sözlərinə görə, nazirlik, həmçinin nəhəng sığorta şirkətləri artıq inkişaf etmiş ölkələrin bu sahədəki təcrübəsinin öyrənilməsinə başlayıb və artıq yaxın zamanlarda təkliflər hazır olacaq. Bundan sonra bu məhsuldan daha effektiv istifadə olunması üçün qanunvericiliyə müvafiq dəyişikliklər ediləcək.
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov isə hazırda Türkiyədə "Tarsim" şirkəti tərəfindən tətbiq olunan aqrar sığorta sisteminin diqqətlə öyrənildiyini deyir: "Onların iş sistemi belədir: dövlət sığorta şirkətləri ilə əməkdaşlıq çərçivəsində "Tarsim" şirkətini yaradıb. Sığorta şirkəti satış agenti rolunu oynayır, müqavilələr imzalayır, şəhadətnamə verir, sığorta pulunun 50%-ni götürür, özünə komissiya saxlayır, qalanını isə "Tarsim"ə yönəldir. Dövlət isə öz növbəsində qalan 50%-i "Tarsim"ə ödəyir".
N. Xəlilovun sözlərinə görə, fermerlər sığorta ödənişləri almaq üçün "Tarsim"ə müraciət edir: "Bu işlə böyük bir ekspert qrupu məşğul olur və sonda "Tarsim"ə hesabat verir. Türkiyədə bu sistem 2006-cı ildən fəaliyyətdədir və özünü çox doğruldub. Biz də bu sistemə keçsək, bu, Azərbaycanda aqrar sektorun inkişafına töhfə olacaq".
Sığorta sektorunun bu gün üçün zəif inkişaf etmiş digər seqmenti - tibbi sığortaya gəlincə, qanunvericilik bazasının formalaşdırılmasına baxmayaraq, hələ ki, bu seqmentdə də lazımi effekt yoxdur. "Artıq məcburi tibbi sığortanın fəal şəkildə tətbiqinin vaxtıdır. Çünki son illərdə reallaşdırılan sosial-iqtisadi siyasət nəticəsində səhiyyə sahəsində infrastruktur ciddi şəkildə yaxşılaşdırılıb", - deyə S. Şərifov bildirib.
Maliyyə nazirinin müavini Azər Bayramovun sözlərinə görə, bu halda şirkətlərlə dövlət arasında Nazirlər Kabineti yanında Məcburi Tibbi Sığorta Agentliyinin saxlanılması ilə əməkdaşlıq prinsipi tətbiq ediləcək.
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov isə məcburi tibbi sığorta sistemi ilə bağlı hazırlanan layihənin ölkənin hər bir vətəndaşının minimal tibbi xidmət paketindən istifadə edə bilməsinə hesablandığını deyir. O, 3 mənbədən maliyyələşdiriləcək - dövlət büdcəsi, işə götürənlərdən və işçilərdən tutmalar.
Məmurlar hələ ki, bu məhsulun inkişaf mexanizmini açıqlamayıblar. Amma tibbi sığorta sisteminin işə salınması hökumətin yaxın gələcək üçün reallaşdırılması nəzərdə tutulan planlarına daxildir.
Məcburi sığortanın digər növlərinin inkişafı, könüllü sığortaya marağın stimullaşdırılması ilə bağlı da planlar var. Qarşıdakı 5 ildə sığorta bazarında 20%-lik sabit illik artım proqnozu məhz bunlara əsaslanır. Bu müddətin bitimində Azərbaycanın sığorta bazarında sığorta pulu ildə, təxminən, 1 milyard manata çatmalıdır (2013-cü ildə bu rəqəmin 400 milyon manat olması proqnozlaşdırılır).
MƏSLƏHƏT GÖR: