24 Noyabr 2024

Bazar, 07:04

LAZIMSIZ KİTABLAR?

Azərbaycanda uşaq ədəbiyyatı nəşri sahəsindəki problemlər nə ilə əlaqədardır?

Müəllif:

18.02.2014

Kitablar... Bizim ilk və ən yaxşı müəllimlərimiz, həmçinin bütün ömür boyunca sadiq dostlarımız. Hər bir kitab oxumaq həvəskarının bu məşğuliyyətə hələ uşaqlıqdan başladığı sirr deyil. Sovet senzurası dövrü, savadsızlığın total şəkildə aradan qaldırılması siyasəti uşaqlar üçün keyfiyyətli ədəbi "məhsul"un istehsalı sahəsində yaxşı stimul olmuşdu. Həmin ədəbiyyat yalnız dilçilik baxımından deyil, mənəvi-etik mahiyyəti baxımından da yüksək səviyyədə idi. Ədəbiyyatda ifadə olunan saflıq, düzgünlük, mehribanlıq, mərdlik və digər yaxşı keyfiyyətlər beynimizə daha yaxşı yeriyirdi.

 

Ənənələr

Azərbaycanda XX əsrin əvvəllərində maariflənmə dövrünün başlaması ilə uşaq ədəbiyyatı anlayışı da formalaşmağa başladı. O, əvvəlki dövr üçün səciyyəvi olan laylalardan, nağıllardan və xalq folklorundan fərqlənirdi. Azərbaycanın uşaqlar üçün yazan görkəmli yazıçıları - Abdulla Şaiq, Mirzə Ələkbər Sabir, Abbas Səhhət - uşaqlarda elmə, təhsilə həvəs yaradır, onlara vətənpərvərlik, vətəndaş məsuliyyəti aşılayırdılar. 

Təəssüf ki, bu gün bizdə Azərbaycan ədəbiyyatının klassiklərinin yaratdığı tərbiyəvi istiqamətli daş qayalıqların cüzi parçaları qalıb. Müasir uşaq ədəbiyyatının mənəvi-etik və ədəbi məzmunu böyük sual altındadır.

 

Tələbdən təklif doğur

Kapitalizmin bu əsas qanunu uşaq ədəbiyyatı bazarındakı vəziyyəti açıq şəkildə göstərir. İllüstrator, "Tutu" uşaq ədəbiyyatı nəşriyyatının rəhbəri Tərlan Qorçu "R+" jurnalına açıqlamasında vəziyyəti belə izah edib: "Layihəmiz beynəlxalq fondlar tərəfindən maliyyələşdirilirdi. Maliyyələşdirmə dayandırılan kimi, layihə də sona çatdı. Kitabların nəşri və satışı çox çətin idi. Uşaqlar üçün bir neçə kitab seriyası istehsal edirdik. Onların əsası 25-30 cildlik "Dünya ölkələrinin uşaq nağılları", "Azərbaycanda yaşayan xalqların nağılları", həmçinin "Uşaqlar üçün ensiklopediya" idi. Amma bu kitablar ciddi marağa səbəb olmadı".

T.Qorçu, əslində, uşaqlar tərəfindən ədəbiyyata marağın həddindən artıq çox olduğunu, amma eyni sözləri valideynlər haqda söyləməyin mümkün olmadığını deyir. Hər şeylə maraqlanan uşaqların anaları və ataları övladlarının məktəbəqədər və "qeyri-məcburi" təhsilinə inanılmaz dərəcədə etinasız yanaşırlar. Qorçunun sözlərinə görə, hətta əhalisi Azərbaycanın əhalisindən az olan qonşu Gürcüstanda belə kitablar 20-40 min tirajla buraxılır. Bizdə isə uşaq ədəbiyyatı maksimum 5 min tiraj istehsal olunur və onun satışına illər lazım gəlir.

Ümumilikdə Bakıda kitab mağazalarının sayı da utancvericidir. Onların sayı 10-dan bir qədər artıqdır. Xaricdə isə uşaq ədəbiyyatının satışı xeyli çoxdur. "Məktəbəqədər və ibtidai məktəb yaşları uşağın dünyanı dərk etməsi, oxumağa həvəsinin yaranması üçün ən aktiv dövrdür", - deyə Qorçu bildirir: "Bütün dünyada uşaq auditoriyasının böyük bir hissəsi, məhz, bu yaş diapazonuna daxildir. Bizdə isə ən az kitab bu yaş qrupuna aid uşaqlar üçün alınır".

Bunu çapçılıq məhsullarının satışı sahəsində ekspert olan Nigar Köçərli də təsdiqləyir: "Təəssüf ki, bizdə uşaq ədəbiyyatına, ümumiyyətlə, maraq yoxdur. Üstəlik, bu sahədə yerli müəllif çatışmazlığı da var. Onlar cəmi 3-4 nəfərdir". Ölkədə kitab satışında uşaq ədəbiyyatının payı maksimum 5-10%-dir. Onların 80%-ni isə rus dilində olan kitablar təşkil edir. Azərbaycan dilində olan ədəbiyyatın əksəriyyəti isə digər dillərdən tərcümə olunanlardır: "Müasir valideynlər uşaqlarına qiyməti 5 manatdan baha kitab almaq istəmirlər. Halbuki əyləncəyə və lazımsız şeylərə nə qədər desən, xərcləməyə hazırdırlar".

"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu da oxşar fikirdədir. Onun sözlərinə görə, bu gün ölkədə ümumi nəşr olunan kitablar arasında uşaq ədəbiyyatının faizi ötənilkindən bir qədər artıb - 6-7%-dən 15%-ə. Yerli müəlliflər çox azdır, çap olunanlar isə əsasən, "Əlifba", "Mənim ilk sözlərim" və bu tipli digər kitablardır. Bununla yanaşı, nəşr olunan kitabların əksəriyyətini yenə də tərcümələr təşkil edir.

 

Necə yardım etməli?

Tərlan Qorçunun fikrincə, uşaq ədəbiyyatı bazarının durumu o dərəcədə acınacaqlıdır ki, onun qaydaya düşməsi üçün dövlət nəzarətinə, bir sıra tədbirlərin görülməsinə ehtiyac var. O, hesab edir ki, uşaq kitablarının satışı sistemi yaradılmalıdır. Çünki bu sahədə tam özbaşınalıqdır. Bu fikirlə Ş.Xuduoğlu da razıdır: "Uşaq ədəbiyyatına maraq çox azdır. Amma biz bu məhdud tələbatın ödənilməsinə çalışırıq".

"Altun" nəşriyyatı uşaqları dünya ədəbiyyatının şedevrləri ilə Azərbaycan dilində tanış etmək üçün layihə həyata keçirib. Bu layihənin iştirakçılarından biri, özü də 10 yaşlı oğlan uşağının anası olan Kifayət Haqverdiyeva deyir: "3 kitabı uşaqlara uyğunlaşdırmış, hətta onların 2-ni Azərbaycan dilinə tərcümə etmişəm. Bu, Herbert Uellsin "Zaman maşını" və "Dünyaların savaşı" kitablarıdır. Rafaello Covanolinin "Spartak" kitabını isə sadəcə uyğunlaşdırmışam. Çünki o, vaxtilə dilimizə tərcümə olunub. Kitabların uşaqlara uyğunlaşdırılmasının çətinlikləri var. Çünki bəzən çətin dili uşaqların anlayacağı şəklə salmalı olursan. Üstəlik, müəllif oxucular qarşısında qlobal, fəlsəfi məsələlər qaldırır ki,  uşaqların onları anlaması çətindir. Ümumilikdə uyğunlaşdırma prosesində mətnlər bir qədər qısaldılır, sadələşdirilir. Bir valideyn kimi, yalnız onu deyə bilərəm ki, övladımın hazırda qısa formada oxuduğu bütün əsərləri gələcəkdə tam həcmdə oxumasını istərdim".

Kifayət Haqverdiyeva iş prosesində uşaq ədəbiyyatı sahəsindəki problemlərin üzə çıxdığını və zaman keçdikcə onların həll olunacağına ümid etdiyini bildirir.

Amma lazımi dövlət siyasəti olmadan, maarifçiliyin, uşaqlarda bədii, estetik ədəbi zövqün formalaşdırılmasının vacibliyini anlamadan, problemin tez bir zamanda həlli çətin ki, mümkün olsun.


MƏSLƏHƏT GÖR:

723