Müəllif: Nurlanə QULİYEVA Bakı
“ASAN xidmət” mövcud olduğu 1 ildən bir qədər artıq müddət ərzində bu cür nadir, əhali ilə dövlət arasındakı münasibətlərin yaxşılaşdırılmasına yönəldilmiş, Azərbaycanın milli brendinə çevrilmiş qurumun yaradılmasının təşəbbüskarlarının, onu reallaşdıranların gözləntilərini artıqlaması ilə doğruldub. İndi onunla, həqiqətən də, fəxr etmək, təcrübəsini bölüşmək olar.
Bununla yanaşı, qurumun göstərdiyi xidmətlərin sayının getdikcə artması, bu genişlənmənin yalnız coğrafi baxımdan deyil, həm də məzmun baxımdan baş verməsi ölkə vətəndaşlarının həyatını xeyli asanlaşdırır. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin “ASAN ödəniş” sisteminin yaradılmasına dair bu yaxınlarda imzaladığı fərmanı növbəti vacib addım saymaq olar. Yeni sistem inzibati pozuntulara və məhkəmə qərarlarına görə ödənişləri elektron formada həyata keçirməyə imkan verəcək. Bundan başqa, “ASAN xidmət”in göstərdiyi xidmətlərin əhatəsi də genişləndirilib: indi mənzillərin kupçisi bu qurum tərəfindən veriləcək, o cümlədən bir sıra vacib prosedurlar bu qurumda həyata keçiriləcək.
Əlavələr və artımlar
Prezident İlham Əliyevin “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanına dəyişikliklər edilməsi haqda fərmana əsasən, çoxfunksiyalı «ASAN ödəniş» sistemi yaradılır. Yenilik ilk olaraq sürücüləri sevindirib. İndi yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimənin tətbiqi, pozuntunun foto və ya videogörüntüsü sürücünün elektron ünvanına və ya mobil telefonuna göndəriləcək.
Əvvəllər bu haqda xəbərdarlıq sürücüyə məktub şəklində poçt vasitəsilə göndərilirdi və o, heç də həmişə ünvanına yetişmirdi. Nəticədə, çoxlu sayda mübahisələr, narazılıqlar yaranırdı. Bu halda bəzi sürücülər özləri də bilmədən “pis sürücülər” qrupuna düşürdülər, bu onlara küçələrdə əlavə problem yaradır, cərimənin vaxtında ödənilməməsi halında isə cərimə bir qədər də artırdı. İndi isə inzibati tənbehin icrası və müddəti haqda informasiyanın çatdırılması da “ASAN ödəniş” tərəfindən həyata keçiriləcək. Bununla yanaşı, inzibati cərimələrin mobil telefonlar vasitəsilə elektron qaydada ödənilməsi də mümkün olacaq. Azərbaycan Mərkəzi Bankı (AMB) rəhbərinin müavini Alim Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, AMB hazırda “ASAN xidmət” mərkəzlərilə “ASAN ödəniş”in dövlət ödəmələri üzrə e-portala inteqrasiyasına dair birgə iş aparır. «Bundan başqa, biz bu istiqamətdə bank sektoru ilə də əməkdaşlıq edəcəyik. “ASAN ödəniş” sisteminin tətbiqi ölkədə qeyri-nağd ödəmələrin inkişafı və stimullaşdırılması istiqamətində vacib addım olacaq”, - deyə o, qeyd edib.
Bilavasitə “ASAN xidmət”in özündə edilən dəyişikliyə gəlincə, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların, daha konkret desək, kupçaların bu qurum tərəfindən veriləcəyinə dair xəbər hər bir vətəndaşın sevincinə səbəb olub. Bununla yanaşı, “ASAN xidmət” çağırışçıların və vətəndaşların hərbi qeydiyyata alınması və qeydiyyatdan çıxarılmasını həyata keçirəcək, xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən apostil (sənədin həqiqiliyini, onun verildiyi ölkənin qanunvericiliyinə uyğunluğunu təsdiqləyən ştamp) verilməsi üçün sənədləri qəbul edəcək.
Bir müddət əvvəl - fevralın 1-dən SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi abunəçilərinə 1 saylı “ASAN xidmət” vasitəsilə 5 növdə xidmətin göstərilməsinə başlayıb. Göstərilən xidmətlərə itirilmiş smart kartın bərpası, artıq qeydiyyatda olan və yerli qaz istismar sahəsində təsdiq olunmuş məcburi köçkün abonentlərinin limitlərinin verilməsi, saldonun çap olunması və borc haqqında məlumatın verilməsi, smart sayğaclardan istifadə edən abonentlərin şəxsi məlumatlarında dəyişikliklərin edilməsi və bu tipli sayğacların istismarı ilə bağlı məlumatların verilməsi aiddir. Xidmətlər yalnız “ITRON-SOCAR” sayğaclarından istifadə edən abonentlər üçün nəzərdə tutulur.
Fevralın 3-dən “ASAN xidmət” Bakıda səyyar xidmətlərin də göstərilməsinə başlayıb. Pilot layihə çərçivəsində vətəndaşlara yaşayış və ya iş yerlərində qanunda nəzərdə tutulmuş əlavə ödəniş əsasında xidmət göstərilir.
Hər bir vətəndaş üçün
“ASAN xidmət” tərəfindən göstərilən xidmətlərin sayı xeyli artıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbəri İnam Kərimov bildirir ki, “ASAN xidmət” mərkəzlərinin ötən ilin əvvəlindən fəaliyyətə başlaması vətəndaşlara dövlət xidmətlərinin göstərilməsi sahəsində dönüş anı olub. “Mərkəzlərimizin kifayət qədər “cavan” olmasına baxmayaraq, biz Azərbaycan məhsulu kimi, “ASAN xidmət”in təcrübəsini ixrac etməyə hazırıq. Bu, yeni Azərbaycan brendidir. Bu təcrübənin özünəməxsus hüquqi strukturu bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən bə-yənilib. Dünyanın nüfuzlu mətbuat orqanlarının, o cümlədən beynəlxalq təşkilatların “ASAN xidmət”in dövlət xidmətlərinin göstərilməsinin “Azərbaycan modeli” kimi öncül təcrübəsini xüsusi vurğulamaları təsadüf deyil”, - deyə İ.Kərimov qeyd edib.
Xatırladaq ki, Şərqi Avropa və Mərkəzi Asiya üzrə antikorrupsiya şəbəkəsi olan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ötən il “ASAN xidmət”in fəaliyyətini “bəyənilən təcrübə” adlandırıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərovun sözlərinə görə, son islahatlarda əsas məqsəd həm də şəffaflığın və operativliyin təmini, korrupsiya və digər mənfi halların qarşısının alınması, vətəndaşlarla dövlət orqanları əməkdaşları arasında birbaşa təmasın, hüquqi normaları pozan şəxslərin cərimə ödəməkdən yayınması faktlarının aradan qaldırılmasıdır.
Vacib məqamlardan biri bu sahədə islahatların davamlı xarakter daşımasıdır. Məsələn, artıq məlumdur ki, növbəti addımlardan biri dövlət orqanlarının göstərdiyi xidmətlərin reyestrinin elektronlaşdırılması olacaq. “Hazırda dövlət orqanları tərəfindən göstərilən bütün xidmətlərin ümumi sayı, onların reyestrinin aparılması sahəsində müəyyən işlər görülür. Bu formada elektron reyestr bizə hansı xidmətlərin göstərildiyini, onlardan hansıların elektronlaşdırıldığını müəyyənləşdirməyə imkan verəcək. Bununla da, “Elektron hökumət”ə keçid prosesi daha da sürətlənəcək”, - deyə F.Ələsgərov qeyd edib.
“ASAN xidmət” dövlətin vətəndaşlara xidmət göstərilməsi istiqamətində atdığı innovasiyalı addımdır. Bu, vətəndaşların rifah halının yaxşılaşdırılması, insan haqlarının təmini üçün aparılan sistemli sosial islahatların bariz nümunəsidir. “Ölkədə “ASAN” mərkəzlərin yaradılması dövlət idarəçiliyi sistemində yeni mərhələdir. Bu, gənc nəsil arasında peşəkar bacarıqları olan, etik normalara riayət edən dövlət qulluqçularının hazırlanmasına da təkan verib”, - deyə İ.Kərimov bildirib. Onun sözlərinə görə, 2014-cü ilin sonunadək xidmətlər şəbəkəsi bütünlükdə respublika ərazisini əhatə edəcək və bu, yaşayış yerinə görə müraciətlərdəki məhdudiyyətləri aradan qaldıracaq. Yəni dövlət orqanları ilə tam şəffaf qarşılıqlı münasibət və rahatlıq ölkənin hər bir vətəndaşı üçün təmin olunacaq. Bütün səylərdə əsas məqsəd də məhz budur. Prezident İlham Əliyevin də bildirdiyi kimi, “ASAN xidmət”in yaradılması yalnız ictimai xidmətlərin göstərilməsi sahəsində deyil, həm də ümumilikdə ölkəmizin uğurlu, müasir inkişafında öz rolunu oynayacaq”.
RƏQƏMLƏR VƏ FAKTLAR
"ASAN xidmət" mərkəzlərinin fəaliyyət sahəsinə daxil olan əhalinin sayı 3,5 milyon nəfərə çatıb və bu, ölkə əhalisinin, demək olar ki, 37%-i deməkdir.
Əvvəllər "ASAN xidmət" mərkəzlərinin müxtəlif xidmətlərindən 1,1 milyondan bir qədər artıq insan yararlanırdı. Mərkəzlərin fəaliyyət göstərmədiyi rayonlarda isə xüsusi texniki vasitələrlə təchiz olunmuş avtobuslarda, təxminən, 60 min vətəndaşa mobil xidmətlər göstərilirdi.
Gün ərzində "ASAN xidmət"ə 6000-6500 vətəndaş müraciət edir. 2013-cü il fevralın 1-dən fəaliyyət göstərən "Zəng mərkəzi"ndə (Call center) 148 min zəng qeydiyyata düşüb.
Sosial şəbəkələr ("Facebook", "Twitter", "Instagram") vasitəsilə quruma daxil olan müraciətlərin sayı, təxminən, 35 mindir.
Mərkəzlərdə keçirilən sorğular və exit-poll göstərir ki, vətəndaşların 95-100%-i "ASAN xidmət"in fəaliyyətindən razıdır.
MƏSLƏHƏT GÖR: