Müəllif: Fuad HÜSEYNƏLİYEV Bakı
Nəhəng qaz yatağı olan "Şahdəniz"in işlənilməsinin ikinci mərhələsini nəzərdə tutan, Azərbaycan qazının Avropaya yolunu açan "Şahdəniz-2" üzrə investisiya razılaşmasının mürəkkəbi qurumamış, digər qaz hasil edən ölkələr öz "mavi yanacaq"larını Avropaya çıxarmaq üçün yaradılmaqda olan marşruta maraqlarını ortaya qoymağa başlayıblar.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İraqa səfəri zamanı bu ölkənin "Cənub qaz dəhlizi"nə çıxışı məsələsi də müzakirə olunub.
İraq paytaxtında jurnalistlərə açıqlama verən E.Məmmədyarov iraqlı məmurların artıq bu miqyaslı layihəyə qoşulmağa maraq göstərdiklərini bildirib. Məlumatı Türkiyənin "Hürriyet" qəzeti "Agence France Press"ə istinadən yayıb.
"Bu, nəhəng layihədir... və İraq onun vasitəsilə öz təbii qazını nəql etmək istəyirsə, bunun üçün imkanlar var", - deyə Məmmədyarov iraqlı həmkarı Hoşiyar Zibari ilə keçirdiyi birgə mətbuat konfransında bildirib: "İraq da daxil olmaqla, marağını ifadə etmiş istənilən ölkə "Cənub qaz dəhlizi"nə qoşula bilər. Biz danışıqlara başlamağa hazırıq".
Burada söhbət İraq qazının Transanadolu qaz kəməri (TANAP) ilə Türkiyə vasitəsilə Yunanıstan sərhədinədək nəqlindən gedir. Oradan sonrakı marşrut müxtəlif ola bilər - ya Transadriatik qaz kəməri (TAP) ilə İtaliyaya, ya da "Nabucco West" layihəsinin bərpası ilə Avstriyaya.
Azərbaycan da öz resurslarına əsaslanaraq, yaxın illərdə "Nabucco West" layihəsinin reallaşdırılmasını bərpa etmək niyyətindədir. "Ümid edirəm ki, qarşıdan gələn illərdə Rumıniya, Macarıstan və Avstriyadakı tərəfdaşlarımızla boru kəmərinin həmin istiqamətdə də uzadılması üzrə fəal iş görəcəyik", - deyə Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 17-də "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması mərasimindəki çıxışında bildirmişdi.
"Qarşıdakı illərdə "Cənub qaz dəhlizi"nin genişləndirilməsi potensialı var. O, Yaxın Şərqə ən nəhəng qaz tədarükçülərini əhatə edəcək. Bu isə öz növbəsində, Avropanın enerji təhlükəsizliyinin təmininə böyük töhfə ola bilər. Avropanın qaz bazarında rəqabət artır. Bu, enerji daşıyıcılarının ucuzlaşmasına yol açır", - deyə elə həmin tədbirdə çıxış edən Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq bildirmişdi.
"Babək", "Ümid" kimi kəşfiyyat yataqları, "Azəri-Çıraq-Günəşli", "Abşeron" və bir sıra digər dərin qatlardakı yayları da nəzərə alsaq, 3 trilyon kubmetr qaz ehti-yatı olan Azərbaycanda "mavi yanacaq"ın hasilatı qarşıdakı illərdə 40-50 milyard kubmetrədək artacaq. Təbii ki, gücü 10 milyard kubmetr olan TAP boru xətti, hətta gələcəkdə ötürücülük qabiliyyətinin ikiqat artırılmasının mümkünlüyü nəzərə alınmaqla belə, bu həcmdə qazın nəqli üçün kifayət deyil. Bu da "Nabucco West" layihəsinin bərpasını aktuallaşdıran məqamdır.
İraq qazının TANAP, TAP və "Nabucco West" layihələrinə cəlbi isə iqtisadi effektivliyin ciddi şəkildə artırılmasına, onlara sərf olunan xərcin çıxarılmasını sürətləndirməyə imkan verəcək.
Nəhəng neft resurslarına (120-140 milyard barel) malik İraq son illərədək qaz hasilatı haqda o qədər də ciddi düşünmürdü. Halbuki Avropa İttifaqı reallaşdırılması dondurulmuş "Nabucco" qaz kəmərinin doldurulması üçün daha bir mənbə kimi, məhz, İraqı nəzərdə tuturdu.
Bu ölkənin qaz ehtiyatı, təxminən, 3 trilyon kubmetrdir. Amma onun əsas hissəsi (90%-i) ölkənin şimal hissəsində - İraq Kürdüstanı vilayətində yerləşir.
Burada da əsas problem iqtisadi mübahisələrin siyasi həllilə bağlı ola bilər. Artıq "R+" jurnalının yazdığı kimi, İraq Konstitusi-yası kürd muxtariyyətinin gəlirlərinin rəsmi Bağdadla Ərbil arasında müvafiq olaraq, 83%-17% kimi bölüşdürülməsini nəzərdə tutur. Kürdlər belə bölgünün əleyhinə deyillər. Onlar, sadəcə, bu zaman aktivlərin bilavasitə regional hökumətin hesabına köçürülməsini tələb edirlər. Bu tələb isə İraqın mərkəzi hakimiyyəti tərəfindən rədd edilir.
İstənilən halda, bu fikir ayrılığı İraqın regional qaz oyunçusuna çevrilməsi prosesini əngəlləyə bilməz. Üstəlik, həm ümumilikdə İraqda, həm də İraq Kürdüstanında sabitlikdə son dərəcə maraqlı olan Türkiyə də vəziyyətin yaxşılaşması üçün öz tərəfindən addımlar atır. Çünki bu halda Türkiyə 1 güllə ilə 2 dovşan vuracaq - kürd terrorçuları ilə uzun illərdir davam edən problemin həlli və Avropaya aparan yolda vacib enerji nəqli bəndinə çevrilmə. Bu məsələdə Azərbaycanda da həm Bakının, həm də Ankaranın uzunmüddətli strateji hədəflərinə çatmasına yönəlmiş müəyyən addımlar atır. Azərbaycan və İraq XİN başçılarının apardıqları danışıqlar da bu qəbildəndir.
TANAP və onun Avropaya tərəf davamının daha bir müştərisi İran ola bilər. İranın nüvə proqramı ilə bağlı problemin mümkün həlli fonunda Qərblə münasibətlərindəki isinmə islam respublikası qazının Avropaya yolunu açır. Axı, İraq kimi, İran da "Nabucco" layihəsinin resurs bazalarından biri idi. Sadəcə, Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqları onu Avropanın "qaz piroqu"ndan kənarda qoyub. İndi İranın daha mühafizəkar prezidenti Mahmud Əhmədinejadın əvəzinə liberal Həsən Ruhaninin seçilməsi bu ölkə qazının Avropaya nəqli məsələsini yenidən gündəmə gətirib.
Dünyanın təbii qaz ehtiyatının 18%-i İrandadır. Amma onun dünyadakı ümumi qaz hasilatındakı payı 5, ixracdakı payı isə 1%-dən də azdır. 2013-cü ilin dekabrında İranın qaz ixracı üzrə milli şirkətinin baş direktoru Əli Rza Kameli ölkəsinin bu sahədəki əsas hədəfini açıqlayıb: dünyanın qaz bazarında İranın payının 16%-dək artırılması. İranlılar qaz ixracını yalnız boru xətlərilə deyil, həm də indi olduğu kimi, SMQ (sıxılmış maye qaz) vasitəsilə gerçəkləşdirməyi düşünürlər. "The Wall Street Journal" xəbər verir ki, İran hökuməti qaz ticarətindən ildə 130 milyard dollaradək gəlir əldə etməyi planlaşdırır.
Bununla əlaqədar olaraq, Tehranla Ankara İran qazının Türkiyə ərazisilə Avropaya nəql olunacağı boru xəttinin inşasına dair danışıqlara başlayıblar. İndiki mərhələdə boru xəttinin Türkiyənin mərkəzi hissəsilə keçərək, Yunanıstanadək uzadılması nəzərdə tutulur. Onun uzunluğu, təxminən, 5 min kilometr olacaq. Hələlik TANAP boru xəttindən istifadə haqda danışılmasa da, bu variant da, şübhəsiz ki, tərəflərin diqqət mərkəzindədir. Nəzərə alsaq ki, uzunluğu 1,7 min kilometr olacaq TANAP-ın tikintisinə 10 milyard dollar xərclənəcək, İran marşrutu bundan ən azı 3 dəfə baha başa gələcək. Artıq mövcud infrastrukturdan istifadə imkanı varsa, yeni marşrutun çəkilişinə bu qədər vəsait xərcləməyə dəyərmi? Üstəlik, TANAP İran qazının ən azı ilkin həcmdə nəqlinə imkan verir. İlkin mərhələdə onun ötürücülük qabiliyyəti ildə 20 milyard kubmetrədək olacaqsa, sonradan bu həcmi 32 milyardadək artırmaq mümkündür.
Odur ki, qaz bazarının Yaxın Şərqdən olan oyunçuları Azərbaycanın qaz axınına qoşulmaq üçün "atlarını mahmızlamalıdırlar".
MƏSLƏHƏT GÖR: