13 Mart 2025

Cümə axşamı, 14:29

GİRİŞ YOXDUR

İsveçrədə "antimiqrant qanunu" ilə bağlı keçirilən referendum nədən xəbər verir?

Müəllif:

18.02.2014

Avropanı avtomobillə gəzərkən düşünürsən ki, o, həqiqətən də, vahid, böyük bir ölkədir. Heç bir sərhəd və keçid məntəqəsi yoxdur. Yalnız müxtəlif dillərdə yazılmış lövhələr artıq başqa bir dövlətin ərazisində olduğunu yadına salır. 

İsveçrə öz sərhədlərini işarələ-yib. Amma bu da sırf kağız üzərində belədir - insanlar bu ölkəyə də daxil olduqda heç bir yoxlamadan keçmir, onları heç yerdə saxlamırlar. Bəs, əslində, bu birlik nə qədər həqiqidir və avropalıların birgə yaşadıqları "vahid ev"in sərhədləri hara qədər gedib çıxır?

İsveçrədə bu yaxınlarda keçirilmiş referendumda seçicilər Aİ-dən olan əmək miqrantları üçün kvotanın ayrılmasına "hə" dedilər. Bu, İsveçrənin analoji qanunu qəbul etməyə cəhd göstərdiyi ilk hal deyil - isveçrəlilər 1970-2000-ci illər arasında qastarbayterlərin ölkəyə axınının qarşısının alınmasına bir neçə dəfə cəhd ediblər. Amma bu cəhdlərin heç birində çoxluğun dəstəyini əldə etmək mümkün olmayıb (ən yaxşı halda bu qanunu 48,9% seçici dəstəkləyib). Amma bu dəfə "antimiqrasiya qanunu"nu səsverməyə qatılanların 50,3%-i dəstəkləyib. Referendumda seçici fəallığı isə 56% olub.

Yeri gəlmişkən, referendum, məhz, Aİ sakinlərinə aiddir. O, üçüncü ölkə vətəndaşlarına və qaçqınlara aid deyil. Onların bu Alp ölkəsinə girişi tamamilə başqa qanunlarla tənzimlənir. Məsələ ondadır ki, İsveçrəyə ən çox əmək miqrantı, məhz, Qərbi Avropa ölkəsindən axışır. Məsələn, Polşa və ya Litva sakinləri daha yaxşı həyat axtarışı ilə, əsasən, Almaniya, Fransa və ya İtaliyaya üz tuturlarsa, Fransa və Almaniya vətəndaşları "xoşbəxtliyi" İsveçrədə axtarırlar. Onların 69%-i yüksəkixtisaslı mütəxəssislərdir. İsveçrə, əlbəttə, ki, xaricdən gələn işçilərdən tam imtina etməyi düşünmür. O, sadəcə miqrantların sayını "öz iqtisadi maraqlarından çıxış edərək" tənzimləmək istəyir. Hələlik bu sahədə kvota müəyyənləşdirilməyib. Onun 3 il ərzində müəyyən edilməsi nəzərdə tutulur.

İsveçrə formal olaraq, Aİ üzvü deyil. Lakin o, 2002-ci ildən "Vətəndaşların sərbəst hərəkəti haqqında razılaşma"nı qəbul edib. Bu razılaşma Aİ ilə İsveçrə arasında, sanki, quruma üzvlüyün alternativi sayılan "ikitərəfli anlaşmaya dair birinci zərf"ə daxildir. 2010-cu ildə isveçrəlilər ölkədə ağır cinayət törətmiş şəxslərin İsveçrədən avtomatik olaraq deportasiya edilməsinə səs veriblər. 2011-ci ildə isə vaxtilə Aİ-nin Bolqarıstan və Rumıniyadan olan əmək miqrantları ilə bağlı kvotanın tətbiqi təşəbbüsünə qoşulmuş İsveçrə bu limiti 2014-cü ilin mayınadək uzadıb. 2012-ci ildə İsveçrəyə Şərqi Avropanın bir sıra ölkələrindən də əmək miqrantlarının gəlişinə məhdudiyyət qoyulub. Söhbət Latviya, Litva, Estoniya, Polşa və digər qastarbayter "tədarükçülərindən" gedir.

Əlbəttə ki, İsveçrədə qəbul olunmuş bu qanun Brüsselin və digər Avropa ölkələrinin xoşuna gəlmə-yib. Avropa Komissiyası qəbul etdiyi kommunikedə vəziyyətin öyrəniləcəyi, bunun İsveçrə-Aİ münasibətlərinə hansı təsir göstərəcəyi bəyan edilib.  Artıq açıqlanmış qərarlardan məlum olur ki, İsveçrə üçün Avropanın daxili bazarları bir qədər məhdudlaşdırılıb. İndi İsveçrə iqtisadiyyatı üçün ciddi əhəmiyyət daşıyan digər razılaşmalara da yenidən baxıla bilər. Söhbət, ilk növbədə, İsveçrə ilə Aİ arasında azad ticarət zonasından gedir. Börn üçün Almaniyaya, Fransaya, İtaliyaya, Avstriyaya, Böyük Britaniyaya ixrac son dərəcə vacib əhəmiyyət daşıyır. İsveçrə iqtisadiyyatının  xariclə sıx bağlı olduğu unudulmamalıdır.

"İnsanların sərbəst hərəkət azadlığı Avropanın daxili bazarının əsas tərkib hissəsidir", - deyə alman sənayesinin Federal İttifaqının icraçı direktoru Markus Kerber bildirib.

İtaliyanın xarici işlər naziri Emma Boninonun məsələyə münasibəti isə belə olub: "İsveçrədə miqrasiyanın məhdudlaşdırılmasını nəzərdə tutan qanunun səsə qoyulduğu referendumun nəticələri narahatlıq vericidir".

Yeri gəlmişkən, 1970-ci ildə bu Alp respublikası ilk dəfə "gəlmələrin" axınını önləmək istədikdə, İsveçrədəki miqrantların yarıdan çoxu, məhz, italiyalılar idi. Onlar İkinci dünya müharibəsindən sonra daha varlı ölkələr üz tuturdular.

Bəs, necə oldu ki, miqrant axınına qarşı olan isveçrəlilər yalnız indi qələbə qazana bildilər? Axı, İsveçrəyə miqrant axınının son illərdə ciddi şəkildə artdığını söyləmək mümkün deyil. Məsələn, 2002-2010-cu illərdə ölkədə onların sayı cəmi 3% artıb və hazırda əhalinin 25%-ni təşkil edir. Bu, həqiqətən də, çoxdur. İsveçrə ilə müqayisədə miqrantların sayı yalnız Qətər və Sinqapurda çoxdur. Amma bu, Börn üçün heç də yenilik deyil. Dünyanın ən varlı və inkişaf etmiş ölkələrindən olan İsveçrə dünyanın vacib maliyyə mərkəzidir. Odur ki, dünyanın ən uğurlu inkişaf etmiş sənaye iqtisadiyyatlarından birində ucuz işçi qüvvəsinə hər zaman ehtiyac var.

Burada bir "əmma" var. Məsələn, ölkənin ərazisinin kifayət qədər kiçik, resurslarının isə məhdud olması. Sənaye nə qədər inkişaf edirsə, miqrantlara o qədər çox ehtiyac duyulur və sonda bu prosesin nəzarətdən çıxacağını istisna etmək olmaz. İsveçrəliləri narahat edən də, güman ki, budur. Təbii landşaft, kommunal sahə, nəqliyyat infrastrukturu yüklənir, icarə haqları artır. 2035-ci ilə İsveçrə əhalisinin yalnız miqrantların hesabına 10 milyon nəfəri ötə biləcəyi proqnozlaşdırılır. Bu, onu Avropada az qala əhalinin ən sıx olduğu ölkəyə çevirəcək. Cenevrə ilə Sürix daim ən bahalı şəhərlər sırasında yer alır. Bunu həmin şəhərlərdəki mehmanxanalarda bir gecəlik qiymət də göstərir. Məsələn, Cenevrədə şəhərdən aralıda yerləşən, rahatlığı o qədər də yüksək səviyyədə olmayan hoteldə qalmaq üçün tələb olunan pula Strasburqda 3 və ya 4 ulduzlu mehmanxanada qalmaq mümkündür.

Bundan başqa, köklü isveçrəlilər əməkhaqqı sahəsindəki rəqabəti (əməkhaqqı dempinqini) hiss etməyə bilməzlər. Onlar həm də sosial yardımların getdikcə azaldığının fərqindədirlər. Bu, xüsusilə həmsərhəd bölgələrdə hiss olunur - işə düzəlmə qaydalarının xeyli sadələşdirilməsi və faktiki olaraq, sərhədlərin yoxluğu insanlara İtaliya və ya Almaniyada yaşamağa, işə isə İsveçrəyə gəlməyə imkan verir. Bu yerdə cinayətkarlığın artması faktı da nəzərdən qaçmamalıdır.

Bəzən isə söhbət heç də yalnız iqtisadiyyatdan və ya əməkhaqqından getmir. İsveçrəlilər sadəcə vərdiş etdikləri həyat düzənini qoruyub saxlamaq istəyirlər. Xatırladaq ki, 2009-cu ildə İsveçrədə vətəndaşların 59%-i minarələrin tikintisinə qarşı çıxmışdı. Ötən ilin sentyabrında isə italyandilli Tiçino kantonunun sakinləri ictimai yerlərdə çarşab və ya niqab qadağan olunmasına səs veriblər.

Burada başqa sual ortaya çıxır: İsveçrənin keçirdiyi "antimühacir" referendumu indiyədək "vahid evi" seçən Avropa İttifaqında əks-tendensiyaya yol aça bilərmi? Referendumun keçirilməsi təşəbbüsü sağçı-mühafizəkar İsveçrə Xalq Partiyasından (SVP) gəlib və göründüyü kimi, xalq bu təşəbbüsü dəstəklə- yib. İsveçrəlilər Aİ üzvü olmasalar da, milli institutlardan yüksəkdə olan qurumların göstərişilə yaşamaq istəmədiklərini açıq şəkildə ortaya qoyurlar. Onlara milli referendum vasitəsilə qəbul olunmuş qərar daha yaxındır. Amma artıq bu il şotlandlar və kataloniyalılar da referendum vasitəsilə Böyük Britaniya və İspaniyanın tərkibində qalıb-qalmayacaqlarına qərar verəcəklər.

SVP İsveçrədə yeganə siyasi qüvvə deyil və onların əksəriyyəti miqrasiya məsələsində kvota tətbiqini vacib sayırlar. Üstəlik, bu siyasi qüvvələri sahibkarlar da dəstəkləyir. Halbuki ölkədə çoxlu sayda miqrantın olmasının sahibkarlara sərf etməlidir. Biznes-elitanın təmsilçiləri ölkəyə yeni işçi qüvvəsi axını olmazsa, kadr çatışmazlığının hiss olunacağını iddia edirlər.

Yeri gəlmişkən, biz MDB ölkələrindən Rusiyaya miqrant axını məsələsinin müzakirəsində də eyni fikirləri, eyni qənaətləri eşidirik - ruslar kütləvi şəkildə miqrantlara qarşıdırlar. Rusiya vətəndaşlarına da bu cür referendumda səs vermək hüququ verilərsə, onların əksəriyyəti miqrantlara "yox" deyər. Amma hökumət bunun əksini düşünür. Üstəlik, ucuz (yaxud daha da ucuz) işçi qüvvəsi biznes dairələri üçün də sərfəlidir.

Maraqlıdır ki, Aİ İsveçrəyə iqtisadi qərarlarda təzyiq etməyə çalışır. Keçirilən referendumdan sonra indi Brüssel öz sözünü deməlidir. Bir çox ikitərəfli razılaşmaların taleyinin həll olunacağı danışıqlara başlanılacaq. Amma axı, "Kütləvi miqrasiyaya qarşı" təşəbbüs İsveçrə vətəndaşları tərəfindən dəstəklənib. Bu ölkədə birbaşa demokratiya prinsipi hökm sürür və bu halda hər şey ümumxalq səsverməsilə həll olunur. 1848-ci ildən İsveçrədə 500-dən artıq ümumxalq səsverməsi keçirilib. Ölkədə istənilən qanın yalnız referendum yolu ilə qəbul və ya ləğv oluna bilər. Referendumun nəticəsinə hökumət mütləq əməl etməlidir. Bundan başqa, hər bir kantonun öz Konstitusiyası və qanunvericiliyi var.

Onu da unutmaq olmaz ki, bundan əvvəl Böyük Britaniya da Avropanın demokratik institutları üçün müqəddəs sayılan azad hərəkət hüququna qarşı çıxıb. London bu yolla özünü 2007-ci ildə Aİ üzvü olmuş Rumıniya və Bolqarıstandan gələcək qonaqlardan sığortalamağa çalışır. Qeyd edək ki, bu 2 ölkə vətəndaşlarının Aİ-nin digər öklələrinə əmək miqrantı kimi üz tutmasına qoyulmuş məhdudiyyət, məhz, bu il sona çatır. İndi Britaniyada bu ölkədən olan miqrantlar üçün həyat xeyli çətinləşib - onlara dərhal sosial müavinət verilmir, miqrant dərhal müəyyən məbləğdə məvacibi olan iş, yaşamağa ev tapmalı, bəzi vergiləri ödəməlidir. Brüssel Londonun bu qərarı zamanı da "səs-küy" salsa da, onun addımları elə "səs-küy"dən o tərəfə keçmədi. Yeri gəlmişkən, Böyük Britaniyanın baş naziri Devid Kemeron İsveçrənin son qərarına dəstək verib.

Birləşmiş Avropada sərhədlər yoxdur və məsələn, davam edən ərazi münaqişələri, bu və ya digər ölkəyə getmələri üçün qaydaların sərt olduğu Cənubi Qafqaz kimi regionlardan oradakı azad hərəkət hüququ çox cəlbedici görünür. Amma orada da sərhədlər var. Bu sərhədlərə hər yerdə, hər şəhərdə rast gəlinir. Həmin varlı, inanılmaz dərəcədə gözəl olan Cenevrədə görkəmli, varlı olan köklü sakinlərlə gəlmələr arasında böyük bir təzad var. Gəlmələr buraya heç də həmişə rifah halı yüksək olan şəhərlərdən üz tutmur və heç də həmişə nüfuzlu işlərlə məşğul olmurlar. Həmişə belə olub və güman ki, bundan sonra da belə olacaq. Amma açığı, Avropanın gələcəkdə də aşkarlıq, əməkdaşlıq nümunəsi olaraq qalmasını istərdik.



MƏSLƏHƏT GÖR:

771