
KRALIN HAKİMİYYƏTİ ŞƏRİN HAKİMİYYƏTİNƏ QARŞI
Səudiyyə Ərəbistanının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Müsaid İbrahim Əs-Süleym "R+"a müsahibə verdi
Müəllif: Almaz MAHMUD Bakı
- Bugünkü Səudiyyə Ərəbistanının həm dünyada, həm də ərəb aləmindəki yeri və mövqeyi barədə nə deyərdiniz? Dünyada baş verən proseslər fonunda Səudiyyə Ərəbistanını söz sahibi hesab etmək olar?
- Ərazisində müqəddəs məbədlərin olduğuna görə Səudiyyə Ərəbistanı Krallığı müsəlmanlar arasında xüsusi yerə sahibdir. Eyni zamanda sülh və ədalətin bərqərar olması, dünyanın kasıb və möhtac xalqlarının inkişafı uğrunda göstərdiyi daimi səylərinə görə bu ölkə beynəlxalq birlikdə mühüm mövqeyə malikdir. Krallıq ən böyük donor ölkə və beynəlxalq inkişafın əsas tərəfdaşı hesab olunur. Belə ki, ayrılan yardımların ümumdaxili məhsuldakı faiz nisbətinə görə Krallıq dünyada ən qabaqcıl ölkədir. Bu yardımlar ölkə ÜDM-in 1,5 faizini təşkil edir. Bundan əlavə Krallıq humanitar aksiyaların maliyyələşdirilməsi üçün xeyriyyə yardımlarına görə son illər dünya dövlətlərinin ön sırasındadır. Krallığın ayırdığı yardım, kredit və dotasiyaların həcmi 100 milyard dollara çatmışdır. Bu yardımlardan dünyanın 75 dövləti faydalanmışdır ki, onların əksəriyyəti müsəlman ölkəsidir.
- Səudiyyə Ərəbistanı təhsil, mədəniyyət sahəsində qərbə çox meyillidir. Niyə daha çox Qərb təhsili, Şərq yox?
- Səudiyyə Ərəbistanı Krallığı daim bütün xalqlara və sülhsevər mədəniyyətlərə açıq olmağa çalışır. Konkret təhsil sahəsinə gəlincə isə Krallıq "Xaricdə Təhsil üzrə Kral Abdullah Proqramı" çərçivəsində səudiyyəli oğlan və qız tələbələri ali təhsilin bütün mərhələlərində oxumaq üçün dünyanın qabaqcıl ölkələrinə, o cümlədən Yaponiya, Çin, Koreya, Hindistan, Malayziyaya göndərir ki, onların elmi və mədəni təcrübəsindən faydalansınlar. 2013-/2014-cü dərs ili ərzində Təhsil Nazirliyinin rəhbərliyi altında xaricdə təhsil üçün göndərilən tələbə və işçilərin sayı 120 minə çatmışdır ki, onların illik xərci, təxminən, 6 mlrd. $ təşkil edir. Ümumiyyətlə, təhsil sektoru ölkə büdcəsinin 25%-ni əhatə edir. Təkcə, bu il Krallıqda əsas təhsil, ali təhsil və işçi qüvvəsinin hazırlığı sahəsinə 56 mlrd. $ ayırmışdır.
- Yeri gələndə Səudiyyə Ərəbistanı müsəlman ölkələri arasında baş verən narazılıqlara, müharibələrə fəal şəkildə müdaxilə edir. Siz kimin tərəfindəsiz? Güclülərin, yoxsa ədalətin?
- Krallığın xarici siyasətinin əsas prinsiplərindən biri başqa dövlətlərin daxili işinə qarışmamaqdır və o bütün ixtilaflı məsələləri və müharibələri daim sülh yolu ilə həllinə çağırır. Krallıq yarandığı gündən bu yana bütün güc və imkanlarını bir yerə toplayaraq onu islam dünyasına xidmətə həsr etmişdir. O, həmişə ədalətin yanındadır. Suriya problemi buna ən gözəl nümunədir. Belə ki, Krallıq bu böhranın sülh yolu ilə həllinə nail olmaq üçün beynəlxalq birliyə öz yardımını təklif edir.
- Ötən il dünya mətbuatında ən çox əks-səda doğuran mövzulardan biri də Səudiyyə Ərəbistanı kəşfiyyat idarəsi rəhbəri şahzadə Bəndər bin Sultanın Moskva səfərləri və bu səfərlərdə Rusiyanın Suriyanı dəstəkləməyəcəyi halda rəsmi Moskvaya cazibədar təkliflər, əks təqdirdə Soçi Olimpiadasının təhlükəsizliyi ilə bağlı üstüörtülü şəkildə təhdid etməsi idi. Qərb mətbuatında yayılmış bu fikirləri necə şərh edərdiniz?
- Sualınızın axırıncı hissəsindəki məlumat qətiyyən düzgün deyil. Krallığın bu cür vasitələrə əl atması mümkün deyil. Əvvəlcə dediyim kimi, biz Krallıq olaraq bütün məsələlərin sülh yolu ilə həll olunmasına səy göstəririk. Cənab şahzadə Bəndər bin Sultanın Rusiyaya səfərinin məqsədi Krallığın bu səylər çərçivəsində məsləhətləşmələr aparmaq və Suriya böhranının dinc həll yolunu tapmaqdan ibarət idi.
- Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft ölkələrindən biridir. Bu sərvətin bu ölkənin tale- yindəki rolu barədə nə deyərdiniz? Neft asılılığı ölkəni hara aparır? Və demək olarmı ki, Səudiyyə Ərəbistanında neft asılılığı azalmaqdadır?
- Təbii, inkar etmirik ki, Allah Krallığa bu sərvəti bəxş edib. Krallıq hökuməti isə həmişə bu sərvətdən vətən və vətəndaşın xeyrinə istifadə etməyə çalışır. Eyni zamanda digər gəlir mənbələrini də təşviq və inkişaf etdirir. Neft asılılığını azaltmaq və digər sektorlarda istehsal gücünü artırmaq üçün çoxşaxəli iqtisadi baza yaradılmasına milyardlarla vəsait və investisiya sərf olunur. Bütün bunların nəticəsidir ki, ÜDM-in istehsalı illik 6% olmaqla qeyri-neft sektoru 4 dəfə artmışdır. Qeyr-neft sektorunun ÜDM-dəki payı 35%-dən 67%-ə yüksəlmişdir. Habelə qeyri-neft gəlirlərinin ümumi dövlət gəlirlərindəki payı 16%-dən 22%-ə qədər çoxalmışdır.
- Müsəlmanların müqəddəs şəhəri olan Məkkəni ziyarət etmək milyonlarla müsəlmanın arzusudur. Sizcə, bütün bu ziyarət niyyətində olanların hamısının azrusunun reallaşması nə vaxtsa mümkün ola bilərmi?
- Elə bizim də arzumuz budur ki, milyonlarla müsəlmanın Məkkeyi-mükərrəmə və müqəddəs yerləri ziyarət etmək arzuları həyata keçsin. Bu məqsədlə Məkkədəki Müqəddəs Məscidin tutumunu üç milyona çatdırmaq, səy və təvaf yerlərini genişləndirmək üçün Krallıq hökuməti keçmişdə olduğu kimi, hal-hazırda da bir çox layihələr həyata keçirir. 2015-ci ilin ortalarında başa çatacaq son layihədən sonra təvaf yerinin tutumu saatda 48 min nəfərdən 105 min nəfərədək arta-caqdır.
- Məkkə ziyarəti Səudiyyə Ərəbistanı üçün nə deməkdir? Və onu turizmin əsaslarından biri saymaq olar?
- Səudiyyə Ərəbistanı Krallığı zəvvarlara gəlir mənbəyi və ya turist gözü ilə baxmır. İslam və müsəlmanlara xidmət etməyi özünə borc bildiyindən, onların qulluğunda duraraq, ayinləri rahat şəkildə icra edə bilmələri üçün onlara münasib şərait yaradır. Keçmişdə olduğu kimi indi də mükəmməl xidmət sistemi yaradılması ilə bağlı milyardlarla rial məbləğində nəhəng layihələr həyata keçirir. Burada məqsəd gəlir götürmək deyil, ayinlərin asan və sərbəst icrasına şərait yaratmaqdır.
- Kral həftənin bir günü adi vətəndaşları qəbul edir. Doğrudanmı, Kral adi vətəndaşlarla şəxsən görüşüb, onların dərdini öz dillərindən eşitmək istəyir? Bu, PR-aksiya kimi qəbul edilmir ki?
- Kral Abdullah (Allah onu hifz etsin) xalqla görüşür, bir yerdə oturub söhbət edir, problemlərini dinləyir. Bu, onun hələ kral olmadığı vaxtdan indiyə kimi uzun illərdən bəri adət etdiyi bir şeydir. Elə vaxtlar olur ki, vətəndaşların əhvalını yoxlamaq üçün özü onları ziyarət edir. Ehtiyac duyduğu halda hər bir Səudiyyə vətəndaşı Kralla görüşə bilər. Bu da ki, rəhbərliklə xalqın möhkəm əlaqəsinə dəlalət edir.
- Bu yaxınlarda Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osman Bakıda oldu. Ümumiyyətlə, ərəb biznesmenləri Azərbaycanda daha çox hansı sahələrə investisiya qoymaqda maraqlıdırlar?
- Baş İnvestisiya İdarəsi sədrinin rəhbərliyi ilə hökumət rəsmiləri və iş adamlarından təşkil olunmuş 65 nəfərlik nümayəndə heyətinin səfəri, keçən ilin dekabr ayında Bakıda hökumətlərarası birgə əməkdaşlıq komissiyasının III toplantısının keçirilməsi ilə bağlı idi. Səfər əsnasında bir sıra müvafiq sənədlər imzalanmış, səudiyyəli və azərbaycanlı investorlar arasında səmərəli görüşlər keçirilmiş, sənaye, kənd təsərrüfatı və xidmət və sair sahələrə investisiya qoyulması üçün birgə əməkdaşlıq imkanları müzakirə olunmuşdur. Arzu edirik ki, Allahın köməyi ilə bu səfərin bəhrəsi olaraq bir çox birgə layihələr üzə çıxacaq.
- Səudiyyə Ərəbistanında azərbaycanlı həkimlər çalışır. Bu, hansı zərurətdən irəli gəlir?
- Səudiyyə Ərəbistanı Krallığı peşakar mütəxəssislərə ehtiyac du-yur və onları ölkəyə gətirməyə çalışır. İllərdir ki, məharət və işbilənliyini sübut etmiş azərbaycanlı həkimlərin onların sırasında olması heç də qəribə deyil. Azərbaycanlı həkimlərin Krallıqda işləməsi, iki ölkə arasında səhiyyə sahəsindəki əlaqələrin uğurundan xəbər verir. Ölkələrimiz arasında bu sahədə təcrübə mübadiləsi etmək üçün Krallığın böyük imkanları vardır. Belə ki, Krallıq bir çox xəstəliklərin müalicəsi, xüsusən də patologiya, ürək və qaraciyər cərrahiyyəsi sahəsində istinadgaha çevrilmişdir. Onun xəstəxanalarında onlarla uğurlu ürək və qaraciyər nəqli əməliyyatları icra olunmuşdur. Tibb sahəsində Krallığın əldə etdiyi, bəlkə də, ən böyük nailiyyət siam əkizlərinin ayrılması əməliyyatlarıdır. Allahın köməyi, sonra İki Müqəddəs Məscid Xadimi Kral Abdullah bin Əbdüləzizin göstərişləri nəticəsində Krallıq misilsiz uğura imza atmış, "Humanizm Krallığı" adını qazanmışdır.
- İkitərəfli münasibətlər baxımından perspektivdə nələr gözlənilir?
- Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikası arasındakı yüksək qardaşlıq əlaqələri- qarşılıqlı hörmət, səmimi dostluq, müştərək islam irsi, iki ölkə mənafeyi çərçivəsində əməkdaşlıq və tam koordinasiyaya əsaslanır. Hamımız üçün fəxr və qürur mənbəyi olan bu əlaqələr İki Müqəddəs Məscid Xadimi Kral Abdullah bin Əbdüləziz və onun qardaşı zati-aliləri Prezident İlham Heydər oğlu Əliyevin diqqət və qayğısı sayəsində inkişaf edir. Hal-hazırda Azərbaycan Respublikasındakı qardaşlarımız ilə birgə ölkələrimiz arasındakı bu əməkdaşlığın səviyyəsini bütün sahələr üzrə, xüsusən də ticarət, investisiya və mədəniyyət sahəsində inkişaf etdirməyə çalışırıq.
- Bütün islam dünyasını əhatə edən İslam Konfransı Təşkilatı dəfələrlə Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyünü təsdiq etməsi barədə qətnamə qəbul edib. Bu sənədlərin qəbulu problemin həllində nə kimi rola malikdir?
Təşkilat bir çox konfranslar keçirib və Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarlar qəbul edib. Biz Səudiyyə Ərəbistanı Krallığı olaraq istər bu qərarlar, istərsə də digər beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq bu məsələdə Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyirik. Ümid edirik ki, bu qərarlar problemin sona çatmasına töhfə verəcək və bu region sülh və əmin-amanlığa qovuşacaq.
- Cənab səfir, müsahibəyə görə çox sağ olun. Bizim söhbətə hansısa əlavəniz varmı?
- Mən də öz növbəmdə bu cür mühüm məsələlərin işıqlandırılmasında göstərdiyiniz səylərə görə sizə təşəkkürümü bildirirəm. Habelə kütləvi informasiya vasitələrinin xalqlar və ölkələr arasında körpülərin yaradılması və gücləndirilməsində, oxucuları düzgün informasiya ilə maarifləndirilməsində olan rolunu yüksək qiymətləndirirəm. İcazənizlə əlavə etmək istərdim ki, son zamanlar bəzi kütləvi informasiya vasitələrində Səudiyyə Ərəbistanı Krallığının adını radikal və terrorçu qrupların maliyyələşdirilməsi ilə əlaqəli məsələlər ilə bağlamaq cəhdlərini müşahidə edirəm. Sizə və əziz oxuculara bildirmək istərdim ki, Səudiyyə Ərəbistanının özü dünyada terrordan ən çox əziyyət çəkən dövlətdir və terror və ekstremizmin bütün forma və təzahürlərinə qarşı çıxış edir. Mənim ölkəm bütün beynəlxalq təşkilatlar çərçivəsində terrorizmlə mübarizə işinə dəstək verərək, bu bəlanın qarşısının alınması və onunla mübarizə işində mühüm regional və beynəlxalq təşəbbüslərlə çıxış etmişdir. Bu təşəbbüslərdən biri də İki Müqəddəs Məscidin Xadimi Kral Abdullah bin Əbdüləziz Əl Səudun təklifi ilə BMT-nin himayəsi altında Terrorla Mübarizə üzrə Beynəlxalq Mərkəzin təsis edilməsidir. Bu Mərkəzin effektiv fəaliyyəti üçün ölkəmiz tərəfindən oraya 100 mln. $ həcmində maliyyə yardımı ayrılmışdır. Bütün bunlar bir daha təsdiq edir ki, Krallıq dünyanın hər yerində, hər cür terror, ekstremizm və zorakılığın əleyhinədir.
MƏSLƏHƏT GÖR: