
DƏMƏŞQƏ YANAŞMALAR
Dünyanın aparıcı güclərinin Suriya ilə bağlı mövqelərində prinsipial ziddiyyətlər qalmaqdadır
Müəllif: Natiq NAZİMOĞLU Bakı
"Böyük səkkizlik" ölkələrinin Şimali İrlandiyanın Lox-Ern kurortunda keçirilən sammitində dünya liderlərinin Suriyadakı böhranla bağlı apardıqları müzakirələr gözlənildiyi kimi, mövqelərdə ciddi yaxınlaşmaya səbəb olmadı. O, sadəcə aparıcı qlobal güclərin iki ildən artıqdır şiddətli vətəndaş müharibəsinin davam etdiyi bu Yaxın Şərq ölkəsinə fərqli yanaşmalarını bir daha təsdiqlədi.
Gözlənildiyi kimi, sammitdə Qərb fövqəldövlətləriylə Suriya məsələsində Rusiyanın mövqeyi toqquşdu. Moskva Suriya probleminin ilk günlərindən olduğu kimi, Lox-Erndə də Bəşər Əsəd rejiminin legitimlik hüququnu tanıyan yeganə dövlət olaraq qaldı. Qərb isə Suriya probleminin Əsədin iştirakı olmadan həllinə tərəfdardır.
Rusiya ilə Qərb dövlətləri arasındakı fikir ayrılıqlarına baxmayaraq, Suriya ilə bağlı kommünike "səkkizlik" üzvlərinin hər biri tərəfindən imzalandı. Amma bu, həm də sənəddə Suriya prezidentinin gələcək taleyi ilə bağlı formulun yer almaması nəticəsində mümkün oldu. Kommünikedə dünya liderləri yalnız gələcək ümumsuriya hökumətinə dəstək ifadə etməklə kifayətləniblər. Bundan başqa, "G8" ölkələri qarşı-qarşıya durmuş qüvvələrdən "Əl-Qaidə" beynəlxalq terror şəbəkəsi ilə əlaqələri olan yaraqlıların və qruplaşmaların qovulmasını tələb edib. Onlar Suriya əhalisinə humanitar yardım olaraq, təxminən, 1,5 milyard dollar ayırmaq qərarına gəlib, ölkədə kimyəvi silahdan istifadəni pisləyiblər.
Bu arada kimyəvi silahdan istifadə məsələsi Suriyaya kənar təzyiqlər baxımından vacib amilə çevrilir. Ağ Ev Bəşər Əsəd rejiminin ünvanına qəti ittihamla çıxış edib, onu müxalifət qüvvələrinə qarşı kimyəvi silahdan istifadədə günahlandırıb, nəticədə 100-150 nəfərin həlak olduğunu bəyan edib. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Ben Rods bildirib ki, Amerika kəşfiyyatının "ciddi araşdırması" Əsəd rejiminin ötən il müxalifətə qarşı əsəb sistemini iflic edən zarin qazından "bir çox hallarda, lakin az miqdarda" istifadə etdiyini göstərir.
Rusiya isə buna qarşı çıxıb. O, Amerika tərəfinin ittihamının saxta olduğunu, Əsəd hökumətinin devrilməsinə yönəldiyini düşünür. Moskva bu mənada 10 il əvvəl ABŞ-ın İraqda Səddam Hüseyn rejimini guya kütləvi qırğın silahına malik olması haqda yalan məlumat əsasında devirdiyini xatırladıb, sonda İraqdan belə bir silahın tapılmadığını yada salıb.
Amma Əsəd rejiminin kimyəvi silaha əl atdığına dair informasiya ABŞ prezidenti Barak Obamanın Suriya müxalifətinə hərbə dəstək haqda qərar qəbul etməsi üçün yetərli olub. Moskva bu məsələdə də Vaşinqtona qarşıdır: Rusiya prezidenti Vladimir Putin "G8" sammiti zamanı bəyan edib ki, "Suriya müxalifətinin silahlandırılmasına dair Dəməşqin kimyəvi silahdan istifadəsi haqqında təsdiqlənməmiş məlumatlara əsaslanan istənilən qərar yalnız vəziyyətin daha da qarışmasına xidmət edəcək".
Yeri gəlmişkən, Putin bu mövzuya sammitdən əvvəl Londonda Böyük Britaniyanın baş naziri Devid Kemeronla görüşündə də toxunub: "Düşmənlərini nəinki öldürən, onların cəsədlərini yararaq daxili orqanlarını yeyən insanlara dəstək verilməli olduğunu düşünmürəm. Siz bu insanları dəstəkləmək istəyirsiniz? Bu insanlara silah vermək istəyirsiniz? Onda bunun, çətin ki, yüz illərdir Avropanın təbliğ etdiyi humanitar dəyərlərlə bağlılığı olsun".
Qərb isə öz növbəsində, Suriyaya Rusiyanın "S-300" zenit-raket komplekslərinin satışına son dərəcə tənqidi yanaşıb. Kreml iddia edir ki, hərbi sahədə Rusiya-Suriya əməkdaşlığı beynəlxalq hüququn normalarına tam uyğun şəkildə həyata keçirilir. Bununla yanaşı, Dəməşqin artıq Rusiyaya məxsus "S-300" komplekslərini əldə etdiyinə dair dəqiq məlumat da yoxdur. Bu raketləri əldə etdiklərini yaxın günlərdə Bəşər Əsəd açıqlayıb. Rusiyanın Xarici İşlər Nazirliyi isə Əsədin dediklərini təkzib edib, tərəflər arasındakı müvafiq razılaşmanın reallaşdırılmasının hələ ki, dondurulduğunu bildirib.
Belə çıxır ki, Suriyaya "S-300" komplekslərinin verilməsi məsələsi Rusiya üçün Qərblə dialoqda alver elementidir. Kreml demək istəyir ki, ABŞ və müttəfiqləri Suriya müxalifətini silahlandırarsa, o da Bəşər Əsəd rejimini müasir silahlarla təmin edəcək. Üstəlik, Qərb Suriyada uçuşsuz zonanın yaradılmasına da hazırdır. Rusiya isə Liviya lideri Müəmmar Qəddafinin devrilməsi zamanı həmin ölkə üzərində yaradılmış belə zonanın Suriyada da təkrarlanmasına qarşıdır.
Suriya ordusunu müxalifətin mövqelərinə havadan zərbə endirmək imkanından məhrum etmək niyyəti ilə ölkə üzərində uçuşsuz zonanın yaradılmasını dəstəkləyən ABŞ isə İordaniya ərazisindən, oradakı "Patriot" zenit batareyalarından, həmçinin "hava-hava" tipli raketlərlə təchiz olunmuş qırıcı təyyarələrdən istifadə etmək niyyətindədir. Bundan başqa, amerikalılar Suriya üzərində uçuşsuz zonanın yaradılmasında Aralıq və Qırmızı dənizlərdəki hərbi-dəniz gəmilərindən istifadə haqda da düşünürlər.
Görünən odur ki, ABŞ-ın Rusiyanın rəsmi Dəməşqə "S-300" raket kompleksləri verməsinə bu qədər sərt şəkildə qarşı çıxması məhz Suriya üzərində uçuşsuz zonanın yaradılması planı ilə əlaqədardır. Hərbi ekspertlərin bildirdiklərinə görə, Əsəd rejimi "S-300" kompleksləri əldə edərsə, bu qarşıdurmada qələbə Vaşinqtona çox baha başa gələcək. Söhbət 20-dək hərbi təyyarədən gedir. Bu isə xarici siyasi məqsədlərinə mümkün qədər "az qanla" nail olmağa çalışan Barak Obama administrasiyası üçün həddindən artıq çoxdur.
Rusiya bu məsələdə də ABŞ-a qarşıdır. Moskva Suriya üzərində uçuşsuz zonanın yaradılmasına imkan verməyəcəyini bildirir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov uçuşsuz zonanın yaradılması istiqamətində bütün cəhdlərin "beynəlxalq hüquqa hörmətsizlikdən başqa bir şey olmadığını" bəyan edib. Məsələyə Rusiya XİN rəsmisi Aleksandr Lukaşeviç də ayrıca münasibət bildirib: "Belə zonanın necə yaradıldığını, bu qərarların necə reallaşdırıldığını konkret olaraq Liviyada görmüşük. Suriya münaqişəsinə münasibətdə onun təkrarlanmasını istəmirik. Düşünürəm, biz prinsipial olaraq bu ssenarinin gerçəkləşdirilməsinə imkan verməyəcəyik".
Rusiyanın Suriya məsələsində Qərbə dirənişinin nə qədər davam edəcəyini zaman göstərəcək.
Hələliksə ilk planda Suriya üzrə beynəlxalq konfransın keçirilməsi perspektividir. Xatırladaq ki, konfransın keçirilməsi ABŞ-la Rusiya arasında razılaşdırılıb. Lakin Suriya probleminə həm maraqlı xarici qüvvələrin, ilk növbədə, Vaşinqton və Moskvanın, həm də münaqişə tərəflərinin yanaşmasında ciddi fərqlərin olması bu təşəbbüsün reallaşdırılması ehtimalını xeyli azaldır. Amma Lox-Erndə məsələnin müzakirə olunması və birgə kommünikenin qəbulu konfransın keçirilməsi şanslarını bir qədər artırıb. Onun keçiriləcəyi konkret vaxt isə iyunun 25-də Cenevrədə - Rusiya - ABŞ - BMT formatında baş tutacaq, üçtərəfli görüş də razılaşdırıla bilər.
MƏSLƏHƏT GÖR: